Məhkəmə qərarları › İş №1(012)-95/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-95/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-95/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkum olunmayan, Füzuli rayonu, Dövlətyarlı ərazi dairəsi, Qərvənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində təhsil aldığı Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Kəlbəcər rayonu 20 nömrəli orta məktəbdə tənəffüs saatında həmyaşıdı həmin məktəbin «9b» sinif şagirdi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs olduğu sinif otağına keçərək sonuncudan mobil telefonla danışmaq üçün kontur istəməsini və sonuncunun ona kontur verməməsini cüzi səbəb gətirib mübahisə yaradaraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədib xuliqanlıq niyyəti ilə qəsdən yumruq və ayaqla Zərərçəkmiş şəxs sifətinə və bədəninin digər nahiyələrinə vuraraq, sonuncuya sol gözün travmatik zədələnməsi ağlı qişaya qansızma ilə müşayyət olunan, sol alt göz qapağı nahiyəsinin qançırı, burunun travması-burun sümüyünüm yuxarı və orta 1/3-in iki qat qəlpəli yerdəyişən sınıqları, burun tənəffüsün pozulması ilə müşayət olunan, burun nahiyəsinin şişkinlik halında qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən Kəlbəcər rayonu 20 nömrəli tam orta məktəbin “9 a” sinifinin şagirdi olan zaman Zərərçəkmiş şəxs onunla paralel sinifdə oxumuşdur. Münasibətləri onunla həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Nəzakət müəllimənin dərsi zamanı müəllimədən icazə alaraq sinifdən çıxmış və “9b” sinifinə keçmişdir. Sinifdə müəllim olmamış və Zərərçəkmiş şəxs digər sinif yoldaşına zəng etmək üçün telefon istəmişdir. Sevindik ona “varımdır vermirəm” ifadəsini işlətmişdir. Bundan sonra dəhlizə çıxmış və 10 dəqiqə sonra geri qayıdaraq Sevindikdən təkrar konturunun olub-olmamasını soruşmuşdur. Bu zaman Sevindik oturduğu yerdən qalxaraq “sənin başını partladaram” ifadəsini işlədib ona yumruq atmışdır. Lakin yumruq ona dəyməmiş, bu zaman o, Sevindikin sifətinə yumruqla vurmuşdur. Sonda əməlində xuliqanlıq niyyəti olmamış və xuliqanlıq etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilmədiyindən müddətin ötüb keçməsi ilə əlaqədar ərizə ilə müraciət etməmişdir. Hazırda yetkinlik yaşına çatmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 20 saylı Kəlbəcər məktəbinin 9 B sinifində oxuyan zaman xx.xx.2023-cü il tarixdə saat 09 radələrində sinif otağında tənəffüs vaxtı oturub dərs oxuduğu vaxtı Asiman ona yaxınlaşmış və ondan üstündə qəpiyinin olub-olmadığını soruşmuşdur. O, isə ona cavab olaraq qəpiyinin olmadığını bildirmişdir. Asiman ondan telefonunda konturunun olubolmadığını soruşmuş, o isə cavab olaraq ona konturunun da olmadığını bildirmişdir. Buna baxmayaraq Asiman bir neçə dəfə ondan konturunun olub-olmadığı barədə maraqlanaraq onu nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin vaxtı Elməddin və 9 a sinif şagirdi Fərid ona yaxınlaşmış, Asiman, Elməddin və Fərid ona danışmaq üçün onlara kontur verməyi bildirmişlər. O, isə onlara bir neçə dəfə konturunun olmadığını birdirdikdə sonuncuların hər üçü ona nəlayiq söyüşlə hədə qorxu gələrək «sənin başını partladarıq, başına oyun açarıq, səni bu məktəbdə oxumağa qoymarıq» deyə bildirmişlər. Bu zaman Asiman onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt o, müqavimətini itirərək yerə yıxılmışdır. Bu vaxt Asiman və Elməddin və adını bilmədiyi digər şagird onu yerə yıxılmış vəziyyətdə təpik və yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişlər. Bu zaman orada olan uşaqlar onu uşaqların əlindən alıb sinifdən çıxararaq müəllimlər otağına aparmışlar. Həmin vaxtı o, həyəcanlı olduğu üçün və bayıldığından orada olan hansı uşağın onu həmin şəxslərin əlindən almalarını xatırlamır. Göstərmişdir ki, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxtı sinif şagirdləri otaqda olmuşdur. Hadisə vaxtı Asiman onun sifət və baş nahiyəsindən bir neçə dəfə yumruqla vurub ona xəsarət yetirmiş, o, zərbənin təsirindən yerə yıxıldıqdan sonra Elməddin, Fərid Asimanla birlikdə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişlər. Lakin Elməddin və Fəridin konkret olaraq onun hansı nahiyəsinə xəsarət yetirdiklərini xatırlamır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən 20 saylı Kəlbəcər məktəbinin 9 B sinifində oxuyur. Oğlu Sevindik hadisədən əvvəl ona məktəbdə bir neçə şagirdin ona sataşdığını və söz atdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə məktəbin direktoru ona zəng edərək oğlu Sevindikin məktəbdə döyülməsi barədə məlumat vermiş və onu məktəbə dəvət etmişdir. O, məktəbə gəldikdə orada həqiqətən oğlu Sevindikin döyüldüyünü və xəsarət aldığını görmüşdür. Məktəbdə oğlunun həqiqətən döyüldüyünü dəqiqləşdirdikdən sonra baş vermiş hadisə ilə bağlı Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kəlbəcər rayon 20 saylı orta məktəbin «9a» sinif rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs onun rəhbəri olduğu sinifdə təhsil almış və sonuncu oxuduğu müddətdə özünü nizam intizamlı aparmışdır. 01 mart 2023-cü il tarixdə təxminən saat 10 radələrində müəllimlər otağına daxil olarkən məlum olmuşdur ki, Asmimanla Sevindik dalaşmışlar və Sevindikin sifətindən qan gəlir. Bundan sonra həmin uşaqları qəbul etdikdə Sevindik ona Asiman tərəfindən döyüldüyünü bildirmişdir. Sonradan Sevindikin atası Abşeron rayon Polis İdarəsinə gedərək onun döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 20 saylı Kəlbəcər məktəbinin 9 B sinifində Zərərçəkmiş şəxs onunla eyni sinfidə oxumuşdur. 03 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrində sinifdə olarkən bu zaman paralel sinifdə oxuyan Təqsirləndirilən şəxs onların sinfinə gələrək Sevindikdən danışmaq üçün kontur istəmişdir. Bu zaman Sevindik sonuncuya kontur verməmiş, elə bu anda sonuncuların arasında bununla əlaqədar mübahisə düşmüşdür. Mübühisə zamanı Asiman yumruq ilə Sevindikin sifət nahiyyəsindən yumruq ilə vurmuş, oda Asimanla Sevindikin dava-dalaş edəcəklərini görüb onları ayırmış, sonra isə Sevindik çıxıb getmişdir. Göstərmişdir ki, hadisə vaxtı nə o, nə dəki Fərid Sevindiki vurmamış, yalnız onu Asiman vurmuşdur. Asiman onun sifət nahiyyəsindən yumruq ilə bir neçə dəfə vurmuş, o, Sevindiki vurmamışdır. Hadisə vaxtı Asimanla Sevindik arasında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə məktəbin 1-ci mərtəbəsində baş vermişdir. Həmin vaxtı orada Fərid, o, Asiman və Sevindikdən başqa heç kim olmamış, səsə küyə sonradan gələnlər olmuş, amma buna fikir verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə yetkinlik yaşına çatmayan Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində yerləşən Kəlbəcər rayonu 20 nömrəli tam orta məktəbin “9 b” sinifinin şagirdidir. Onunla eyni sinifdə Elməddin və Sevindik mənimlə eyni sinifdə, Asiman isə 9a sinfində oxumuşdur. Onun sonuncularla münasibəti yaxşı olmuş, aralarında hər hansı formada münaqişə və dava dalaşları olmamışdır. 01 mart 2023- cü il tarixdə həmişə olduğu kimi oxuduğu məktəbdə dərsdə olmuş, 2-ci dərs kimya dərsi olmuş və müəllim dərsin sonuna 15 dəqiqə qalmış çıxmışdı. Onlar sinifdə oturmuşlar. Həmin vaxtı 9a sinfində oxuyan Asiman sinfə gəlmiş və sinif yoldaşı Sevindikdən danışmaq üçün kontur istəmişdir. Eakin Sevindik əvvəlcə «yoxumdu» demiş, sonda isə «var vermirəm» demişdir. Belə olduqda Asimanla Sevindik arasında mübahisə olmuş və Sevindik Asimana əl qol atmış, bundan sonra Asiman Sevindiki kənara çəkmək istəmiş, həmin vaxtı onlar bir-biri ilə tutaşmışlar. Asiman Sevindikin sifətindən yumruq zərbələri vurduğu anda o və sinif yoldaşı Elməddin onlara yaxınlaşıb aralaşdırmağa çalışmışdır. Lakin onları aralaşdıra bilməmiş və sinifdən çıxmış, Elməddin isə sinifdə qalmışdır. Dava dalaş nəticəsində Sevindik sifətindən xəsarət aldığı üçün burnundan qan gəlmiş, sonra Sevindiklə Asimanı müəllimlər otağına aparmışlar, sonradan Sevindikin üzünün qanmı təmizlədiyini görmüşdür. Göstərmişdir ki, o, Sevindiklə Asimanın bir-biri ilə tutaşdığını görüb onları aralaşdırmağa çalışmış, həmin vaxtı nə o, nə də ki, Elməddin Sevindiki vurmamış, yalnız onları aralaşdırmağa çalışmışlar. Hadisə zamanı Sevindikin Asiman tərəfindən yumruqla sifətindən vurulub xəsarət aldığını görmüş, onları aralaşdıra bilmədiyi üçün sinifdən çıxmış, baş vermiş mübahisə təxminən 2-5 dəqiqə davam etmiş, həmin vaxt yanlarında Elməddin olmuşdur, başqa heç kəs olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Asiman ilə Sevindik arasında olan mübahisədən xəbəri vardır. Həmin vaxt məktəb direktorunun müavini olmuşdur. Məktəbin kolidorunun sağ tərəfində olanda mübahisə olduğunu bilmiş, lakin səs-küyü eşitməmişdir. Sevindikin və Asimanın üzərində heç bir xəsarət görməmişdir. Sevindikin burnundan qan gəldiyini görmüşdür. Uşaqların izahatına əsasən Asimanın Sevindikdən kontur istədiyini, Sevindikin də Asimana kontur vermədiyini, buna görə aralarında mübahisə yarandığını öyrənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 411 saylı rəyinə əsasən 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün travmatik zədələnməsi, ağlı qişaya qansızına ilə müşayyət olunan sol alt göz qapağına hiyənin qançırı, burunun travmasıburun sümüyünün yuxarı və orta 1/3-nin iki qat qəlpəli yerdəyişən sınıqları, burun tənəffüsün pozulması ilə müşayyət olunan burun nahiyəsinin şişkinlik halında qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə dava dalaş zamanı yumruq və təpik zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata götürülmüşdür. - “Qanuni nümayəndə qismində tanınma” haqqında “xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid3 ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli “Tələbnamə” sinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmn məcəllənin 127.2.3 və 221.1-ci maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı davam etdirilmişdir. - “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qanuni nümayndə təyin edilməsi” haqqında “xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olması nəzərə alınaraq X1 qanuni nümayəndəsi qismində tanınmışdır. - “Təqirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini xx.xx.2023-cü ildə törətmişdir. Hazırda, həmin cinayət əməlinin törədilməsindən 01 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə cinayətin törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 54 saata üçün nəzərdə tutulan 324 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanları nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 54 saata görə 324 (üç yüz iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar