Məhkəmə qərarları › İş №1(012)-96/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-96/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-96/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə İmişli rayonu, Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, İmişli rayonu, Sərxanlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsində saxlanılmış avtomobilin hərəkət məhdudluğu yaratması ilə əlaqədar ona irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə yumruqla bir dəfə qəsdən vuraraq, sonuncuya “sol gözaltı nahiyənin əzilmiş-cırılmış yarası”ndan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi avtomaşınla yaşadığı evin yanından keçərkən yolu irəli gedə bilmədiyini görüb istifadəsində olan avtomobili bir qədər də yaşadığı evin qarşısına tərəf sıxmışdır. Həmin avtomobilə də keçmək üçün şərait yaratmış, həmin gün saat 16 radələrində həmin şəxsin istifadəsində olan mercedes markalı avtomobilinin yenə gəlib orada gözlədiyini görüb yenə avtomobilin yerini dəyişmək istəmişdir. Həmin vaxt sürücünün içəridə əl-qol hərəkəti ilə danışdıqlarını görüb vəziyyəti anlaşıyla qarşılamasını, ciddi bir probelm olmadığını, avtomobilini öz evinin qarşısında saxladığını izah etməyə çalışmış, Zərərçəkmiş şəxs də avtomobildən düşərək kobud danışıb onun üstünə gəldikdə bir dəfə yumruqla Səbuhinin sol gözünə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs avtomobilinə əyləşib söyüş söydükdə o, avtomobilin sol qapısına yaxınlaşıb Səbuhini tutaraq bayıra çıxarmaq istəmiş, Səbuhi də avtomobilin qapısını içəriyə tərəf sıxaraq qoluna xəsarət yetirmişdir. Həmin ərəfədə kənardan onlara tərəf bir nəfər qadının gəlməsini görüb kənara çəkilib evinə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində sözü gedən münaqişə zamanı onunla kobud danışmasına görə bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol gözünə zərbə vurduğunu, kənardan onları aralamaq üçün yaxınlaşmış qadının Səbuhiyə hər hansı formada xəsarət və ya fiziki zorakılıq yetirmədiyini, qeyd olunan hadisənin Abşeron rayonu Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evimin qarşısında baş verdiyini, münaqişənin təxminən 10 dəqiqə davam etdiyini, onları ayırmaq üçün yaxınlaşmış orta yaşlı qadından başqa yaxınlıqda kənar şəxs görmədiyini, Zərərçəkmiş şəxs ilə əvvəllər arasında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını, münaqişənin sonunda Zərərçəkmiş şəxs avtomobilinə əyləşib söyüş söydükdə avtomobilin sol qapısına yaxınlaşıb onu tutaraq bayıra çıxarmaq istədiyini, o da avtomobilin qapısını içəriyə tərəf sıxaraq qoluna xəsarət yetirdiyini, münaqişə zamanı Zərərçəkmiş şəxs yüksək səslə qışıqaraq söyüş söymüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmış və əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı X3 rayonu Masazır qəsəbəsində riyaziyyat fənnindən fərdi hazırlıq üçün müəllim yanına gedir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində qızını hazırlığa aparmaq üçün müəllimin yaşadığı evin yerləşdiyi məhəlləyə getmiş, müəllimənin yaşadığı evə 200 metr qalmış, yol ortasında gümüşü-metal rəngli avtomobilin saxlanıldığını görmüş, o da qapısından avtomobil sahibini çağırıb ona yol verməsini xahiş etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs bayıra çıxıb onu narahat etməyini bildirib narazılığını ifadə etmiş, o da Təqsirləndirilən şəxs yol vermədiyi üçün irad bildirmiş, oradan irəli gedib qızını hazırlığa ötürərək geri qayıtmışdır. Həmin gün saat 16 radələrində qızını hazırlıqdan götürmək üçün yenə müəllimənin yaşadığı evin yerləşdiyi məhəlləyə getmiş, müəllimənin yaşadığı evə 200 metr qalmış, yol ortasında gümüşü-metal rəngli avtomobilin saxlanıldığını görmüş, bu dəfə o, heç kimi çağırmamış və orada dayanıb qızının gəlməsini gözləmişdir. Avtomobilin sahibi olan orta yaşlı kişi cinsli şəxs bayıra çıxmış, onu görüb öz-özünə qışqırıb yol verməyəcəyini, hazırlığa gedən uşaqların valideynlərinin gəlib-getməsinə görə narahat olunduqlarını deyərək kobud ifadələr işlətmişdir. O da nalayiq ifadə işlətməsinə görə Rəşada irad bildirmiş, Rəşad da daha da aqressivləşib onun üstünə hücum etmişdir. Rəşadla əlbəyaxa olduqda arxadan orta yaşlı qadın gəlib onları ayırmaq istəmiş, Rəşad isə yumruqla gözünün altına zərbə vuraraq ona xəsarət yetirmişdir. Sözü gedən hadisə zamanı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin onun sol gözünün altına zərbə vuraraq xəsarət yetirmiş, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, yeni məhəllədə baş vermiş, münaqişə təxminən 10(on) dəqiqə davam etmiş, sonra isə oradan getmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2127 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2117 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol gözaltı nahiyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən, müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, baş və.s) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar