Məhkəmə qərarları › İş №1(012)-977/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-977/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-977/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ucra rayonu, Təzə Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Ucar rayonu, Müsüslü ərazi dairəsi, Təzə Şilyan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il saat 20 radələrində yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə başqa tanımadığı şəxs tərəfindən «SMS» qısa mesaj göndərilməsini bilib həmin səbəbdən qısqanclıq zəmnində aralarında yaranmış narazılıq üstündə Zərərçəkmiş şəxs ilə mübahisə etdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun göz, sifət, baş, qol, bel və bədəninin digər nahiyələrinə, ayaq, təpik zərbələri ilə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sağ alt və üst göz qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, sol alt göz qapağı nahiyəsinin qançırı, sağ və sol bazunun, sol çiyin qurşağının arxa səthinin, bel nahiyəsinin sol hissəsinin, sol əlin iç səthinin, sağ və sol bud nahiyələrinin geniş sahəli qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Tosifə ilə 2011-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuş, bu münasibətdən bir övladı var. 14 iyun 2025-ci il tarixdə saat 20 radələrində yaşadıqları evdə olarkən tanımadığı şəxsin Tosifənin istifadə etdiyi mobil telefonuna mesaj yazdığı üçün onu qısqanmış və bu səbəbdən aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbiləşərək Tosifənin üzərinə getmiş və yumruq zərbələri ilə onun sifətinə, başına bir neçə zərbə vuraraq Tosifəni döyüb xəsarət yetirmişdir. Baş vermiş mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı Tosifə onu vurmamış və heç bir müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Kainatla 2011-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuş, bu münasibətdən bir azyaşlı övladı var. 14 iyun 2025-ci il tarixdə saat 20 radələrində yaşadıqları evdə olarkən tanımadığı şəxs onun istifadə etdiyi mobil telefona mesaj yazmış və Kainat buna görə onu qısqanaraq sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Kainat onun üzərinə gələrək yumruq zərbələri ilə gözünə, sifətinə, başına, belinə, qollarına, təpiklə isə ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyüb xəsarət yetirmişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı evdə kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1394 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ alt və üst göz qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, sol alt göz qapağı nahiyəsinin qançırı, sağ və sol bazunun, sol çiyin qurşağının arxa səthinin, bel nahiyəsinin sol hissəsinin, sol əlin iç səthinin, sağ və sol bud nahiyələrinin geniş sahəli qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əl və təpik zərbələri təsirindən əmələ gələ bilmələri istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər qarşılanmışdır. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, şikayətçi Zərərçəkmiş şəxs ilə barışmışdır, nəzərə alınmasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda şikayətçi məhkəməyə təqdim etdiyi ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəmə iclasları zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar