Məhkəmə qərarları › İş №1(012)-952/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-952/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-952/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə Məhəllə fərdi yaşayış evində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, X.B.Natavan küçəsi, ev 24-də yaşayan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına Abşeron rayon məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbin inzibati binasının qarşısında etibarnamə əsasında idarə etdiyi “Kia Pregio mikroavtobus” markalı, az **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamaqla faktiki olaraq piyadaların rahat keçidinə mane olduğundan bununla bağlı ona sözlə şifahi irad bildirən təsadüfi piyada Zərərçəkmiş şəxs üzərinə hücum edib ictimai yerdə, ətrafda xeyli sayda şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib həmin cüzi səbəbi bəhanə etməklə, əvvəlcə Zərərçəkmiş şəxsla mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tədbiq edilməsi hədəsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq sonuncunun sifətinin sol, yəni çənə nahiyəsindən qəsdən yumruqla bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs çeynəmə aktının pozulması ilə müşahidə olunan sol gicgah-çənə oynağı və sol yanaq nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, “Kia Pregio mikroavtobus” markalı, dövlət qeydiyyat nömrə nişanı **-FJ-*** olan avtomaşını etibarnamə ilə idarə edir. Həmin avtomaşınla Saray qəsəbəsində yerləşən 3 nömrəli məktəbin sağirdlərini məktəbə aparıb-gətirir. 04 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi sözü gedən avtomaşını məktəbin qarşısında saxlamış, avtomaşında sükan arxasında olarkən hazırda onun barəsində şikayət edən Zərərçəkmiş şəxs iki avtomobilin arasından az yaşlı övladı ilə keçən zaman ara dar olduğu üçün əli ilə onun idarə etdiyi avtomaşının sağ qapısına toxunmuş və ünvanına nəlayiq ifadələr işlətmişdir. O da Elmirə iradını bildirib nə səbəbə söyüş söyməsini soruşmuş və həmin şəxs də düz etdiyini bildirərək onun üzərinə gəlmişdir. Bu zaman o özünü müdafiə etmək məqsədilə 1 dəfə yumruqla həmin şəxsin sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan tanımadığı yoldan keçən şəxs onları aralaşdırmış və o avtomobilinə minərək oradan çıxıb getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş,əməlindən səmimi peşmançılıq çəkir və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Saray qəsəbəsində yerləşən 3 saylı məktəbin yaxınlığında azyaşlı övladını məktəbdən götürməyə gedən zaman küçədə “BMV” və “KİA” markalı avtomobillərin bir-birinə yaxın saxladıqları üçün iki avtomobilin arasından keçmək istəyərkən “KİA” markalı avtomobil hərəkət etməyə başlamış və o əli ilə həmin avtomobilə toxunub saxlamasını tələb etmişdir. Bu zaman həmin “KİA” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən şəxs onunla mübahisə edərək heç bir əsaslı səbəb olmadan qəfildən bir dəfə onun sifətinin sol hissəsindən, yəni çənə nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan şəxslər onları aralamış, sonra həmin şəxs oradan uzaqlaşıb getmiş, aralarında olan mübahisə 5 dəqiqə davam etmiş, mübahisə zamanı səs-küy yaranmış və oraya tanımadığı kənar şəxslər toplaşmış, onu vuran şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuş və o şikayət ərizəsi ilə Abşeron RPİ-nin Saray PB-nə müraciət etmişdir.Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır,ondan şikayətçidir və məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 2185 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər–çeynəmə aktının pozulması ilə müşahidə olunan sol gicgah-çənə oynağı və sol yanaq nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilməsi mümkündü və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallardan hər hansı biri müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut kimi tanınıb məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin video müşahidə kamerasından bir ədəd disk şəklində götürülmüş hadisənin əks olunduğu videogörüntülər sadələşdirilmiş icraat materiallarında saxlanması nəzərə alınmalıdır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keşirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə havalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut kimi tanınıb məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin video müşahidə kamerasından bir ədəd disk şəklində götürülmüş hadisənin əks olunduğu videogörüntülər sadələşdirilmiş icraat materiallarında saxlanması nəzərə alınsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar