Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-973/2024 09.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1979-cu il tarixdə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu “Dağlılar” adlanan məhələdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” (Siyahı ll) daxil olan 0,610 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibinə qoyaraq Abşeron rayonu Xırdalan şəhəri, Nizami küçəsi ərazisinə daşıyaraq saxlamış, 20 may 2024-cü il tarixdə saat 17:55 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə gətirilərək, idarənin inzibati binasında xidməti otaqların birində qeyd edilən tarixdə saat 19:00-dən saat 19:22-kimi üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən həmin bir ədəd bükümdə 0,610 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, uzun müddətdir ki, psixotrop maddə istifadəçisidir. Belə ki, narkotik vasitə lazım olduğu vaxtlardan birində yəni, 19 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Dağlıllar məhəlləsində olarkən orada tanımadığı şəxsdən 20 manat məbləğində psixotrop maddə olan metamfetamin əldə edərək, ehtiyac yarandıqda qəbul etməsi üçün geyindiyi şalvarın yan cibinə qoymuşdur. 20 may 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Xırdalan şəhəri, Nizami küçəsində olan zaman polis əməkdaşları ilə rastlaşmış və üzərində psixotrop maddə olduğu üçün həyacanlamağa başlamışdır. Onun bu halından polis əməkdaşları şübhələndiyindən ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirdikdə, etiraz etməmiş və polislərlə birlikdə Abşeron RPİ-nə gəlmişdir. İdarədə olan xidməti otaqlarından birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində qanunla saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda, o, könüllü olaraq geyindiyi şalvarın yan cibindən sellofan bükülüyə bükülmüş psixotrop maddəni təqdim etmiş, həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını və 19 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisindən şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini etiraf etmişdir. Həmin kütlə ağ boş zərfə qoyularaq qablaşdırılmıış və hərkəs tərəfindən imzalamışdır. Orada baş verənlər protokollaşdırılaraq, onun və iştirakçılar tərəfindən imzalamışdır. Sonda polis əməkdaşları tərəfindən saxlanılan, idarəyə gətirilən və orada olan zaman ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini, etdiyi əməldən peşman olmasını, müalicə alaraq artıq zərərli vərdişlərdən qismən də olsa uzaqlaşmasını və himayəsində azyaşlı övladının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli məktəbin yaxınlığında nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop madəlləri qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi barədə qərəsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əlaqədar idarə rəsinə raportla müraciət edərək, əməliyyat qrupu yaradılmış, idarənin CAŞ-nin kiçik inspektoru Şahid2 da həmin qrupa daxil edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirlləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində olması müəyyən edilmiş, zahiri əlamətləri Rahibə bənzəyən şəxsə yaxınlaşdıqda isə sonuncu onları görən kimi qaçmaga cəhd etmiş, lakin tərəflərindən saxlanılmışdır. Onlar Rahibə narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli olmasını, onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğu deyildikdə o, etiraz etmədən idarəyə gəlmişdir. Bu barədə rəisə raportla müraciət edildikdən sonra xidməti otaqların birində təhqiqatçı Əli Kəngərli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, müdafiəçi ilə təmin olunmuş və ona üzərində saxlanılması qadağan edilən hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs geyindiyi şalvarın qabaq sag cibindən 1 ədəd sellofana bükülmüş kütləni təqdim edərək, həmin maddənin metamfetamin olmasını, Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 20 manat məbləğində şəxsi istifadəsi üçün əldə etməsini etiraf etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş içərisində psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. O və digər iştirakçılar həmin protokolun doğruluğunu və zərfin üzərini öz imzaları ilə təsdiq etmişər. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-6/2847 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksləri olan, “vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,610 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,560 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir;
4. “Cinayət işinin başlanması” haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.
6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir.
7. “Maddi sübut qismində tanınma və təhvil vermə haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,610 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,560 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir.
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 06 iyun 2024-cü il tarixli, 4040 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 23 iyul 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Yasamal rayon məhkəməsinin 07 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır.
10. “Sübutların qiymətləndirilməsi” haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2847 nömrəli məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4040 №-li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,610 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 01 ədəd zərfdə - 0,560 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.
11. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 uşağı vardır.
Şəxsi axtarış və götürmə aparılması barədə 20 may 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əyninda olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 1 (bir) ədəd çıxartdığı şəffaf rəngli sellofan bükülü təqdim etmiş, həmin bükülü açıldıqda isə içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Dağlar Məhəlləsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs ilk olaraq 18 noyabr 2009-cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, daha sonra Yasamal rayon məhkəməsinin 07 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, himayəsində azyaşlı övladının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, onun əvvəllərdə davamlı olaraq cinayət əməllərini törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzalardan nəticə çıxarmayaraq islah olunmamasını, şəxsə humanizm göstərilərək, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq yenidən cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 ekspert komissiyasının 06 iyun 2024-cü il tarixli, 4040 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,560 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutularaq, saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,560 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov