Məhkəmə qərarları › İş №1(013)-13/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-13/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-13/2025 04.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1987-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(013)-02/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində dörd il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılmış, məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Quzanlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü ildə saat 02:00-da Zərərçəkmiş şəxs6 razılığı ilə sonuncunun kirayədə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Məmmədəmin Rəsulzadə qəsəbəsində yerləşən evində müvəqqəti gecələmək məqsədilə olarkən Zərərçəkmiş şəxs6 yuxuya getməsindən, yəni köməksiz vəziyyətindən istifadə edərək onun gödəkçəsinin cibindən gizli yolla götürdüyü açarla həmin günü saat 02:30-da ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi ofisə gəlib açarla qapını açıb saxlanc yeri hesab edilən ofisin fəhlələr üçün nəzərdə tutulmuş paltar dəyişmə və şəxsi əşyalarını saxlama otağına qanunsuz daxil olub vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 315 (üç yüz onbeş) manat dəyərində «LG» markalı masaüstü kompüter dəstini, 01 ədəd 45 (qırx beş) manat dəyərində elektrik drel alətini, 01 ədədinin dəyəri 85 (səksən beş) manat olmaqla cəmi dəyəri 170 (yüz yetmiş) manat təşkil edən 02 ədəd elektrik laqondasını, 01 ədədinin dəyəri 10 (on) manat olmaqla cəmi dəyəri 90 (doxsan) manat təşkil edən 9 (doqquz) cüt xüsusi fəhlə ayaqqabılarını, 01 ədəd 20 (iyirmi) manat dəyərində elektrik çaydanını tamah niyyəti ilə və gizli olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 640 (altı yüz qırx) manat dəyərində, həmçinin cinayətkar niyyətini davam etdirərək həmin ofisdə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 235 (iki yüz otuz beş) manat dəyərində «HP» markalı kompüter dəstini və 01 ədəd 80 (səksən) manat dəyərində UPS cihazını gizli olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 315 (üç yüz on beş) manat məbləğində maddi ziyan vurmuş, qanunsuz əməlini davam etdirib həmin ofisdə Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd boz rəngli, 85 (səksən beş) manat dəyərində laqonda alətini və bir ədəd 10 (on) manat dəyərində olan yaşıl rəngli bel çantasını (rukzakı), bir ədəd 10 (on) manat dəyərində olan qara rəngli üzərində “adidas” sözləri yazılmış əl çantasını gizli olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 105 (yüz beş) manat məbləğində, maddi ziyan vurmaqla cəmi 1060 (bir min altmış) manat məbləğində özgə əmlakını vahid qəsdlə əhatə olunmuş tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlamışdır. Bundan başqa o, xx.xx.2024-cü ildə saat 03 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq sonuncuya məxsus olan VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən «Kəndçi Bazarı» adlanan ərazidə sahibsiz saxlanılmasından istifadə edərək həmin avtomobilə yaxınlaşaraq avtomobilin qapılarının açıq olmasından və açarlarının üzərində olmasından istifadə edərək həmin avtomobilə əyləşib avtomobilin mühərrikini işə salaraq Bakı şəhərində müxtəlif ünvanlarda idarə edərək həmin avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə Ağdam rayon Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən «Çay evi»nin qarşısında Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq sonuncuya məxsus olan VAZ-21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz saxlanılmasından istifadə edərək həmin avtomobilə yaxınlaşaraq avtomobilin qapılarının açıq olmasından və açarlarının üzərində olmasından istifadə edərək həmin avtomobilə əyləşib avtomobilin mühərrikini işə salaraq Ağcabədi rayonu istiqamətində idarə edərək həmin avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq özünə məxsus olan İJ 27175 yük markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında sahibsiz saxlanılmasından istifadə edərək həmin avtomobilə yaxınlaşaraq avtomobilin qapılarının açıq olmasından və açarlarının üzərində olmasından istifadə edərək həmin avtomobilə əyləşib avtomobilin mühərrikini işə salaraq yaşadığı ev istiqamətində idarə edərək həmin avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, ittiham aktında göstərilən onun bütün əmlakları oğurlamış, lakin oğurluq etdiyi otağa girmək icazəsi olmuşdur. Oğurladığı bir ədəd drel və bir ədəd kompüterdən başqa bütün əmlakları qaytarmışdır. Qaytarmadığı əmlakların dəyərini ödəmiş və zərərçəkmiş şəxslər ona qarşı şikayətçi olmamışlar. İş yerindən əmək haqqını ala bilmədiyi üçün oğurluq etmişdir. Ofisə qanunsuz daxil olmamış, otağın açarlarından biri ona verilmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus avtomobilləri qaçırmış, lakin oğurlamaq fikri olmamışdır. Orxanın avtomobilini Bakı şəhəri Nəsimi rayonundan Binəqədi rayonuna qədər, Səmədin avtomobilini Ağdam rayonu Quzanlı qəsəbəsindən Beyləqan rayonuna qədər idarə etmişdir. Mirismayılın avtomobilini Quzanlı qəsəbəsində idarə etmiş, avtomobil xarab olduğu üçün Quzanlıda saxlayaraq getmişdir. Dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, tarixi xatırlamadığı vaxt Təqsirləndirilən şəxs ona məxsus VAZ 21011 markalı avtomobili götürüb qaçmışdır. Ona məxsus avtomobil Beyləqan rayonu ərazisində aşkar olunmuşdur. Avtomobilinə təxminən 300-400 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs səhvini başa düşdüyündən, həmçinin avtomobili özünə qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs5 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs5 həmin ifadəsində göstərmişdir ki, o, fərdi binaların fasad işləri ilə məşğul olan usta başı işlədiyi üçün dövlət xətti ilə ünvan 3 ünvanda yerləşən və özünə məxsus ofisdə işləməyə başlamışdır. Əvvəldən tanıdığı bir neçə ustaları, eləcə də Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 və digərlərini də işə dəvət etmişdir. 04 may 2024-cü il tarixdən etibarən ünvan 3 ünvanda yerləşən binaların fasad işlərinin dəyişdirilməsi və təmiri ilə məşğul olmağa başlamışlar. Zərərçəkmiş şəxs6 xahişi ilə 08 may 2024-cü il tarixdə onun tanışı olmuş və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs binalarda tullantıların daşınması və digər fəhlə işlərini həyata keçirmək üçün işə götürmüş, lakin Rəşid yalnız iki gün binada işləmiş və sonra çıxıb getmişdir. Daha sonra Rəşid 14 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 yanında işə gəlsə də, heç bir iş görməmiş və ətrafda dolaşmışdır. Həmin gün, yəni 14 may 2024-cü il tarixdə o, digər «çöl işlərini» görmək üçün ofisdən çıxıb gedərkən ofisi bağlaması üçün açarı Zərərçəkmiş şəxs6 vermişdir. Həmin ofisin yalnız bir açarı olmuş və açar həmişə özündə saxlamışdır. Ofisin işçiləri üçün geyinib-soyunma otağında qapının açarı olsa da, həmin otağın qapısı heç vaxt açarla bağlanmamışdır. O və digər işçilər özlərinə məxsus əşyaları, tikinti alətlərini də soyunub-geyinmə otağında saxlamışlar. Ofis üç otaqlı olduğu üçün otaqların birini soyunub-geyinmə otağı, digərini xidməti otaq kimi istifadə etmiş və bir otaq da yalnız ümumi otaq olmuşdur. Özünə məxsus bir ədəd «LG» markalı 315 manat dəyərində masaüstü kompüter dəstini, bir ədəd 45 manat dəyərində, tünd göy rangli elektriklə işləyən drel alətini, biri tünd yaşıl və biri qara rəngli və hər biri 85 manat dəyərində olan 02 ədəd 115 diskli (diamterli) elektriklə işləyən laqonda alətini, ustalara aldığı 09 cüt xüsusi fəhlə ayaqqabısı dəstini, həmçinin 60 manat dəyərində markasını xatırlamadığı elektrikli çaydanını və ərzaqları ofisin geyinib-soyunma otağına qoymuş, məqsədi isə ofisi dəyişəndə onları özü ilə yeni ofisə aparmaq olmuşdur. 15 may 2024-cü tarixdə səhər saatlarında ofisə gələndə öyrənmişdir ki, işçisi olan Zərərçəkmiş şəxs6 mobil telefonu və bank kartı, həmçinin ofisin açarı oğurlanmışdır. Sonra ofisə daxil olmuşlar və orada məlum olmuşdur ki, Həsənlə birlikdə işə gəlmiş Rəşid adlı fəhlə gecə saatlarında ofisə qanunsuz daxil olmuş və geyinib-soyunma otağında olan bütün əşyaları, eləcə də, ona maxsus əşyaları oğurlamışdır. ünvan 3 ünvanda yerləşən ofisdən ona məxsus bir ədəd «LG» markalı 250 manat dəyərində masaüstü kompüter dəsti, bir ədəd 45 manat dəyərində, tünd göy rəngli elektriklə işləyən drel aləti, iki ədəd hər biri 85 manat dəyərində olan 115 diskli (diamterli) elektriklə işləyən laqonda aləti, hər birinin qiyməti 35 manat olan doqquz cüt xüsusi fəhlə ayaqqabısı dəsti və 6 manat dəyərində elektrikli çaydanı oğurlanmış və nəticədə ona 840 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs3 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs3 həmin ifadəsində göstərmişdir ki, Göygöl rayonunda qeydiyyatda olsa da Bakı şəhəri Nizami rayonunda kirayədə yaşayır. **-BD-*** dövlət qeydiyyat nişanlı «VAZ 21 06» markalı avtomobili 4 il budan öncə tanıdığı Xəqani adlı tanışından 5000 manata etibarnamə əsasında almışdır. Avtomobili etibarnamə asasında idarə etsə də, avtomobil ona məxsusdur. 29 iyul 2024-cü il tarixdə günorta saatlarında adı çəkilən avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən kəndçi bazarında saxlayıb işlərini görmək üçün oradan uzaqlaşmışdır. Avtomobili park etdikdə qapılarını açıq, açarı isə üzərində saxlamışdır. 30 iyul 2024-cü il tarixdə ona özünü Binəqədi rayonu, 4-cü Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən şəxs zəng edərək avtomobili barəsində sorğu-sual etmişdir. Telefonla danışığı zamanı polis əməkdaşları ona bildirmişlər ki, «bir nəfər şəxsi saxlayıblar və həmin şəxs ona məxsus olan avtomobili idarə edib». Bu zaman Nəsimi rayonu, kəndçi bazarında çalışan tanış ustaya zəng vuraraq avtomobilinin harada olmasını soruşmuş, usta isə ona bildirmişdir ki, avtomobil gecə saatlarından etibarən saxladığı yerdə yoxdur. Bu zaman başa düşmüşdür ki, avtomobili naməlum şəxs tərəfindən qaçırılmışdır. Bundan sonra Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 3200 manat maddi ziyan vurulmuşdur. Avtomobilin içərisində bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd avtomobilə aid olan texniki şəhadətnamə, avtomobilin günlüyündə isə bir ədəd 5239-1517-xx-xx-8266 saylı "xxxx" ASC-yə aid kart və bir ədəd nömrəsini xatırlamadığı bank kartı olmuşdur. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində avtomobilinə baxış keçirilmiş və avtomobilə aid olan etibarnamə və sürücülük vəsiqəsinin olmadığı ona məlum olmuşdur. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq əlaqədar məhkəmə baxışında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs6 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs6 həmin ifadəsində göstərmişdir ki, fərdi binaların fasad işləri ilə məşğul olan usta işlədiyi üçün dövlət xətti ilə binaların fasad işləri dəyişdirildiyi üçün ünvan 3 ünvanda yerləşən və təxminən 6-7 ildir tanıdığı usta Zərərçəkmiş şəxs5 məxsus ofisdə usta kimi 04 may 2024cü il tarixdən işləməyə başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu hadisədən təxminən 05 gün əvvəl tanımışdır. Rəşid ümumi tanışlarının vasitəsi ilə onunla əlaqə saxlayaraq, həbsdən yeni çıxdığını və işi olmadığı üçün ona iş tapmağını xahiş etmiş, o isə işlədiyi binalarda fəhlə kimi işləməsi üçün onu özü ilə birlikdə həmin ofisdə işləməyə aparmışdır. Rəşidlə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin may ayının əvvəlində Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin birində kirayə yaşamışdır, sözügedən ofisə işə qəbul olanda özünə məxsus 01 ədəd yeni aldığı boz rəngli, 60 manat dəyərində laqonda alətini, bir ədəd 32 manat dəyərində olan yaşıl rəngli bel çantası (rukzak) ilə birlikdə işlədiyi ünvan 3 ünvanda yerləşən ofisin geyinib-soyunma otağında yerləşdirmiş, məqsədi isə laqondanı təmir-tikinti zamanı istifadə etmək olmuşdur. 14 may 2024-cü il tarixdə axşam saatlarında ofisdə işdə olarkən Zərərçəkmiş şəxs5 ofisin açarını ona verərək xahiş etmişdir ki, o, səhər hamıdan əvvəl işə gəldiyinə görə, ofisi bağlasın və səhər də gələndə ofisin qapısını açarla açsın ki, işçilər ofisə daxil ola bilsinlər. Həmin gün Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, axşam yatmağa yeri olmadığı üçün onun kirayə yaşadığı evdə gecələsin, o da onun xahişini nəzərə alıb özü ilə kirayə yaşadığı evə aparmış, yolda olarkən o, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəəbsi Azadlıq prospektində yerləşən yerüstü keçidin yanında yolun sağ zolağında yerləşən «Araz market» (keçmiş «Favorit» market) adlı mağazaya daxil olmuş, orada özünə məxsus olan, 02 manat ödəyib aldığı "xxxx" ASC-ya aid «Birkart» adlı bank kartı ilə bazarlıq edib ərzaq malları almışdır. Sonra həmin 82 manat məbləğdə pul yüklü olmuş bank kartını və ofisin açarını əynində olan gödəkçəsinin sol döş cibinə qoymuş və Təqsirləndirilən şəxsla birlikdə evə getmiş, evdə olanda özünə məxsus 250 manat dəyərində «Samsung» markalı, «Galaxy A 10» modelli, içərisində 5 manat dəyərində 077 *** ** ** nömrə sim kartı və 2 manat danışıq balansı olan mobil telefon aparatını evdə enerji doldurması üçün elektrik cərəyanına qoşmuşdur. 15 may 2024-cü il tarixdə səhər saatlarında yuxudan duranda əvvəl həmin mobil telefon aparatını enerji doldurma cizhazını tapmamışdır, əvvəl başqa yerə qoyduğunu düşünüb ətrafa baxmaq üçün geyim əşyalarını geyindikdə, həmin axşam əynində olan şalvarının cibindən 8,70 manat məbləğdə pul vəsaitinin cibində olmadığını, yəni oğurlandığını başa düşüb mobil telefonunu da axtarmağa başlamışdır. Əvvəl Təqsirləndirilən şəxs digər otaqda yatdığını düşündüyü üçün onu oyatmaq istəməmişdir. Sonra gödəkçəsini də geyinib sol döş cibini açanda, ofisin açarının və özünə məxsus "xxxx" ASC-yə aid «Bir Kart» plastik bank kartının da yerində olmadığını aşkar etmişdir. Daha sonra evə zəng edib, kartdan istifadə olunub-olunmamasını öyrənmək istədikdə, evdən bildirilmişdir ki, həmin gecə saat 02 radələrində Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq prospektində yerləşən yerüstü keçidin yanında, yolun sağ zolağında yerləşən «Araz market» adlı mağazadan onun sözügedən bank kartla təxminən 60-62 manatlıq bazarlıq edilmişdir. Ona görə də, o həmin mağazaya gedib gecə kartı ilə kimin bazarıq etdiyini soruşmuş və orada ona kartı ilə bazarlıq edən şəxsin bir gün əvvəl axşam onun yanında olmuş şəxs olduğunu demişlər. Bu zaman bank kartının, mobil telefonunun, enerji doldurma cihazının, pulunun və ofisin açarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başa düşüb işə getmişdir. Orada olanda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gecə saatlarında ofisə qanunsuz daxil olaraq, oradan bir neçə ustanın şəxsi əşyalarını, eləcə də, ona məxsus 01 ədəd boz rəngli, 60 manat dəyərində laqonda alətini və bir ədəd 32 manat dəyərində olan yaşıl rəngli bel çantasını (rukzakı) oğurlamışdır. Ona görə də oğurluq barədə polisə məlumat vermişdir. Nəticədə ona ümumilikdə 446,70 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs2 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, fərdi binaların fasad işləri ilə məşğul olan usta işlədiyi üçün dövlət xətti ilə binaların fasad işləri dəyişdirildiyi üçün ünvan 3 ünvanda yerləşən və Zərərçəkmiş şəxs5 məxsus ofisə işə qəbul olmuşdur. 04 may 2024-cü il tarixdən həmin ofisdə işləməyə başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu sözügedən ofisdə işə qəbul olduğu zaman görmüş və onunla heç bir münasibəti olmamışdır. Sözügedən ofisə işə qəbul olunarkən özünə məxsus 01 ədəd «HP» markalı masaüstü kompüter dəstini və həmin kompyuter dəsti ilə birgə işlətdiyi markasını dəqiq xatırlamadığı bir ədəd «UPS» enerji saxlama aparatını da 14 may 2024cü il tarixdə ünvan 3 ünvanda yerləşən ofisin geyinib-soyunma otağında yerləşdirmiş, məqsədi isə həmin əşyalarını 2 gün sonra evə yola salmaq olmuşdur. 15 may 2024-cü il tarixdə səhər saatlarında ofisə işə gələrkən öyrənmişdir ki, ofisə yeni işə gəlmiş Rəşid adlı fəhlə gecə saatlarında ofisə qanunsuz daxil olmuş, geyinib-soyunma otağında olan bütün əşyaları, eləcə də ona məxsus kompyuter dəsti və «UPS» cihazını oğurlamışdır. Ona məxsus bir ədəd 250 manat, «HP» markalı masaüstü kompüter dəsti və bir ədəd 100 (yüz) manat dəyərində «UPS» cihazı oğurlanmış və nəticədə ona 350 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Üzrlü səbəbdən məhkəmə baxışında iştirak etməyən Zərərçəkmiş şəxs4 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, «VAZ» 27175 yük markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Bəxtiyar Həbibova məxsusdur, lakin həmin avtomobili etibarnamə əsasında özü idarə edir. xx.xx.2024-cü il tarixdə həmişə olduğu kimi həmin avtomobili yaşadığı evin giriş qapısının qarşısında saxlamış və avtomobildən düşərək evə getmişdir. Həmin vaxt açarı avtomobilin üzərində saxlamışdır. Bundan təxminən bir saat sonra evdən çölə çıxmış, avtomobilin yerində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını müəyyən etmişdir. Bundan sonra hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat vermişdir. Avtomobilinin faktiki vəziyyətdə dəyəri təxminən 5000 manat, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 06 sentyabr 2024-cü ildə Zərərçəkmiş şəxs4 avtomobilinin oğurlanması barədə məlumat daxil olmuşdur. Bundan əvvəl isə Təqsirləndirilən şəxs Səməd adlı şəxsin avtomobilini qaçırmışdır. Bu səbəbdən Mirismayılın avtomobilinin qaçırılması barədə Rəşiddən məlumatının olubolmamasını soruşmuş, Rəşid isə Mirismayılın avtomobilini qaçırdığını etiraf edərək əmlakın yerini polis əməkdaşlarına demişdir. Səmədin avtomobili Beyləqan rayonu ərazisindən aşkar olunmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi Şahid4 ifadəsində bildirmişdir ki, Səməd adlı şəxsin avtomobilinin oğurlanması barədə məlumat daxil olmuşdur. Səmədin avtomobilini Təqsirləndirilən şəxs qaçırdığı məlum olmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri Şahid5 Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiqləmişdir. Məhkəmədə elan olunmuş Ağdam Mərkəzi Rayon Xəstəxanasının Ağdam şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-21/3-3398/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın narkoloji kabinetində qeydiyyatda deyil. X3 Dispenserinin xx.xx.2024-cü il tarixli 37 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4719 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusaatlar nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385 (üç yüz səksən beş) manat müəyyən edilir (1 ədəd «HP» markalı «HSTND-9101-A» modelli monitor 80 manat, 1 ədəd «SVVETCH» markalı core i3 prosessorlu Ram – 8 operativ yaddaşlı, HDD-500 daxili yaddaşlı kompüter sistem bloku 150 manat, 1 ədəd «HP» markalı klaviatura 5 manat, 1 ədəd «Mercury» markalı, «Elite 1000 Pro» model UPS 80 manat, 1 ədəd «Samsung» markalı «Galaxy A 10» model mobil telefon 40 manat, 1 ədəd qara-yaşıl rəngli bel çantası 10 manat, 1 ədəd qara rəngli üzərində «Adidas» yazısı olan əl çantası 10 manat, 1 ədəd qara rəngli usta (fəhlə) üçün xüsusi ayaqqabı 10 manat). Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə azad olunmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da başqa fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, həmin Məcəllənin 185.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(013)-24/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna qədər Təqsirləndirilən şəxs xx.xx.2024cü ildə saat 18:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi və sonuncuların ona qarşı şikayətçi olmamaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır və onun həmin Məcəllənin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri və məhkəmədə araşdırılmış digər sübutlarla təsdiq olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(013)-02/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində dörd il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan bir ay on beş gün əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmış, lakin onun məhkumluğu ödənilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmış və bu həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış İJ-27175 yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün etibarnamə əsasında idarə edən Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində üç il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər və xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq üç il beş ay iyirmi altı gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış İJ-27175 yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün etibarnamə əsasında idarə edən Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar