Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-933/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 01 avqust 1996-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, 18 mart 2025-ci il tarixdə saat 00:58-də Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2 yaşayış kompleksinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq həmin gün saat 01:00-dan 01:15-ə kimi orada üzərinə keçirilən yoxlama zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 0,320 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 18 mart 2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2 yaşayış kompleksinin yaxınlığında piyada hərəkət etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin əldə edilib saxlanması və daşınmasında şübhəli olduğunu, bu səbəbdən də üzərində yoxlama aparılacağını bildirmişlər. Yoxlama keçirilməsinə başlamazdan əvvəl üzərində əldə edilib saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya, alət, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunduqda əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayıb gəzdirdiyi 01 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bir bükümdə olan heroini bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Üzərində yoxlama davam etdirilmiş, üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroindən başqa bir heç vasitə, əşya, alət və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin bir ədəd boş zərfə qablaşdırılaraq zərf möhürlənmiş, möhürlənmiş zərfin üzərini imzalamışlar. Sonra Abşeron RPİ-nə dəvət olunmuşdur. Abşeron RPİ-də üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroiniin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2 yaşayış kompleksinin yaxınlığında saxlanılması, üzərində yoxlama aparılması, üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə herinin aşkar edilib götürülməsi zamanı polis əməkdaşları tərfindən «Samsung» markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Saxlanılarkən, Abşeron RPİ-nə gətirilən zaman və orada olduğu müddətdə ona qarşı heç bir təziq göstərilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər-hansı bir fiziki və psixi və ya digər formada təsir olunmadığını bildirərək, əməlindən peşman olmasını, artıq narkotik vasitələrdən istifadə etmədiyini, himayəsində maddi və mənəvi cəhətdən baxıma ehtiyacı olan azyaşlı körpəsinin və ailəsinin olmasını qeyd edərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə edib istifadə etməsi, üzərində saxlayıb daşıması barədə daxil olmuş əməliyyat məlumatı məlumatını yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Ondan və əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət təşkil edilmiş əməliyyat tədbiri zamanı, yəni xx.xx.2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu Xırdalan şəhəri, Kristal 2 yaşayış kompleksinin yaxınlığında, piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib videoçəkilişlə onun üzərində yoxlama aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, vasitə, alət və ya predmet varsa təqdim etməsini təklif edilmiş, bundan sonra sonuncu əynindəki cins şalvarının cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş heroinə bənzər kütləni çıxarıb təqdim etmiş və bükümdə olan kütlənin narkotik vasitə heroin olmasını, bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanması davam etdirilmiş, lakin onun üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə oxşar kütlədən başqa heç bir əşya alət, vasitə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə oxşar kütlə götürülərək bir ədəd boş zərfə qoyulmuş, zərf möhürlənmiş, zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanması zamanı «Samsung» markalı videokamera vasitəsi ilə kiçik əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkliş aparılmışdır. Sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət olunmuş, o, saxlanılan yerdə şərait olmadığı üçün onun saxlanılması və üstünün yoxlanması barədə protokol Abşeron RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokol Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılan zaman, Abşeron RPİ-nin inzibati binasına gətirilənkən və orada olduğu müddətdə ona qarşı heç bir psixi və ya fiziki təziq göstərilməmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Rəşid Məmmədovu tanımamış, həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin sonuncu tərəflərindən saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşı Şahid2 Zahir oğlu digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin tutulması haqqında” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 18 mart 2025-ci il tarixdən saat 00:58-dən hesablanmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 mart 2025-ci il tarixli, 3-16-16/106 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd açıq-mavi rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,320 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,320 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,300 qramdır. Aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat təşkil edir;
4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 18 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmişdir;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir;
6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbiri seçilməsi” haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Şirzad Baxşəlinin 19 mart 2025-ci il tarixli vəsatəti təmin edilməmiş və o, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilməklə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir;
7. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,320 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,300 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator X1 haqqında 05 may 2025-ci il tarixli, 2591 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş ona məxsus təmiz çəkisi 0,320 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,300 qram narkotik vasitə olan heroinin Abşeron RPl-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmalı, təqsirləndirilən şəxsin üzərində yoxlama aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi və iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, üzərində yoxlama aparılması və götürülmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2025-ci il tarixli, 20/106 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2591 nömrəli ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir.
Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 18 mart 2025-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün 18 mart 2025-ci il tarixdə, saat: 00:58 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 Yaşayış Kompleksi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və sonuncudan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında baxış keçirilmiş təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD diskdə olan video görüntülərlə, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də, ailəli olmaqla himayəsində 01 azyaşlı övladının olmasını, narkotik maddənin çəkisini, o cümlədən əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator X1 Ekspert komissiyasının 05 may 2025-ci il tarixli, 2591 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,300 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin/ Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xırdalan şəhər Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,300 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov