Məhkəmə qərarları › İş №1(012)-919/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-919/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-919/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan çəkisi 0,432 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış psixotrop maddə metamfetami 10 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 fevral 2025-ci il tarixdə saat 17:28 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında saxlanılaraq orada həmin tarixdə saat 17:28-dən 17:33 kimi üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 0,432 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeyd olunan tarixdə,yəni 19 fevral 2025-ci il tarixdə o, Abşeron rayonu, Novxanı kəndi ərazisində olmuşdur. Tanışı ilə görüşən zaman 2 maşında təxminən 8-9 nəfər ona yaxınlaşmışdır. Daha sonra onu Saray qəsəbəsi ərazisində yerləşən Duz gölünün yaxınlığına aparmış, orada video çəkiliş etmişdirlər. Daha sonra isə göstərdikləri sənədlərə qol çəkmişdir. Lakin tutulan zaman üzərində narkotik vasitə olmamış, həmçinin ittihamda göstərilən Saray qəsəbəsi, Duz gölünün yaxınlığında deyil, Novxanı kəndi əraizisində qəbirstanlığın yanından onu tutub aparmışdırlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər müxtəlif cinayətlərə görə məhkumluqları olmuşdur. Hadisə günü üzərində narkotik vasitə olmamışdır. Lakin axşamdan istifadə etmişdir. Polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları ona hədə-qorxu gəlmiş,lakin döymə və işgəncə olmamışdır, narkotik vasitəni qəbul etməyəcəyi halda ailəsində olan qadınların çantasından çıxarmaqla narkotik vasitəni yükləyəcəklərini ona bildirmişdirlər. O da həm ailəsinə görə həm də külli miqdarda narkotik vasitədən qorxduğu üçün məcburiyyət qarşısında qalaraq onların dediklərini etmiş, güya narkotik vasitənin onun üzərindən aşkar olunması üçün videoçəkiliş edilmiş, daha sonra sənədlərə qol çəkmişdir. Sonda ailə şəraitini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır. Bildirmişdir ki, 19 fevral 2025-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvləri ondan, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 19 fevral 2025-ci il tarixdə saat 17:28 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün ondan sənədlərinin üzərində olmamasının səbəbini soruşduqda həmin şəxs onlara adekvat cavab verərək verdikləri suallara cavab verməkdən yayınmaq istədiyindən həmin şəxsi saxlayaraq ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı etiraz etməmişdir. 19 fevral 2025-ci il tarixdə saat 17:28-dan saat 17:33-ə kimi olan vaxt ərzində Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 iştirakı ilə tərəfindən Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli selofan bükümə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamindir. Bildirmişdir ki, “təxminən iki olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə metamfetamini 18 fevral 2025-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Onun narkotik vasitə və psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli selofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman “Redmi” markalı mobil telefonun videoçəkmə funksiyalarından istifadə edilməklə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışın çəklişi tərəfindən dayandırılmışdır. Bununla bağlı tərəfindən protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. Bundan sonra araşdırmanın aparılmasından ötrü Əliyev X5 rayon polis idarəsinin Saray polis bölməsinə dəvət edilərək barəsində toplanmış material aidiyyəti üzrə təhqiqat şöbəsinə verilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 19 fevral 2025-ci il tarixdə, saat 17:28 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi açılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/790 saylı rəyinə əsasən , tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №56" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs təqdim etdiyi.." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,432 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi – 0,432 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,332 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2025-ci il tarixli vəsatəti təmin olunmamışdır. - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Maddi sübut kimi tanıma və saxlanması barədə” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə 0,432 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,332 qram çəkidə narkoti vasitə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuşdur. xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə narkotikadan məcburi müalicə ləğv edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 02 ay 05 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2024-cü ildə cəza müddəti bşa bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında xx.xx.2025-ci il tarixli, 2475 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - “Sübutların qiymətləndirilməsi” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokolu, məhkəmə kimyəvi ekspertizasının, məhkəmə narkoloji ekspertizasının rəyi maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. - Abşeron Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(012)-919/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilərək axtarış elan edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş, “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair 19 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə, saat 17:28 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölü ətrafında saxlanılaraq üstü yoxlanılmış, qara rəngli idman şalvarının sağ yan sorğu zamanı Təqsirləndirilən şəxs, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində alıb üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxış iclasında verdiyi ifadəsi bağlı xüsusatları müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində psixotrop maddə olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən psixi zorakılıq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasındakı ifadələri cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad edilib, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı - 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 30 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2475 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,332 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 02 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 25 saatın 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 275 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 7(yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 30 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,332 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 275 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar