Məhkəmə qərarları › İş №1(012)-937/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-937/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-937/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs: Təqsirləndirilən şəxs Fizuli oğlunun iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun Protokola əsasən Təqsirləndirilən şəxs 28 may 2025-ci il saat 12 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs onunla olan nigaha xitam verilməsi ilə bağlı etmiş olduğu müraciəti geri götürməsini tələb edərkən sonuncunun buna etiraz etməsi səbəbindən aralarında həmin narazılıqla əlaqədar ailə münaqişəsi zəmnində yaranmız mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, göz, baş, qol, təpik (ayaq) zərbələri ilə isə onun bel, ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sağ gözün küt travması-sağ göz almasının əzniyi, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının qançırı, başın sağ alın-gicgah nahiyəsinin hematoması (dərialtına qansızması), sol bazunun orta 1/3-nin arxa səthinin 2 (iki) ədəd, çanağın sol hissəsinin ön səthinin 1 (bir) ədəd qançırları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Fəridəİsayevanın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, Zərərçəkmiş şəxsilə 2013-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan üç övladı doğulmuşdur. Təxminən iki il olar ki, qayınatası Vüqar İsayev onlar üçün Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evi almış və onlar həmin ünvanda yaşamışlar. İlk əvvəllər Fəridə ilə normal olaraq ailə həyatı yaşasalar da, təxminən 7-8 ay olar ki, Fəridə ona evə yaxşı baxa bilmədiyini əsas gətirib mübahisələr yaradır və ondan boşanacağını demişdir. O, isə Fəridədən ayrılmaq istəməmişdir. İki ay olar ki, Fəridə ondan boşanmaq üçün sənədləri məhkəməyə vermişdir. 28 may 2025-ci il tarixdə Mediasiya şurasından ona zəng gəlmiş və həyat yoldaşının boşanma ilə bağlı müraciət etdiyi ona bildirilmişdir. O, isə barışdıqları cavabını Mediasiya şurasına vermişdir. Mediasiyadan ona bununla bağlı barışıq ərizəsini təqdim etmələrini bildirdikləri üçün o, da Fəridədən bunu tələb etmiş və gedib barışıq ərizəsi yazmasını söyləmişdir. Lakin Fəridə onun dediklərinə etiraz edib ərizəni geri götürməyəcəyini qəti şəkildə bildirmişdir. Fəridənin bu sözündən əsəbiləşib onun üzərinə getmiş onu bir neçə dəfə vuraraq, döymüşdür. Sonra isə evdən çıxıb getmişdir. Fəridənin də bu barədə telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat verdiyini sonradan bilmişdir. Baş vermiş mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanı Fəridənin onu vurmadığını və ona qarşı müqavimət göstərmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır. Təxminən 12 illik evli olduqları dövrdə bir dəfə də olsun onlar arasında belə bir hadisə olmamışdır. Onu əsəbləşdirən Fəridənin boşanmaq və uşaqlarını ondan almaq istəməsi olmuşdur. Dəfələrlə cəhd etsə də barışığa nail ola bilmədiyini bildirməklə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan 2015-ci il təvəllüdlü X2, 2016-cı il təvəllüdlü X1 və 2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Rüfətlə aralarında münasibətlər pozulduğuna görə Rüfətdən boşanmaq üçün Mediasiya şurasına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Mediasiyadan ona zəng olunmuş və onun və əri Rüfətin yaşadıqları ünvanları soruşulmuşdur. O, da bu barədə məlumat vermişdir. 28 may 2025-ci il tarixdə saat 12 radələrində Rüfət yaşadıqları evə gəlib Mediasiyadan ona zəng edildiyini, boşanma ilə bağlı yazdığı ərizəni gedib geri götürməyini ondan tələb etmişdir. O, isə Rüfətin dediklərinə etiraz edib ərizəni geri götürməyəcəyini bildirmişdir. Buna görə də, Rüfət onun bu sözündən sonra əsəbiləşib üzərinə gəlmiş və əl, yumruq zərbələri ilə sifətindən, gözündən, başından, qolundan, təpiklə isə bel və ayaq nahiyələrindən vuraraq onu döyüb xəsarət yetirmişdir. Əlavə olaraq bildirdi ki, Rüfətdən boşanmaq fikri qətidir, həmçinin baş vermiş hadisə ilə bağlı onunla barışmamışdır. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 29 may 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata qəbul olunmuşdur;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 09 iyun 2025ci il tarixli, 1243 saylı ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəniüzərində aşkar olunmuş xəsarətlər–sağ gözün küt travması-sağ göz almasının əzniyi, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının qançırı, başın sağ alıngicgah nahiyəsinin hematoması (dərialtına qansızması), sol bazunun orta 1/3-nin arxa səthinin 2 (iki) ədəd, çanağın sol hissəsinin ön səthinin 1 (bir) ədəd qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstəriən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdədava-dalaş zamanı yumruq və təpik zərbələri təsirindən nəticəsində əmələ gələ bilməsi istisna olunmur, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs Fizuli oğlunun məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Fizuli oğlunun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Fizuli oğlunun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, həmçinin zərərçəkmiş şəxslə arasında barışığa nail olmamasını, həmçinin irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməklə, peşman olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Fizuli oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fizuli oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı Təqsirləndirilən şəxs Fizuli oğlunun barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fizuli oğlunun məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Fizuli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Fizuli oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 20:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Fizuli oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Fizuli oğlu barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Fizuli oğluna göstərilmiş 15 (on beş) saat hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar