Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-911/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Yataqxana 7, Nərimanov küçəsi məhəllə 14-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi ev 265-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,810 qram çəkidə açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 10 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 18:32-də Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, orada həmin gün saat 18:32-dən 18:38-dək üzəri yoxlanılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,810 qram çəkidə açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirək göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, Yaşıl dərə massivi, mənzil 265-də ailəsi ilə birlikdə yaşayır. 1 ildir narkotik vasitə istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş 2023-cü ildə azadlığa çıxmışdır. Evlidir, 2 az yaşlı övladı var. 20 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində bir büküm narkotik vasitə heroin alıb, şalvarının sağ yan cibinə qoymuşdur ki. münasib yerdə istifadə etsin. 20 fevral 2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi adlanan yerdə, fərdi yaşayış evlərinin qarşısı ilə piyada gedərkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını onun narkotik vasitə və psixotrop maddə istifadəsində və gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Elə həmin yerdə polis əməkdaşları telefonla video çəkiliş apararaq ondan üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, şalvarının sağ yan cibində olan bükümü və istifadə etdiyi mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükülün içərisindəki maddənin heroin olduğunu, öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqdim etdiyi büküm boş zərfə qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə aparmışlar, orada hüquqları ona izah edilmiş, protokol tərtib edilib ucadan oxunmuş, o, protokolda qeyd edilənlərini doğruluğu imza edərək təsdiq etmişdir. Bundan sonra müdafiəçi dəvət edilib ona təqdim edilmiş vəkilin iştirakı ilə hadisə barədə izahat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat-müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2025cü il tarixdə Abşeron RPİ-nin Sumqayıt şəhəri, Yataqxana 7, Nərimanov küçəsi məhəllə 14-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayıl massivi ev 265-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra onun və CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Vüsal Şıxəluyevlə birlikdə saat 18:32-də Abşeron rayonu Saray qəsəbəsi, Üzümçülük massivi adlanan yerdə, fərdi yaşayış evlərinin qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb, onu saxlayaraq ə özlərinin təqdim etmişlər, xidməti vəsiqələri göstərmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını demişlər. Kamran Musatafayevə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs boz şalvarının sağ yan cibindən 01 ədəd şəfffaf selofana bükülmüş içərində ağ rəngli maddə olan bükümü və mobil telefon təqdim etmişdir. Bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra X6 rayon polis idarəsinə gətirmişlər, idarədə protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin kiçik inspektoru polis serjantı Şahid2, Şahid1 eyni məzmunlu ifadə vermişdir. Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat-müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2025-ci il tarixdə saat 18:32-dən 18:38-dək video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üstü yoxlanlan zamanı şübhəli şəxsə üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim edib həmin bükümün içərisindəki maddənin heroin olduğunu, tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli 6\827 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 56 nömrəli möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut..” yazısı və s. soyadlar, imzlar olan zərfdəki 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,810 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 büküm təmiz çəkisi 0,810 qram çəkidə açıq qəhvəyi rəngli tozşəkilli narkotik vasitə - heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və heroinin 0,760 qram qalığı saxlanılması üçün Abşeron RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 7156 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən tərtib edilmiş baxış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması qeydə alınmış video görüntülərə və maddi sübuta baxış keçirilmişdir. Maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə üzərində qəti olaraq 01 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsinin 21 iyul 2025-ci il tarixli, 4567 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə üzərində qəti olaraq 01 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası üzrə Təqsirləndirilən şəxs cəzası na görə 09 oktyabr 2023-cü il tarixdə probasiya qeydiyyatına götürülmüş, 01 il 09 ay 13 gün hissəsini çəkmiş, cəzasından 01 ay 05 gün hissəsi çəkilməmiş qalmışdır.Nəzərə alınsa ki, hökmün çıxarılan tarix 22 iyul 2025-ci il tarixə cəzasından 01 il 09 ay 13 gün çəkmiş, 01 ay 05 gün isə çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhlumluğu ödənilməmişdir, buna görə də o, əvvəllər məhkum edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmamasını, eləcə də cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 ay 05 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-cİ il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət cəza müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, ekspertizadan sonra qaln 0,760 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 114 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 ay 05 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 08 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 22 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,760 qram qalan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114(yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-911/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-911/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver