Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-963/2025 10.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6, RPİ-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs X4 məxsus “Toyota Prius” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququ olmadığı halda yalandan özününkü kimi təqdim edib ona satacağına dair vəd verməklə sonuncunun xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən emissiya edilmiş **********210269 nömrəli bank kartına köçürdüyü 700 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Dəniz” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə həmin bank kartına köçürdüyü 1200 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 120 saylı marşrut xəttinin yaxınlığında yerləşən avtotəmir sexində əlbəəl nağd formada verdiyi 3100 manat, ümumilikdə 5000 (beş min) manat pulunu vahid niyətlə alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Seyidəlini 2024-cü ilin sentyabr ayında qohumu Yusifin vasitəsilə tanımışdır. Belə ki, X2 taksipark layihəsi çərçivəsində notarial müqavilə bağlayaraq 7 ədəd Toyota Prius markalı maşını icarəyə götürmüşdür. Həmin müqavilə çərçivəsində 3 il müddətinə Çinara ödəniş etdikdən sonra maşınları onun adına keçirəcəkdi. Həmçinin, o Çinarla aralarında razılığa əsasən maşınları kimə sürməyə verirdisə Çinardan onlayn etibarnamə verməsini xahiş etmişdir. Seyidəli ona müraciət edərək «Toyota Prius» markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili satıb satmadığını soruşmuşdur. O da satdığını demişdir. Qabaqcadan 5000 manat verib hər ay da 400 manat verməklə 1 il ödəniş edib maşını adına keçirəcəyini bildirmişdir. 1 il ərzində isə ona sürmək üçün etibarnamə verəcəyini bildirmişdir. Maşının təmir xərclərini isə Seyidəlinin verdiyi puldan qarşılayacaqdı. Çünki maşın sürülməli vəziyyətdə olmamışdır. O, Seyidəli ilə razılaşmış, düşünmüşdür ki, Çinarla danışıb onu razı salacaqdır. Seyidəli ona hissə-hissə olmaqla ümumilikdə 4530 manat pul vermişdir. Maşını Seyidəliyə vermişdir. Lakin, bundan sonra Seyidəli ondan maşının sənədlərini tələb etmişdir. Çinardan xəbərsiz bu işi gördüyü üçün Çinar bu məsələdən xəbərdar olduğu zaman Seyidəlidən maşını tələb etmişdir. Seyidəliyə demişdir ki, səni aldadırlar. Bunun nəticəsində o, pis vəziyyətdə qalmışdır. Seyidəlidən aldığı 4530 manat pulun 1700 manatını özünə götürmüş, qalan pulları isə maşının təmirinə xərcləmişdir. Pula ehtiyacı olduğu üçün bu əməli törətmişdir. Törətdiyim əməldən peşmandır. Seyidəlinin pulunu qaytarmaq imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında özünə kreditlə almaq üçün maşın axtarmışdır. Bu barədə dost tanışlarına məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə tanışı Yusif İbrahimovun vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Yusif ona Toğrulun “Toyota Prius” markalı maşınını satması xəbərini vermişdir. Yusifdən Toğrulun nömrəsini alaraq əlaqə saxlamışdır. Toğrul ona əlində bir neçə avtomobil olduğunu və gəlib baxdıqdan sonra danışacaqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Toğrulla əlaqə saxlayıb onun dediyi Nizami rayonu, Keşlə qəsəbəsinə yaxınlaşmışdır. Orada Toğrul ona "Toyota Prius” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili göstərib özünə məxsus olmasını, satmaq istəməsini, lakin hal-hazırda mühərrikin nasazlıq olduğunu bildirmişdir. Ona təklif etmişdir ki, maşını düzəldərək ideal vəziyyətə gətirib ona 5000 manata sata bilər. Lakin maşının təmirini isə onun özü etməlidir. 5000 manatı verdikdən sonra, maşının təmir xərclərini qarşıladıqdan sonra hər ay 400 manat olmaqla 1 il ödəniş etməli olacaqdır. Toğrul ona 1 illik əl kreditini ödədiyi müddətdə ona yalnız sürmək üçün etibarnamə verəcəyini, pulu ödədikdən sonra isə maşını öz adına keçirəcəyini demişdir. Buna görə onunla razılaşmış, xx.xx.2024-cü il Toğrulun ona göndərdiyi "Kapital" banka aid **********210269 hesab nömrəsinə özünə məxsus "Leo" banka aid **********755136 hesab nömrəsindən 700 manat göndərmişdir. xx.xx.2024-cü il tarixdə həmin karta təkrar 1200 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə Toğrulla Abşeron rayonu Xırdalan şəhəri, 120 saylı avtobus xəttinin dayanacağında yerləşən maşın təmiri sexində görüşərək ona əlbəəl nağd formada 3100 manat pul vermişdir. Maşın almaq üçün Toğrula ümumilikdə 5000 manat pul vermişdir. Bundan sonra, avtomobili Nəsimi rayonu metronun "28 May” stansiyası yaxınlığında yerləşən avtomobillərin təmiri sexinə aparmışdır. Maşının təmiri üçün 1500 manat pul xərcləmişdir. Bundan sonra Toğrulla bir neçə dəfə telefon əlaqəsi saxlayıb avtomobilə sürmək üçün etibarnamə verməsini bildirməyinə baxmayaraq Toğrul avtomobilin onun dostunun adına olduğunu və ölkə hüdudlarından kənarda olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə yenidən telefon əlaqəsi saxlayarkən avtomobili DİN BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən şöbəsinin qarşısına aparmağını bildirmişdir. O, avtomobili aparıb göstərilən ünvana qoymuşdur. xx.xx.2024-cü il tarixdə sənədləşdirmənin aparılması müqabilində göstərilən ünvana gedərkən avtomobilin yerində olmadığını və sonradan avtomobilin X3 məxsus olduğunu və gəlib avtomobilini təhvil götürdüyü ona bildirilmişdir. Ç.Əmirovun mobil nömrəsini əldə edib əlqə saxlayarkən sonuncu ona Toğrulun ona məxsus 7 ədəd avtomobili ələ keçirib heç bir sənədi olmadan dələduzluq yolu ilə digər şəxslərə satmasını bildirmişdir. Bundan sonra Toğrulun onu aldadaraq pulunu ələ keçirdiyini bilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona maşın satmaq adı ilə 5000 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin, o, maşının təmiri üçün 1500 manat pul xərcləmişdir.Ona dəyən ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etdi. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Seyidəlinin şikayət etdiyi şəxs - Təqsirləndirilən şəxs əvvəllər ondan 8 ədəd Toyota Prius markalı maşını aralarında bağladıqları müqavilə əsasında götürüb icarəyə verib işlətməli olmuş, sonradan həmin müqavilədən irəli gələn öhdəlikləri pzoduğuna görə ondan avtomobilləri geri tələb etmişdir. Lakin, Toğrul hər dəfə müxtəlif bəhanələr gətirərək, maşınlarını özünə geri qaytarmaqdan yayınmışdır. 2024-cü ilin aprel-may aylarından etibarən onunla əlaqə yarada bilməmişdir. Mahiyyəti üzrə qeyd edir ki, "Toyota Prius” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Toğrul ondan xəbərsiz, onun razılığı olmadan aldatma və etibardan sui-istifadə etmə yolu ilə maşını Seyidəli adlı şəxsə satmaq barədə razılığa gələrək onu aldadıbdır. O, heç vaxt həmin maşınının başqa şəxslərə satılmasına dair Toğrula icazə verməmişdir. O, bu hərəkəti özbaşına edibdir. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində ona dəymiş ziyanı 5000 manat göstərmiş, Təqsirləndirilən şəxs isə ondan 4530 manat pul almasını ifadəsində qeyd etmişdir. Bununla bağlı ifadələr arasında ziddiyyət yarandığından üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onun etibarından suiistifadə edərək 5000 manat məbləğində pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısına dair notarial müqavilədən görünür ki, müqavilənin predmeti “Toyota Prius” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı əmlak satın almaq məqsədilə əldə edir. Alıcı bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği, yəni 27750 manat ödənişi tam ödədikdən sonra əmlaka sahiblik, istifadə və sərəncam hüququ əldə edir”. Beləliklə, həmin hüquqmüyyənedici sənədə əsasən Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmadığını müəyyən etmək üçün verilmiş sorğuya cavab olaraq, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının xx.xx.2025-ci il tarixdə keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzasından tutulduğu 02 gün çıxılmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cəzasının əvvəli hökmün çıxarıldığı 10 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə müdafiəçiyə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan tutulduğu 02 gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs olunsun, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün çıxarıldığı 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat hüquqi yardıma görə ona 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-963/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-963/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver