Məhkəmə qərarları › İş №1(012)-930/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-930/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-930/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 18 dekabr 1978-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeon rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi ev 88 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “baqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16.01. 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında, Abşeon rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsində rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs ilə, sonuncunun həyətindən yaşayış evlərinin arasındakı dalana açılan qapını ləğv edib qapının yerini daşla hörməsindən narazı qalaraq bununla əlaqədar aralarında yaranmış narazılıqla əlaqədar davam edən şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq Zərərçəkmiş şəxs boğazından tutub sıxmış, sonra isə qəsdən yumruqla sol gözaltı nahiyəsinə bir dəfə zərbə endirib itələyərək başının arxa hissəsini hasara vurub yerə yıxaraq ayaqla bədəninin müxtəlif nahiyələrinə vurmuş, nəticədə sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yarığının daralması ilə nəticələnən sol gözaltı nahiyənin qançır-şişkinliyi, başın təpə-ənsə nahiyəsinin geniş sahəli hematoması (dərialtı qansızması), yanaq nahiyəsinin sıyrığından ibarət sağlamlığının qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkənlə barışdıqlarını və bu əsasda işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla heç bir ədavəti olmamışdır. Əvvəllər Natiqlə mehriban olmuşlar. Natiqin yaşadığı ev onun yaşadığı evin qarşısında yerləşir. Onun evinin arxasından qonşularının və onun evlərinə dalan yol vardır. Natiqin həyətindən həmin dalana həyət qapısı olmuşdur. Həmin qapını Natiq təxminən bir il əvvəl hörmüşdür. Lakin qapının yerini hörərkən divarı çəpinə hörmüş və yolu daraltmışdır. Bundan o və qonşular narazı qalmışlar. Hadisədən əvvəlki vaxtlarda Natiq həmin yola peyin tökməyə başladığından o, Natiqə yolu daraltdıqdan sonra indi də yola peyin tökməsinə görə bir neçə dəfə irad bildirmişdir. Natiqə irad bildirməsindən Natiq narazı qaldığına görə, 16 yanvar 2025-ci il tarixdə, saat təxminən 15 radələrində yaşadığı evin yaxınlığında, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsində durduğu zaman Mahir ona yaxınlaşmış və onunla mübahisə etmişdir. Natiqə bildirmişdir ki, “yolu daraltmısan, indi də yola peyin tökürsən, bu hərəkətinə son qoy”. Bu zaman Natiq küçədə olan qonşu Mehmanın oğlu Məhəmmədin əlindən lapatkanı alıb vurmaq üçün ona hücum etmişdir. Həmin vaxt o, özünü müdafiə etmək üçün Natiqin sifətindən əli ilə itələmiş və dönüb qaçaraq qonşu Nərimanın həyətinə girmişdir. Nərimanın qızları Aidə və İlhamə həyət darvazasını bağlamışlar ki, Natiq həyətə girib onu lapatka ilə vura bilməsin. Natiq küçədən çıxıb getdikdən sonra o da Nərimanın həyətindən çıxıb öz yaşadığı evinə getmişdir. Zərərçəkmiş şəxs ona lapatka ilə hücum etdikdə qorxduğu üçün, özünü müdafiə etmək məqsədi ilə onun sifətindən əli ilə itələmişdir. Zərərçəkmiş şəxs vurmamışdır, onu itələdikdən sonra dönüb Nərimanın həyətinə qaçmışdır. Odur ki, onun yıxılmasını görməmişdir. Ola bilsin ki, Natiqin sifətindən itələməsi ilə əlaqədar o, sol gözündən və gözaltı nahiyəsindəın xəsatət almışdır. Ola bilsin ki, o, Natiqi itələdikdə o, yıxılaraq, yaxud başı divara dəyərək başın təpə-ənsə nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs lapatka ilə ona hücum etdiyi üçün o, qaçıb Nərimanın həyətinə girmişdir. Nərimanın qızları Aidə və İlhamə həyət darvazasını bağlamışlar ki, Natiq həyətə girə bilməsin. O, Nərimnanın həyətindən bıçaq götürməmiş və Natiqə bıçaqla hücum etməmişdir. Hadisə təxminən beş dəqiqə müddətində baş vermiş, hadisə yerində qeyd olunan şəxslərdən başqa kənar şəxslər olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanda ailə üzüvləri ilə birlikdə yaşayır. Özünə məxsus olan fərdi evin həyətyanı torpaq sahəsinin ətrafı hasarlıdır. Əvvəllər onun həyətində iki dəmir darvaza oplmuş, darvazaların birindən istifadə etmiş, biri isə artıq olduğu üçün istifadə etməmişdir. O, həyətində olan istifadə etmədiyi dəmir darvazanı 2013-cü ildə yerindən çıxarıb, həmin yeri daşla hörmüşdür ki, həyətinə oradan çirkab suyu və zibil tökülməsin. Təqsirləndirilən şəxs bir qonşu kimi uşaqlıqdan tanımış, onunla heç bir ədavəti olmamışdır. Onunla münasibətləri həmşə yaxşı olmuşdur. Mahirin evi onun evinin arxasında yerləşir, onların həyətlərini dalan yol ayrıır. 2024-cü ilin dekabr ayının axırlarında qonşusu Təqsirləndirilən şəxs ona demişdir ki, ikinci darvazanın yerinə hördüyü daşları söküb yerinə əvvəlki kimi darvaza qoysun. Həyətin əvvəlki kimi iki darvazası olsun. O isə, Mahirin bu təklifini rədd etmişdir. Bundan sonra qonşu Təqsirləndirilən şəxs onu hər dəfə küçədə gördükdə ünvanına söymüş, onun ünvanına pis sözlər danışmışdır. 2025-ci ilin yanvar ayının 16-da təxminən saat 15 radələrində həyətindən küçəyə çıxanda Təqsirləndirilən şəxs küçədə tək dayandığını, yanında heç kimin olmadığını görmüşdür. Mahirə yaxınlaşmış və ondan ünvanına nə üçün söyüş söydüyünü soruşmuş, həyət darvazanın onun həyətiinə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs omnun ünvanına yenidən nalayiq söyüşlər söyərək boğazından turaraq sıxmış, yumruqla sol gözünün altından bir dəfə vurmuş, onu arxaya itələməklə yerə yıxdıqda başının arxası qonşu X2 həyətinin hasarına dəymişdir. Yıxıldığı yerdə Mahir təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmuşdur. Mahir onu vuranda səsə qonşuluqda yaşayan Nərimanın qızları Aidə və İlhamə çıxmış, Mahiri ondan kənarlaşdırıb öz həyətlərinə aparmışlar. Mahir Nərimanın həyətindəki stolun üstündən bıçaq götürüb onun üzərinə hücum etdikdə, küçədə olan lapatkanı götürüb Mahirin üstünə gedəndə, Mahir qaçıb yenidən Nərimanın həyətinə girmiş, Nərimanın qızları Aidə və İlhamə həyət darvazanın qapısını bağlamışlar və Mahiri küçəyə buraxmamışlar. Bundan sonra o, çıxıb öz evinə getmişdir. Evdə həyat yoldaşı Şahid2 ondan nə hadisəsi baş verdiyini soruşduqda küçədə Mahirin onu söydüyünü, yumruq və təpiklə vuraraq döydüyünü ona demişdir. Bundan sonra o, Mahirin atası Ağamalıya zəngedib, oğlu Mahirin onu döydüyünü və nalayiq söyüşlərlə söydüyünü demişdir. Mahirin atası Ağamalı ona demişdir ki, Azərbaycan Respublikası DİN-nin “102 xidmətinə” zəng edib oğluundan şikayət etməsi barədə məsləhət vermişdir. O da DİN-nin “102 xidmətinə” zəng edib qonşusu Mahirdən şikayət etmişdir. O, Mahiri vurmamış, ona nalayiq söyüş söyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Mahir boğazını sıxaraq yumruqla onun sol gözünün altına vurduqda və onu arxaya itələdikdə başımın arxası qonşu Eldarın hasarına dəymiş və yerə yıxılmışdır. Həmin vaxt sol sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yarığının daralması ilə nəticələnən sol gözaltı nahiyənin qançırşişkinliyi, başın təpə-ənsə nahiyəsinin geniş sahəli hematoması (dərialtı qansızması) və yanaq nahiyəsinin sıyrığından ibarət xəsarətləri almışdır. Təqsirləndirilən şəxslə mübahisə və dalaşması təxminən 5-10 dəqiqə çəkmişdir. Məhkəmədə araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 131 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yarığının daralması ilə nəticələnən sol gözaltı nahiyənin qançır-şişkinliyi, başın təpə-ənsə nahiyəsinin geniş sahəli hematoması (dərialtı qansızması), yanaq nahiyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozumasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, onun məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal zərərçəkənlə barışmaları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənin, şahidin ifadəsi, ekspertiza rəyi, protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə zərərçəkənlə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 10 (iyirmi) saat vaxt sərf etmişdir, hər saatı 11 manat olmaqla ona 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar