Məhkəmə qərarları › İş №1(012)-971/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-971/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-971/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini və barəsində yayılmış böhtan, şantaj və təhqir arakterli məlumatlarla əlaqədar işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurulmuş psixoloji ziyanla bağlı X2 ona 5000 (beş min) manat kompensasiya ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, keçmiş qaynanası X10 onun şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzunu ləkələyən, ona qarşı psixi təzyiq mahiyyəti daşıyan yalan və qərəzli məlumatlar yaymış və fikirlər söyləmişdir. Belə ki, X10 onun işlədiyi məktəbin direktoru X6 zəng edərək, onun hamıya borclu olduğunu deyərək xuliqanlıqla məşğul olduğunu bildirməklə barəsində nalayiq ifadələr işlətmişdir. Evdən qovularkən götürə bilmədiyi bəzi əşyaları götürmək istədikdə Eliza Axundova ona “cırılmaq” istəyirsənsə gəl və s. nalayiq ifadələr, təhqirlər söyləmişdir. Bir neçə ay əvvəl boşanmış, birgə nikah ərzində alınmış, onun adına olan mənzildən govulmş və hazırda həmin mənzildə X4 və X7 yaşadığını bildirmişdir. Bir neçə dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102-xidmət xəttinə onu gözdən salan şərəf və ləyaqətini alçaldan barəsində mənfi fikirlər yaratmaq məqsədi ilə işlədiyi məktəbin direktoruna edilən zənglər barədə məlumat vermişdir. Əvvəllər yaşadığı mənzildən polis əməkdaşlarının iştirakı ilə özünə məxsus bəzi əşyaları götürərkən də təhqirlərə məruz qalmışdır. Dəfələrlə özünün və uşaqlarının döyülərərk bədən xəsarətləri aldıqlarını, azyaşlı oğlunun mənzildə tualetdə saatlarla qaranlıqda bağlı saxlanıdığını, baş verənlər nəticəsində psixoloji durumunun kafi olduğunu edilən şantaj və təziqlərin onun mənzilini əlindən almaq məqsədi ilə edildiyini, əks halda onu biabır və rüsvay edəcəkləri, işdən qovduracaqları ilə hədələmişlər. Bunlara azyaşlı uşaqları, qardaşı Rauf Soltanov və məktəb direktoru şahid olmuşdur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizsəinin məzmununa uyğun izahat verərək, işin məhkəmə baxışına təyin edilməsini və X4 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X4 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 şikayət ərizəsində göstərdikləri şər və böhtandır. Heyvaxanım Soltanova ona zəng edərək uşağının məktəbdə dalaşdığını və bir nəfər uşağın gözünün çıxdığını deyərək, ondan 4000 (dörd min) manat pul istəmişdir. O, Heyvaxanıma 2000 (iki min) manat pul vermişdir. Bundan sonra o, H.Soltanovanın işlədiyi məktəbin direktoruna zəng edərək hadisə barədə soruşmuşdur. Lakin direktor ona məktəbdə belə bir hadisənin olmadığını bildirmişdir. O, H.Soltanovanı söyüb təhqir etməmiş və ona qarşı heç bir rüsvay edici hərəkətlər etməmişdir. Məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkili X14 bildirmişdir ki, xüsusi ittiham qaydasında göstərilmiş internet resurslarında yayılmış məlumatların X10 tərəfindən yayılmasını sübut edəcək mötəbər dəlillərə istinad edilməmiş. Şikayətə həmin məlumatların məhz X10 tərəfindən dərc edilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Ona görə də, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, eləcə də X4 onu ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını və onu təhqir etməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə X4 CM-in 147.2-ci və 148-ci maddələrini rəhbər tutaraq cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, şikayətdə göstərilən əməllərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsaslar göstərilməmişdir. Bununla da CPM-in 293.3.2-ci maddəsinə əsasən yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatların cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsinin göstərilməsi tələbi pozulmuşdur. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə (CM 147.2) onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını, həmçinin onu təhqir edən məlumatların kütləvi çıxışlarda, kütləvi nüayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini qəsdən alçaltma əməlləri eləcə də həmin əməlin X10 tərəfindən törədilməsini təsdiq edən, heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, sübutlar məhkəməyə təqdim etmədiyindən, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X10 barəsində CM-in 147.2-ci və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar