Məhkəmə qərarları › İş №1(012)-985/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-985/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-985/2025 20.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əzixan oğlunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına»(Siyahı İİ) daxil olan 0,305 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq Abşeron rayonu, Saray-Novxanı yolunun İlqar Abdullayev küçəsinə daşımış və saxlamış, 10 aprel 2025-cü il tarixdə saat 16:50 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray-Novxanı yolunun İlqar Abdullayev küçəsində saxlanılaraq orada həmin gün saat 16:50-dən saat 16:59-ə kimi üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd bükümdə 0,305 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop madəllər qəbul edir, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamini 10 manata alıb yaşadığı Saray qəsəbəsində olan evinə gedən zaman Abşeron rayon Saray qəsəbəsində, Saray-Novxanı yolu, İ.Abdullayev küçəsində mülkü geyimli polis əməkdaşları yaxınalaşıb özlərini təqdim edərək hüquq və vəzifəllərini izah etmişlər və üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyi və üzərində yoxlama aparılavcağı bildirildiyindən həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini polislərə təqdim edilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyulub qablaşdırıldıqdan sonra həmin zərf üzərini iştirakçılarla birlikdə imzalamışlar və həmin psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray PB-nin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsində xidmət edir. Belə ki, 10 aprel 2025-ci il tarixdə Novxanı qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Saray PB-nin rəisi, polis kapitanı Asim Qocayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib etmişdir həmin qrupa daxil edilmişdir. Bundan sonra həmin günü yəni, 10 aprel 2025-ci tarixdə saat 16:45radələrində məlumat əsasında, Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və və polis baş serjantı Şahid3, ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray-Novxanı yolunda İlqar Abdullayev küçəsində olduğunu müəyyən edib orada ona yaxınlaşdıq özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqlarını izah edərək videoçəkilişlə ona psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək həmin ünvanda üzərində yoxlama aparılacağını Təqsirləndirilən şəxs bildirdikdə o, etiraz etməmiş, Bundan sonra isə üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddə, eləcə də cinayət xarakterli hər hansı bir əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin büküm tərəfimizdən açıldı və içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edildi. Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin maddənin “patı” yəni metamfetamin olmasını və şəxsi istifadəsi üçün həmin günü Sumqayıt şəhərindən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində tərəflərindən yoxlama aparılsa da, heç bir qeyri- qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə tərəflərindən zərfə qoyularaq üzəri möhürlənərək imzalarla zərfin üzərini imzalamışlar.Oradan Təqsirləndirilən şəxs və onun üzərindən aşkar edilmiş zərfdə qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər kütləni Abşeron RPİ-nin Saray PB-nə gətirilmiş raportla rəhbərliyə məruzə etmişdir. Həmin psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmış və Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Quliyev X3 İbrahim Araz oğlu oğlunun ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə təyin olunmuş məhkəmə- kimyəvi ekspertizasının 11 aprel 2025-ci il tarixli 20/185 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “X4 üzərindən aşkar olunmuş,...” sözləri və imzalar olan Kagız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli olitelin kəsiyi bükümündə təmiz çəkisi 0,305 qram ag rəngli kristalşəkili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə yoxlama aparılması barədə protokoldan görünür ki, Abşeron rayon Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində saxlanılaraq özlərini Təqsirləndirilən şəxs təqdim edərək üzərində narkotik vasitə və ya psixotrop maddə saxlama və gəzdirmədə şübhəli bilindiyindən üzərində yoxlama aparılacagınını və üzərində qanunsuz olaraq hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixatrop madə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə zərfə qoyub qablaşdırılaraq sonuncu ilə birlikdə Abşeron RPİin inzibati binasına gətirilərək protokol tərtib eilmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Murad Bəşirov tərəfindən tərtib edilmiş 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Murad Bəşirova təqdim edildiyi Təqsirləndirilən şəxs üzəırindən aşkar edilmiş bir bükümdə psixotrop maddə olan metamfetamin təqdim edilir və təhqiqatçı tərəfindən həmin psixotrop maddə olan metamfetaminə bənzər kütləyə baxış keçirilərək yenidən zərfə qoyulub qablaşdırılmışdır. Cinayət işində olan xx.xx.2025-ci il tarixli cinayət-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, təqdim edilmiş iki ədəd DVD disklərin hər birində 1 ədəd qovluq vardır. DVD disklərə köçürülmüş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci disk, 10 aprel 2025-ci il tarixdə saat 16;50 dən 16:59-dək olan müddət ərzində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlanılır, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edir və ona bildirirlər ki, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop madəlləri əldə edib üzərində saxlayıb daşımaqda şübhəlidir ona görədə üzərində qanunsuz hər hansı əşya varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmuş psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi. Polis əməkdaşları həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlə metamfetamin olduğunu və özü qəbul etmək üçün Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Üzərində yoxlama davam etdirilir digər əşya aşkar edilmir. Həmin metamfetaminə bənzər kütlə zərfə qoyulub qablaşdır və zərfin üzəri polis əməkdaşı və Təqsirləndirilən şəxs tərəfindən imzalanır və video görüntü dayandırılır. Təqdim edilən ikinci DVD-diskə baxış keçirilərkən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfdə təhqiqatçıya təqdim edilir və təhqiqatcı Murad Bəşirov həmin zərfi açır və içərisində olan metamfetaminə bənzər kütləyə baxış keçirir və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılır və eyni zamanda şübhəlinin necə saxlanıldığını əks etdirən video görütü ona təqdim edilir və video görüntü dayandırılır . Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 10 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar edilərək götürülməsi və həmin psixotrop maddənin təhqiqatçıya təqdim edilməsi barədə və yenidən qablaşdırılması ilə əlaqədar çəkilmiş iki ədəd DVD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi -0,305 qram tədqiqata sərf edilmiş 0,05 qram, qalıq -0,255 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Cavadov X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü madəllərinə əsasən 01 il 05 ay 28-gün azadlıqdan məhrum edilmiş və Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 07 ay 11gün vaxtından əvvəl şərti azad edilmişdir.Məhkumluq müddəti bitmişdir. Azərbaycan Respublikası CM-in 59 -cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalıdır. Cəzasının əvvəli hökmün çıxarıldığı 20 avqust 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,255 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 63 (altmış üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi tutulduğu 20 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,255 qram qalıq qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 63(altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar