Məhkəmə qərarları › İş №1(012)-98/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-98/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-98/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi ev 10-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək 2 gün ona təyin edlmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanması qərara alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Cəngən kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin həyətində söküntü işləri aparmasından ötrü həmin ünvana fəhlə qismində gələrək, ev yiyəsinin evində olmamasından istifadə edib, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, ətrafdan kiminsə gələcəyi halda məlumat vermək üçün həyətdə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həyətdən götürdüyü lomla evin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındıraraq, əlində olan bıçaqla plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında çarpayının altında olan dəmir qutunun üzərindəki kilidi sındıraraq, qutunun içərsindən 8800 manat məbləğində nəğd pulu və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 9820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ərazisində müxtəlif tikintilərdə işləyirmiş. Tikintidə işlədiyi vaxtlarda Elgün və Rüstəm adlı şəxslərlə tanış olmuşdur. Tahir adlı şəxsi isə Elgünün qaynatası kimi tanımışdır. 2019-cu ilin iyul ayında söhbət əsnasında tanışı Rüstəm Hüsyenov ona Abşeron rayonu, Masazır kəndində söküntü işlərinin olduğunu demişdir. Rüstəmə də öz növbəsində həmin yerdə iş olduğu barədə Elgünün qaynatası Tahir demişdir. O, Rüstəmlə razılaşaraq, xx.xx.2019-cu il tarixdə Rüstəmin dediyi yerə, yəni Abşeron rayonu, Masazır kəndində yerləşən mağazanın yaxınlığına gəldikdən sonra Rüstəmlə gürüşüb iş yerinə getmişlər. Həmin gün orada Tahir, Elgün, Rüstəm və sonradan adını bildiyi Uğur adlı cavan oğlan da olmuşdur. O, iş yerinə gələn zaman, Tahir oğlunun işi ilə əlaqədar harasa getmiş, sonuncunun kürəkəni Elgün isə onlara nahara yemək gətirmək üçün getmişdir. Söküntü işləri aparan zaman o, Rüstəmdən həyətdə olan evin sahibinin evdə pul saxladığı barədə eşitmiş, sonuncuya isə həmin məlumatı Tahir veribmiş. Lakin, onun Tahirlə arasında aramda heç bir söhbət olmamışdır. O, işlədiyi ərazidə yerləşən Rüstəmin dediyi evdə kimsənin olmadığına əmin olduqdan sonra, Uğur adlı şəxsə pul verərək, sonuncunu uzaqda yerləşən mağazadan dondurma və siqaret almağa yollamışlar. Uğur gedəndən sonra həyətdə Rüstəmlə qalmış və o, yerdən götürdüyü lomla pəncərənin üzərində olan dəmir barmaqlığı yerindən çıxarmış, əlində olan balaca bıçaqla isə plastik pəncərəni açıb, pəncərədən evə daxil olmuşdur. Pəncərədən evə daxil olan zaman, pəncərənin qarşısında olan güldan yerə düşərək sındığından, güldanda olan torpaq otağa dağılmışdır. O, yataq otağına keçib axtarış aparmağa başlamış və otaqda olan çarpayının altına baxarkən, orada olan dəimir qutu onun diqqətini cəlb etmişdir. Həmin dəmir qutunun üzərində dəmir kilid olduğunu görüb, kilidi sındıraraq, qutunun içərisində 03 ədəd 100-lük və 05 ədəd 20-lik ABŞ dolları, yəni ümumilikdə 400 ABŞ dolları, 03 ədəd 100 manatlıq və 01 ədəd 10 manatlıq əskinazları götürmüşdür. Həmçinin həmin qutunun içərisində sellofanda, keçmiş sovet dövründən qalan dəmir və kağız puların və qızıl dişlərin olduğunu görmüşdür. O, həmin köhnə pulları götürsə də, qızıl dişləri götürməmişdir. Otaqdan bayıra çıxmaq istəyən zaman, pəncərənin qarşısına və yerə torpaq töküldüyü üçün, evdə olan tozsoranı götürüb yerə dağılmış torpağı silmişdir. Rüstəm isə çöldən onu tələsdirirmiş ki, tez çıxsın, kimsə gəlib onların oğurluq etdiklərini görməsin. O, pəncərədən çıxandan sonra əlindəki içərisində sovet pulları olan sellofan torbanı aparıb orada ağacın altında olan yastığın altına qoymuş, sonra isə mağazaya gedib yapışqan kley alıaraq, kleylə pəncərəni yapışdırsın ki, evə girdiyini kimsə bilməsin. Lakin o, aldığı kleylə pəncərənin üzərində olan toru yapışdıra bilməmişdir. Bundan sonra o, Rüstəmlə Uğura başqa işləri çıxdığını, gedəsi olduqlarını deyib həyətdən çıxan zaman, Tahirin qayıdıb gəldiyni görmüşlər. Tahir onları uzaqdan gördüyü üçün, Rüstəmə zəng edərək, nə səbəbdən işləmədiklərini soruşmuş, Rüstəm isə Tahirə başqa işlərinin olduğunu demişdir. Bundan sonra o, yolda cibindən 200 manat pulu, 01 ədəd 100-lük və 03 ədəd 20- lik ABŞ dollarını çıxarıb Rüstəmə vermişdir. Onlar 20 yanvar metrostansiyası yaxınlığında Rüstəmdən ayrılmışlar. Rüstəmdən ayrılandan sonra o, payına düşən 240 ABŞ dollarını xırdalayıb, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxtdan o, Rüstəmi və orada olan digər şəxsləri görməmiş, oğurluq etdiyi evdən cəmi 400 ABŞ dolları və 310 manat məbləğində nəğd oğurlamışdır. Onun Rüstəmlə oğurluq etməsi barədə həmin gün Tahir, Elgün və Uğurun xəbərləri olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında Bakı şəhəri ərazisində tikintidə işləyirmiş və həmin vaxtdan Elgün və Fariz adlı şəxsləri tanımışdır. Tahir adlı şəxsi isə təxminən 3 ildən artıq tanıyır, Elgün adlı şəxsdə sonuncunun kürəkənidir. Özlərinə iş axtardıqları üçün, Tahirlə söhbət əsnasında sonuncu Abşeron rayonu, Masazır kəndində söküntü işlərinin olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Fariz, Elgün, Tahir və Uğur adlı şəxslə Abşeron rayonu, Masazır kəndində yerləşən bir evin həyətində söküntü işləri görməyə başlamışlar. Onlar həmin həyətdə işləyən vaxtı, Tahir evdə 100 min manat pulun olduğunu bildirmişdir. Bundan sonra həmin gün, günortaya yaxın onlar ağacın kölgəsində çay içən zaman, Tahir təkrarən həmin evdə pulun olduğunu bildirmişdir. daha sonra Tahir günortaya yaxın oğlunun işi ilə əlaqədar harasa çıxıb getmiş, sonuncunun kürəkəni Elgün isə onlar üçün yemək gətirməyə getmişdir. Bu zaman Fariz orada olan Uğur adlı uşağa pul verərək onu uzaqda yerləşən mağazadan dondurma və siqaret almağa göndərmişdir. Uğur mağazaya gedəndən sonra, həyətdə onlar Farizlə ikisi həyətdə qalmışlar. Həmin vaxt Fariz yerdən götürdüyü lomla pəncərənin üzərində olan dəmir barmaqlığı qıraraq, əlində olan balaca bıçaqla isə plastik pəncərəni açıb, pəncərədən evə daxil olmuşdur. Həmin vaxt o, pəncərənin qarşısında olan ağacın gölgəsində uzanaraq, Farizin evdən çıxmasını gözləmişdir Fariz pəncərədən evə daxil olduqdan sonra, o, bir necə dəfə pəncərəyə yerdən götürdüyü balaca daş ataraq, Farizə tez çıxmasını xəbərdarlıq etmişdir. Fariz təxminən 30 dəqiqə ərzində evdə qaldıqdan sonra, o, pəncərəyə yaxınlaşan zaman, Farizin əlində tozsoran görmüşdür. Həmin vaxt Fariz ona evə pəncərədən daxil olan zaman, pəncərənin qarşısında olan güldanın aşdığını, içərisində olan torpağın yerə dağıldığı üçün yeri tozsoranla təmizlədiyini bildirmişdir. Bundan sonra Fariz pəncərədən bayıra çıxmış və əlində olan ağ rəngli sellofan torbanı ağacın altında olan yastığın altına qoymuşdur. Daha sonra isə Fariz evə daxil olduğu zaman pəncərənin üzərində olan toru çırdığı üçün və həmin toru yapışdırmaq üçün mağazaya kley almağa yollanmışdır. Həmin kleylə Farizin pəncərənin torunu yapışdırmaqda məqsədi, onun evə daxil olduğunu kimsənin bilməməsi olmuşdur. Fariz kley almağa gedəndən sonra o, yastığın altında olan torbanı açıb içərisinə baxmış və orada keçmiş sovet pulların olduğunu görmüşdür. O, həmin sellofanın ağzını bağlayıb olduğu kimi yerinə qoymuşdur. Bundan sonra Uğur gəlmiş və onlar işlərinə davam etmişlər. Fariz isə gəldikdən sonra aldığı kleylə nəqədər etsə də, pəncərəni yapışdıra bilməmişdir. Daha sonra onlar Uğura başqa işləri çıxdığı üçün gedəsi olduqlarını bildirmişlər. Həyətdən çıxan zaman ona Tahir zəng vuraraq, hara getdiklərini soruşmuş, o isə Tahirə başqa işə getdiklərini bildirmişdir. Yolda isə Fariz cibindən 200 manat pulu, 01 ədəd 100-lük və 03 ədəd 20-lik ABŞ dollarını çıxardıb ona vermişdir. Onlar 20 yanvar metro stansiyasında ayırıldıqdan sonra o, yaxınlıqda yerləşən ticarət mərkəzində 100 ABŞ dollarını 168 manata dəyişmişdir. Bundan sonra oradan özünə təzə şalvar və köynək almış, səhəri gün isə əmisi oğlunun toyuna gedib iki ədəd 20-lik ABŞ dolları olmaqla, 40 ABŞ dolları toya yazdırmış, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gündən sonra o, Farizi görməmişdir. Bundan sonra Tahirin anasının iş yerinə gedərək, onun bütün oğurluq işlərini boynuna götürdüyünü və 600 manat verməli olduğunu bildirmişdir. Anası Fatma bu barədə ona deyən zaman o, Türkəyə Respublikasında olmuşdur. Daha sonra o, Tahiri və digərlərini görməmişdir. Onun Farizlə oğurluq etməsi barədə həmin gün Tahir, Elgün və Uğurun xəbərləri olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun evi Abşeron rayonu, Masazır kəndi X.B.Natavan küçəsində «Zeynəb» marketin yaxınlığında yerləşir. 2019-cu ildə o, həyətində olan torpaq sahəsinin üzərində olan tikililəri 60000 (altmış min) manata satmış və həmin puldan müəyyən borclarını vermişdir. Həmin puldan qalan 10000 ( on min) manat pulu isə həmin həyətdə öz yaşadığı evdə dəmir çarpayının altında olan, dəmir sandıqçaya qoyub ağzını kilidlə bağlayıb açarınıda öz çantasına qoymuşdur. Belə ki, həmin həyətdə olan sökülüləri sökdürmək üçün qardaşı Qurban, Tahir adlı usta tapmışdır. Tahir və yanında bir cavan uşaq gəlib həmin tikililəri sökürmüşlər. xx xxxx 2019-cu il tarixdə o, şəxsi işi ilə əlaqədar Xaçmaz rayonuna getmişdir. xx xxxx 2019-cu il tarixdə evinə qayıdan zaman evdən oğurluq olduğunu bilməmişdir. Lakin, həmin vaxt o, yataq otağında pəncərənin qarşısına qoyduğu güldanın yerə düşdüyünü hiss etdikdə, pəncərənin açıq olduğununu külək vurub yerə saldığını düşünmüşdür. Həmçinin həmin vaxt pəncərənin çöl tərəfdən aşağı içəri hissəsinə, yəni ətəyinə kley töküldüyünü də görmüş, lakin buna da məhəl qoymamışdır. O, digər pəncərələrə də baxmış, dəmir barmaqlıqların yerində olduğunu gördüyü üçün, heç bir şeydən şübhələnməmişdir. 2019-cu ilin noyabr ayının 07-də o, həkimə getmək üçün çarpayının altında olan dəmir qutunu açmaq istəyən zaman, qutunun üzərində olan kilidin əzildiyni gördükdən sonra, qutuya qoyduğu qızıl dişlərin orada olduğunu görsə də, 8800 manat pulun, 600 ABŞ dollarının orada olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq ümumilikdə təxminən 10000 manat pulunun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun ona dəymiş ziyandan 5000 (beş min) manat ödəməsini nəzərə alaraq ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Abşeron rayonu ərazisində tikinti və söküntü işləri olanda, həmin işləri görməklə özünə çörək pulu qazanırmış. Abşeron rayonu, Masazır kəndində yaşayan Zərərçəkmiş şəxs qardaşı Qurbanı 10 ildən artıqdır ki tanıyır. Belə ki, Qurbanın söküntü və tikinti işlərini arada görürmüş, heç vaxtı aralarında heç bir problem olmamışdır. 2019-cu ilin iyun-iyul ayları olarmış, Qurban ona bacısı Əskinazın həyətində söküntü işlərinin olduğunu bildirdikdən sonra, öz aralarında razılaşaraq, həmin həyətdə söküntü işlərini görmək üçün adam toplamışdır. Həmin şəxslərdən ilkin olaraq həmin söküntü işlərini Uğurla, kürəkəni X3 və əvvəllər tanıdığı Rüstəm adlı şəxslrlə başlamışlar. Həmin gün o, Rüstəmə bir nəfərdə işçinin lazım olduğunu bildirdikdə, sonuncu bir nəfər tanışının olduğunu və həmin şəxsi işə cəlb edəcəyini bildirmişdir. 2-ci gün o, Rüstəm və Uğur işə gəlmişlər. Günortaya qədər işlərini gördükdən sonra Rüstəm ona bir nəfər adam tapdığını və həmin şəxsin onlara kömək edəcəyini bildirmişdir. Gıünortaya yaxın o, oğlunun işi ilə əlaqədar gedəsi olmuşdur. Həmin gün saat təxminən 16-17 radələrində işinə qayıdıb gələn zaman Rüstəmin yanında bir nəfər şəxslə getdiyni görmüşdür. Uzaqdan Rüstəmi səsləyərək hara getdiyini soruşmuş, Rüstəm ona təcili rayonda işi olduğu üçün getdiyni, işləyə bilməyəcəyini bildirmişdir. Rüstəmə səhər gəlib işlərini tamamlamaq lazım olduğunu bildirən zaman, Rüstəm ona gələ bilməyəcəyini demişdir. Rüstəmin yanında olan şəxs Rüstəmnən ayırılıb digər istiqamətə getmişdir. Həyətə daxil oduğu zaman, Uğurun bir təhər olduğunu gördükdə, Uğurdan nə baş verdiyni soruşmuşdur. Əvvəlcə Uğur ona heç bir söz deməmiş, həyətə daxil olandan sonra uşaqların nə iş gördüklərinə baxanda, onların heç bir iş görmədiklərin səbəbini soruşanda, Uğur ona Rüstəm özü ilə bir nəfər gətirdiyni, lakin həmin şəxslərin heç bir iş görmədiklərini, ağacın kölgəsində əyləşdiklərini, sonra isə onu bir neçə dəfə dondurma almağa yolladıqlarını bildirmişdir. Həyətdə olan Əskinaza məxsus yaşayış evinin pəncərəsinin torunu yerə düşdüyünü gördükdə, toru yerinə qoymaq istəyən zaman, pəncərənin üzərində olan dəmir barmaqlığının da yerindən qopduğunu görmüşdür. Əsəbləşərək, Uğurdan oraya digər şəxslərin gəlib gəlmədiklərini soruşan zaman, Uğur orada Rüstəmin və sonuncunun yanında bir nəfər şəxsdən başqa kimsənin olmadığını bildirmişdir. Uğur ona həmin şəxsi tanımadığını demişdir. Uğurdan dəmir barmaqlığın kim tərəfindən sındırıldığını görüb-görmədiyni soruşduqda, sonuncu ona dəmir barmqlığın kim tərəfdən sındırıldığını bilmədiyni, bir neçə dəfə mağazaya getdiyni bildirmişdir. Bundan sonra o, Rüstəmin istifadəsində olan mobil nömrəsinə zəng vuraraq nə səbəbdən işləmədiklərini soruşduqda, sonuncu ona yenidən rayona gedəsi olduğunu bildirmişdir. Kürəkəni Elgünə zəng vuraraq, nə baş verdiyini soruşduqda, Elgün heç bir şeydən xəbəri olmadığını, Rüstəmə zəng edib soruşacağını bildirmişdir. Daha sonra Elgün ona Rüstəmin telefonuna zəng çatmadığını bildirmişdir. Bir neçə gün sonra özü Rüstəmin anasının Bakı şəhərində işlədiyi yerə gedib, Rüstəmi soruşmuşdur. Rüstəmin anası ondan Rüstəmi hansı səbəbdən axtardığını soruşduqda, o, həmin qadına Rüstəmin ona 500 manat borcu olduğunu bildirmişdir. Rüstəmin anası Rüstəmin Türkiyədə olduğunu bildirmişdir. Lakin bir müddət keçsədə Rüstəmgildən heç bir xəbər çıxmadığı üçün, o, Rüstəmlə birlikdə işləyən Farizin yaşadığı Biləcəri qəsəbəsində olan evlərinə getmişdir. Həmin vaxt Fariz evdə olmamış, o, Farizin atasına X4 rayonu, Masazır kəndində yerləşən işlədikləri evdə evdən pul və qızıl zinyət əşyaları oğurladıqlarını bildirmişdir. Farizin atasına həmin məsələni yoluna qoymasalar, Farizin ardıyca polis gələcəyini bildirmişdir. O, istəyirmiş ki, Farizlə Rüstəm həmin oğurluq məsələsini həl etsinlər ki, onları polisə çağırmasınlar. Lakin Farizin atası onu təhqir edərək, həyətdən qovmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifad vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu tərəfindən dəymiş ziyan qismən yəni 5000 manatı ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxxxx 2020-ci il tarixli tələbnamə arayışdan görünür ki, Hüseynov X2 Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbayacan Respublikası CM-nin 333.4 və 62-ci maddələri ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxxxx 2020-ci il tarixli tələbnamə arayışdan və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək 2 gün ona təyin edlmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs1 Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)- 242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Əliqardaş oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri vəcəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun az ağır cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi3 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə 5000 manat dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada şikayət vermək hüququ izah olunmalıdır. İş üzrə maddi sübut 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 Əliqardaş oğlunun yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Əliqardaş oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə 5000 manat dəymiş ziyanın ödənilməsi ilə bağlı şikayət vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi3 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar