Məhkəmə qərarları › İş №1(012)-96/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-96/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-96/2025 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə çəkisi 1,368 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib Abşeron rayonu. Xırdalan şəhəri, 26-cı məhəllə ərazisinə daşımış və üzərində saxlamış, 06 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri. 26-cı məhəllədə saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 21:15-dən saat 21:30-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin bir bükümdə 1,368 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, həmin vaxtlar narkotik maddə istifadəcisi olsa da, uzun müddətdir ki, narkotik maddənin heç bir növündən istifadə etmir, hətta reabilitasiya mərkəzində narkotik aludəçilərinin sağalması üçün onlara xidmət göstərir. İttiham edildiyi əməl üzrə bildirmişdir ki, o, evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlmiş, həyətdə səs küy düşmüş, o zorla polis idarəsinə aparılaraq əməli etiraf etməsi tələb edilmişdir. Nəticədə o da məcbur qalıb razılaşmışdır. Hadisə qonşuların gözü qarşısında olsa da, sonradan heç kəs polislə problem yaşamaq istəmədiyi üçün şahidlik etməkdən imtina etmişlər. İlkin ifadəsindən görünür ki, o, 05 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar stansiyasının yaxınlığında olduğu zaman yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün dayanacaqda avtobus gözləyərkən bir nəfərlə həmsöhbət olmuş və həmin şəxsində narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Narkotik vasitə istifadə etmək istədiyindən həmin şəxsdən üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını maraqlanmışdır. Şəxs isə üzərində psxiotrop maddə olan “patı” kimi bildiyi metamfetamin olduğunu və 10 manata satdığını demişdir. O da həmin şəxsə 10 manat pul verib bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Bundan sonra yaşadığı Xırdalan şəhərinə getmiş və aldığı psixotrop maddəni istifadə etmək üçün cibində saxlamışdır. 06 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında olduğu zaman polis əməkdaşlarının üzərinə doğru gəldiyini görmüşdür. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər.Bundan sonra onu üzərində şəxsi axtarış aparılması üçün Abşeron RPİ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Polis idarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkilin və iştirakçıların iştirakları ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab o, əvvəllər narkotik istifadəçisi olduğunu, hadisə ilə bağlı günahsız olmasını, əməlindən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə idarə rəhbəriyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkili, polis serjantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 26 məhəllədə olarkən görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Ağalarzadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində kiçik əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis kapitanı Tural Ağalarzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş Hüseyn Cəfərovun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisində kristal formalı, ağ rəngli psixotrop maddə olan metmfetaminə bənzər kütlə olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki maddəni yəni metamfetamini xx.xx.2023-cü il tarixdə,Yasamal rayonu, İnşaatçılar stansiyasının yaxınlığından tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmış, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək, Şahid2 digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;  “Şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;  “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 oktyabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmıış ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5239 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “... Azərbaycan Respublikası DİN zərflər üçün №56” dairəvi möhür əksləri, “1) Təqsirləndirilən şəxs (imza)..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,368 qram olan ağ rəngli,kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi 1,368 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,318 qram. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir;  “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;  “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində “həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi” haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;  “Maddi sübut hesab edilməsi” haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,368 qram psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab olunmalı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,318 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin Maddi Sübutların saxlanıldığı anbara təhvil verilmişdir;  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksoertiza və Pataloji Anatomiya Birliyinin X8 11 oktyabr 2023-cü il tarixli, 6433 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli Sabunçu rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş, daha sonra o, xx.xx.2018-ci il tarixli Abşeron rayon məhkəməsinin hökmünə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır;  “Sübutların qiymətləndirilməsi” haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 08 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, üzərindən aşkar edilərək götürülmüş 1,368 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və ekspertiza tədqiqatına sərf edilmiş 0,05 qram çıxılmaqla qalıq 1,318 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə aparılması” haqqında 06 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması və təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5239 nömrəli rəyi, ambulator X2ya dair 11 oktyabr 2023-cü il tarixli, 6433 nömrəli rəyi, “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokol, “diskə baxış keçirilməsi” haqqında protokol və işdə olan digər hüquqi sənədlər iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilməsi müəyyən edilmişdir;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2025-ci il tarixli, 4/2045 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş cinayət işinin 29-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “Ekspertiza təyin olunması və aparılması haqqında qərarın şübhəli şəxsə elan və hüquqlarının izah edilməsi haqqında protokol”da “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 4/1778 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş cinayət işinin 135-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 137-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir; Şəxsi axtarış və götürmə aparılması barədə 06 oktyabr 2023-cü il protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Fail oğluna üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda onları könüllü olaraq təqdim etməsi təklif edildikdə sonuncu əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı 01 (büküm) şəffaf sellofana büklmüş içərisindəki kristal formaya bənzər narkotik vasitə olan metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlələrin narkotik vasitə olan metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs dediklərini qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Fail oğlunun müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs Fail oğlunun ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Fail oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşımasını inkar etsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Fail oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Fail oğluna cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Fail oğlunun əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Fail oğlu sonncu dəfə Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra həmin cəza xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yəni, 05 oktyabr 2023-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Fail oğlunun hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməklə əməldə cinayətlərin residivini yaratmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Fail oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fail oğlu ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 16 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X2 Ekspert komissiyasının 11 oktyabr 2023-cü il tarixli, 6433 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməklə, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 1,318 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 390 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1,318 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 390 (üç yüz doxsan) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar