Məhkəmə qərarları › İş №1(012)-966/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-966/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-966/2025 25.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 1(012)-966/2025 saylı hazırlıq iclasının qərarı ilə həbs qətimkan təbdiri ilə əvəz olunmuş hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstinaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasmm yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffav rəngli selofan bükümündə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan çəkisi 0,969 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 09 mart 2025-ci il tarixdə saat 01:07 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində saxlanılaraq orada həmin tarixdə saat 01:07-dən 01:12-ə kimi üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükümdə çəkisi 0,969 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək edilərək götürülmüşdür. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadəsini təkzib etməklə bildirdi ki, o, 09 mart 2025-ci il tarixdə, axşam saatlarında tanışı ilə birlikdə yaşadığı evdən çıxmış, həmin şəxs ona bacısıgilə gedəcəyini bildirərək, həmin ünvana qədər ona yoldaşlıq etməsini istəmişdir. Onun ayaqlarında problem olduğu üçün asta getdiyindən həmin şəxs öndə getmiş bacısıgildən qayıdanda isə rastlaşıb başqa yerə gedəcəkmişlər. O, yol boyu hərəkətini davam etdirərkən heç gözləmədiyi anda polis əməkdaşları onun qarşısına çıxaraq, narkotik vasitə istifadə etməsində şübhəli olduğunu bildirmişlər. Bildirir ki, o, tanışı olaraq dediyi şəxslə bəzən birlikdə narkotik vasitə istifadə etsə də, lakin həmin gün nə o, nə də sonuncu narkotik vasitədən istifadə etməmiş, üzərlərində hər hansı qanunsuz vasitə gəzdirməmişlər. Polis əməkdaşları ilk olaraq onu idarəyə aparmış, orada barəsində inzibati protokol tərtib edəcəklərini və 01 ay müddətində inzibati qaydada həbs olunacağını demişlər, o, təkliflə razılaşmamışdır. Bundan sonra ona deyilmişdir ki, ona təqdim edilən narkotik vasitəni cibinə qoyub çəkiliş zamanı təqdim etsə və özünə aid olduğunu bildirsə, 48 saatdan sonra onu azad edəcəklər və bir daha bu məsələ ilə bağlı onun problemi olmayacaqdır. O, da bir ay müddətində həbs olunmamamaq üçün bu təkliflə razılaşmışdır. Bundan sonra polis əməkdaşları üzərində videoçəkilişlə baxış keçirmələri üçün təkrar onu şübhəli şəxs qismində saxladıqları yerə gətirmişlər. Videoçəkiliş aparılarkən, o, onu təlimatlandırdıqları kimi hərəkət etmişdir. Üzərində olan narkotik maddəni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. O, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə, hədə-qorxuya və ya döyülmə hallarına məruz qalmamışdır. Əməli etiraf etməsinin səbəbi bir aylıq həbs edilməmək üçün olmuşdur. Bundan sonra o, bu barədə müdafiyəçiyə və ya başqa şəxslərə heçnə deməmişdir. Belə ki, 48 saatlıq müddət bitdiyi vaxt o, buraxıldığı üçün polislərə tam inanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, videoçəkiliş zamanı üzərindən aşkar olunan narkotik maddə olan heroin ona məxsus olmamışdır, o, arada-sırada istifadə etdiyi narkotik vasitələrin qanında aşkar olunacağından qorxduğu üçün məcbur olaraq o cür ifadə vermişdir. Narkotik maddəni təqdim etən, etirafedici ifadəni verməyi təklif edən şəxsin kim olduğunu xatırlamadığını, lakin onu saxlayan şəxslərdən birinin olduğunu, özünün təqsirsiz olduğunu bildirməklə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş və ifadəsi elan edilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 09 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla idarə rəhbərliyinə məruzə olunmuş və müvafiq icazə verildikdən sonra Şahid1 tərəfindən qrupa rəhbərlik edilməklə ondan və Şahid3 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbiri keçirilmişdir. Məlumatda qeyd olunan ünvanda aparılan müşahidə zamanı zahiri əlamətləri uyğun gələn şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş və ondan şəxsiyyətini təstiq edən sənədi tələb etmiş, lakin sonuncu üzərində vəsiqənin olmadığını bildirmişdir. Şübhəlinin qeyri-advekat davranışları və verilmiş suallardan yayınaraq cavablarında olan qeyri dəqoq hallar onlarda şübhələr yaratdığından həmin şəxsə narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini bildirmiş, sonuncu etiraz etməmişdir. Onun və əməliyyatda qrupunda olan digər şəxslərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şəxs könülü olaraq şalvarının cibindən sellofanla sarılmış büküm təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 07 mart 2025-ci il tarixdə tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etməsinə dair etirafedci ifadə vermiş, əlavə olaraq isə narkamaniyadan əziyyət çəkməsi barədə ailə üzvlərinin xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra tərəflərindən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən götürülmüş kütlə kağız zərfdə qablaşdırılmış və baş verənlər barədə protokol tərtib edilərək orada iştirak edən hərkəs tərəfindən imzalanmışdır. Bundan əlavə Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatda sonuncunun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı fakt göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat polis əməkdaşı Şahid3 və dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə digər Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 09 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 09 mart 2025-cü il tarixdən saat 01:07-dən hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09 mart 2025-ci il tarixli, 20/48 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində AR DİN “zərflər üçün № 56 möhür əksi” “1 .Şahid1 /imza/; 2. Şahid2 /imza/; 3. Şahid3 /imza/; 4. Təqsirləndirilən şəxs /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,969 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,969 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,919 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir;

4. “Cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, aidiyyatı üzrə göndərilmişdir;

5. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. “Maddi sübut kimi tanınma və saxlanması” barədə 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərkən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,969 qram narkotik vasitəm heroin iş üzrə maddi sübut qismində tanınmış və ekspertizadan sonra qalıq qalmış 0,919 qram narkotik vasitə heroin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilmişdir;

8. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi” haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməkllə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən edilmişdir;

9. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 01 aprel 2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;

10. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 14 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində tutulduğu andan Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;

11. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim olunanadək dayandırılmışdır;

12. “Axtarışda olan şəxsin tutulmasına” dair 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir;

13. “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi” haqqında 17 may 2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından icraat təzələnmiş və icraata qəbul edilməklə, istintaqı aparılmışdır;

14. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 17 may 2025-ci il tarixli qərara əsasən Kərimov X2 MSY-dən azadlığa buraxılmaqla, barəsində 10 mart 2025-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır;

15. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 17 may 2025-cü il tarixli, 2893 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

16. “Sübutların qiymətləndirilməsi” haqqında 17 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncunun üzəri yoxlanılan zaman götürülmüş götürülmüş 0,969 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq ekspertizadan sonra qalan 0,919 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi müəyyən edilmiş, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə edilmiş və iş üzrə Abşeron RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş 01 ədəd disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;

17. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 1(012)-966/2025 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir;

18. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 yanvar 2022-ci il təvəllüdlü, X3 adlı uşağı vardır.

Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 09 mart 2025-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə saat 01:07 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütləni şıxararaq təqdim edir, həmin kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və sonuncudan götürülür.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, məhkəməyədək icraat zamanı şəxsin müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində tanış olduğu bir şəxsdən bəhs etməsinə baxmayaraq, həmin şəxsin anket məlumatlarını təqdim etməkdən imtina etmiş, nəticədə qeyd olunan şəxsin müəyyən olunması üzrə imkanları məhdudlaşdırmışdır. Belə olan halda təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir obyektiv və mötəbər faktla təsdiq edilməyən ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı o nə vəkillə konfidensial görüş zamanı heç nə deməmiş, nə də ki, daha sonralar bu barədə müvafiq orqanlara şikayətlə müraciət etməmiş, əksinə İş materiallarına əlavə edilmiş videogörüntü olan diskə baxış keçirilən zaman təqsirləndirilən şəxsin könüllü olaraq cibində saxladığı bükümü çıxarıb təqdim etməsi və həmin qanunsuz vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Bir aylıq inzibati qaydada həbs edilməmək üçün cinayət törətmək barədə ifadə verməsi də özü özlüyündə inandırıcı hesab edilə bilməz, belə ki, o, ifadəsində 48 saatdan sonra buraxılacağına inandığını bildirsə də, lakin iş materiallarından görünür ki, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildikdən sonra da Təqsirləndirilən şəxs istintaqdan yayınmış, 01 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istintaq orqanına çağırıldığı, barəsində istintaq hərəkətləri aparıldığı, habelə ona elan edilmiş ittiham üzrə ittiham aktı və digər zəruri prosessual sənədlərlə tanış olduğu zaman, həmin cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti və bu ittiham nəticəsində hüquqi məsuliyyətə cəlb olunması ilə nəticələnəcək ehtimalının mövcud olması barədə məlumatlı olmuşdur. Beləliklə narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid2 və Şahid3 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etmişdir. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, azadlıqda qalacağı təqdirdə yenidən eyni tərkibli cinayət əməlinin törətməsi ehtimallarının çox olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini həmçinin himayəsində baxıma ehtiyacı olan azyaşlı övladının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə hazırlıq iclaasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 18 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 Ekspert komissiyasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,919 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirimi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,919 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən:Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar