Məhkəmə qərarları › İş №1(012)-977/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-977/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-977/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu Mehdiabad qəssəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Cavid küçəsi, ev 7/1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il saat 09 radələrində yaşadığı ünvan 1 ünvanda qalan bacısı Zərərçəkmiş şəxs ilə arasında məişət texnikası hesab edilən hava pərisinin (vintelyatorun) istifadəsi ilə bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən ailə daxili münaqişə zəmnində mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının qançır-şiçkinliyi, sıyrığı, boyun nahiyəsinin sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onlar brilikdə eyni ünvanda yaşayır. 06 iyul 2024-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdə olarkən hava isti olduğundan bacısı Zərərçəkmiş şəxs onun otağına daxil olub hava pərisini (vintelyatoru) götürüb öz otağına aparmaq istəmiş, o isə Arzuya etiraz etmişdir. Bununla bağlı Arzu ilə aralarında sözlə mübahisələri baş vermiş və mübahisə zamanı əsəbiləşərək Arzunun üzərinə gedib yumruqla onun sifət nahiyəsinə zərbəvuraraq onu döyüb xəsarət yetirmişdir. Bundan sonra bacısı Arzu telefonla DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı evdə kənar şəxsin olmadığını, mübahisə zamanı Arzunun onu vurmadığını və heç bir formada müqavimət göstərmədiyini göstərmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar birlikdə eyni evdə yaşayırlar. 06 iyul 2024-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdə olarkən hava isti olduğundan qardaşı Etibarın otağına daxil olub hava pərisini (vintelyatoru) götürüb öz otağına aparmaq istəmiş, Etibar isə ona etiraz etmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Etibar onun üzərinə gələrək yumruqla onun sifət, başvə bədəninin müxtəlif nahiyələrinəvuraraq onu döyüb xəsarət yetirmişdir. Bundan sonra o DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə Abşeron RPİ-nin Mehdibada PBnəgəlib bu barədəşikayət ərizəsi yazmışdır. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı evdə kənar şəxsin olmadığını, qardaşı Təqsirləndirilən şəxs onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. O, hazırda Etibar Əbduləzimov ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir.Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1464 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının qançırşiçkinliyi, sıyrığı, boyun nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, dırnaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə HK-1-1262 nömrəli məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 16 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə, 01 il şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənilmişdir. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin məhkəmə iclasında tədqiq olunmuş ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar