Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-92/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi ev 48-də qeydiyyatda olan, Abşeron rayonu Məmmədli qəsəbəsi, R.Atakişiyev küçəsi ev 48-də yaşamış, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 14:24 radələrində Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən qapı-pəncərə sexinin arxa hissəsində saxlanılmış Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsi hesab edilən VAZ 21011 markalı, ** BT *** dövlət nömrə nişanlı minik avtomobili idarə etmək məqsədilə, avtomobilin qapısının açıq və açarının üstündə olmasından istifadə edərək sonuncunun icazəsi olmadan sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində o, Abşeron rayon, Mehdiabad qəsəbəsi, Digah işiqforunun yanında təkcə hərəkətdə olarkən Vaz 2101 markalı maşının qapısının və pəncərəsinin açıq olduğunu görüb həmin maşına yaxınlaşmışdır. Həmin vaxtı avtomobilin açarı üzərində olmuşdur. Ona görə də, həmin maşını oradan qaçırıb və bir qədər sürüb sonra yenidən geri qaytarmaq qərarına gəlmişdir. O, qapını açıb həmin avtomobilə əyləşmişdir. Sonra həmin avtomobili işə salıb oradan uzaqlaşmışdır. O, maşını sürüb gedib Nəsimi rayonu 4-cü mikrarayon ərazisindən qardaşı Xanları götürmüşdür. Onu da maşına əyləşdirib həmin günü Bakı şəhəri ərazisində maşını sürmüşdür. Qardaşı Xanlar avtomobilin kimə məxsus olduğunu ondan soruşduqda o, Xanlara həmin avtomobili icarəyə götürdüyünü bildirmişdir. O, avtomobili sürüb Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gəldikdə orada dövlət yol polis əməkdaşları onu saxlamış və 17-ci polis bölməsinə gətirmişlər. Sonrada onu Mehdiabad polis bölməsinin əməkdaşları bölməyə aparmışlar. Həmin avtomobili bir qədər sürüb sonra yenidən geri qaytarmaq məqsədi ilə qaçırmışdır. Həmin vaxtı tək olmuş, yanında heç kim olmamışdır. O, Xanları aldatmış və avtomobili icarəyə götürdüyünü demişdir. Xanların onun avtomaşın qaçırmağından məlumatı olmamışdır. Ona başqa heç kim kömək etməmişdir, avtomaşını özü tək qaçırmışdır. Onun həmin avtomobili oğurlamaq və yaxud da satmaq niyyəti olmamışdır. O, həmin avtomobili bir müddət sürüb sonra yenidən geri qaytarmaq niyyəti ilə götürmüşdür. İlkin araşdırma zamanı həyəcanlı olduğu üçün avtomobili oğurlamaq istədiyi bildirmişdir. Onun belə bir niyyəti olsaydı həmin qaçırdığı avtomobili şəhərdə sürmək əvəzinə elə həmin günü də hissələrə bölüb satacağını demişdir. Onun niyyəti yalnız avtomobili qaçırıb sürmək olmuşdur. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus Vaz 21011 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Digəh qəsəbəsi ərazisində işlədiyi qapı-pəncərə sexinin arxa hissəsində saxlamış və sexin içərisinə daxil olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işdən çölə çıxıb avtomobilə yaxınlaşdıqda ona məxsus sözügedən avtomobilin naməlum şəxs tərəfindən qaçırılmasını aşkar etmişdir. O bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron RPİ-dən zəng edilərək avtomobilin tapılması barədə məlumat verilmişdir. Sonradan məlum olmuşdur ki, hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs Xanlar oğludur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış “Vaz 21011” markalı avtomobil ona məxsusdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə günortadan sonra axşam tərəfi qardaşı Aydın ona zəng vurub harada olduğunu soruşmuşdur. O da 4-cü mikrorayonda bacısı gildə olduğunu demişdir. Aydın 4-cü mikrorayona onun arxasıyca Vaz 2101 markalı avtomobil ilə gəlmişdir. O, Aydından həmin avtomobilin kimə aid olduğunu soruşsa da, Aydın ona həmin avtomobili icarəyə götürdüyünü bildirmişdir. Sonra onlar Bakı şəhəri ərazisində həmin avtomobil ilə gəzib hərəkətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövlət yol polis əməkdaşları onu saxladıb. 17-ci polis bölməsinə gətirmişlər. Sonrada onu Mehdiabad polis bölməsinin əməkdaşları bölməyə gətirmişlər. Onları polis əməkdaşları saxlayandan sonra o, qardaşı Aydının həmin avtomobili oğurladığını bilmişdir. O həmin vaxta kimi qardaşı Aydının avtomobili oğurladığını bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qutarmışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-74/2024 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış VAZ 21011 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə poçt vasitəsi ilə göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.. Azərbaycan Respublikası CPM-nin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət qanunvericiliyinə görə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Həmin cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Əməl obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Qaçırılan avtomobil və ya nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınmalı, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış VAZ 21011 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış VAZ 21011 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-92/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-92/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver