Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-987/2025 22.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, 27 may 2025-ci tarixdə barəsində Aşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs güya bankda girovda olan və bank tərəfindən satışa çıxarılan «Hyunday Elantra» markalı avtomobili alacağı barədə yalan vəd verib aldadaraq sonuncunun 05 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksində ilkin ödəniş kimi verdiyi 4300 manat, 2024-cü ilin avqust ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Sənan» marketdəki ödəmə terminalı vasitəsi ilə onun adına olan kapital bank hesabına köçürdüyü 250 manat, sonuncu dəfə 2024-cü ilin avqust ayının sonlarında Abşeron rayonu, Masazır kəndində Yeni Bakı yaşayış kompleksində olan zaman "xxxx" ASC-dəki hesabından mobil telefonundakı bir bank tətbiqi vasitəsi ilə onun adına olan kapital bank hesabına köçürdüyü 3100 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7650 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ziyanı ödəmək imkanı olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir. Əvvəllər avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Onun oğlu X6 2024-cü ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Cəlilabad rayonu, Prişif qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirtmişdir. O, oğluna baş çəkməyə gedəndə hərbi hissədə xidmət edən gizir Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Ruhidlə söhbət edəndə sonuncu ona avtomobil alıb-satmaqla məşğul olduğunu bildirmiş, Ruhid isə ona, özü üçün avtomobil almaq istədiyini, lakin nağd pula avtomobil almağa gücü çatmadığı üçün kredit yolu ilə ala biləcəyini bildirmişdir. Sonuncu isə Ruhidə kreditlə avtomobil tapmağa köməklik edəcəyini bildirmişdir. O, istifadəsində olan mobil telefon nömrəsini Ruhidə vermiş ki, şəhərə gələndə onunla əlaqə saxlayıb görüşüb danışsınlar. O, 2024-cü ilin iyul aynda Ruhidlə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində görüşmüş və Ruhid ona avtomobil almaq istədiyini bildirmişdir. O, Ruhidə demiş ki, Koreya respublikasından “Hyundai Tukson” markalı avtomobil gətirə bilir, lakin Ruhid həmin avtomobilin qiyməti ilə razı olmadığı üçün, o, Ruhidə demiş ki, tanışlarının hazır bankda girovda olan avtomobilləri var. O, həmin avtomobili Ruhidə təşkil edə biləcəyini və ilkin ödəniş etməklə qalan məbləği kreditlə ödəməsini bildirmişdir. Həmin ərəfədə onun tanışı Rizvan adlı avtomobil alverçisi “Hyunda Elantra” markalı avtomobilini satışa qoymuş, ona pul lazım olduğu üçün fikirləşmiş ki, Ruhiddən ilkin ödəniş olaraq pul alıb öz işini həll etdikdən sonra Ruhidin avtomobil məsələsini həll edər. O, Rizvanın satışa qoyduğu avtomobilin şəkillərini “Turbo.az” saytından götürüb Ruhidə göndərmiş və demiş ki, həmin avtomobil bankda girovdadır, sahibi ödəniş edə bilmədiyi üçün avtomobili satır. O, Ruhidə demiş ki, avtomobilin sahibinə 10000 manat, banka isə 6500 manat ödəniş etməklə avtomobili ala bilər. Ruhid isə ona demiş ki, həmin pulun yarısını verə bilər. Sonuncu isə Ruhidə demiş ki, qalan məbləği avtomobili banka girov qoyub pul götürmək olar. Ruhid onunla, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində görüşmüş və sonuncu Ruhidə demiş ki, ilkin ödəniş olaraq 7650 manat pul verməlidir. Ruhid isə həmin vaxt ona 4300 manat pul gətirdiyini, qalan pulu isə bir neçə günə verəcəyini bildirmişdir. O, Ruhiddən 4300 manat pulu almış və pulun qalanını isə bank kartına köçürməsini bildirmişdir. Təxminən 10 gün ərzində Ruhid qalan 3350 manat pulu onun bank kart hesabına köçürtmüşdür. O, avtomobili bir həftə ərzində Ruhidin adına sənədləşdirib təhvil verəcəyini bildirmişdir. Lakin həmin vaxt onun pula ehtiyacı olduğu üçün Ruhidin ona verdiyi 7650 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, bu səbədən Ruhidə söz verdiyi avtomobili ala bilməmişdir. Onun maddi problemləri olduğu üçün Ruhidin pulunu qaytara bilməmiş, lakin qısa müddətdə Ruhidin pulunu qaytaracağına söz vermişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 2024-cü ilin may ayından tanımışdır. Belə ki, Familin oğlu Sübhan Məlikov onun xidmət etdiyi hərbi hissədə əsgər kimi xidmət etmişdir. Famil oğluna baş çəkmək üçün tez-tez hərbi hissəyə gəlmişdir. Həmin vaxt Famillə tanış olmuşdur. Famil həmin vaxt ona Bakı şəhərində, avtosalonda işlədiyini və maşın alqı-satıqısı ilə məşğul olduğunu demişdir. O, özünə avtomobil almaq istədiyi üçün Familin mobil nömrəsini götürmüşdür ki, lazım olsa əlaqə saxlasın. 18 iyul 2024-cü il tarixdə o, məzuniyyətdə olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə gəlmişdir. Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinə marketdə təsadüfən Famillə qarşılaşmışlar. Famillə görüşdükdən sonra sonuncuya məzuniyyətə çıxmasını, özünə avtomobil almaq istədiyini bildirmişdir. Famil ona Koreyadan ucuz qiymətə «Hyunday Tukson» markalı avtomobil gətizdirə bilməsini demişdir. Həmin avtomobilin 23000 manata başa gələcəyini bildirmiş, lakin o, qiymət münasib olmadığı üçün razılaşmamışdır. Familə həmin məbləğə imkanı çatmadığını, ona kreditlə avtomobil almağın sərf etdiyini bildirmişdir. Famil ona tələsməməsini, münasib maşın olsa ona xəbər edəcəyini demişdir. Təxminən bir həftə sonra Famil onunla telefon əlaqəsi saxlayıb bankda girovda olan «Hyunday Elantra» markalı maşın olduğunu, sahibi pulu ödəyə bilmədiyi üçün bankın maşını satışa çıxardığını bildirmişdir. Avtomobilə görə banka 6500 manat borc qaldığını, əgər bankın pulunu bağlaya bilsə maşının sahibi ilə danışıb ala bilməsini bildirmişdir. Həmin maşının 16500 manat olduğunu, banka 6500 manat ödədikdən sonra qalan pulu maşının sahibinə ödəməli olduğunu bildirmişdir. O, Familə nəğd 16500 manat pulu olmadığını, 6500 manat ödəyə bilməsini demişdir. Famil isə ona maşını banka kreditə salar maşının sahibinin pulunu ödəyib banka kredit ödəməklə ala biləcəyini demişdir. O, bu təkliflə razılaşmış və 05 avqust 2024-cü il tarixdə Famillə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində kafedə görüşmüşlər. Famil ona alacağı Hyunday Elantra markalı avtomobilin foto şəkilini göstərmişdir. O, həmin avtomobili almağa razılaşmışdır. Famil həmin avtomobilə görə ilkin ödəniş kimi 7650 manat verməli olduğunu demiş, çünki həmin avtomobilin sənədləşməsinə də əlavə xərc tələb olunduğunu bildirmişdir. O, həmin vaxt orada Familə 4300 manat pul verib qalan pulu isə onun kartına atacağını demişdir. Famil isə onunla razılaşıb 4300 manat pulu götürmüşdür. Özünə məxsus xatırlamadığı kapital bank hesabını ona vermişdir ki, qalan pulu həmin hesaba ödəsin. O, təxminən 1 həftə sonra Bakı şəhəri, Biləcəri qəsəbəsində olarkən «Sənan» marketdə quraşdırılmış Milli.ön ödəmə terminalı ilə Familin ona verdiyi karta 250 manat köçürmüşdür. Bundan sonra 2024-cü ilin avqust ayının sonlarında Famillə Masazır kəndi Yeni Bakı yaşayış kompleksində kafedə görüşərkən 3100 manat pulu özünə məxsus ABB bank hesabından mobil telefonundakı bir bank tətbiqi vasitəsi ilə Familin kapital bank hesabına online ödəmişdir. Ümumilikdə o, Familə avtomobil almaq üçün 7650 manat pul vermişdir. Famil isə ona 1 həftəyə avtomobili təhvil veriləcəyini söz vermişdir. Buna baxmayaraq Famil deyilən vaxtda maşını gətirməmişdir. Famil müxtəlif bəhanələr gətirməyə başlamışdır. Hətta kürəkəni Əbülfəz də bu məsələni öyrəndikdən sonra 2024-cü ilin sentyabr ayının ortalarında Famillə telefon əlaqəsi saxlayıb maşın məsələsini həll etməsini bildirmiş və onunla birlikdə Famillə Masazırda görüşmüşlər. Famil isə onlara sabah maşını təhvil verəcəyi barədə söz vermişdir.Lakin Famil yenədə maşını gətirməmişdir. Sonradan o, Familin onu aldatdığını başa düşüb pulunu geri qaytarmasını tələb etmişdir. Famil isə pulunu tam şəkildə qaytarması üçün vaxt istəmişdir. O, Famili 2 ay gözləsə də sonuncu onun pulunu qaytarmamışdır. Bu səbəbdən o, Abşeron rayon polis idarəsinə Famil barədə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Familə pulu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində verəndə yanında kənar şəxslər olmamışdır. Həmçinin ona milli.ön terminalı və özünün istifadəsində olan mobil telefonundakı Bir bank tətbiqi vasitəsi ilə pulu köçürərkən yanında heç kim olmamışdır.Ona dəyən ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxsdən dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən Xali MMC-yə məxsus plastik qabların istehsalı müəssisəsində keyfiyyət şöbəsinin rəisi işləyir. Zərərçəkmiş şəxs onun qaynıdır. 2024-cü ilin avqust ayında Ruhid ona xidmət etdiyi hərbi hissədə qulluq edən əsgərin atası Famil adlı şəxsin ona bankda girovda olan avtomobil almasına köməklik edəcəyini, Familə avtomobili alması üçün ilkin ödəniş olaraq 7650 manat pul verməsini demişdir. Həmin vaxtdan təxminən 1 aydan artıq vaxt keçdikdən sonra Ruhid ona Familin onun avtomobil məsələsini həll etmədiyini bildirmişdir. Familin Ruhidə hər dəfə müxtəlif bəhanələr deyərək vaxtı uzatdığı məlum olmuşdur. O, Ruhiddən Familin mobil telefon nömrəsini alaraq sonuncu ilə telefon əlaqəsi saxlamış, Ruhidin yeznəsi olduğunu və sonuncunun avtomobil məsələsini nə vaxt həll edəcəyini soruşmuşdur. Famil isə ona demiş ki, sabaha avtomobili həll edib Ruhidə verəcəkdir. Lakin Famil deyilən vaxtda Ruhidə söz verdiyi “Hyundai Elantra” markalı avtmobili gətirməmişdir. Bundan sonra o, Ruhidlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” kompleksində Famillə görüşmüşdür. Famil onlara avtomobil məsələsini həll edə bilməyəcəyi təqdirdə pulu qaytaracağını bildirmişdir. Bundan əlavə Famil demiş ki, əgər gözləyə bilmirlərsə avtomobili satan şəxslə danışıb səhəri gün pulu alıb geri qaytaracaqdır. Lakin Famil yenədə dediyi sözə əməl etməmişdir. Famil hər dəfə Ruhidə pulu qaytarmasını bildirib vaxt istəsə də pulu geri qaytarmamışdır. Bu səbəbdən də, Ruhid Famil barəsində polisə şikayət etmişdir.Fahilin Ruhidə olan borcunu hələ də qaytarmayıb. Məhkəmə iş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkənin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli Bakı Ağır Cinayələr Məhkəməsinin hökmü ilə 6 il 7 ay 20 gün A.M.E, 2 il X9 cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs «məhkumluğu ödənilmiş» hesab edilir. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 25 may 2025-ci il tarixdə saxlanılaraq Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmiş, 27 may 2025-ci il tarixdə Abşeron rayon məhkəməsinin hakiminin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır.Cəzasının əvvəli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar tutulduğu 25 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Zərərçəkənə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf edilmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 220 manat, vəkil X5 isə 110 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 02(iki)ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar tutulduğu 25 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkənə mülki qaydada iddia qaldırmaq hüququ izah olunsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərfi üçün Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 220 manat, vəkil X5 isə 110 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-987/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-987/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver