Məhkəmə qərarları › İş №1(012)-934/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-934/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-934/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 01 noyabr 2023-cü il tarixdə xadimə işlədiyi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Mətanət-A» şirkətinin işçilərinin əmək haqqının ödənildiyini bilərək, şirkətin inzibati binasında paltar dəyişmə otağında iş yoldaşı Zərərçəkmiş şəxs çantasından "xxxx" ASC-yə məxsus 5402- 6919-5854-8918 №-li bank kartını gizli olaraq götürüb taladıqdan sonra, həmin tarixdə saat 18:57-də ünvan 3 ünvanında yerləşən bankomatda 310 manat pulu çıxardıb ələ keçirməklə elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin iyul ayında “Mətanət A” şirkətinə xadiməçi qismində işləyirdi. İş yeri Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Mətanət A” şirkətidir. Maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Onunla birlikdə xadiməçi vəzifəsində işləyən X1 zamanı istifadəsində olan maaş kartının şifrəsinin təvəllüdü 1987 olduğunu demişdi. Bu səbəbdən Ülviyyənin istifadəsində olan kartı oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə işlədikləri şirkət tərəfindən əmək haqqıları istifadələrində olan karta oturduğunu öyrənmişdir. Bu səbəbdən şirkətdə xadimçilərin paltar dəyişdiyi otağa getmiş və orada dolabın içərisində Ülviyyə məxsus boz rəngi əl çantasını götürmüşdür. Həmin əl çantasının içərisindən pul kisəsini çıxartmış və orada “Paşa” banka və “Kapital” banka məxsus plastik kartları götürüb cibinə qoymuşdur. Daha sonra çantanı dolaba yerinə qoymuşdur. Sonra işdən çıxmış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəz adlanan ərazidə yerləşən bankamata yaxınlaşmış, özü bankamatdan pul çıxarda bilmədiyinə görə, həmin vaxtı orada olan əvvələr tanımadığı hərbi geyimdə olan şəxsə xahiş eləmiş ki, Ülviyyənin istifadəsində olan “Paşa” banka məxsus kartda pulu çıxartsın. Həmin şəxs onun təkifilə razılaşmış və ona kartın şifrəsini və kartın özünün vermişdir. Həmin şəxs kartı bankomata salaraq oradan 310 manat pul vəsaitinı çıxardıb ona vermişdir. “Kapital” banka məxsus plastik kartda pul olmadığına görə həmin kartdan pul çıxarda bilməmişdir. Həmin günü bankamatdan çıxartdığı 310 manat pul vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. X3 məxsus 02 ədəd plastik kartı isə yaxınlığda olan zibil qutularına atmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışdığına, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Mətanət A” şirkətindən işdən çıxmış və yaşadığı evə getmək üçün 592 saylı maşrut avtobusuna əyləşmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad polis bölməsinin qarşısında avtobusdan düşmüşdür. Həmin günü əmək haqqı kartına köçmüş, bu səbəbdən polis bölməsinin yaxınlığında olan “Kapital” banka məxsus bankamata yaxınlaşmış və əlində olan boz rəngli çantasının içərsindən boz rəngli pul kisəsini çıxartmışdır. Həmin pul kisəsini içərisindən “Paşa” banka və “Kapital” banka məxsus plastik kartlarını, özünə məxsus şəxsiyyət vəsiqəsini tapa biməmişdir. Həmin vaxtı ehtimal etmiş ki, kartlar və şəxsiyyət vəsiqəsi evdə qalıb, bu səbəbdən yaşadığı evə getmişdir. Evdə olan istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms gəlmiş ki, “Paşa” banka məxsus plastik kartından 310 manat pul vəsaiti çıxarılıb. Bundan sonra başa düşmüş ki, kartı və şəxsiyyət vəsiqəsi oğurlanıb. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “İttiham elan edilməli şəxsin tutulması və barəsində axtarışda elan edilməsi haqqında” 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə iş üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 06 iyun 2024-cü il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmişdir - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd disk sübut növü kimi qiymətləndirilmişdır. - Atalığın müəyyən edilməsinə dair xx.xx.2012-ci il tarixli 199057 nömrəli və xx.xx.2016-cı il tarixli 294773 nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı 2 (iki) azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini,zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 (iki) azyaşlı övladının olması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 8 saylı yataqxananı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı yataqxananı saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan iş yerini və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar