Məhkəmə qərarları › İş №1(012)-961/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-961/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-961/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonunun, Varxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "X3 Və Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Saatlı rayonu, Varxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə səhər saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, E.Cəfərov küçəsində yerləşən, ailəsinin yaşadığı nömrəsiz fərdi yaşayış evinə gələrək arvadı Zərərçəkmiş şəxs bacısı X2 təhriki ilə ondan icazəsiz kredit götürməsinə və azyaşlı uşaqları ilə mobil telefonla əlaqə saxlamasına icazə verməməsinə əsəbiləşib mübahisə edərək şəxsi münasibətlər zəminində əvvəlcə Tərifə Əliyevanın üzərinə hücum edib qəsdən sonuncunun baş və sifət nahiyəsindən sillə və yumruqla zərbələr vurmaqla, sonuncuya başın sol gicgah nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin sağ hissəsinin sıyrığı ilə nəticələnən ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, sonra isə Zərərçəkmiş şəxs üzərinə gedib onun sifət, baş, əl və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya başın təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların bu nikahdan iki oğlu var. xx.xx.2024-cü il tarixdə Aysel ilə aralarında Ayselin kredit götürməsinə görə mübahisə yaranmışdır. Ayselin kredit götürməsinə maneə olmaq məqsədi ilə onun şəxsiyyət vəsiqəsini götürüb evdən getmiş Xocalıda işdə olan zaman zəng edib uşaqları ilə danışmaq istədikdə Aysel onun nömrəsini qara siyahıya atdığı üçün əsəbiləşib işdən icazə almış və xx.xx.2024-cü il tarixdə saat 06 raddələrində yaşadıqları ünvana gələrək evə daxil olduqdan sonra Aysel ilə aralarında mübahisə yaranmış və o əsəbi halda evin yataq otağında Ayselin üz, baş nahiyələrinə yumruq zərbələri vurmuşdur. Tərifə onlara müdaxilə edən zaman onun da üz və baş nahiyyəsindən vurmuşdur. Əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin şikayətçi olmadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxsla əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri normal olmamışdır. Əvvəl aralarında olan mübahisə ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 06 radələrində həyat yoldaşı Vüsal işdən çıxıb yaşadığı evə gəlmiş onu və onun bacısı Tərifəni döymüşdür. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onların arasında barışıq əldə olunmuşdur. Ailə münasibetləri bərpa olunmaq üzrədir. Sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 15 may 2024-cü il tarixli 859 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsinin ölçülü dərialtı hematoması, alt dodağın selikli qişasının səthi əzilmiş yarası sol əlin arxa səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir. 30.04 2024-cü il tarixdə insan bədəninin hissəsinin (al, al barmaqları və s.) Təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aiddir.

2. “Cinayət işinin başlanması və aidyyəti üzrə göndərilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.

5. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir.

Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, sonuncunun zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin qanunla nəzərdə tutulmuş əməli törətmiş şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar