Məhkəmə qərarları › İş №1(012)-954/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-954/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-954/2025 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 2004-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Göylər ərazi dairəsidə qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi yaşayış evində yaşamış, hazırda Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 1(103)- 1135/2019 saylı Qərarına əsasən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində tanışları X2 və şəxsiyyəti istintaqa məlum olmayan Mirdamət adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-də yerləşən “Asba” kişi geyimləri mağazasına müştəri qismində gələrək mağazadan hər biri 55 manat dəyərində olan 2 ədəd gödəkçəni, bir ədəd 30 manat dəyərində olan sadə cins şalvarı, bir ədəd 35 manat dəyərində olan cins şalvarı, hər biri 35 manat dəyərində olan 2 ədəd köynəyi, hər biri 45 manat dəyərində olan 2 cüt ayaqqabını və bir ədəd 10 manat dəyərində olan kəməri, ümumilikdə 345 manat dəyərində olan kişi geyimlərini və ayaqqabıları götürüb dəyərini ödəmədən mağazadan çıxıb qaçaraq açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 345 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə saat 21:40 radələrində bir qədər əvvəl tanışları X2 və şəxsiyyəti istintaqa məlum olmayan Mirdamət adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 28-də yerləşən “Asba” kişi geyimləri mağazasından ümumilikdə 345 manat dəyərində kişi geyimlərini açıq talayıb qaçarkən həmin mağazanın yaxınlığında üzərindən yerə düşmüş və Zərərçəkmiş şəxs götürdüyü mobil telefonu geri almaq üçün mağazanın qarşısına gəlib sonuncudan mobil telefonunu qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə polisə məlumat verdiyini deməsi və mobil telefonu polisə təhvil verəcəyini bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən bir dəfə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması kimi dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bildiyini, lakin 180.2.1-ci maddə ilə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərdi ki, 27 mart 2025-ci il tarixdə saat təxminən 21 radələrində o, tanışı Mirdamət və Ərəstun adlı şəxslərlə birlikdə özünə geyim əşyaları almaq qərarına gəlib Ərəstunun idarə etdiyi avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asba” adlı kişi geyimləri mağazasına getmişlər. Ərəstun onunla mağazaya girsə də Mirdamət ümumiyyətlə maşınından yerə düşməmişdir. Ərəstun mağazada özünə bir şey seçməmiş, bir neşə dəqiqədən sonra çıxıb getmişdir. O, isə mağazadan aldığı ümumilikdə dəyəri 345 manat olan geyim əşyalarını götürmüş, pulunu ödəyərək getmək istəmişdir. Üzərlərində nağd pulun olmadığını, pulu kart vasitəsilə ödəyəcəyini bildirmişdir. Satıcı tərəfindən “post terminal” təqdim edilmiş, lakin texniki nasazlıq və ya həmin gün ödəniş limitini aşması səbəbindən geyim əşyalarının pulunu kart vasitəsilə də ödəyə bilmədiyi üçün satıcı ilə aralarında mübahisə yaranmışdır. Satıcı geyim əşyalarının pulunu və malları geri qaytarmasını tələb etmiş, onun ünvanına kobud ifadə işlətmişdir. O, satıcını daha əvvəldən tanıdığı üçün əşyaların oulunu sonra verəcəyini bildirərək getmək istəmişdir. Bu zaman satıcı da arxasınca bayıra çıxmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zəmnində satıcı əlindən mobil telefonunu alaraq geyim əşyalarının pulunu gətirdikdə mobil telefonunu qaytaracağını bildirmişdir. Bu zaman ətraflarına toplaşan şəxslər onları ayıraraq sakitləşdirmişlər. Bundan sonra isə o, yaşadığı evə gedərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmçinin Abşeron RPİ-nə də ərizə ilə müraciət edib sonradan adını bildiyi Vüqar adlı satıcının mobil telefonunu əlindən alaraq geri qaytarmadığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, onun Vüqar adlı şəxsə qarşı soyğunçuluq etmək fikri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs həmin mübahisə zamanı onu bıçaqla hədələməsini bildirməsi və yumruqla sifət nahiyəsindən vurduğunu bildirməsi də şər və böhtandır. Aralarında olan mübahisə zamanı əgər həmin şəxs xəsarət almışdırsa bu, bilməyərəkdən olmuşdur. Həmin şəxslə qəsdən zərər vurmaq niyyəti olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, niyyətinin özgə əmlakını ələ keçirmək olmamasını, aldığı geyim əşyalarının pulunu ödəmək istədiyini, lakin ondan asılı olmayaraq elektron ödəniş sistemində problem yarandığı üçün satıcı ilə arasında mübahisə yarandığını və bundan sonra hadisənin gedişi əsnasında vəziyyətin belə alındığını, telfonu yerə düşdükdən sonra satıcının telefonu qaytarmaqdan imtina etməsini gördükdə o da geyimlərin pulunu verməkdən imtina etdiyini qeyd etmiş, həmçinin onu da əlavə etmişdir ki, həmin vaxt o, tək olmuş, digər şəxslər ümumiyyətlə hadisənin iştirakçısı olmamışlar. Qeyd edilənlərin nəzərə alınmasını CM-nin 128-ci maddəsi ilə icraata xitam verilməsini, CM-nin 180.2.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 28də yerləşən “Asba” kişi geyimləri mağazasını icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində əvvəllər mağazadan bir dəfə şalvar almış, sonradan adının Seymur olduğunu bildiyi şəxs yanında bir nəfər tanımadığı şəxslə mağazaya gələrək hər biri 55 manat dəyərində olan olan gödəkçə, bir ədəd 30 manat dəyərində olan sadə cins şalvar, bir ədəd 35 manat dəyərində olan cins şalvar, hər biri 35 manat dəyərində olan 2 ədəd köynək, hər biri 45 manat dəyərində olan 2 ədəd ayaqqabı və bir ədəd 10 manat dəyərində olan kəməri, ümumilikdə 345 manat dəyərində olan geyim əşyalarını götürdükdən sonra bir ədəd 55 manat dəyərində olan olan gödəkçəni, bir ədəd 35 manat dəyərində olan köynəyi, bir ədəd 30 manat dəyərində olan sadə cins şalvarı və 45 manat dəyərində olan 1 ədəd ayaqqabını, ümumilikdə 165 manat dəyərində olan geyim əşyalarını yanındakı şəxsə verib avtomobilə aparmasını bildirmişdir. Özü isə mağazada bir ədəd 55 manat dəyərində olan olan gödəkçəni, bir ədəd 35 manat dəyərində olan cins şalvarı, 45 manat dəyərində olan 1 ədəd ayaqqabını və bir ədəd 10 manat dəyərində olan kəməri əyninə geyinmişdir. Həmin şəxs də qeyd olunan geyim əşyalarını götürüb avtomobilə qoyaraq geri mağazaya qayıtmışdır. Bundan sonra isə Seymur yanındakı şəxsə bildirmişdir ki, “sən burda dur, mən gedim avtomobildən pulu götürüb gəlim”. Təxminən 10 dəqiqə gözləsələr də həmin şəxsin gəlmədiyini görüb birlikdə avtomobilə tərəf getdikdə Seymurun başqa bir tanışı ilə avtomobildə əyləşdiyini görmüşdür. Bundan sonra isə avtomobildə əyləşən şəxs avtomobildən düşərək birlikdə mağazaya getməklərini, orada kart vasitəsilə geyim əşyalarının pulunu ödəyəcəyini bildirmişdir. Ona görə də o, həmin şəxslə birlikdə mağazaya daxil olmuşdur. Bundan sonra isə həmin şəxs kart hesabına geyim əşyalarının pulunu ödədiyini bildirərək mobil telefonunda ona qəbz göstərmişdir. Lakin o, həmin şəxsə bildirmişdir ki, onun kart hesabına heç bir məbləğdə pul gəlməmişdir. Bundan sonra həmin şəxs birlikdə mağazadan bir qədər aralıda dayanmış avtomobillərinə tərəf getməklərini və orada avtomobildən pul götürərək geyim əşyalarının pulunu verəcəyini bildirmişdir. O, həmin şəxsin niyyətinin aralaşıb qaçmaq olduğunu hiss etdiyi üçün yanında avtomobilə tərəf getməyə başlamışdır. Bu zaman həmin şəxsin yanından aralaşıb qaçmaq istədiyini gördüyü üçün onun qolundan tutub mağazaya tərəf gətirmək istəsə də həmin şəxs onu itələyib qaçmışdır. Qaçarkən həmin şəxsin özü də bilmədən arxa cibində olan mobil telefon və əlində köhnə ayaqqabılarını qoyduğu sellofan torba yerə düşmüşdür. Bundan sonra isə o, yerə düşmüş həmin mobil telefonu götürərək mağazaya qayıtmış və özünə məxsus mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan təxminən 10 dəqiqə sonra həmin şəxsin mağazanın qarşısına gəldiyini görmüş və ona yaxınlaşıb mobil telefonunu qaytarmağını istəmişdir. O, da həmin şəxsə bildirmişdir ki, bu barədə polisə məlumat vermişdir və mobil telefonunu da polisə təhvil verəcək. Bu zaman həmin şəxs üzərinə gəlib sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra isə ətrafa toplaşan şəxslər həmin şəxsi sakitləşdirmişlər və həmin şəxs ondan şikayət edəcəyini deyib oradan çıxıb getmişdir. Bundan sonra da o, həmin mobil telefonu hadisə yerinə gəlmiş polis əməkdalarına təhvil vermiş və polis idarəsində ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. Bir daha bildirir ki, Seymur qaçıb gedərkən arxa cibindən mobil telefonu yerə düşdüyünə görə geri mağazanın qarşısına qayıtmış və mobil telefonunu qaytarmağını istəmişdir. Təqsirləndirilən şəxs başqa heç kəs ona qarşı zor tətbiq etməmiş, onun əmlakını ələ keçirməmişdir. Seymurun yanında olan şəxs geyim əşyalarına baxsa da, heç nə seməmiş, özü üçün hər hansı bir əşya götürməmişdir. Zərər tam şəkildə ödənilmişdir, şikayət və tələbi yoxdur. CM-nin 128-ci maddəsi üzrə icraata xitam verilməsini digər hissədə isə barışığın olmasını nəzərə alınmasını xahiş etdi. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla mübahisə edib telefonunu geri istəyərkən cibindən nəsə çıxarmış, həmin əşyanın açar və bıçaq olduğunu görməmiş, ehtimal etmişdir ki, biçaq ola bilərdi. Əvvəllər belə bir halla rastlaşmadığı üçün hadisənin təsiri altında hər detalı dəqiq xatırlaya bilmədiyini, amma Seymurun ola bilər ki, həmin şəxslərlə əvvəlcədən razılaşması olduğunu, lakin buna baxmayaraq onun tək və müstəqil hərəkət etdiyini, başqa heç bir şəxsin ona kömək etmədiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, Şəhid M.Vəliyev küçəsi ev 15-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində özünə məxsus “Niva” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olduğu zaman həmin prospektdə yerləşən “Asba” kişi geyimləri mağazasının qarşısında bir nəfər şəxsin 40-45 yaşlı bir kişi ilə mübahisə etdiyini və üzərinə getdiyini, 40-45 yaşlı bir kişinin də məcbur olub arxaya çəkildiyini görüb avtomobilini saxlamış və ona yaxınlaşaraq sakitləşməsini bildirib öz avtomobilinə əyləşdirib oradan uzaqlaşdıraraq bir qədər aralıda, yəni Xırdalan şəhərində 120-nin yolu adlanan ərazidə avtomobildən düşürmüşdür. Sonradan isə həmin şəxsin Seymur adlı şəxs olduğu ona məlum olmuşdur. Həmçinin daha sonra isə baş verənlərdən məlumatı yoxdur. Bildirir ki, həmin vaxt həmin 40-45 yaşlı kişi üzərinə gələn həmin cavan oğlanın onu bıçaqla hədələdiyini bildirmişdir. O, həmin vaxt orada həmin cavan oğlanın əlində bıçaq görməmişdir, sadəcə olaraq 40-45 yaşlı kişinin sözləri əsasında ilkin araşdırma zamanı verdiyi izahatında həmin sözləri qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 28 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icrataa qəbul edilməsi” barədə 29 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilmişdir;

3. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barədə 29 mart 2025-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini, Təqsirləndirilən şəxs üzünə demişdir.

4. Hadisənin gedişini özündə əks etdirən video diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs olduğu müəyyən edilən şəxsin mağazadan geyim əşyaları seçdiyi, bir müddət satıcı Zərərçəkmiş şəxsla danışdığı dəfələrlə onunla çölə sıxaraq içəri qayıtdığı, aralarında mübahisə olarkən geyim əşyaları olan politelen torba ilə qaçmağa çalışdığı və bu zaman mobil telefonunun yerə düşdüyü, həmin telefonun Zərərçəkmiş şəxs tərəfindən götürülməsindən sonra geri qayıdaraq, onunla mübahisə etdiyi və itələşmələrin əks olunduğu müəyyən edilir.

5. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 29 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir.

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 mart 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;

7. Azərbaycan Respublikası Səhiyyə NazirliyininMəhkəmə Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilmiş 695 saylı 07 aprel 2025-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər xx.xx.2025-ci il tarixdə qeyd edilən nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir;

8. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 aprel 2025-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 181.2.5 və 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 181.2.5 ci maddəsi ilə 8 il, 221.3-cü maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 maddəsinə əsasən qəti olaraq 8 il 3 ay müddətdə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsi ilə təyin edilmiş 8 il azadlıqdan məhrum etmə cəzası 7 il 6 aya endirilmiş, Cm-nin 181.2.5 və 221.3 maddəsi ilə qəti olaraq 8 il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, son olaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1010/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1135/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəsissəsinə keçirilmişdir.

9. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” haqqında 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsindən həmin Məcəllənin 180.2.1 və 128-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələr üzrə ittiham elan edilmişdir;

10. Zərərçəkmiş şəxs 24 iyul 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciyət edərək, dəymiş zərərin ödənildiyini tələb və şikayətinin olmadığını bildirmişdir;

11. Təqsirləndirilən şəxs 11 fevral 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət qəqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 180.1-ci maddələrinin tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə törədilməsində ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törədilməsində ittiham edildiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilərkən düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı həmin cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, həmin məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəni, həmçinin həmin ərizədə qeyd olunmuş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, və əvvəllər eyni əsasla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa məhkəmənin qeyd etməyi zəruri hesab etdiyi hallardan biridə odur ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu digər cinayət əməli, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi üzrə belə qənaətə gəlir ki, onun hərəkətlərində cinayət tərkibinin əlamətləri mövcud olsa da, lakin istintaq orqanı tərəfindən törədilmiş əməl həmin maddə ilə tövsif edilərkən ona düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində yalnız özü iştirak etmiş, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmamış, məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmiş ümumi hallardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə geyim mağazasına gəlmiş şəxs, habelə avtomobildə əyləşərək onu gözlədiyi bildirilən şəxs ittihamda göstərilən əməllərin törədilməsi zamanı cinayətin icraçısı və ya köməkçisi qismində hər hansı hərəkət etməmiş, eləcə də onların təhrikçi və ya təşkilatçı olmalarını təsdiq edən hər hansı mötəbər sübut iş materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi barədə nəticəyə gəlmək üçün hüquqi əsas mövcud olmamışdır. Bundan əlavə, istintaq orqanı tərəfindən digər şəxslərin cinayətin törədilməsi zamanı hansı rolu yerinə yetirmələri və iştiraklarının nədən ibarət olması göstərilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara xitam verilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərara kifayət qədər sübut olmadığından xitam verilmiş, o MSY dən azad edilmişdir. İstintaq orqanı sübut təqdim etmədən öz fərziyəsi ilə əməlin əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi qənaətinə gələrkən tövsifdə yanlışlıa yol vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs soyğunçuluq cinayət əməlini təkbaşına törətməsi qənaətinə gələn məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, aparılmış istintaq hərəkətlərinə dair protokollar, maddi sübutlar, habelə iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-də yerləşən “Asba” kişi geyimləri mağazasına müştəri qismində gələrək mağazadan hər biri 55 manat dəyərində olan 2 ədəd gödəkçə, bir ədəd 30 manat dəyərində sadə cins şalvar, bir ədəd 35 manat dəyərində cins şalvar, hər biri 35 manat dəyərində 2 ədəd köynək, hər biri 45 manat dəyərində 2 cüt ayaqqabı və bir ədəd 10 manat dəyərində kəməri götürərək dəyərini ödəmədən mağazadan çıxıb qaçaraq açıq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 345 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Onun geyim əşyalarının dəyərini ödəmək niyyətinin olması, kart hesabında olan nasazlıq səbəbindən ödəniş edə bilməməsini, mağazadan əvvəllər də alış-veriş etdiyi üçün mağaza sahibini tanıdığı halda həmin şəxsə qarşı soyğunçuluq etməyəcəyini bildirməsi ilə bağlı qeyd etdikləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar əməlin cinayət olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, kart hesabında nasazlıq olduğu üçün pulun ödənilmədiyinə görə, satıcı əşyaların nisyə verilməsinə razılıq vermədiyi halda onun iradəsinə zidd əşyaların aparılması açıq talama, yəni soyğunçuluq kimi, məhz tanıdığı mağazanı seçməsi isə niyyətinin icrasının asanlaşdırılması üsulu kimi qiymətləndirilməlidir. Cünki ehtimal etmişdir ki, yalnız onu tanıyan şəxs əşyaların pulunu ödəmədiyi halda maşından pulu götürüb qayıtmasına razılıq verə bilərdi. Lakin satıcıda onun hərəkətləri şübhə yaratdığı üçün onun yanından ayrılmamış, belə olan halda Seymur Həmidli öz niyyəti ilə əhatə olunan soyğunçuluq hərəkətini törətmişir. Odur ki, tövsif edilən əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi dolayısı ilə onun öz etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, aparılmış istintaq hərəkətlərinə dair protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla sübuta yetirilmiş, mənbəyinin, mötəbərliyinin və əldə edilməsinin qanuniliyi şübhə doğurmamışdır. Odur ki, məhkəmə tövsif edilən əməlin cinayət olmasını aradan qaldıran, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən halların müəyyən edilmədiyi qənaətinə gələrək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilməsini və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması ona təyin ediləcək cəzanın yüngülləşdirici halı kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bellə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda cəza cəkdiyi hökm üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olsa da, həmin cinayətin törədilməsi onun yetkinlik yaşına çatmadığı dövrdə olduğu üçün əməldə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmasa da lakin hazırki cinayət əməlini digər hökm üzrə cəza çəkdiyi, yəni məhkumluq müddəti ərzində törədildiyindən sonuncunun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğundan nəticə çıxarmayıb yenidən qəsdən cinayətin törətməsini, bununla da ona islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin əməli məhkumluq müddətində törətdiyi üçün həmin halın şəxsiyyətini mənfi xarakterizə edən hal olmasını, lakin zərəri tam şəkildə ödəməklə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 181.2.5 və 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 181.2.5 ci maddəsi ilə 8 il, 221.3-cü maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 maddəsinə əsasən qəti olaraq 8 il 3 ay müddətdə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş, Təqsirləndirilən şəxs həmin Məcəllənin 181.2.5-ci maddəsi ilə təyin edilmiş 8 il azadlıqdan məhrum etmə cəzası 7 il 6 aya endirilmiş, qətii olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, bundan sonra məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1010/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1135/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəsissəsinə keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki günə qədər çəkilməmiş 8 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası indiki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, ona hökmərin məcmusu üzrə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs digər hökm üzrə cəza çəkməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, sonuncunun hazırki hökm üzrə cəza çəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1135/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq, hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar