Məhkəmə qərarları › İş №1(012)-952/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-952/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-952/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğu Zərərçəkmiş şəxs iş yerini Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəyişəcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Zərərçəkmiş şəxs ona inanıb razılaşdıqdan sonra sonuncuya göndərdiyi 4098 5844 6869 6461 nömrəli kart hesabına 13 yanvar 2023-cü il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində olan "EN" adlı marketdə quraşdırılmış "MilliÖN" ödəmə terminalı vasitəsilə göndərdiyi 1500 manat, 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 10 ünvanında olan "eManat" ödəmə terminalı vasitəsilə göndərdiyi 1500 manat, 01 mart 2023-cü il tarixdə Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan "Elmlər Akademiyası" stansiyasının qarşısında yerləşən "MilliÖN" ödəmə terminalı vasitəsilə göndərdiyi 2600 manat, 06 mart 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində olan "MilliÖN" ödəmə terminalı vasitəsilə göndərdiyi 300 manat, 21 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "Bal" marketdə quraşdırlımış "eManat" ödəmə terminalı vasitəsilə göndərdiyi 2000 manat, 25 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında olan "MiliÖN" ödəmə terminalı vasitəsilə göndərdiyi 500 manat, 28 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanda olan "eManat" ödəmə terminalı vasitəsilə göndərdiyi 250 manat, 2023-cü ilin fevral ayında Bakı Metropoliteninin Nəsimi rayonu ərazisində olan "28 May" stansiyasının qarşısında verdiyi 5850 manat, 2023-cü ilin avqust ayında Bakı Metropoliteninin Yasamal rayonu ərazisində olan "20 Yanvar" stansiyası yaxınlığında verdiyi 2500 manat, 05 dekabr 2023-cü il tarixdə Abşeron rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında verdiyi 2000 manat, 20 dekabr 2023-cü il tarixdə həmin yerdə verdiyi 1000 manat, 15 yanvar 2024-cü il tarixdə həmin yerdə verdiyi 3000 manat, 25 yanvar 2024-cü il tarixdə həmin yerdə verdiyi 2600 manat, 16 fevral 2024-cü il tarixdə həmin yerdə verdiyi 2000 manat və 06 mart 2024-cü il tarixdə həmin yerdə verdiyi 2000 manat vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 29.600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun adına “Kontakt Home” mağazasından 2600 manat dəyərində “X7 5” markalı oyun konsolu və “Redmi” markal mobil telefon alıb dəyərini hissələrlə özü ödəyəcəyinə dair yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs tərəfindən 2024-cü ilin yanvar ayında Bakı şəhərində yerləşən “Kontakt Home” mağazasından həmin elektronik vasitələri aylıq hissə-hissə ödəmək şərti ilə alınıb ona verildikdən sonra, həmin əşyaları satıb cəmi 600 manat kreditə ödəmiş, 2000 manat pulu isə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 2024-cü ilin fevral ayının sonlarında sonuncuya ipoteka şərtləri ilə mənzil alacağına kömək edəcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işi müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, sonuncu ona inanıb razılaşdıqdan sonra 28 fevral 2024-cü il tarixdə Abşeron Rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında verdiyi 3000 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş ittiham bağlı özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təxminən iki ildir tanıyır və aralarında hər hansı ədavət və ya münaqişə olmamışdır. Təxminən bir il əvvəl övladının xəstəliyi ilə bağlı təcili pula ehtiyacı yarandığından Zərərçəkmiş şəxs müraciət etmiş və sonuncu ona Abşeron rayonu, Xırdalan şəhərində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə təxminən 29.000 manat pul vermişdir. Pulun bir qismi şəxsən görüş zamanı, digər qismi isə onun göndərdiyi bank kartına köçürülmüşdür. Aldığı pulu övladının müalicəsinə xərclədiyini, sonradan maddi vəziyyətinin çətin olması səbəbindən borcu qaytara bilmədiyini bildirmişdir. O, zərərçəkmiş şəxsdən iş yerinin dəyişdirilməsi və ya ipoteka düzəldilməsi üçün ümumilikdə 33.000 manat pul alması barədə deyilənlərlə razılaşmayaraq bildirir ki, Zərərçəkmiş şəxs yalnız “Kontakt Home” mağazasından kreditlə bir ədəd “PlayStation” oyun konsolu və bir ədəd “Redmi” mobil telefon almasını xahiş etmişdir. O, həmin oyun konsoluna görə təxminən 600–700 manat, telefona görə isə 400 manat kredit ödənişi etmişdir. O, Qurban İffətli onun müştərisi olduğu zaman ounla təsadüfən tanış olduğunu, söhbət zamanı Qurbanın qeyri rəsmi yaşadığı qadınla aralarında probleminin olduğunu öyrənmiş, ona narahat olmamasını həmin xanımla onun qohumu kimi danışacağını bildirmişdir. Belə ki, Qurban çox narahat olduğunu işində problemin yaranacağını bildirdikdə o, bunu təsəlli olaraq etmişdir. Bununla da onlar arasında münasibət yaranmışdır. Bir dəfə Qurbanın işində problem olduğunu bildikdə, həmin idarədə tanışının olduğunu bildirərək maraqlanacağını demiş, oradan da Qurban müsbət xarakterizə edilmədiyi üçün yavaş-yavaş Qurbandan uzaqlaşmaq qərarına gəlmişdir. Qurbana olan borcunu qaytara bilmədiyinə və münasibətlərində soyuqluq yarandığına, həmçinin qadınla olan problemlərində ona kömək edə bilmədiyinə görə Qurban onunla prinsip aparmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs aldadaraq hər hansı bir əməl törətmədiyini, aralarında baş verən pul münasibətlərinin qarşılıqlı razılaşmaya əsaslanan borc və faizlə qaytarılmalı olan borc münasibətləri daşıdığını bildirərək, barəsində ədalətli qərar qəvul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir tanıyır və Xırdalan şəhərində təsadüfən tanış olmuşdur. Tanışlıq zamanı Emin özünü yüksək vəzifəli qohum və tanışlara malik, işgüzar şəxs kimi təqdim etmiş, bundan sonra mütəmadi olaraq əlaqə saxlamış və görüşmüşlər. Aralarında olan növbəti görüş zamanı yəni 2023-cü ilin dekabr ayında Emin onun iş yerini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəyişdirə biləcək imkanın olmasını, bunun üçün isə 30.000 manat vəsait tələb olunduğunu bildirmiş, o, sonuncunun təklifinə razılıq vermiş və pulu yalnız hissə-hissə ödəyə bilcəyini demişdir. Bundan sonra o. 2023-cü ilin yanvarından 2024-cü ilin mart ayınadək müxtəlif tarixlərdə və fərqli ünvanlarda Təqsirləndirilən şəxs “Leobank” kartına ümumilikdə 29.600 manat məbləğində pul köçürmüş və bir neçə dəfə də şəxsən nağd olaraq vermişdir. Bundan başqa 2023-cü ilin avqust ayında 2.500 manat nağd pulu qardaşı Arzuman vasitəsilə Eminə çatdırılmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında Emin uşağının xəstəliyini əsas gətirərək ondan “Kontakt Home”mağazasından kreditlə bir ədəd “PlayStation” oyun konsolu və bir ədəd “Redmi” markalı mobil telefonu almasını xahiş etmiş, o da həmin əşyaların müqabilində 2600 manatlıq kredit əldə etmiş və həmin əşyaları sonuncuya verərək, yalnız cüzi məbləğdə ilkin ödəniş etmiş, növbəti aylarda ödənişləri həyata keçirməmişdir. 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ipoteka yolu ilə mənzil almaq barədə niyyəti olmasını Eminə bildirmiş, sonuncu isə bankda tanışı olduğunu və onun vasitəsilə ipoteka məsələsini həll edə biləcəyini deyərək bunun müqabilində 3.000 manat tələb etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq, həmin məbləği 28 fevral 2024cü ildə sonuncuya təqdim etmiş və bundan sonra da mart ayında əlavə 2.000 manat pul vermişdir. Sonradan Emin müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirməmiş, onunla görüşməkdən yayınaraq, aldadıldığını anlamağa səbəb olmuşdur. Təqsirləndirilən şəxsin onu aldatması nəticəsində ona ümumilikdə 34.600 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan hər hansı ödəniş edilmədiyindən təqsirləndirilən şəxsdən hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və polis nəfəri kimi Bakı Metropolitenində Polis İdarəsində xidmət aparır. O, təqsirləndirilən şəxsi qardaşı Qurban vasitəsilə tanımışdır. 2023-cü ilin yanvar ayında Qurban ona iş yerini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəyişdirəcəyi ilə bağlı Emin adlı şəxslə razılaşmasını və bunun müqabilində 30.000 manat tələb etdiyini bildirmişdir. 2023-cü ilin avqust ayının ortalarında Qurban bankdan kredit götürərək 2500 manat pulu Eminə çatdırmasını xahiş etmiş, sonuncu ilə “20 Yanvar” stansiyasının yaxınlığında görüş təşkil edərək, həmin pulu ona təqdim etmişdir. Bundan sonra müxtəlif tarixlərdə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında Eminlə görüşmüş və Qurbanın sonuncuya 2000 manat, 1000 manat, 3000 manat, 2600 manat və 2000 manat məbləğində pul verməsinin şahidi olmuşdur. 2024-cü ilin fevral ayının sonlarında qardaşı ipoteka yolu ilə mənzil alması barədə yenidən Eminlə razılaşmasını və bunun üçün sonuncunun ondan 3000 manat tələb etməsinə dair məlumat vermişdir. Bir müddət keçdikdən sonra onlar yenidən əvvəlki ünvanda Eminlə görüşmüş və Qurban həmin məqsədlə ona 3000 manat təqdim etmiş, daha sonra qardaşının iştirakı ilə Eminə əlavə olaraq 2000 manat pul verilmişdir. Bir müddət sonra qardaşı Qurban ona Emin tərəfindən aldadıldığını, nə iş yerinin dəyişdirilməsinə, nə də ipoteka məsələsinı dair heç bir hərəkət edilmədiyini, həmçinin “Kontakt Home” mağazasından kreditlə aldığı telefon və oyun konsolunun aylıq ödənişlərinin də sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid2 hadisəni tam xatırlamadığını qeyd edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Onun Təqsirləndirilən şəxsla Qurbanın arasında olan münasibəti və pul məsələlərini Qurbandan eşitmişdir. Belə ki, 2023-cü ilin fevral ayında Qurban ona 30.000 manat pul müqabilində iş yerini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəyişəcəyini və həmin məsələni Eminin həll edəcəyini demişdir. Bundan sonra aldığı məlumata əsasən pulun hissə-hissə təqdim olunması barədə onlar aralarında razılığa gəlmişdir. O, 28 May stansiyasının yaxınlığında Eminlə görüşməsini və Qurbanın ona pul verməsini xatıtlamadığını, belə bir görüşdə iştirak etmədiyini bildirsə də, Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında görüşülən zaman iştirak etdiyini və onun iştirakı ilə 2000 manat pulun Eminə verildiyini bildirmişdir. Bundan sonrakı görüşlərdə o, iştirak etməsə də dostunun Eminlə mütamadi danışıqlarına şahid olmuşdur. Bir müddət sonra Qurban ona Eminin onu aldatmasını, verdiyi vədləri yerinə yetirməməklə ümumilikdə 32.600 manat pulunu ələ keçirməsini billdirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 dekabr 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

4. “Şübhəli şəxs barəsində axtarış elan edilərək tutulması” haqqında 14 yanvar 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulaması və tutulduqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilmısi qərara alınmışdır.

5. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 14 yanvar 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, istintaqa təqdim olunanadək dayandırılmışdır;

6. “Axtarışda olan şəxsin tutulması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılıb, Abşeron rayon Polis İdarəsinə gətirilərək, MSY-nə təhvil verlmişdir;

7. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 17 aprel 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Əmirov X5 RPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, MSY-nə təhvil verilmişdir;

8. “Cinayət əməlinin tövsif olunması” haqqında 18 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir;

9. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 19 aprel 2025-ci il tarixli qərardan qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur;

10. Abşeron rayon Məhkəməsinin 19 aprel 2025-ci il tarixli, 4(012)-204/2025 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablanmaqla, 02 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 may 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 10 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 11 il müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 22 may 2009-cu il tarixli qərarına əsasən qüvvədə saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə həmin cəza 10 il müddətinə endirilmiş və 03 mart 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur.

12. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla, o, məhkəmə məsuiyyətinı verilmiş, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, "xxxx" ASC-yə məxsus kredit hesabından çıxarış “Kontakt” Home mağazalar şəbəkəsindən götürülmüş kredit müqavilələri, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yazışmalarının əks olunduğu fotoşəkillər və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir;

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Qeyd olunan Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən cinayət əməlini təkrar törədilən cinayət əməlindən fərqləndirmək lazımdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, taksi fəaliyyəti ilə məşğul olduğu müddətdə tanış olduğu Zərərçəkmiş şəxs iş yerini Azərbaycan Respublikası DİN-in müxtəlif qurumlarında dəyişdirəcəyinə dair yalan vədlər verməklə onun etibarından istifadə etmiş, Zərərçəkmiş şəxs tərəfindən ona göndərilən müxtəlif ödəniş terminalları və digər ödəniş vasitələri ilə ümumilikdə 29.600 manat məbləğində pulu öz mülkiyyətinə keçirmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə Qurban İfrtlidən 2024-cü ilin yanvar ayında “Kontakt Home” mağazasından 2600 manat dəyərində “X8 5” və “Redmi” mobil telefon alaraq, qiymətini hissə-hissə ödəyəcəyinə dair yalan vəd vermiş və həmin əşyaları sataraq 2000 manat pulunu ələ keçirmişdir. Habelə o, 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ipoteka şərtləri ilə mənzil alacağına kömək edəcəyinə dair yalan vədlərlə 3000 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Belə olan halda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilərkən düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, eyni məqsədlə – özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı ardıcıl olaraq bir neçə epizod üzrə dələduzluq hərəkətləri etmişdir. Onun zərərçəkmişin etibarından istifadə etməklə, müxtəlif dövlət qurumlarında iş yerinin dəyişdiriləcəyi barədə yalan vədlər verməsi, habelə elektronika mağazasından adına kreditlə məhsullar alınmasına inandırması və ipoteka şərtləri ilə mənzil alacağına köməklik göstərəcəyi barədə əsassız vədlərlə pul əldə etməsi ümumilikdə 34600 manat məbləğində zərərin vurulması ilə nəticələnmişdir. Təqsirləndirilən şəxsin bu hərəkətləri xarakter etibarilə vahid ümumi niyyətlə və eyni məqsədə yönəlmiş şəkildə həyata keçirildiyindən, qeyd olunan epizodlar ayrı-ayrı müstəqil cinayətlər kimi deyil, eyni əməlin davam etdirilməsi olaraq qiymətləndirilməlidir. Beləliklə cinayət əməli fasilələrlə törədilsə də, həmin hərəkətlərin eyni məqsədə – özgənin əmlakının aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirilməsinə yönəlməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs əməli davam edən cinayət kimi qiymətləndirilir. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməyə yönəlmiş, vahid ümumi niyyətlə və davamlı şəkildə törətdiyi hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməllə bağlı özünü təqsirli bilməməsini, aldığı vəsaitin bir hissəsini etiraf etməsini və onun borc niyyəti ilə alındığını bildirməsini, zərərçəkmiş şəxsi hər hansı vəd yolu ilə aldatmaması ilə bağlı qeyd etdiyi halları onun özünü müdafiə hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, iş materiallarından və ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında münasibət uzun illərə dayanan dostluq və ya qohumluqla bağlı olmamış, zərəçəkmiş şəxs isə həmin vəsaiti kredit götürərək ona vermişdir. Səthi və qısamüddətli tanışlığa görə qeyd edilən qədər yüksək məbləğdə vəsaitin kreditə götürülərək borc verilməsi inandırıcı görünmür. Həmçinin bu hal onlar arasında yazışmaların mətni ilə də təkzib edilir və borc deyil hər hansı bir işin düzəldilməsi məqsədi ilə verildiyi öz təsdiqini tapır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 10 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 22 may 2009-cu il tarixli qərarına əsasən qüvvədə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən 10 ilə endirilmiş və sonuncu 03 mart 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl vahid ümumi niyyətlə və davamlı şəkildə həyata keçirilmiş cinayət kimi tövsif olunduğundan, həmin epizodların ayrı-ayrı müstəqil cinayətlər kimi qiymətləndirilməsi üçün qanuni əsaslar mövcud deyildir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu epizod üzrə cinayət əməlini 06 mart 2024-cü il tarixdə törətməsi, habelə bütün epizodların vahid davam edən niyyəti əsasında baş verməsi onun əməlində cinayətlərin residivinin yaranması üçün zəruri olan qanuni əsasların mövcud olmadığını göstərir. Belə ki, hazırki əməl üzrə cinayətin başa çatma tarixi xx.xx.2024-cü il olaraq müəyyən edilmiş, bundan əvvəl törədilmiş cinayət əməli üzrə məhkumluğun ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət isə xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməməsini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs azadlığının 17 aprel 2025ci il tarixindən etibarən faktiki məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə onun cəzasının icrasına həmin tarixdən başlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad olunan maddənin hüquqi tələbləri nəzərə alınmaqla, məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işinin materiallarında müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə irəli sürülmüş ittiham çərçivəsində xüsusi müsadirənin tətbiqi əsassızdır və zəruri hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyirmi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün nəzərdə tutulmuş 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar