Məhkəmə qərarları › İş №1(012)-940/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-940/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-940/2024 25.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, məhkəmə iclas katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X12 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan X9 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək mənim guya torpaq sahəsi satmaq adı ilə ondan 80.000 manat pul almağım, lakin vədimə əməl etməyərək ona torpaq sahəsi verməməyim, onu aldatmağım barədə böhtan xarakterli yalan məlumat vermişdir. Bildirirəm ki, X10 2023-cü ilin mart ayından tanıyıram. Belə ki, tanışım X7 məxsus Masazır qəsəbəsi yeni məhəllədə 1,5 sotun içərisində fərdi ev olmuşdur. Fuad məndən xahiş etmişdir ki, evin satsın və qarşılığında ona 300 manat pul verəcəkdir. Mən də müxtəlif elan sayıtlarına evə baxdıqdan sonra fotoşəkillərini çəkib yerləşdirmişdim. Bundan sonra Cavid Nuruşov həmin evə gəlib baxaraq almaq istəmişdir. Sonra mən, Fuadı dəvət edərək, tərəflər razılaşmış və Xırdalan şəhərində yerləşən notariat kontorunda Fuad evi Cavidə 31.000 manata satmışdır. Fuad da mənə 300 manat zəhmət haqqı vermişdir. Bundan sonra Cavid evi götürmüşdür. Sonradan Cavid evin sənədlərinin qaydasında olmadığını bildi və 31.000 manatı tələb etməyə başladı. Mən də evin mənim olmadığını və Fuadla bu məsələni həll etməli olduqlarını dedim. Evi mən Cavidə satmamışam. Həmin evi mən makler kimi vasitəçi olaraq Fuadla birlikdə Cavidə vermişəm. Həmin ev Fuadın olmuşdur. Ev satıldıqdan sonra Fuad 31000 manat puldan mənə 300 manat pul vermişdir. Evin sənədlərini Fuad Cavidlə alqı-satqı etmişlər. Mənim həmin evə heç bir aidiyyətim olmamışdır. Mən, X2 80.000 manat pul alımamışam. Həmin torpaq Cavidə məxsus olmuş, lakin Fuad pulu vermədiyi üçün torpağı Fuada satmışdır. Fuad barəmdə qərəzli olaraq izahat və ərizə vermişdir. Ev mənim olmmamışdır. Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Eldəniz Əsgərovun apardığı araşdırmanın nəticəsi olaraq toplanmış materialda hər-hansı bir cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə 02 mart 2024-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərar çıxarmışdır. Hesab edirəm ki, X4 şikayət ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirməyən məlumatlar olmuş və həmin böhtan xarakterli məlumatları qərəzli olaraq hüquq mühafizə orqanlarına vermişdir. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Odur ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X12 şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 məhkəmə iclasında bildirdi ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyə uyğun verilməmişdir. Həmçinin onun əməlində hər hansı bir cinayət əlaməti yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. X1 Çingiz Ədil oğlundan polisə şikayət etmiş və onun şikayəti əsasında icraat başlanılaraq, cinayət işinin rədd edilməsi qərarı qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə həmçinin şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq qeyd edir ki, X12 tərəfindən verilmiş şikayətdə şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, şikayətin verildiyi yer göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar