Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-947/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs2 Fəyaz qızına avtomobilini təmir etdirməsi üçün «Hyundai Servis»dən ucuz qiymətə 2300 manat dəyərində ehtiyat hissələrini alıb sonuncuya verəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 20 may 2024cü il tarixdə saat 18:36-da Masazır qəsəbəsindəki “Şok” marketdə olan «MilliÖN» elektron ödəmə sistemi vasitəsi ilə onun istifadəsində olan 523915******3438 nömrəli kart hesabına köçürdüyü 2000 manat, 21 may 2024-cü il tarixdə saat 21:13-də Masazır qəsəbəsi Ə. Vahid küçəsi 8 saylı ünvanda yerləşən «mPay» elektron ödəmə terminalı vasitəsi ilə həmin 523915******3438 nömrəli kart hesabına köçürdüyü 300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1, sonuncunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində sürücü kimi işə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 22 may 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində müxtəlif vaxtlarda, müxtəlif ödəmə terminalları vasitəsi ilə hissə-hissə olmaqla onun istifadəsində olan 523915******3438 nömrəli kart hesabına köçürdüyü ümumilikdə 7400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 7400 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 öz avtomobilinin təmirdə olduğunu, guya ailəsi ilə birlikdə Gürcüstanın Batumi şəhərinə gedəcəyini yalandan deyib inandıraraq, Zərərçəkmiş şəxs1 məxsus «Kia Rio» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini 3 gün müddətinə sürmək üçün etibarnamə almaq adı ilə aldadıb 13 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindəki 3 saylı Notariat ofisində həmin avtomobilə dair öz adına dair baş etibarnamə alıb 9000 manat dəyərində «Kia Rio» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini müvəqqəti istifadə üçün aldıqdan sonra 14 iyun 2024-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhərindəki «Qocacars» avtomobil salonunda həmin avtosalonun sahibi Şahid1 öz avtomobili olduğunu bildirib 6600 manata sataraq Zərərçəkmiş şəxs1 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Rəşad Abbasova 1150 manat müqabilində sürücülük vəsiqəsini düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq, 17 yanvar 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsindəki nömrəsiz fərdi yaşayış evində olduğu zaman Zərərçəkmiş şəxs3 oğlu Rəşad Abbasovun öz kart hesabından mobil tətbiq vasitəsi ilə onun istifadəsində olan 523915******3438 nömrəli kart hesabına köçürdüyü 100 manat, Zərərçəkmiş şəxs3 həmin tarixdə saat 18 radələrində işlədiyi Abşeron rayonu, Masazır kəndindəki «Tikinti materialları» mağazasında verdiyi 1050 manat, ümumilikdə 1150 manat, vahid niyyətlə əhatə olunan qəsdlə pulunu alıb ələ keçirərək vədinə əməl etməyib vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin may ayının 20-də Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı şəhərinə gedərkən "Briliyant" şadlıq sarayının qarşısında adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan bildiyi şəxsi sərnişin kimi avtomobilinə götürmüş, söhbət əsnasında Məhəbbət idarə etdiyi özünə məxsus «Hyundai» markalı avtomobilinə yol nəqliyyat hadisəsi zamanı ziyan dəydiyini, avtomobilə ehtiyat hissələrinin lazım olduğunu dedikdə «Hyundai» servisdən ona lazım olan ehtiyat hissələrini ucuz qiymətə təşkil edəcəyinə söz vermiş, Məhəbbətin sadaladığı ehtiyat hissələri ilə maraqlandıqdan sonra 2300 manata başa gələcəyini demiş, Məhəbbət də onunla razılaşmışdır. 21 may 2024-cü il tarixdə Məhəbbət istifadəsində olan "xxxx" kart hesabına ümumilikdə 2300 manat pul köçürmüşdür. Ehtiyat hissələri satışı ilə məşğul olan tanışı Orxana 2300 manat pulu vermiş, lakin Məhəbbətin istədiyi ehtiyat hissələri tapılmadığından Orxan 2300 manat pulu geri qaytardıqda ehtiyacı olduğundan həmin pulu xərcləmiş, bu barədə Məhəbbətə bildirməmişdir. Hər dəfə Məhəbbət zəng edərək pulunu istədikdə pulunu qaytaracağına söz versə də pulu olmadığından Məhəbbətin pulun qaytara bilməmişdir. Ona görə də Məhəbbət polisə şikayət etmişdir. 2024-cü ilin əvvəllərində Gənclər və İdman Nazirliyinin Bakı şəhər İdman İdarəsinin rəisinin ailə sürücüsü işlədiyi zaman təsadüf nəticəsində Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, həmin vaxtı Hüseyn işsiz olduğunu, işləmək istədiyini dedikdə, ona 7400 manat versə 1400 manat maaşı olan işə düzəldəcəyini demiş, amma Hüseyni işə düzəltmək imkan olmamış, sadəcə Hüseyni aldadıb pulunu ələ keçirmək barədə fikirləşmiş və inandırmışdır. Hüseyn 7400 manat pulu 4169 7388 4393 4039 nömrəli "xxxx" kart hesabına köçürmüş, lakin Hüseyni işə düzəltməmiş və ondan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hüseyni aldadıb 7400 manat pulunu aldıqdan sonra yalandan ailəsi birlikdə Gürcüstan Respublikasının Batumi şəhərinə gedəcəyini demiş, avtomobilini sürmək üçün üç günlük ona verməsini xahiş etmişdir. Məqsədi yenə də Hüseyni aldadıb onun avtomobilini ələ keçirməklə satıb kazino oyununda uduzduğu pulları kompensasiya etmək olmuşdur. Buna görə də Hüseyni inandırmışdır ki, sərhədi keçəndə mütləq avtomobilin texniki qeydiyyat şəhadətnaməsi onda olmalıdır və buna görə sürmək üçün yox, baş etibarnamə verməlidir. Hüseyn inanmış, özünə məxsus «Kia Rio» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini baş etibarnamə ilə üç günlük sürmək üçün ona verməyə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə birlikdə Abşeron rayonu, Xırdalan şəhərindəki notariat ofisinə getmişlər. Hüseynə çöldə gözləməsini deyib ondan avtomobilinin texniki qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini alıb notariat ofisinə girib baş etibarnaməni özünün iştirakı ilə yazdırmış, kamera qarşısında Hüseynə imzalatdırmışdır. Həmin vaxt Hüseyn əsl niyyətindən xəbərsiz olmuşdur. Hüseyndən avtomobilinə dair baş etibarnamə aldıqdan sonra 14 iyun 2024-cü il tarixdə Hüseynin avtomobilini satıb pul əldə etmək məqsədi ilə Sumqayıt şəhərinə gedib yol kənarında birinci gördüyü «Qocacars» avtosalona yaxınlaşaraq Hüseynin «Kia Rio» markalı avtomobilini öz avtomobili kimi təqdim edib təcili pula ehtiyacı olduğunu deyərək salonu işlədən oğlanla 6600 manata razılaşmış, Sumqayıt şəhər 1 saylı Asan xidmətdə onun işçisinə baş etibarnamə verməklə satmış, 6600 manat pulu isə avtosalonda Elvin adlı oğlandan əlbəəl almışdır. Həmin pulla yenidən onlayn kazino oyunu oynayıb uduzduğu pulları çıxarmaq məqsədi ilə oynamış və yenə də uduzmuşdur. Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsində yerləşən «Madeyra» mebel mağazası ilə üzbə-üz yerləşən tikinti materialları mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs3 ilə Loğmanın işlədiyi mağazanın yaxınlığındakı çayxanada tanış olmuşdur. Həmin vaxtı Loğmanın işlədiyi mağaza ilə üzbəüz binada kirayədə yaşamışdır. 17 yanvar 2025-ci il tarixdə nahardan sonra Loğmanın işlədiyi tikinti mağazasının yanındakı çayxanada çay içdikləri zaman Loğman oğlu Rəşada sürücülük vəsiqəsi almaq istədiyini dedikdə tanışlarının vasitəsi ilə Rəşada sürücülük vəsiqəsi ala biləcəyini bildirmişdir. Əslində isə sürücülük vəsiqəsi almaq üçün heç bir tanışı olmamış, pula ehtiyacı olduğuna görə Loğmanı aldadıb pulunu almaq qərarına gəlmişdir. Çayxanadan çıxandan sonra Loğmanın işlədiyi mağazaya getmiş, Loğmana bir də istəyirsə onun oğluna sürücülük vəsiqəsi almaqda kömək edə biləcəyini demiş, Loğman da razılaşmışdır. Mağazadan çıxıb telefonla danışıb mağazaya qayıdaraq Loğmana tanışı ilə danışdığını, bu iş üçün 1150 manat pul lazım olacağını, pulun 100 manatını əvvəlcədən vermək lazım olduğunu, qalan pul isə imtahan günü verilməli olacağını demiş, öz kart hesab nömrəsini Loğmana vermişdir. Loğman da oğlu Rəşada zəng edib kart hesab nömrəsini Rəşada diktə edib 100 manat pul köçürməsini tapşırmış, Loğmanın oğlu Rəşad iki dəfəyə 50 manat və 50 manat olmaqla onun kart hesabına 100 manat pul köçürdükdən sonra mağazadan çıxmışdır. Həmin günü, yəni 17 yanvar 2025^ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi tikinti materialları mağazasına qayıdıb Loğmana banka 1050 manat borcu olduğunu, həmin borcu bağlayıb yenidən bankdan pul götürmək istədiyini demiş, Loğman işlədiyi mağazada ona 1050 manat pul verərək «imtahan günü veriləcək 1050 manat pulu sən özün verərsən» demişdir. 1050 manat pulu Loğmandan alıb mağazadan çıxdıqdan sonra telefonunu söndürmüş, Loğmandan aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmin ərəfələr «iqramaniya»dan əziyyət çəkmiş, qumar oyunlarına qurşanmış, əlinə keçən pullara qumara qoyub uduzmuşdur. Hazırda «iqramaniya»dan reabilitasiya mərkəzində 6 ay müalicə alaraq sağalmışdır, törətdiyi əməllərdən də peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır, Masazır kəndi, Ə. Vahid küçəsində yerləşən «Madeyra» mebel evi ilə üzbəüz yerləşən tikinti materialları mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs işlədiyi tikinti materialları mağazası ilə üzbəüz binada kirayədə yaşamış, Nicatla işlədiyi mağazanın yanındakı çayxanada birlikdə çay içərkən tanımışdır. 17 yanvar 2025-ci il tarixdə nahardan sonra Təqsirləndirilən şəxslə işlədiyi mağazanın yanındakı çayxanada çay içərkən söhbət əsasında oğlu Rəşada sürücülük vəsiqəsi almaq istədiyini dedikdə Nicat tanışları olduğunu, tanışlarının vasitəsi ilə Rəşada sürücülük vəsiqəsi ala biləcəyini bildirmişdir. Çayxanadan çıxandan sonra mağazaya gəlmiş, Nicat da mağazaya gəlib kiməsə zəng edib danışandan sonra 1150 manat müqabilində Rəşada sürücülük vəsiqəsi almağa köməklik edəcəyini, ikin olaraq 100 manat pul verilməli olduğunu, qalan pulu isə imtahan günü verəcəklərini demiş, Nicatla razılaşmışdır. Həmin vaxtı Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsində kirayədə yaşadıqları evdə olan oğlu Rəşada zəng edib Nicatın dediyi kart nömrəsini oğlu Rəşada diktə edərək həmin kart hesabına 100 manat pul köçürməsini tapşırmış, Rəşad Nicatın kart hesabına iki dəfəyə 50 manat və 50 manat olmaqla iki dəfə 100 manat pul köçürmüşdür. Nicat mağazadan çıxmış, həmən günü, 17 yanvar 2025-ci il tarixdə axşama saat 18 radələrində yenidən işlədiyi mağazaya gəlib banka 1050 manat borcu olduğunu, həmin borcunu ödəyib yenidən borc götürmək istədiyini demiş, ona 1050 manat pul verməsini xahiş etmişdir. Nicata işlədiyi mağazada 1050 manat verərək imtahan günü 1050 manatı özün verərsən demişdir. Nicat metronun 20 Yanvar stansiyasına gedib təxminən iki saata qayıdacağını deyib mağazadan çıxmışdır. Nicat pulu alıb gedəndən təxminən üç-dörd saat sonra Nicatın ***-***-**-** mobil nömrəsinə zəng etmiş, amma nömrə bağlı olduğu üçün Nicata zəng çatmamışdır. Hər gün Nicatın ***-***-**-** mobil nömrəsinə zəng etmiş, amma Nicat telefonu söndürdüyündən zəng çatmamışdır. 20 yanvar 2025-ci il tarixdə Nicatın arvadının əşyalarını yığıb kirayədə qaldıqları evdən çıxdığını gördükdə Nicatın harada olduğunu soruşmuş, oğluna sürücülük vəsiqəsi düzəldəcəyinə söz verib 1150 manat pulunu aldığını demişdir. Nicatın arvadı Nicatın bir neçə nəfəri də aldadıb pulunu aldığını, bu səbəbdən də Nicatla boşanmaq istədiyini, ona görə də evdən çıxdığını demişdir. Dərhal Nicatın ***-***-**-** mobil nömrəsinə zəng etmiş, yenə də Nicatın telefonu sönülü olduğu üçün zəng çatmamışdır. Nicatın arvadından Nicatın anasının nömrəsini istəsə də ona heç bir nömrə verməmişdir. Nicat onu aldadaraq pulunu aldığını başa düşüb polisə müraciət etmişdir. Həmin vaxtdan sonra Nicatı görməmiş, amma anası iş yerinə gələrək ona dəymiş 1150 manatı tam ödəmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Kia Rio» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 il bundan öncə almış, lakin vaxtı olmadığından qardaşı Niftullanın adına sənədləşdirmiş, qardaşı ona baş etibarnamə vermişdir. Təqsirləndirilən şəxslə Xaçmaz rayonu Nabran kəndində olarkən təsadüfən tanış olmuş, sonradan aralarında normal münasibət yaranmışdır. Nicat özünün Gənclər və İdman Nazirliyinin sürücü kimi təqdim etmiş, onu da həmin Nazirliyə 1400 manat əmək haqqı olan sürücü işinə düzəldəcəyinə söz vermiş, bunun üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hərbi bilet, məhkumluq və narkolojidən arayışlar istəmiş, həmin sənədləri hazırlayıb Nicata vermişdir. 22 may 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhərindən hissə-hissə olmaqla Nicatın göndərdiyi "xxxx" ASC-yə məxsus bank kartları hesabına ümumilikdə 7400 manat pul göndərmişdir. Pulların çox hissəsini qardaşına məxsus 4169 7388 4596 8886 saylı bank kart hesabından, bir hissəsi də Sumqayıt şəhərindəki «MilliÖN» ödəmə terminalı vasitə ilə göndərmiş, Nicat 15 iyun 2024-cü il tarixdə işə çıxacağına söz vermişdir. Aralarında inam və etibar yaranmışdır. 13 iyun 2024-cü il tarixdə Nicat Sumqayıt şəhərində öz avtomobili ilə adam vurduğunu, avtomobilinin servisdə təmirdə olduğunu bildirmiş, vacib işləri ilə əlaqədar avtomobilini 3 günlük sürmək üçün istəmişdir. Nicata etibar etdiyi üçün etiraz etməmiş, avtomobilini 3 günlük sürmək üçün ona verməyə razılaşmışdır. Birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı notariat ofisinə getdikdə Nicatın xahişi ilə avtomobilinin texniki qeydiyyat şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini və etibarnaməsini ona vermiş, Nicat etibarnamə yazdırması üçün notariat kontoruna girmiş, Nicata inamı olduğundan sənədlərini ona verib özü notariat ofisinin qarşısında gözləmişdir. Təxminən 10 dəqiqədən sonra Nicat sənədləri imzalamaq üçün onu notariusa çağırdıqda etibarnaməni oxumadan imzalamışdır. Aralarında olan razılaşmaya əsasən avtomobilini idarə etməsi üçün Nicata 3 günlük etibarnamə verdiyini zənn etmiş, etibarnamənin verilmə müddətinə belə baxmamış, notariusdan çıxandan sonra avtomobilini Nicata vermişdir. Aralarında olan razılaşmaya görə Nicat avtomobilini həmin gün axşam özünə verməli, 14 iyun 2024-cü il tarixdən etibarən isə 3 günlük Nicatda qalmalı idi. Lakin 13 iyun 2024-cü il tarixdə Nicat axşam avtomobili ona qaytarmamış, Nicatın istifadəsində olan 070- ***-**-** mobil nömrəsinə zəng etdikdə Nicat əvvəlcə zənglərinə cavab verməmiş, sonra yarım saata gələcəyini bildirsə də, verdiyi sözə əməl etməmiş, avtomobili gətirib verməmişdir. 14 iyun 2024-cü il tarixdə ona WhatsApp üzərindən yazmış, Nicat problemi olduğunu və ən geci 40 dəqiqəyə gələcəyini bildirsə də sonradan zənglərə cavab verməmişdir. Nicatdan şübhələnməyə başlayıb qardaşı Niftullaya zəng vurub bu barədə ona məlumat vermişdir. Avtomobil Niftullanın adanı olduğu üçün Niftulla sistemdə yoxlanış etmiş, 14 iyun 2024-cü il tarixdə avtomobilinə dair başqa bir nəfərə baş etibarnamə verildiyini müəyyən etmişdir. Nicatın onu aldadaraq sürmək üçün etibarnamə almaq adı ilə baş etibarnamə yazdırmış, bundan sonra isə xəbəri və razılığı olmadan «Kia Rio» markalı avtomobilini baş etibarnamə ilə Şahid1 soyadlı şəxsə satmışdır. Buna görə Şahid1 bu barədə xəbərdar etmişlər. Sonrakı günlərdə Təqsirləndirilən şəxslə WhatsApp vasitəsi ilə əlaqə saxlayarkən o, başına hadisə gəldiyini, məcburiyyət qarşısında qalıb belə bir hərəkət etdiyini bildirmiş, pulu ödəyib avtomobilini qaytaracağına söz vermişdir. «Kia-Rio» markalı avtomobilini təxminən 9000 manata almış, Nicat aldadıb avtomobilini sataraq ona 9000 manat ziyan vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023cü ilin oktyabr ayında özünə məxsus «Hyundai Grandeur» markalı, 77- EC-267 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol- nəqliyyat hadisəsi törətmiş, avtomobilinin qabaq hissəsi əzilmişdir. Avtomobilinin təmirinə təxminən 2000 manat pul lazım olmuş, sığorta şirkəti isə pulunu gecikdirmişdir. 20 may 2024- cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı şəhərinə getmək üçün taksiyə əyləşmiş, taksi sürücüsü özünü Nicat kimi təqdim edən şəxs Masazır qəsəbəsində yaşadığı bildirmiş, 2300 manat müqabilində ona lazım olan ehtiyat hissələrini tapıb verəcəyinə söz vermiş, Nicatla razılaşmışdır. Həmin günü, yəni 20 may 2024-cü il tarixdə Nicatın göndərdiyi kart hesabına 2000 manat pul köçürmüş, bir gün sonra isə oğlu Əli Nicata zəng edib danışdıqdan sonra Nicatın kart hesabına 300 manat pul köçürmüşdür. Sonradan Nicata zəng etdikdə Nicat müxtəlif bəhanələr gətirərək ehtiyat hissələrini gətirəcəyini bildirsə də ehtiyat hissələrini gətirməmiş, pulunu tələb etdikdə isə pulunu qaytarmayacağını bildirmiş, daha sonra isə zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə saat 15 radələrində ona məxsus olan, Sumqayıt şəhərində yerləşən “Qocacars” avtomobil salonuna Təqsirləndirilən şəxs «Kia Rio» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib, satmaq istədiyini bildirdikdə avtomobilə baxıb bəyənmiş, 6600 manata razılaşmışlar. Nicat avtomobili baş etibarnamə ilə satmaq istədiyi üçün avtosalonun işçisi X1 üçün Nicatla birlikdə Sumqayıt 1 sayılı ASAN xidmət mərkəzində göndərmiş, Təqsirləndirilən şəxs Sumqayıt 1 sayılı ASAN xidmət mərkəzində avtomobili Fərid Məmmədiyarova 1 ay 12 gün müddətinə baş etibarnamə ilə vermişdir. Pulu isə o, özü Nicata avtosalonunda əlbəəl vermişdir. 15 iyun 2024-cü il tarixdə axşam saatlarında avtomobilin mülkiyyətçisi Şahid2 zəng vurub Təqsirləndirilən şəxs ondan sürmək üçün etibarnamə istəsə də aldadaraq notariusda baş etibarnamə yazdırdığını, baxmadan sənədi imzaladığını, buna görə də etibarnaməni ləğv etdirdiyini bildirərək avtomobili geri qaytarmasını tələb etdikdə buna imtina etmişdir. Nicat Quluyev avtomobili satarkən avtomobilin baş etibarnamə ilə özünə məxsus olduğunu, avtomobili 4-5 ildir ki, aldığını, avtomobil onun ailə avtomobili olduğunu, taksi kimi istifadə edilmədiyini demiş, pulu Nicata avtosalonunda kamera görüntüləri altında sayaraq vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Kia Rio» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, faktiki sahibi qardaşı Hüseyndir. Avtomobili alan zaman qardaşı Hüseynin işləri çox olduğundan avtomobili öz adına rəsmiləşdirmiş, sonra isə qardaşı Hüseynə baş etibarnamə vermişdir, avtomobili qardaşı Hüseynin mülkiyyətindədir. X7 Quliyevlə təsadüfən tanış olmuş, münasibətləri yaranmış, Hüseyn Nicata inanmışdır. Nicat Hüseyninin etibarından istifadə edərək avtomobilinə dair sürmək üçün etibarnamə almaq adı ilə Hüseyni aldadıb Abşeron rayonu, Xırdalan şəhərindəki 3 sayılı notariat ofisinə aparmış, orada ondan sürmək üçün deyil baş etibarnamə almışdır. Hüseyn də sənədləri oxumamış imzalamışdır. Sonra isə Nicat Hüseynin razılığı və məlumatı olmadan Hüseynə məxsus «Kia Rio» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə Şahid1 adlı şəxsə satmışdır. Buna görə biz Nicatın vermiş olduğu etibarnaməni ləğv etdirib avtomobili alan Şahid1 zəng vuraraq onu bu barədə xəbərdarlıq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 15 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 29 noyabr 2024-cü il tarixdə tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmiş və Abşeron RPİ-nin İŞdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə ilə istintaqı davam etdirilmişdir. 240271145 nömrəli cinayət işi 22 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Fəyaz qızının müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nın 178.1-cı maddəsi ilə başlanılaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir. 21 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 23 sentyabr 2024-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 23 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmişdir. 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur 8 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 09 may 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. 09 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, saxlanıldığı Abşeron RPİ-nin X4 azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim olunmuş 2000 manat və 300 manat pulun Təqsirləndirilən şəxs 523915******3438 hesab nömrəli kart hesabına köçürülməsinə dair qəbzlər iş üzrə sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidləri ifadələri və digər istintaq hərəkəti protokollar sübut kimi qiymətləndirilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-947/2025 saylı qərarındab görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-947/2025 saylı qərarındab görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(012)-947/2025 saylı qərarındab görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladı vardır. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1. 12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1- ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər; 5.1- ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim olunmuş 2000 manat və 300 manat pulun Təqsirləndirilən şəxs 523915******3438 hesab nömrəli kart hesabına köçürülməsinə dair qəbzlərin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi qızı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 24 saata görə 264 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim olunmuş 2000 manat və 300 manat pulun Təqsirləndirilən şəxs 523915******3438 hesab nömrəli kart hesabına köçürülməsinə dair qəbzlərin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi qızı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 24 saata görə 264 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-947/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-947/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver