Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-929/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, avtobus sürücüsü işləyən, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində texniki cəhətdən saz olan “Daewoo BS090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və düşürməli, hərəkətdə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları dayanana qədər açmamalı və həmin tələblərə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd edilən tədbirlərə əməl etməyərək Abşeron rayonu, Novxanı-Binəqədi yolunda yerləşən «Bakı-Praqa» restoranın qarşısında hərəkətdə olan avtobusun arxa qapsını açması nəticəsində sərnişin Zərərçəkmiş şəxs avtobusdan yıxılaraq ehtiyatsızlıqdan sol mil sümüyünün yerdəyişən qapalı sınığı, sağ dirsək oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat təxminən 11:00 radələrində 123 saylı marşrut üzrə idarə etdiyi avtobusla saatda təxminən 30-40 km sürətlə Abşeron rayonu Binəgədi qəsəbəsi istiqamətindən Novxanı qəsəbəsi istiqamətinə 2 zolağdan ibarət olan yolun sağ tərəfdən 1-ci zolağı ilə hərəkət edib Praqa restoranın önündə olan duracağa yaxınlaşıb avtobusun sürətin azaldıb dayanmaq istəyən zaman idarə etdiyi avtobusun orta hissəsində ayag üstə dayanan sərnişin qapını döymüşdür. O, avtobus dayanacağına çatmamış təxminən 3 metr məsafə olardı ki o, qapını açmışdır. Həmin anda avtobusda olan kişi sərnişin avtobusdan yerə yıxılmışdır. O, avtobusu hadisə yerində saxlayıb zərər çəkənə yaxınlaşıb ona su vermişdir. Sərnişin kişiyə bir neçə dəfə onu xəstəxanaya aparmağı təklif etsədə o, imtina etmişdir. Hadisə zamanı sərnişinin də günahı olmuşdur. Belə ki, sərnişin avtbousun hərəkətdə olduğunu gördüyü halda özünü avtobusdan yerə atmış və nəticədə xəsarətlər almışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək istəsə də, Zərərçəkmiş şəxs yuxarı məbləğdə - 5000 manat məbləğində pul tələb etdiyi üçün barışıq əldə edə bilməmişdir. Əməlindən səmimi peşmandır. Odur ki barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu Novxanı qəsəbəsində “Bakı Praqa“ restoranında xidmətçi işləyir. xx.xx.2023-cü il taixdə Bakı şəhəri Binəqədi rayonu azadlıq prospektində 123 saylı sərnişin avtobusuna minmişdir. Abşeron rayonu Novxanı qəsəbəsində “Bakı Praqa“ restoranında düşməyini bildirmişdir. Həmin əraziyə çatan zaman isə sürücü avtobusun qapısını açıq açmağına baxmayaraq avtomobili saxlamamışdır. Bu zaman o yerə düşmək istəyən zaman yıxılmış və xəsarətlər almışdır. Həmin anda sürücü avtobus saxlamış və ona ilk tibb yardım göstərmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş və barışıq əldə etməmişdir. Hətta ondan şikayəti geri götürmək üçün təqsirləndirilən tərəf dəfələrlə ona təzyiq etmişdir. Təqsirləndirilən şəxs əgər ona 5000 manat pul ödəyərsə, onunla barışa bilər, belə ki, onun müalicəsi üçün və işsiz qaldığı vaxt 5000 manat vəsait xərclənmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 avqust 2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə ünvan 1i, Novxanı-Binəqədi yolunda, Bakı-Praqa restoranının qarşısında baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.3 üfiqi nişanlanma xətti, hər istiqamət 2 hərəkət zolağına 1.5 üfiqi nişanlanma xəttləri ilə bölünmüşdür. Hadisə yerində şinz, tormozlama və digər izlər aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 01 avqust 2023-cü il tarixli 1598 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol mil sümüyünün yerdəyişən qapalı sınığı, sağ dirsək oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 12 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/626 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: Daewoo BS090 markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə” 17 iyun 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Daewoo BS090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusda quraşdırılmış kamerasının xx.xx.2023-cü il tarixli videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmiş ki, hərəkətdə olan avtobusun arxa qapısı açılır və sərnişin həmin qapıdan yolun üzərinə yıxılır. Maddi sübut kimi tanınma barədə 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmaqla "xxxx" MMC-yə qaytarılmış, “Daewoo BS090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusda quraşdırılmış kamerasının xx.xx.2023-cü il tarixli videogörünün yazıldığı 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir (17-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-ci maddəsinin Vİİİ hissəsinin tələbinə əsasən sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Daewoo BS090» markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilmiş xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X4 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hal kimi, onun səmimi peşmançılığıdır, cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyul, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmaqla "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, “Daewoo BS090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusda quraşdırılmış kamerasının xx.xx.2023-cü il tarixli videogörünün yazıldığı 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınmaqla "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. “Daewoo BS090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusda quraşdırılmış kamerasının xx.xx.2023-cü il tarixli videogörünün yazıldığı 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-929/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-929/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver