Məhkəmə qərarları › İş №1(012)-93/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-93/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-93/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 20 avqust 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti RPİ-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Bağlar massivi” fərdi evdə yaşayan, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi 11 iyul 2018-ci il tarixdən başlayaraq 08.05.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(008)-8200/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 13 mart 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 30.03.2020-ci il və 05.05.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 iyun 2021-ci il tarixə kimi, cəmi 3820,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 14.04.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Vahid adlı övladı doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulmuş, bu səbəbdən Zərərçəkmiş şəxs 2018-ci ildə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(008)- 8200/2018 saylı qətnaməsinə əsasən, 11 iyul 2018-ci il tarixdən başlayaraq 08.05.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamənin icrasını təmin etməmiş, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd fəhlə kimi işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin 13.03.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəmdə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, aliment üzrə cəmi 1450,00 manat məbləğində ödəniş etmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 3820,00 manat təşkil etmiş, maddi vəziyəti ilə əlaqədar aliment üzrə borcunu tam ödəyə bilmir. Alimentin icra olunmamasının səbəbini keçmiş yoldaşı Zərərçəkmiş şəxs uşaqla görüşməsinə imkan verilməməsidir, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır, lakin özü fəhlə kimi işləsə də, az məbləğdə aylıq aliment ödəməyə imkanı olmuşdur. Hazırda da alimentdən 500 manat ödəniş etmişdir. Qalan məbləği də hissə-hissə ödəməyə söz verir, ona görə də yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(008)-8200/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 11 iyul 2018-ci il tarixdən başlayaraq 08.05.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 3820,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik etmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Aliment borcundan 1950 manat ödənilmişdir. Lakin borcu tam olaraq tələb edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5907/2018 saylı, 21.11.2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 11.07.2018-ci il tarixdən başlayaraq 06.05.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 155,00 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilən icra vərəqəsi 07.01.2019cu il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlmaq haqqında qərar və bildiriş tərəflərə göndərilmiş, icra zamanı borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını tam təmin etməyərək cəmi 1450,00 manat aliment ödəmiş, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, lakin üzrlü səbəb göstərmədən çağırışa gəlməmiş, barəsində 19.02.2020-ci il tarixli axtarış qərarı qəbul olunaraq Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və axtarış tədbirlər nəticəsində saxlanılaraq 13.03.2020-ci il tarixdə icra şöbəsinə təhvil verilmiş, borclu Abşeron Rayon Məhkəməsinin 3(012)-411/2020 saylı, 13.03.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibti cərimə növündə tənbeh edilmişdir. Borclu inzibati tənbeh tədbirindən sonra ödənişi həyata keçirməmiş və icra məmurunun çağırışlardan yayınmış, barəsində yenidən müvafiq axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində 07.12.2020-ci il tarixdə polis orqanları tərəfindən şöbəyə təhvil verilmiş, borclunun izahatı alınaraq məsuliyyəti izah olunmuş, aliment borcunun ödənilməsi üçün möhlət verilsə də, borclu Təqsirləndirilən şəxs ödəniş etməmişdir. Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5907/2018 saylı, 21.11.2018-ci il qətnaməsini icra etməməkdə davam etməklə həm də, faktiki imkanlarından istifadə etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs 31.05.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcunu ona ödəməmisini, onun 3820,00 manat ödənilməmiş borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 14.04.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatını qurmuş, həmin nikahdan 06.05.2015-ci ildə Vahid adlı oğlan övladları dünyaya gəlmiş, ilk dövrdə mehriban olsalar da, sonradan Təqsirləndirilən şəxs öz evinə gec-gec gəlməsi daha sonra işləməməsi, ailəsi ilə maraqlanmaması Günel ilə olan münasibətinin pozulmasına gətirib çıxarmış, 2018-ci ilin iyul ayında onlar ayrılmış və bu səbəbdən Günel aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(008)-8200/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 11 iyul 2018-ci il tarixdən başlayaraq 08.05.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 500,00 manat inzibati qaydada cərimə olunmuş, bundan sonra da, Təqsirləndirilən şəxs alimenti ödəməmiş və aliment üzrə icra qurumunun təqdimatına əsasən 3820,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs işəmuzd yaşadığı ərazidə fəhlə kimi işləsə də, alimenti ödəməkdən qərəzli olaraq yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evlərinə heç bir köməklik göstərmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(008)- 8200/2018 saylı qətnaməsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2018-ci il tarixdən başlayaraq 06.05.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 155 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli 3(012)-411/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 26.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda aliment borcundan 1450 manat, məhkəmədə isə 500 manat məbləğində ödəniş etmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizləndiyindən onun barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Abşeron rayon polis idarəsinin 18.10.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham Təqsirləndirilən şəxs elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19.03.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs aliment borcundan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcunu tamamilə zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.10.2021-ci il tarixdən 20.10.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11.02.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri, 19 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.10.2021-ci il tarixdən 20.10.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 11.02.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri, 19 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar