Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-915/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fərhad qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Fərhad qızının etibarından sui-istifadə edərək sonuncunun baldızı oğlu X3 5000 manat müqabilində Azərbaycan Respublikası Gömrük orqanlarına işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı və əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi olmadığı halda, Zərərçəkmiş şəxs Fərhad qızından 2024-cü ilin iyin ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat Dairəsinin yaxınlığında 3000 manat, 2024-cü ilin iyun ayının ortalarında Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Araz Marketin yaxınlığında həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 1700 manat təşkil edən 1000 ABŞ dolları və 303 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5003 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs Fərhad qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayına kimi, Bakı şəhəri Respublika Psixiatriya Xəstəxanasında sanitar işləmişdir. 2024-cü ilin iyul ayında iş yoldaşı Aliyənin baldızının oğlu Turab Yusifovun dövlət qulluğuna imtahandan kəsildiyi üçün Aliyənin pis olduğunu görmüşdür. Həmin ərəfələrdə maddi vəziyyəti yaxşı olmadığı üçün Aliyədən baldızı oğlu Turabı işə düzəltmək adı ilə aldadıb pul almaq qərarına gəlmiş, bu məqsədlə Aliyəyə gömrük orqanlarında tanışı olduğunu və baldızı oğlu Turabı gömrük orqanlarına işə düzəldə biləcəyini, telefonla danışırmış kimi edib daha sonra Aliyəyə 8000 manata X5 Limanında Gömrük xidmətinə işə düzəldə biləcəyini demişdir. Aliyənin həmən pulu verməyə imkanı olmadığını görüb, yenə də yalandan telefonla danışırmış kimi edib guya qiyməti 5000 manata endirdiyini bildirmiş, Aliyə də razılaşmışdır. 2024-cü ilin iyul ayının ortalarında Turabı işə düzəltmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsinin yaxınlığında Aliyə ilə görüşüb ondan 3000 manat pul almışdır. Bir gun sonra İsə Abşeron rayon Məmmədli Kəndində yerləşən Araz marketin qarşısında Aliyənin evin yaxınlığında Aliyə ilə görüşüb ondan 1000 ABŞ dolları və 300 manat pul almış, inandırıcı olsun deyə Aliyəyə 1000 ABŞ dollarını manata çevirəndə 3 manat itki olacağını bildirib ona görə də Aliyədən əlavə 3 manat pul da istəmişdir. Bununla da Aliyədən ümumilikdə 3003 manat və 1000 ABŞ dolları almış, Aliyəni aldadaraq Turabın sentyabr ayından işə başlayacağını demişdir. Bir az da inandırıcı olsun deyə yalandan Aliyədən Turabın şəxsiyyət vəsiqəsinin və bakalavr diplomunun surətini almışdır. 2024-cü ilin sentyabr ayının ortalarında Aliyə məzuniyyətdən qayıdanda Turabın işə düzəlməyinin nəyə görə gecikdiyini soruşmuş, Aliyəni aldadaraq Turabın adına olan sənədlərdə problem olduğunu, ona görə də işlərin gecikdiyini demişdir. 2024-cü ilin oktyabr ayından Turabın işə başlayacağına söz vermişdir. Əslində Gömrük Komitəsində heç bir tanışı olmamış, həmin vaxtı telefonda kazino oyunu oynayıb uduzduğundan pula ehtiyacı olduğu üçün məqsədli şəkildə Aliyəni aldadaraq onun ümumilikdə 5003 manat pulunu almış, kazino oyununda uduzmuşdur. 2025-ciilin mart ayına kimi Aliyəni yola verib vaxtı uzatmış, Aliyə aldadıldığını başa düşüb polisə şikayət etmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fərhad qızı ifadəsində göstərmişdir ki, 1 saylı Respublika Psixiatriya xəstəxanasında kiçik tibb bacısı işləyir, Təqsirləndirilən şəxs da həmin xəstəxanada kiçik tibb işçisi işləmiş, həmin vaxtı bir-birlərini tanımışlar. 2024-cü ilin yay aylarında Gömrük Akademiyasının məzunu olan baldızı oğlu X4 növbəti Gömrüyə işə qəbul imtahanından kəsilmiş, bu barədə işdə iş yoldaşına danışarkən Nicat söhbətlərini eşidib yaxınlaşaraq Gömrük orqanlarında tanışı olduğunu və müvafiq pul qarışlığında Turabı işə düzəltməyə köməklik edə biləcəyini demişdir. Nicatdan nə qədər pul lazım olduğunu soruşanda isə Nicat özünü telefonla kiməsə zəng edib danışır kimi göstərərək kənara çəkilmiş, qayıdıb 8000 manat pul müqabilində X6 Gömrük xidmətində işə düzəldə biləcəyini, ilkin ödəniş kimi 3000 manat vermək lazım olduğunu, qalan 5000 manatı isə Turab işə girəndən sonra hər ay maaşından 400 manat verəcəyini demişdir. Ərinə zəng edib bu barədə danışan zaman Nicat gəlib tanışı ilə yenidən danışdığını, birdəfəlik 5000 manat pul verərlərsə Turabın 2024-cü ilin sentyabr ayından Heydər Əliyev adına Beynəlxalq Hava limanında Gömrük Xidmətində işə başlayacağını demişdir. Təkrar ərinə zəng edib bu barədə əri və baldızı ilə məsləhət etmiş, baldızı çox kasıb olduğu üçün Turabın işinin düzəlməsi üçün 5000 manat pulu Nicata vermək qərarına gəlmiş, 2-3 gündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsinin yanında iş yoldaşı Hökümə xanımla birlikdə Nicatla görüşüb 3000 manat pulu, Turabın şəxsiyyət vəsiqəsinin və bakalavr diplomunun surətini Nicata vermişdir. Nicat 3000 manat pulu götürüb müəllim adlandırdığı şəxsə verəcəyini deyib qalan 2000 manat pulu nə vaxt verə biləcəyini soruşmuşdur. Həmin gündən 2 gün sonra 1000 ABŞ dolları və 300 manat pul borc alıb saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Araz marketin qarşısında küçədə Nicatla görüşüb 1000 ABŞ dolları və 300 manat pul Nicata vermişdir. Nicat 1000 ABŞ dollarını Azərbaycan manatına çevirəndə 3 manat pul itirəcəyini deyərək əlavə olaraq 3 manat da alıb yenə də adını çəkmədiyi müəllimə verəcəyini demişdir. 2024-cü ilin sentyabr ayının 5-nə kimi Nicatdan heç nə soruşmamış, 17 sentyabr 2024-cü il tarixdə məzuniyyətdən qayıdıb Nicatla işdə görüşmüş, Nicatdan Turabın işi ilə bağlı soruşduqda isə işin oktyabr ayınadək ləngidiyini bildirmişdir. Oktyabr ayında da Nicat işin noyabr ayına da, noyabr ayında isə dekabr ayında düzələcəyinə söz verib onu yola vermişdir. 2025-ci ilin yanvar ayında Nicatı işdən çıxarıldıqda Nicatın onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüş, Nicatdan pulunu geri istədikdə Nicat şirin dilini işə salaraq onu mart ayına kimi də yola verib pulunu qaytarmamışdır. Nicatın pulunu qaytarmaq fikri olmadığını bilərək polisə müraciət etmişdir. Nicat onu aldadaraq baldızı oğlu Turabı gömrük orqanlarında işə düzəldəcəyinə dair yalan verib 3303 Azərbaycan manatı və 1000 ABŞ dollar pulunu ələ keçirmiş və qaytarmamışdır. Hazırda isə ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs Bakı şəhəri 1 saylı Psixiatriya xəstəxanasında sanitar işlədiyi vaxtlarda, 2024-cü ilin iyul ayında bacısı oğlu X3 gömrük orqanlarında işə düzəldəcəyinə söz verib aldadaraq arvadı Aliyədən 2024cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsində 3000 manat pulunu, bir gün sonra isə Abşeron rayonu, Məmmədli kəndində yaşadıqları evlərini yaxınlığında yerləşən «Araz» marketin qarşısında 1000 ABŞ dolları və 300 manat pulunu almışdır. Nicat aldığı pulu guya aparıb gömrük xidmətində işləyən tanışına verib Turabı bir ay müddətində işə düzəldəcəyinə söz versə də verdiyi sözə əməl etməmişdir. Ona görə də 05 mart 2025-ci il tarixdə DlN-in 102 xidmətinə zəng edərək Nicatın onlara qarşı dələduzluq etməsi barədə məlumat vermişdir. Pulları Nicata o, deyil arvadı Aliyə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1 saylı Respublika Psixiatriya xəstəxanasında Zərərçəkmiş şəxs Fərhad qızı ilə birlikdə eyni şöbədə tibb bacısı işləyirlər. Təqsirləndirilən şəxs da onlarla eyni xəstəxanada sanitar işləmişdir. 2024-cü ilin yay aylarında iş yerində söhbət edərkən Zərərçəkmiş şəxs baldızı oğlu Gömrük Akademiyasının məzunu olan X2 növbəti Gömrük xidmətinə işə qəbul imtahandan kəsildiyini demiş, Təqsirləndirilən şəxs Aliyənin sözlərini eşidib yaxınlaşaraq Gömrük xidmətində tanışı olduğunu, pul qarışlığında Turabı işə düzəltməyə köməklik edə biləcəyini bildirmişdir. Aliyə Nicatdan nə qədər pul lazım olduğunu soruşduqda isə Nicat telefonla kiməsə zəng edib uzaqlaşmış, telefonla danışıb qayıdaraq 8000 manat pul verərlərsə X6 Gömrük xidmətində işə düzəldə biləcəyini bildirmiş, sonra əlavə etmişdir ki, ilkin olaraq 3000 manat vermək lazımdır, yerdə qalan 5000 manatı isə Turab işə qəbul olunduqdan sonra hər ay maaşından 400 manat verəcəkdir. Aliyə Nicata əri və baldızı ilə məsləhət edib bir söz deyəcəyini bildirib ərinə zəng edib danışan vaxtı Nicat onlardan aralanıb qayıdaraq tanışı ilə təkrar danışdığını, birdəfəlik 5000 manat pul verərlərsə Turabın 2024-cü ilin sentyabr ayından Heydər Əliyev adına Beynəlxalq Hava limanında Gömrük Xidmətində işə başlayacağını demişdir. Aliyə də bu barədə əri və baldızı ilə məsləhətləşib baldızının çox kasıb olduğunu, baldızının əvəzinə 5000 manatı özünün verəcəyini, Turab işə düzəlib maaş almağa başlayandan sonra onun pulunu hissə-hissə qaytaracağını demişdir. 2024-cü ilin iyul ayının ortaları Aliyə ilə işdən çıxıb Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında Nicatla görüşmüşlər və Aliyə Turabın bakalavr diplomunun, şəxsiyyət vəsiqəsinin surətini və 3000 manat pulu Nicata vermişdir. Nicat 3000 manat pulu Aliyədən alıb pulu müəllim kimi adlandırdığı şəxsə verəcəyini deyib Aliyədən qalan 2000 manat pulu nə vaxt verə biləcəyini soruşub getmişdir. Aliyə ilə bir yerdə işləyib hər gün bir yerdə olduqları üçün tez-tez Aliyədən baldızı oğlunun işi barədə soruşduqda Aliyə Nicat hələ işin düzəlmədiyini vaxtı uzatdığını, aldığı pulu qaytarmadığını demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Fərhad qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etsə də bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-915/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-915/2025
28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver