Məhkəmə qərarları › İş №1(012)-974/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-974/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-974/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkum olunmamış, Ağdam rayonu, Ağdamkənd ərazi dairəsi, Quzanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyun 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs aid "xxxx" ASC-yə məxsus 5402 6919 5039 8619 nömrəli ödəniş kartını idarə etdiyi “Toyota Prius” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa ayaqaltı hissəsindən tapıb, həmin gün Sumqayıt şəhəri və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən müxtəlif yerlərdə alış- veriş etməklə istifadə edərək "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs aid 5402 6919 5039 8619 nömrəli ödəniş kartı ilə ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 186 manat 93 qəpik məbləğində pulunu talayaraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, etibarnamə əsasında **-EN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə “Uber” şirkətində taksi kimi fəaliyyət göstərmiş, xx.xx.2023-cü il tarixdə 50 qəpiklik avtoyuma məntəqəsinə girib maşını yuyan zaman avtomobilin arxa ayaqaltı hissəsindən plastik kart tapmış, həmin plastik kartın üzərində ad yazılmadığını görmüş və kartı idarə etdiyi avtomobilin ön qoltuqaltına qoymuşdur.Avtoyuma məntəqəsindən çıxdıqdan təxminən 2-3 saat sonra Sumqayıt şəhərində müştəri apardıqdan sonra orada “Baxçalı evlər” yaşayış kompleksinin yaxınlığından keçən zaman ac olduğunu hiss etmiş və bu zaman bir neçə saat öncə avtomobilin arxa oturacağından tapdığı plastik kart ağlına gəlmişdir. O, Sumqayıt şəhərində “MC Donalds” restoranına yaxınlaşıb özünə yemək sifariş vermiş və həmin kartdan “Wifi” vasitəsi ilə restoranda təxminən 40-50 manatlıq ödəniş etmişdir. Daha sonra isə Masazır qəsəbəsi istiqamətində Duz gölünün kənarı ilə gəlmiş, orada olan “Azpetrol” yanacaqdoldurama məntəqəsindən həmin oturacağın üzərində tapdığı plastik kart vasitəsi ilə 20 manatlıq benzin vurmuş və Masazır qəsəbəsi istiqamətində hərəkət eləməyə başlamışdır. Burada Masazır qəsəbəsində Ə.Vahid heykəlinin yaxınlığında olan “Bravo” marketdən həmin kart vasitəsi ilə alış-veriş etmiş, daha sonra aldığı ərzaqları avtomobilə qoyub yaşadığı mənzilə gəlmiş, plastik kartı isə avtomobildə qoymuşdur. O, Zərərçəkmiş şəxs məxsus kartdan Sumqayıt şəhəri və Masazır qəsəbəsi ərazisində müxtəlif yerlərdən şəxsi ehtiyacları üçün ümumilikdə 186 manat 93 qəpik xərcləmiş, törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək, Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş və zərəçəkmiş şəxs ondan şikayətçi deyildir. Məhkəmədən yüngül cəza verilməsni xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X1 onun oğludur. Onun özünə məxsus Kapital Bank tərəfindən verilmiş keşbek kartı vardır. O həmin kartın içərisinə bir miqdar pul yükləyərək oğlu Bahadura gündəlik ehtiyyaclarını ödəmək üçün və lazım olarsa üniversitetdə xərcləmək üçün istifadə etsin deyə vermişdir. Lakin həmin kart ona məxsus olmuşdur. Kartdan hər hansı bir əməliyyat edən zaman ona bank tərəfindən bu barədə məlumat gəlirmiş. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində evdə olan zaman onun mobil telefonuna “Kapital Bank” tərəfindən bildiriş gəlmişdir. Bu bildirişdə ondan təsdiqləmə kodu istəməklə bərabər kartından 100 manat və 18 manat pulun kartdan digər karta pul köçürmək istənməsi ilə bağlı da bildiriş gəlmişdir. Həmin plastik kartı oğlu Bahadura verdiyindən sonuncunun bu pulu kimə köçürmək istəməsi ona maraqlı gəlmişdir. O, oğlu Bahaduru yanına çağıraraq bu pulu kimə köçürtdüyünü maraqlanmışdır. Oğlu Bahadur da heç kimə pul köçürmədiyini demişdir. O da Bahadurdan kartı gedib gətirməsini tələb etmişdir. Oğlu bir neçə dəqiqə sonra gələrək kartın özündə olmadığını, oğurlandığını və ya itirdiyini demişdir. O da oğlundan haralarda olduğunu soruşmuşdur. Oğlu Bahadur 20 Yanvar metrostansiyasından çıxıb taksiyə minənə qədər kartın üzərində olduğunu demişdir. O da həmin kartın taksidə düşüb itdiyini və başqa şəxslər tərəfindən oğurlandığını bilmiş və dərhal “Kapital Bank”a zəng vurub, ona məxsus oğluna verdiyi kartı blok etmələrini xahiş etmişdir. Bundan başqa o, dərhal kartının balansında qalan 107 manat pulu öz istifadəsində olan "xxxx" dan aldığı **********398619 saylı karta göndərmişdir ki, həmin pul da naməlum şəxs tərəfindən oğurlanmasın. Daha sonra Kapital Bank ilə danışan zaman ona bu gün səhər saatlarında Masazır qəsəbəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsində 20 manatlıq benzin vurulduğunu, Masazır qəsəbəsində “Bravo” marketdən 33 manatlıq alış-veriş edildiyini, Sumqayıt şəhəri ərazisində ayrı-ayrı vaxtlarda ümumilikdə 104 manat məbləğində alış-veriş edildiyini və “MC Donalds” restoranında hesab verildiyi, Xırdalan şəhəri, “OBA” marketdən 3 manat 20 qəpik və başqa bir neçə yerdə ödəniş olunmaqla ümumilikdə 186 manat 93 qəpik pulun ələ keçirildiyini bildirmişlər. Daha sonra o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonradan ona məlum olmuşdur ki, ona məxsus kartdan alış-veriş edən şəxs Təqsirləndirilən şəxsdur.Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir,təqsirləndirilən şəxsdən şikayətçi deyildir və məhkəmədən Təqsirləndirilən şəxs bağışlanmasını xahiş edir. Məhkəmədə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hal-hazırda Bakı Dövlət Universitetində ali təhsil alır. Atası Zərərçəkmiş şəxs məxsus “Kapital Bank” tərəfindən verilmiş keşbek kartını atası ona verdiyindən, həmin kart həmişə onun üzərində olmuşdur. O, müntəzəm olaraq həmin kartdan şəxsi ehtiyyaclarını ödəmək və gündəlik universitetə gedib-gələn zaman yol pulunu ödəmək üçün istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında dostunun evindən gəlmiş, bu zaman üzərində təxminən 2-3 manata yaxın pul olmuş, bundan başqa atasının ona verdiyi Kapital Bank kartında isə təxminən 220 manata yaxın pul olmuşdur. O, metro ilə evə getmək üçün 20 Yanvar metrostansiyası istiqamətində gəlmiş, burada üzü Xırdalan şəhəri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən manatlıq taksilər olmuşdur. O, atasının yanına Masazır qəsəbəsinə getmək üçün dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Prius” markalı taksiyə sürücünün yanında, qabaq sağ tərəfdə əyləşmiş, və bir neçə dəqiqə sonra Masazır qəsəbəsində “Şok Market” in qarşısında taksidən düşmüşdür. O, taksidən düşən zaman həmin plastik kartı və pul kisəsini ayrı ayrılıqda əynində olan şalvarının sol yan cibinə qoymuş, pul kisəsində 2-3 manat pul olduğundan o, taksinin pulunu həmin manatlar vasitəsi ilə ödəmiş və sonra taksidən düşmüşdür. Təxminən 4-5 saat sonra, axşam saat 20 radələrində evdə olan zaman atası Zərərçəkmiş şəxs onu yanına çağıraraq verdiyi Kapital Banka məxsus keşbek kartından ilk öncə 100 manat, daha sonra isə 18 manat və daha bir miqdarda məbləğini xatırlamadığı pulun 3D vasitəsi ilə onlayn yolla kartdan çıxarılması barədə məlumat vermişdir. Atası ondan pulu onun çıxardıb -çıxartmadığını soruşub kartı gətirməyini istəmişdir. O da həmin kartdan heç bir pul çıxartmadığını demiş və kartı gətirmək üçün getmişdir. Lakin kartı axtarsa da, tapa bilmədiyindən bu barədə atasına xəbər vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin plastik kart taksidə gələrkən onun cibindən düşmüş və oğurluq nəticəsində atası Zərərçəkmiş şəxs 186 manat 93 qəpik məbləğində maddi ziyan dəymişdir. Atası bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonradan ona məlum olmuşdur ki, atasına məxsus kartdan alış-veriş edən şəxs Təqsirləndirilən şəxsdur.Hal-hazırda atasına dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyil 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi, müstəntiqə həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması barədə qərar verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin Abşeron rayon Pİ-in MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2023-cü il tarixdə tutularaq Abşeron rayon Polis idarəsinə gətirilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək,onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir və ona qarşı hər hansı tələbi yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymin ziyan tam ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmədən də islah olunması mümkündur və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməs Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmş ədalət prinsipinin tələblərinə də uyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən, 07 iyul 2023-cü il tarixədək tutulduğu 2 gün və 10 oktyabr 2023-cü il tarixdə tutulduğu 1 gün,ümumilikdə 3 gün müddət - 1 günə 2 gün hesablanmaqla, 6 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə - yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 2, 20 saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmədə təqsirəndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keşirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən, 07 iyul 2023-cü il tarixədək tutulduğu 2 gün və 10 oktyabr 2023-cü il tarixdə tutulduğu 1 gün,ümumilikdə 3 gün müddət - 1 günə 2 gün hesablanmaqla, 6 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələr qoyulsun; - yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 2, 20 saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar