Məhkəmə qərarları › İş №1(012)-929/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-929/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-929/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumuluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli qanunla təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahılar”na (İ siyahı) daxil olan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,337 qram olan xeyli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron rayonu Hökməli qəsəbəsinə daşımış, 13 fevral 2025-ci il tarixdə saat 17:20 radələrində X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində “Megastore” marketin yaxınlığında saxlanılmaqla Abşeron rayon polis idarəsinin X3 inzibati binasına gətirilərək orada həmin gün saat 18:40-dan 18:55-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,337 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxminən 2-3 il müddət olar ki, müxtəlif narkotik vasitələrdən əsasən isə heroindən istifadə etmişdir. 13 fevral 2025-ci il tarixdə nahar zamanında o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qsəbəsində yerləşən “Binə” ticarət mərkəzindən Bakı şəhərinə qayıtması üçün Lökbatan dairəsinə gəlmiş və nəqliyyat vasitəsi gözləməyə başlamışdır. Bu zaman tanımadığı bir nəfər şəxslə söhbət eləməyə başlamış, sonuncu onun da narkotik vasitə istifadəçisi olmasını öyrəndikdən sonra 10 manat müqabilində narkotik vasitə heroin verə biləcəyini təklif etmiş, o da, təklif ilə razılaşaraq həmin vasitəni əldə etmişdir. Bunan sonra o, tanışı ilə görüşmək üçün Abşeron Rayon Hökməli qəsəbəsinə gəlmiş, təxminən saat 5-də Abşeron rayonu, Hökməli qəsəbəsi “Megastore” marketin yanı ilə Bakı-Şamaxı magistral yoluna çıxıb oradan isə yaşadığı Mərdəkan qəsəbəsinə taksi ilə getməyi qərara almış, Abşeron rayonu, Hökməli qəsəbəsi “Megastore” marketin qarşısı ilə gedən zaman iki nəfər mülki geyimli şəxsin onun arxasınca gəldiyini görmüşdür. Həmin şəxslərin polis olmasından şübhələnərək üzərində narkotik vasitə olduğundan qorxub uzaqlaşmaq istəmiş, lakin həmin şəxslər onu saxlamış, xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmiş, ondan anket məlumatlarını soruşaraq şəxsiyyət vəsiqəsi istədikdə, sonuncu üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Söhbət zamanı üzərində narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu X4 dəvət etmiş, o, da etiraz etməmişdir. Bölmədə hüquq və vəzifələri izah olunduqdan sonra üzərində vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra X3 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlamışlar. Şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuş, sonuncu geyindiyi tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini çıxardıb təqdim etmiş və narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı ondan soruşulmuş, o isə həmin narkotik vasitə heroini 13 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və imzalarla təsiq etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər-hansı fiziki, psixi və ya digər formada təsir olunmadığını bildirərək, əməlindən peşman olmasını, narkotik vasitələrdən bədənin olan ağrılarln sakitləşdirmək üçün isitifadə etməsini, artıq müalicəyə başlamasını qeyd edərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin X3 sahənin polis nəfəri polis serjantı əməkdaşı Mehdi Salman oğlu ifadəsində göstərmişdir ki, iş yoldaşı Şahid2 ilə birlikdə Abşeron Rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunun üzərində yerləşən “Megastore” mağazasının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan uzaqlaşmağa başlamışdır. Dərhal həmin şəxsə çatıb onu saxlayaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Saxladıqları şəxsə X3 əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən adının nə olduğunu və nə üçün burada olduğunu soruşmuşlar. Həmin şübhəli kimi saxladıqları şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar şübhəli şəxs qismində saxladıqları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində narkoptik vasitə heroin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu X4 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Həmin şəxsi təhqiqatçı Əli Kəngərlinin xidməti otağına aparmışlar. Orada təhqiqatçı Əli Kəngərlinin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmiş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və bundan sonra səmimi davranış göstərmiş, suallar verilərkən əməlini könüllü etiraf etmiş, peşman olduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis idarəsinin X3 əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə iş yoldaşı X3 sahənin polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə Abşeron Rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunun üzərində yerləşən “Megastore” mağazasının yaxınlığında rayon ərazisində baş vermiş oğurluqlara qarşı mübarizə apararkən saat 17:15 radələrində “Megastore” marketin qarşısında bir nəfər şəxsin həmin getdiyini və özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan uzaqlaşmağa və gizlənməyə başlamışdır. Həmin şəxsin onlardan qaçdığını görən zaman onu saxlayıb niyə qaçdığını soruşmaq istəmişlər. Dərhal həmin şəxsə çatıb onu saxlayaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Saxladıqları şəxsə X3 əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs isə onların polis əməkdaşı olduqlarını bilmişdir. Həmin şəxsdən adının nə olduğunu və nə üçün burada olduğunu soruşmuşlar. Həmin şübhəli kimi saxladıqları şəxs adının Təqsirləndirilən şəxs olduğunu və uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini hal hazırda da üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu ona görə də polis əməkdaşlarını görən kimi onlardan qaçıb uzaqlaşmaq istədiyini bildirmişdir. Bundan sonra Qobu PB-nin sahənin polis nəfəri polis serjantı Şahid2 və Qobu PB-nin sahənin polis nəfəri polis serjantı Mehdi Daşdəmirli şübhəli şəxs qismində saxladıqları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində narkoptik vasitə heroin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu X4 dəvət etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs X4 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Həmin şəxsi təhqiqatçı Əli Kəngərlinin xidməti otağına aparmışlar. Orada təhqiqatçı Əli Kəngərlinin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tün göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 13 fevral 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Bundan başqa Şahid2 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə heroini sonuncunun deməsinə görə Lökbatan qəsəbəsi, Lökbatan dairəsindən Abşeron Rayonu, Hökməli qəsəbəsinə getmək üçün avtobus gözləyən zaman dayanacaqda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılan və Qobu polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 13 fevral 2025-ci il tarixdən saat 17:20-dən hesablanmışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 14 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/688/2025 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 245” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi – 0,337 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,287 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmişdir;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbiri seçilməsi” haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatəti təmin edilməmiş və o, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilməklə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir;

6. “Maddi sübut kimi tanınma” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,287 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 24 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 min manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının qalan 1880 manat məbləğində hissəsinin müstəqil icra olunması müəyyən edilmiş, həmin hökm Bakı Apelyyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, 21 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatdığından ona təyin edilmiş cəza müddəti başa çatmış və 02 fevral 2023-cü il tarixdə cərimə cəzasını tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır;

8. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 29 mart 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdir;

9. “Cinayıt işi üzrə icraatın dayandırılması” haqqında 29 mart 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdir;

10. “Axtarışda olan şəxsin tutulması” barədə 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə tutularaq, Abşeron RPİnə gətirilmiş və MSY-nə təhvil verilmişdir;

11. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 03 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tutularaq, istintaqa təqdim edildiyindən ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; 12.“Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan təbirinin nəzərə alınması” haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır; 13.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 05 may 2025-ci il tarixli, 2596 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserində qeydiyyata alınması məsləhət görülür;

14. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş ona məxsus təmiz çəkisi 0,337 qram narkotik vasitə heroin və 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,287 qram narkotik vasitə olan heroin üçün Abşeron RPl-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi və iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəməkimyəvi və məhkəmə-narkotloji ekspertizalarının rəyləri və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 13 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər vasitə aşkar edildi və Təqsirləndirilən şəxs bildirdi ki, özü narkotik vasitə istifadəçisidir, təqdim etdiyi bir bükülüdə olan narkotik vasitə - heroini 13 fevral 2025-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manat pul qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında baxış keçirilmiş təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD diskdə olan video görüntülərlə, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü 02 fevral 2023-cü il tarixdə tam icra edildiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən sonuncu əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, narkotik vasitənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 Ekspert komissiyasının 05 may 2025-ci il tarixli, 2596 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 08:00dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,287 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar