Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-15/2025 13.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Xüsusi ittihamçı X7, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs X2 iştirakı ilə, 26 dekabr 1979-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olan, Bərdə şəhəri Aqşin Həsənov küçəsində yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X.O.İsmayılov xx.xx.2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində müxtəlif dövlət orqanlarına ünvanladığı ərizələrində «Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci dərəcəli adamı mexanik kimi tanınan (donuz ) Elşən Orucov kimdir? Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci köməkçisi mühəndis Elşən, ikincisi mexanik olan donuz ləqəbli Elşən, üçüncüsu pensioner Səfər, dordüncüsü anbardar Rövşəndir» ifadələr işlətməklə E.O.Orucovu təhqir etmişdir, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən E.O.Orucov göstərmişdir ki, 2020ci ildə X8 İdarəsinə avtonəqliyyat şöbsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Xaliq İsmayılovu tanımamışdır. Xaliq yuxarı orqanlara şikayət edərək onu təhqir etmişdir. Xaliqin şikayət ərizəsi onun işlədiyi kollektiv qarşısında oxunmuş və həmin vaxt şərəf və ləyaqəti alçaldılmışdır. Həmçinin içiləri qarşısında nüfuzdan düşmüşdür. Təqsirləndirilən şəxsin onu 400 nəfərlik kollektiv içərisində təhqir etdiyini qeyd etməklə qanuni cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən X.O.İsmayılov ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Elşən Orucovu tanımamışdır. X8 İdarəsindən işdən çıxarıldığından narazı qalmış və bu səbəbdən müxtəlif dövlət orqanlarına ərizə yazmışdır. X10 təhqir etdiyinə görə səhvini başa düşür. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və Elşən Orucovdan üzr istədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə baxılmış xüsusi ittihamçı tərəfindən işə əlavə edilmiş ərizələrin surətindən görünür ki, X.O.İsmayılov xx.xx.2024-cü ildə müxtəlif dövlət orqanlarına müraciət edərək «Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci dərəcəli adamı mexanik kimi tanınan (donuz ) Elşən Orucov kimdir? Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci köməkçisi mühəndis Elşən, ikincisi mexanik olan donuz ləqəbli Elşən, üçüncüsu pensioner Səfər, dordüncüsü anbardar Rövşəndir» ifadələri işlətmişdir. Məhkəmə-linqvistik ekspertizasının xx.xx.2025-ci il tarixli 4/390 saylı rəyindən görünür ki, X.O.İsmayılov tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış ərizədə E.O.Orucov barədə («Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci dərəcəli adamı mexanik kimi tanınan (donuz ) Elşən Orucov kimdir? Hafiz Əzimzadənin qaranlıq işləri üzrə birinci köməkçisi mühəndis Elşən, ikincisi mexanik olan donuz ləqəbli Elşən, üçüncüsu pensioner Səfər, dordüncüsü anbardar Rövşəndir») kimi məlumatlar, söz və ifadələr E.O.Orucovun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən hesab edilir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxs X.O.İsmayılovun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə cəzalanmalıdır. Təqasirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. X.O.İsmayılovun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki,cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki,az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngüllışdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlılığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X4rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 100 manat ekspertiza xərci X.O.İsmayılovdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, min manat miqdarda cərimə cəzasına məhkum edilsin. 100 (yüz) manat ekspertiza xərci X1 tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-15/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-15/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver