Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-916/2025 19.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi Quaməli oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə günorta radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 30 manat müqabilində xeyli miqdarda 01 ədəd bükümdə 0,452 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 0,815 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, 11 mart 2025-ci il tarixdə saat 13:20-da Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz ərazidə yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq, orada həmin gün saat 14:50-dən saat 15:05-dək üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş 0,815 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə 0,452 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, 23 aprel 2025-ci il tarixdə günorta vaxtı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 15 manat müqabilində xeyli miqdarda 01 bükümdə 0,300 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, 23 aprel 2025-ci il tarixdə saat 20:00-da Abşeron RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, Betonyolu adlanan ərazidə saxlanılaraq Abşeron RPİ-nin X6 gətirilmiş və orada həmin gün saat 22:50-dən saat 22:57-dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış 0,300 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir neçə il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta radələrində Binəqədi rayonu, sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat dəyərində psixotrop maddə metamfetamin almış və öz istifadəsi üçün həmin psixotrop maddəni üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20:00-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Betonyolu adlanan ərazidə piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və ondan şəxsiyyətimi təqdim edən sənədin üzərində olub-olmadığı ilə bağlı maraqlanmışlar. O, üzərində hər hansı sənəd olmadığını bildirdikdə onlarla qeyri səmimi danışdığı üçün üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib polis əməkdaşları onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin Qobu PB-də onun şəxsiyyəti müəyyən edildikdən sonra üzərində şəxsi axtarış aparılacağı bildirilib hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin selofon kəsiyi açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin maddəni haradan kimdən və nə məqsədlə əldə etməyi barədə maraqlandıqda o, həmin maddəni özünün şəxsi istifadəsi üçün günorta radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və üzərində saxladığını etiraf edərək bildirmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüş və bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə günorta radələrində Bakı şəhəri, 20 yanvar dairəsi adlanan ərazidə olarkən tanımadığı şəxsdən 30 manat dəyərində bir ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli selofon bükümdə narkotik vasitə heroin almışdır. Həmin psixotrop maddəni və narkotik vasitəni özü üçün bədənində ağlıra olduğundan qəbul etməyi üçün aldığından onları əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış və Sumqayıt şəhərinə qayıtmışdır. 11.03..2025-ci il tarixdə saat 13:00 radələrində bədənində ağrılar olduğundan həmin aldığı maddələrdən qəbul etməyi qərara almış və bunun üçün özünə sakit bir yer axtarmağa başlamışdır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbirstanlığın yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək barəmdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməyi və daşımağı barədə şübhələr olduğunu, bu səbəbdən də üzərinin yoxlanacağını bildirmişlər. Onun üzəri yoxlamazdan əvvəl üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamini və bir ədəd qara rəngli selofon bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüş, daha sonra Sumqayıt şəhər 2-ci polis bölməsinə gəlmişlər. Polis bölməsinin inzibati binasında hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində video çəkiliş aparılmaqla saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. O, həmin bükümlərin özünə məxsus olduğunu və həmin maddələri özünün şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar dairəsi adlanan ərazidə olarkən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və üzərində saxladığını etiraf edərək bildirmişdir. Həmin kütlələr qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə saat 20 radələrində Abşeron rayon Pİ-nin Qobu PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidməti ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xidmətdə olduqları zaman Abşeron rayonu, Hökməli qəsəbəsi, Beton yolu adlanan ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmək istədikdə həmin şəxs onları görüb qaçmaq istəmişdir. Onlar həmin şəxsi saxlayıb nə üçün qaçdığını soruşduqda həmin şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, hazırda üzərində psixotrop maddə olması səbəbindən qorxub qaçıb getmək istəmişdir. Belə olduqda həmin şəxsi saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Şübhəli şəxsi polis bölməsinə gətirənə qədər onların nəzarətində olmuş, polis bölməsinə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun xx.xx.1989cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Əli Kəngərli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona dövlət tərəfindən vəkil təyin edilmiş və şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində metamfetaminə bənzər maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdri ki, bükümün içərisində olan psixotrop maddə metamfetamindir və həmin narkotik vasitəni həmin günü Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş və 2-ci PB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi ilə üzbəüz yerləşən qəbirstanlığın yaxınlığında keçirilmiş əməliyyat tədbirləri Təqsirləndirilən şəxs müəyyəq edilərək saxlanılmış, barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi və daşımağı barədə şübhələr olduğunu, bu səbəbdən də üzərinin yoxlanacağını bildirilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlamazdan əvvəl üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamini və bir ədəd qara rəngli selofon bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüş, daha sonra Sumqayıt şəhər 2-ci polis bölməsinə gəlmişlər. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində video çəkiliş aparılmaqla saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu və həmin maddələri özünün şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar dairəsi adlanan ərazidə olarkən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və üzərində saxladığını etiraf edərək bildirmişdir. Həmin kütlələr qablaşdırıldıqdan protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 aprel 2025-ci il tarixli, 3-16-16/2-20/234/2025 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 246 nömrəli” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,300 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,402 qram - 0,05 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir). Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”–in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli, 3-16-16/2-xx/xx/2025 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 126 nömrəli” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,456 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,815 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir(qalıq 0,765 qram - 0,05 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 2141 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2022-ci il tarixdən Respublika NM-də (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,402 qram psixotrop maddə metamfetamin və 0,765 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13.03.205-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, xx.xx.2025-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoyması, bükümün içərisində olan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 23 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxlayaraq gəzdirməsini deməsi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, xx.xx.2025-ci tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni və bir ədəd qara rəngli selofon bükümdə narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etməsi, həmin bükümlərin özünə məxsus olduğunu və həmin maddələri özünün şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar dairəsi adlanan ərazidə olarkən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və üzərində saxladığını deməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,402 qram psixotrop maddə metamfetamin və 0,765 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Quaməli oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 123 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,402 qram psixotrop maddə metamfetamin və 0,765 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Quaməli oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-916/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-916/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver