Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-932/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X14 Ənvər qızının sədrliyi, Ələkbərov Nihad Hüseyn oğlunun katibliyi ilə, Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2 və X3 və onların vəkili-nümayəndəsi Müdafiəçi1, Xüsusi ittiham qaydasında şikayət vermiş X4 və onun müdaiəçisi Müdafiəçi2 X2 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini və ondan üzr istənilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o 2008-ci ildən Xırdalan şəhər 2 saylı tam orta məktəbdə fənn müəllimi işləyir və riyaziyyat fənnindən dərs tədris edir. Üzərinə düşən vəzifələrini layiqincə və bacarıqla yerinə yetirir. Müəllim adını,şərəf və ləyaqətini daim uca tutmuşdur. Onun tədris prosesinə ciddi yanaşması,məktəbdə bu shədə mövcud olan nöqsan və qanunsuzluqlara dözülməz mövqe sərgiləməyi məktəbin hazırkı rəhbərliyinin,yəni direktor Gülnaz Kərimova, tədris hissə müdirlər Gülçin Salmanovanm,Tünzalə Əliyevanın, Vüsalə Əliyevanın xoşuna gəlmədiyindən ona qarşı qərəzli münasibət sərgiləməyə, onun ünvanına təhqirlər yağdırmağa, bunu qorxubçəkinmədən məktəbdə kütləvi çıxışlarında səsləndirməyə başlamışlar. Bu məsuliyyətli postu ələ keçirən məktəb direktoru Gülnaz Kərimova və onun seçdiyi tədris hissə müdirləri məktəbdə dözülməz vəziyyət yaratmışlar. Məktəbdə qeyri-sağlam atmosfer yaranmış, müəllim kollektivi və şagird valideynləri ilə rəhbərlik arasında dözülməz və həlli müşkülə çevrilmiş ziddiyyətlər yaranmışdır. Məktəb daxilində gedən çəkişmələr, bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməyən adamların yüksək vəzifələrə soxulması və onların özbaşınalığı, sabaha inamsızlıq toxumunun səpilməsi, şagirdlərin əksəriyyətinin təhsildən yayınmasına, bu sahənin tənəzzülünə zəmin yaratmışdır. Rüşvətxorluq,korrupsiya cinayətləri bizim məktəbdə adi bir hala çevrilmişdir. Bununla mübarizə aparan müəllimlər isə məktəb rəhbərliyi tərəfindən təqib olunur,hər vasitə ilə onları ləkələmək üçün yalan məlumatlar yayılır,təhqir olunurlar.Şəxsən ona qarşı əsl düşmən mövqeyi sərgiləyən məktəb rəhbərliyi onu susdurmaq üçün hər vasitəyə əl atır. O dəfələrlə məktəb siniflərində mövcud olan vəziyyəti video vasitəsi ilə çəkib kollektivlərində paylaşmışdır ki, fəlakətli vəziyyət barədə təbil zəngi çalaq və bu dözülməz halı aradan qaldıraq .Bomboş sinflər insanların vicdanını sızladır. Bu vəziyyətlə bağlı məktəblərinə jurnalist Rövşən Qasımov gəlmiş və jurnalist araşdırması aparmışdır.(Bu barədə olan videoçəkilişi əlavə etmişdir.) Bundan xəbər tutan məktəbin direktoru Gülnaz Kərimova və onunla əlbir olan tədris hissə müdirləri onlar müəllimləri, xüsusilə də onu təqib etməyə başladılar. Tədris hissə müdiri Nərgiz İsmayılova (Xırdalan ş.ünvan 1 ünvanında yaşayır) müxbir Rövşən Qasımova zəng edərək videoçəkilişlə bağlı onunla sərt danışmış və açıq şəkildə onunla intim münasibətdə olduğunu söyləmiş, videoçəkilişin məhz bununla bağlı olduğunu söyləyib onu təhqir etmiş, sonra da səs yazısını kollektivdə yaymışdır.(Səs yazısını əlavə etmişdir) O 5 ildir ki,Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəridir. Ona verilmiş hüquqları əsasında o daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxlayır. O da bu hüquqlarından istifadə edərək 20 may 2024-cü ildə saat 10-11 radələrində sinfi ilə dərs keçən müəllimə Aygün Mahmudovadan icazə alaraq onun sinfində arxa cərgədə əyləşib dərs prosesini dinləyir və müşahidə aparırdim.Bu vaxt məktəbin direktoru Gülnaz Kərimova sinif otağına girərək məni pis,nalayıq,əxlaqsız sözlərlə söyüb-təhqir etdi. Ona “sən yekəbaşsan,gör sənin başına mən nə iş açacağam,ay uşaqlar, sizin müəlliməniz rüşvətxordur”- dedi. Ondan sinif otağını tərk etməyini tələb etdi. Ondan qanunsuz davranışlarını dayandırmağı tələb edəndə o,məktəbə post patrul xidmətindən polis əməkdaşları dəvət etdi və təxminən 12 dəqiqə sonra gələn polis əməkdaşlarının vasitəsi ilə onu təhqiramiz şəkildə otaqdan çıxartdıraraq öz kabinetinə gətizdirdi. Bütün bu hadisələr həmin vaxt sinifdə olan 16 şagirdin və sinif müəllimi Aygün Mahmudovanın gözləri qarşısında baş vermişdir. Məktəbin direktoru Gülnaz Kərimova tədris hissə müdirlərinin və polis əməkdaşlarının yanında mənim ünvanıma hədələr, təhqirlər yağdırmağa, şərəf və ləyaqətimi alçaltmağa başladı. Mənə polislərin yanında “o,əxlaqsızdır, tərbiyəsizdir,Sən Türkiyədə nə atdırırdın?”-dedi, şərəf və ləyaqətini ən pis formada alçaltdı .Polislər onun heç bir qanunsuz iş görmədiyini və məktəb direktorunun bu ifadələrini eşidəndən sonra çıxıb getdilər. O isə Gülnaz Kərimovaya bu hərəkətlərinə görə cavab verməli olduğunu xatırladıb oradan çıxdı.Ona qarşı təhqir əməlləri yarım saatdan çox çəkmişdir. Bu azmış kimi həyat yoldaşı X9 bu xəbəri eşidib direktor Gülnaz Kərimovanın kabinetinə gedib iradını bildirərkən o,yenə də müavinlərinin yanında onun ünvanına daha pis formada təhqirlər söyləmişdir. O baş verənlərlə bağlı Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinə ərizə ilə müraciət etdi. Agentlik isə heç bir araşdırma aparmadan, hətta ondan izahat belə almadan,çoxsaylı tələblərimdən sonra ona formal bir cavab məktubu təqdim etmiş, orada güya “müraciətimdə qeyd edilən hallarla bağlı araşdırma aparıldığı və qeyd edilən məsələlərin öz əksini tapmadığı” bildirilmişdir.Məktəbin direktoru bu hadisədən sonra da kütləvi şəkildə və kollektivin qarşısındakı çıxışlarında onu təhqir etməkdən və alçaltmaqdan çəkinməmiş, onun barəsində şikayət etdiyimi bilib iştirakı olmadan 22 may 2024-cü il tarixli 125 nömrəli əmrlə ona töhmət elan etmiş, səbəb kimi isə etik davranış qaydalarını güya pozmağı, direktor müavinlərinin təqdimatlarını, valideynlərin şikayətlərini göstərmişdir. Bunların hamısı yalandır və Gülnaz Kərimova tərəfindən ona qanunsuz olaraq intizam tənbehi tətbiq edilmişdir..X1 vadar etmək istəmişdir. Ona görə də o Gülnaz Kərimovanın ona qarşı təhqir dolu hərəkətləri ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında şikayət ünvanlamağı qərara aldı. ünvan 1 və tədris hissə müdiri X7 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsini, X5 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edib barələrində ittiham hökmünün çəxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X5 və X7 xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2 və X3 vəkili-nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 müdaiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş şikayət ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir; 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, X6 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam oıta məktəbin direktoru X5 və tədris hissə müdiri X7 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayət ərizədə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməlin məhz Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam oıta məktəbin direktoru X5 və tədris hissə müdiri X7 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Həmçinin xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 148-ci maddəsinin mənasına görə, şəxs hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X4 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayət qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X4, Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam orta məktəbin direktoru X2 və tədris hissə müdiri X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Xüsusi ittihamçı X4, Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı tam oıta məktəbin direktoru X2 və tədris hissə müdiri X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №1(012)-932/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-932/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver