Məhkəmə qərarları › İş №1(012)-93/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-93/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-93/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sirik ərazi dairəsi, Şıxlar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, nömrəsiz fərdi həyət evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı2) daxil edilmiş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,552 qram narkotik vasitə heroini 15 manat müqabilində əldə edib əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsinə daşıyaraq saxlamış, 26 may 2023-cü il tarixdə saat 21:20-də Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlanılıb Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 1,552 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, subaydır və heç yerdə işləmir. Təxminən iki ilə yaxındır ki, narkotik maddə qəbul edir, narkotik vasitə aludəçisidir. 26 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb. Həmin narkotik vasitəni şalvarının sağ yan cibinə qoyaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsinə gəlmişdir. Həmin gün yəni, 26 may 2023-cü il tarixdə saat 21:20-də qeyd olunan küçədə piyada hərəkətdə olduğu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib və xidməti vəsiqələrini təqdim ediblər. Ondan özünü təqdim etməyisini xahiş etdikdə onlara Təqsirləndirilən şəxs olduğunu deyib. Ona üzərində qanunsuz olaraq narkotik vasitə heroin saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığından onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər. O, buna etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulub. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib və bu barədə müvafiq ərizə yazıb. Ona Xırdalan şəhər Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmiş, o, hüquqlarının vəkil-X4 tərəfindən müdafiə edilməsini istəmişdir. Vəkili-X4 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilib. Sonra vəkili-X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri oxunub. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, sağ əli ilə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edib, həmin bükümdəki kütənin özünə aid olduğunu, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini, təxminən 2-3 il müddətdir ki, narkotik vasitə istifadə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd, şəffaf sellofan bükümdə kütlə narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Həmin zərf imzalarla təsdiq olunub. Narkotik vasitə aldığı həmin şəxsdən ilk dəfə idi ki, narkotik vasitə heroin alıb, 26 may 2023-cü il tarixdə saat 21:20-də Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlanıldığı zaman, Abşeron rayon Polis İdarəsinə gətirildiyi zaman və Abşeron rayon Polis İdarəsinin inzibati binasında olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təzyiq göstərilməmiş, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla hər hansı düşmənçiliyi, ədavəti olmayıb. 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olub. O və Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılmasına dair qərar qəbul edilib. 26 may 2023-cü il tarixdə saat 21:20-də Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi ilə piyada hərəkətdə olan və əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıblar. Ona polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu demiş, ona narkotik vasitə heroini üzərində qanunsuz olaraq saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını izah etdikdən sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, o, buna etirazının olmadığını bildirmişdir. Sonra onu xidməti avtomobilə əyləşdirib Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib, ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, o, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və bu barədə müvafiq ərizə yazmışdır. Ona Xırdalan şəhər Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmiş, o, hüquqlarının vəkil-X4 tərəfindən müdafiə edilməsini istəmişdir. Vəkili-X4 gəldikdən sonra onunla konfidensial görüşü təmin edilmiş, sonra vəkili-X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri oxunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, sağ əli ilə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxardaraq təqdim edib, həmin bükümdəki kütənin özünə aid olduğunu, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini, təxminən 2-3 il müddətdir ki, narkotik vasitə istifadə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Sonra onun üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd, şəffaf sellofan bükümdə kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Həmin zərf imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, Abşeron rayon Polis İdarəsinə gətirilərkən və Polis İdarəsinin inzibati binasında olarkən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə onun üzərinə hər hansı bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 6/3054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,552 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (qalıq 1,452 qram - 0,05 qram narkotik vasitə olan heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1) daxildir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 01 iyun 2023-cü il tarixli 3387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,452 qram narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,452 qram narkotik vasitə olan heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 110 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,452 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar