Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-21/2025 20.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi – «Güvən» Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Ağcabədi rayon Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağcabədi şəhəri Füzuli küçəsi, ev 44-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 iyul 2024-cü ildə saat 15 radələrində işğaldan azad edilmiş Ağdam rayonunun Qızıllı Kəngərli kəndi ərazisində yerləşən və ictimai yer hesab edilən "xxxx" MMC-nin kampının həyətində həmin cəmiyyətdə anbardar işləməsinə baxmayaraq vəzifə öhdəliyinə aid olmayan, yəni Zərərçəkmiş şəxs kampın həyətində saxladığı avtomobili çıxartması kimi qanunsuz tələb irəli sürüb öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirdikdə, buna etirazını bildirən Zərərçəkmiş şəxs MMC-nin əməkdaşlarının gözü qarşısında, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət edərək yumruqla bir neçə dəfə baş, sifət nahiyələrinə, təpiklə bir neçə dəfə qarın və qılça nahiyələrinə zərbə endirib yaxasından tutaraq yerə yıxmış, ictimai təhlükəli hərkətlərini davam etdirib yumruqla sifət nahiyəsinə zərbə endirməklə ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozub sonuncunun qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, sağ arxa təpə nahiyəsinin şişkinliyi, döş qəfəsinin sağ yarısının arxa səthinin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön-bayır səthinin sıyrıqları, sol gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin, sağ diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön bayır səthinin, sağ ayaq pəncəsinin bayır topuq nahiyəsinin qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin aprel ayından hadisə vaxtına qədər Ağdam rayonunun Qızıllı Kəngərli kəndində "xxxx" MMC-də anbar rəisi işləmişdir. Hadisədən 3-4 gün əvvəl Zərərçəkmiş şəxs də həmin şirkətə gəlmişdir. "xxxx" MMC-nin ərazisində maşın saxlamaq üçün ayrıca yer düzəldilmiş və bütün işçilər maşınlarını orada saxlamışlar. Zərərçəkmiş şəxs maşınla "xxxx" MMC-nin lent bağlanmış avtomobillərin girişi qadağan olan ərazisinə girmiş, o isə Talehə maşını çıxarmasını demişdir. Həmin vaxt Taleh onunla mübahisə etmiş və ona demişdir ki, «mənim üçün hər yer eynidir, buralar mənimdir, harada istəsəm saxlaya bilərəm, məni heç kim çıxara bilməz». Taleh maşınla şirkətə gəlmiş avtomobil ehtiyatları hissələrinin boşaldılmasına maneə olmuşdur. Taleh ona kobud cavab vermişdir. Buna görə Talehlə dava etməyə başlamış, iş yoldaşı Elşən onu Talehdən aralayıb kənara çəkmişdir. Zərərçəkmiş şəxslə mübahisə zamanı birinci olaraq o, yumruqla Talehi vurmuşdur. Ayaq üstə olduğu vaxt Talehə bir zərbə vurmuş, yerə yıxıldıqdan sonra yerdə vurduğunu xatırlamır. Taleh də onu vurmuş, hər ikisi yerə yıxılaraq xəsarət almışlar. Sonra 3-4 nəfər iş yoldaşları yığışaraq onları aralaşdırmışlar. Onları əsas aralaşdıran Elşən və Kənan olmuşdur. Təxminən 3-5 dəqiqə sonra Taleh avtomobilə minərək getmişdir. Talehi vurmasına səbəb qarşılıqlı mübahisəsi və özünü qorumaq məqsədi olmuşdur. Yaxın qohumları barışıq üçün Talehin yanına getmiş, lakin sonuncu barışmamışdır. Xuliqanlıq etmədiyini, lakin Talehi iki dəfə yumruqla vurduğuna görə tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, karate üzrə dünya, güləş üzrə Gəncə şəhər çempionu, bir dəfə də Avropa üçüncüsü olmuşdur. Hadisə baş verən günün ikinci yarısı əraziyə daxil olmuşdur. Təsisçinin çağırışı ilə "xxxx" MMC-yə gəlmişdir. Tural adlı işçiyə təlimat verib ofisə gedəcəkdir. "xxxx" MMC-nin ərazisinə girib maşınını saxlamış, Ruhin gil ona yaxınlaşaraq demişlər ki, «sənin girişin qadağandır». "xxxx" MMC-nin Elşən adlı əməkdaşı onu çağıraraq direktor Sahil müəllimin onun girişini qadağan etdiyini ona demişdir. Həmin vaxt "xxxx" MMC-nin direktoru Sahilin iş otağına tərəf getməyə başlamışdır. Sahil kontenerdən çıxaraq onu söyərək ona tərəf qaçmışdır. Ərazidə Elşən, İzzət və adlarını bilmədiyi başqa şəxslər olmuşlar. Sahil ona tərəf gələrkən yerdən bel götürmüşdür. Sahil, Ruhin və digər şəxslər onu vurmuşlar. Dava təxminən 25-30 dəqiqə davam etmişdir. Bel, küt alət, ağac parçası və yumruqla onu vurmuşlar. Dava zamanı yerdə qalmış, onları heç kim ayırmamış, onu vuran şəxslər özləri aralaşmışlar. Ona birinci olaraq kimin zərbə vurduğunu bilməmişdir. Özünü müdafiə etmək üçün dava zamanı Elşəni və Ruhini vurmuşdur. Sahil onun başına və ayağına bel ilə vumuşdur. Hadisə zamanı Səma adlı qadın ağlayaraq demişdir ki, «Sahil eləmə». Hadisə zamanı heç kim maşını ərazidən çıxarmasını ona deməmişdir. Təsisçi yanacağın hesablanmasına nəzarət etməsini ona tapşırmışdır. "xxxx" MMC-də maşınlara yanacağı düzgün vurmamışlar və bu səbəbdən bəzi sürücülər ona şikayət etmişlər. Yanacaq məsələsi Sahilin yeyintisi olmuşdur. Bu barədə birinci "xxxx" MMC-yə, sonra isə təsisçi Səma xanıma demişdir. Kamp ərazisinə girişin qadağan olunmasını Elşən və Ruhin ona demiş, arxadan onun qolunu tutub vurmaq istəmişlər. Ruhin, Sahil, Elsevər, İzzət və digər şəxslər orada olmuşlar. Qeyd edilən səbəbdən şikayətçi olduğunu, Təqsirləndirilən şəxs və başqalarına ağır ittiham verilməsi üçün cinayət işinin prokurora qaytarılmasını xahiş etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə vaxtı "xxxx" MMC-də sürücü işləmiş, hadisədən 10-15 gün əvvəl işə başlamışdır. Ruhinlə bir yerdə işləmiş, Zərərçəkmiş şəxs isə iş yerində tanımışdır. Tarixi xatırlamadığı vaxt reysə gedərkən təkəri partladığından ləngimiş, təkəri düzəldərkən səs-küy eşidib yaxınlaşdıqda Talehlə Ruhinin mübahisə etdiklərini görmüşdür. Mübahisə edən şəxslərə çatdıqda Taleh və Ruhin yaxalaşmışlar. Talehlə Ruhini aralaşdırıb bu barədə məlumat vermək üçün "xxxx" MMC-nin direktoru Sahilin iş otağına tərəf getmişdir. Taleh də onun ardınca Sahilə tərəf getmək istədikdə, o, Talehin qolundan tutaraq sakitləşdirmək istəmiş, həmin vaxt Taleh ona əl-qol ataraq onu vurmaq istəmişdir. Talehlə bir-birlərinə əl-qol atmışlar. Ruhinin Talehi vurduğunu görməmişdir. Taleh ona xəsarət yetirməmişdir. Aralaşdırıldıqdan sonra maşınına minib getmişdir. Talehin döyülməsini görməmişdir. Hadisə vaxtı Sahil otaqdan çıxmamışdır. Ruhinlə Taleh ayaq üstə mübahisə etmiş, onların yerə yıxıldıqlarını görməmişdir. Hadisə yerinə gəldikdə orada başqa şəxslər olmuşlar. Talehlə Ruhinin sözlə mübahisə etdiklərini görmüşdür. Şahid4 şahid qismində məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Ağdam rayonunun Qızıllı Kəngərli kəndində yerləşən "xxxx" MMC-də yükləməyə nəzarət karyerində işləmişdir. Uzun müddət keçdiyindən hadisənin baş verdiyi tarixi xatırlamır. Kontenerdə maşınların reyslərini yazarkən səs-küy eşidib çölə çıxmışdır. Həmin vaxt Ruhin, Elşən, Elsəvər, Sahil və Taleh orada olmuşlar. Ruhinlə Talehin əlbəyaxa olduqlarını görmüşdür Elşən Ruhini aparmış, Talehi isə başqa şəxs aralaşdırmışdır. Taleh "xxxx" MMC-nin direktoru Sahilin ardınca getmiş, Talehi Elşən geri qaytarmışdır. Sahil onların yanına gəldiyi vaxt dava qurtarmışdır. Sahil harayçılıqda iştirak etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru işləmişdir. Şirkətin fəaliyyəti 2024-cü ilin avqust ayında dayanmışdır. Ruhin onun əmisi oğludur. Taleh hadisədən 1-2 gün əvvəl işə gəlmiş, həmin vaxt onlar tanış olmuşlar. Talehin "xxxx" MMC-yə nəzarət etmək səlahiyyəti olmamışdır. Hadisə zamanı otaqdan səs-küyə çıxmışdır. Əvvəl pəncərədən baxıb Ruhinlə Talehin mübahisə etdiklərini və yaxalaşdığını görmüşdür. Çölə çıxıb Ruhinə iradını bildirmiş, orada olan işçilər isə Ruhini aparmışlar. Pilləkanı çıxdığı vaxt Talehin onun ardı ilə gəldiyini görmüşdür. Tural və Elşən adlı işçilər Talehi sakitləşdirib maşına mindirib yola salmışlar. Hadisədən sonra sürücülərin pulundan imtina etməsini Taleh ona demişdir. Sürücülərin pulunu təsisçi Səma verməmişdir. Bu səbəbdən şikayətlər etmiş, Taleh isə puldan imtina etməsini ona demişdir. Hadisə zamanı və sonra Səmanın orada olduğunu xatırlamır. Hadisədən sonra kampı tərk etmişdir. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisədən bir həftə qabaq Zərərçəkmiş şəxslə birlikdə şirkətə gəlmişdir. Onun vəzifəsi texnikalara və yanacaq verilməsinə nəzarət etmək olmuşdur. 19 iyul 2024-cü ildə Taleh Sahillə söhbət etmiş, sonra Sahil otağına getmişdir. Bundan sonra onun tanımadığı bir nəfər Talehə yaxınlaşaraq söhbət etmək üçün kənara çəkmişdir. Sahil otaqdan çıxaraq onlara tərəfə baxıb Talehə «şirkəti tərk et» demişdir. Həmin vaxt Talehlə söhbət edən şəxs Talehin sifətindən yumruqla vurmuş, Taleh yerə yıxılmışdır. Taleh yerə yıxıldıqdan sonra Talehi yerdə vurmağa başlamışlar. Sonra Sahil yaxınlaşaraq yerdən götürdüyü bellə Talehin ayağından vurmuşdur. Kampın həyətində maşın saxlamaq üçün xüsusi ərazi olmamışdır. Talehi 8-10 nəfər vurmuşdur. Şirkətin təsisçisi Səma və orada aşpaz işləyən Natella adlı qadın səs-küy salaraq harayçılıq etmişlər. Onları sürücülər aralaşdırmışlar. Sonra Sahil otağına getmiş, Talehin isə Sahilin ardınca getməyə halı qalmamışdır. Talehin kimisə vurduğunu görməmişdir. Dava vaxtı Ruhin də Talehi vurmuşdur. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə təxminən 19 iyul 2024-cü ildə baş vermişdir. İki dəfə hadisə baş verdiyindən tarixi dəqiq xatırlamır. Bir neçə gün əvvəl də Talehlə Sahil gil arasında mübahisə olmuşdur. Sahil ona demişdir ki, «Taleh şirkətə gəlməsin». O, şirkətin təsisçisi olmuş, auidit etməsi və maşınların cəlb edilməsi üçün Talehi də şirkətə dəvət etmiş, Sahili isə şirkətə direktor təyin etmişdir. Sahil Talehin döyülməsinin sifarişçisi olmuşdur. Şirkətdə yeyintilər olduğundan o, Talehi dəvət etmişdir. Yeyintiləri ört-basdır etməkdən ötrü Talehi döymüşlər. O, Sahillə birlikdə sonuncunun otağında olduğu vaxt kampın həyətinə Taleh gəlmiş, həmin vaxt Sahil cibindən bıçaq çıxarıb ona göstərərək demişdir ki, «Talehi öldürərəm». Dava vaxtı Talehin ətrafına millət yığışmış, Ruhin Talehə demişdir ki, «Sahilə hörmətsizlik etmisən, şirkəti tərk et». Ruhin qəfildən Talehin üzündən yumruqla vurmuşdur. Taleh yerə yıxılmışdır. Elşən, İzzət, Elsevər, Ruhin və adını bilmədiyi bir neçə şəxslər Talehi döymüşlər. Talehi təxminən 10-15 nəfər vurmuş, yerdə təpikləmiş, taxta və dəmir parçaları ilə vurmuşlar. Talehi vuranların hamısı Sahilin qohumları olmuşdur. Ortaya girdikdə həmin şəxslər ona da xəsarət yetirmişlər. Ruhin ona tərəf gələrək uca səslə demişdir ki, «bunun hamısını sən edirsən». Bundan sonra Sahil otaqdan düşüb gələrək Talehə cummuş və yerdən götürdüyü bellə sonuncunu vurmağa başlamışdır. Talehin üstünə yıxılaraq demişdir ki, «məni də öldürün». Bundan sonra həmin şəsxlər özləri Talehdən aralaşmışlar. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləmişdir. 19 iyul 2024-cü ildə saat 15 radələrində Zərərçəkmiş şəxslə eyni vaxt ayrı-ayrılıqda maşınlarda şirkətin həyətinə gəlmişlər. Şirkətin həyətində Taleh və dostu Zabil Rəhimovla bir yerdə dayanmışlar. Onun mobil telefonunda vacib zəng olduğundan Talehin yanından bir qədər kənarlaşmışdır. Bir müddət sonra səs-küy eşidib kampa tərəf baxdıqda 10 nəfər şəxsin Talehi döydüklərini və sonuncunun yerdə olduğunu görmüşdür. 10 nəfərin içərisində Sahil və Təqsirləndirilən şəxsları və Elşən adlı şəxsi tanımış, digər şəxsləri tanımamış və adlarını bilməmişdir. X14 fəryad edərək onları aralaşdırmağa çalışmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə yerində müşahidə kamerası olmuş və həmin gün işləmişdir. Kameranın işləməsi onun mobil telefonla çəkdiyi şəkildə görünmüşdür. Davada Elşən çox aktiv olmuş, Sahil Talehi bel ilə döymüş, həmçinin Ruhin də vurmuşdur. Hadisədən sonra Taleh çox pis halda olmuşdur. Hadisə baş verən yerlə onun arasında 40-50 metr məsafə olmuşdur. Talehi döyənlər axırda özləri aralaşmışlar. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla polisə zəng edərək Talehin döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı və hazırda da "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. Onu işə Sahil götürmüşdür. 19 iyul 2024-cü ildə saat 21 radələrində Səma Əmrahova ona əmək haqqını vermiş və o, xəstəsi olduğundan icazə alaraq yaşadığı Ağcabədi rayonunun Aşağı Qiyamadınlı kəndində yerləşən evinə getmişdir. Təxminən 2 saat sonra, yəni 19 iyul 2024-cü ildə saat 23 radələrində yaşadığı evdə olduğu vaxt Zərərçəkmiş şəxs başqa şəxslər tərəfindən şirkətin həyətində döyüldüyünü eşitmişdir. 20 iyul 2024-cü ildə səhər vaxtı işə gəldikdə həmin yerə altı nəfər polis əməkdaşı gəlmiş və ondan müşahidə kamerasının kartını istəmişlər. Müşahidə kameralarına baxdıqda kartın olmadığını görmüşdür. Hadisə günü müşahidə kameraları işlək vəziyyətdə olmuşdur. Sonradan eşitmişdir ki, kartları Sahil aparmışdır. İş yerində olduğu vaxt eşitmişdir ki, Talehi 10-15 nəfər yığışıb döymüş, Sahil Talehi bel ilə vurmuşdur. Hadisənin baş verməsini özü görməmişdir. Hadisə vaxtı yaşadığı evdə olmuşdur. Məhkəmədə elan olunmuş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 243 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, sağ arxa təpə nahiyəsinin şişkinliyi, döş qəfəsinin sağ yarısının arxa səthinin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön bayır səthinin sıyrıqları, sol gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin, sağ diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön bayır səthinin, sağ ayaq pəncəsinin bayır topuq nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T727/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, sağ arxa təpə nahiyəsinin şişkinliyi, döş qəfəsinin sağ yarısının arxa səthinin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön bayır səthinin sıyrıqları, sol gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin, sağ diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön bayır səthinin, sağ ayaq pəncəsinin bayır topuq nahiyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəratdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakter və lokasizasiyaları onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 244 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünümüdafiə xarakteri daşıyır, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə tədqiq oolunmuş sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini qismən etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, həmçinin məhkəmə baxışı nəticəsində məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, irəli sürülmüş ittiham üzrə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə zərərçəkmiş şəxsin vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Zərərçəkmiş şəxs tərəfindən dəvət edilərək məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu təsdiq etmir. Qeyd etmək zəruridir ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hadisədən sonra sürücülərin pulundan imtina etməsini Taleh ona demişdir. Sürücülərin pulunu təsisçi Səma verməmişdir. Bu səbəbdən şikayətlər etmiş, Taleh isə puldan imtina etməsini ona demişdir. Şahid1 ifadəsindən və iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin Şahid1 ünvanladığı 2-2/1-Ş-331/1-11/2025 saylı məktubdan məlum olmuşdur ki, sonuncu ilə Səma Əmrahova arasında pul mübahisəsi mövcuddur. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və onun təşəbbüsü ilə dəvət edilib ifadə verən şahidlər bəzi xüsusatlar barədə biri-birinə ziddiyyətli ifadələr vermişlər. Belə ki, zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, "xxxx" MMC-nin ərazisinə girib maşınını saxlamış, Ruhin gil ona yaxınlaşaraq demişlər ki, «sənin girişin qadağandır». "xxxx" MMC-nin Elşən adlı əməkdaşı onu çağıraraq direktor Sahil müəllimin onun girişini qadağan etdiyini ona demişdir. Həmin vaxt "xxxx" MMC-nin direktoru Sahilin iş otağına tərəf getməyə başlamışdır. Sahil kontenerdən çıxaraq onu söyərək ona tərəf qaçmışdır. Sahil ona tərəf gələrkən yerdən bel götürmüşdür. Sahil, Ruhin və digər şəxslər onu vurmuşlar. Dava təxminən 25-30 dəqiqə davam etmişdir. Bel, küt alət, ağac parçası və yumruqla onu vurmuşlar. Dava zamanı yerdə qalmış, onları heç kim ayırmamış, onu vuran şəxslər özləri aralaşmışlar. Ona birinci olaraq kimin zərbə vurduğunu bilməmişdir. Sahil onun başına və ayağına bel ilə vumuşdur. Hadisə zamanı Səma adlı qadın ağlayaraq demişdir ki, «Sahil eləmə». Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş T.N.Əhmədov ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü ildə Taleh Sahillə söhbət etmiş, sonra Sahil otağına getmişdir. Bundan sonra onun tanımadığı bir nəfər Talehə yaxınlaşaraq söhbət etmək üçün kənara çəkmişdir. Sahil otaqdan çıxaraq onlara tərəfə baxıb Talehə «şirkəti tərk et» demişdir. Həmin vaxt Talehlə söhbət edən şəxs Talehin sifətindən yumruqla vurmuş, Taleh yerə yıxılmışdır. Taleh yerə yıxıldıqdan sonra Talehi yerdə vurmağa başlamışlar. Sonra Sahil yaxınlaşaraq yerdən götürdüyü bellə Talehin ayağından vurmuşdur. Şirkətin təsisçisi Səma və orada aşpaz işləyən Natella adlı qadın səs-küy salaraq harayçılıq etmişlər. Onları sürücülər aralaşdırmışlar. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş S.H.Əmrahova ifadəsində göstərmişdir ki, o, Sahillə birlikdə sonuncunun otağında olduğu vaxt kampın həyətinə Taleh gəlmiş, həmin vaxt Sahil cibindən bıçaq çıxarıb ona göstərərək demişdir ki, «Talehi öldürərəm». Dava vaxtı Talehin ətrafına millət yığışmış, Ruhin Talehə demişdir ki, «Sahilə hörmətsizlik etmisən, şirkəti tərk et». Ruhin qəfildən Talehin üzündən yumruqla vurmuşdur. Taleh yerə yıxılmışdır. Elşən, İzzət, Elsevər, Ruhin və adını bilmədiyi bir neçə şəxslər Talehi döymüşlər. Talehi təxminən 10-15 nəfər vurmuş, yerdə təpikləmiş, taxta və dəmir parçaları ilə vurmuşlar. Talehi vuranların hamısı Sahilin qohumları olmuşdur. Ortaya girdikdə həmin şəxslər ona da xəsarət yetirmişlər. Ruhin ona tərəf gələrək uca səslə demişdir ki, «bunun hamısını sən edirsən». Bundan sonra Sahil otaqdan düşüb gələrək Talehə cummuş və yerdən götürdüyü bellə sonuncunu vurmağa başlamışdır. Talehin üstünə yıxılaraq demişdir ki, «məni də öldürün». Bundan sonra həmin şəsxlər özləri Talehdən aralaşmışlar. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş S.H.Əmrahov ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü ildə saat 15 radələrində Zərərçəkmiş şəxslə eyni vaxt ayrı-ayrılıqda maşınlarda şirkətin həyətinə gəlmişlər. Şirkətin həyətində Taleh və dostu Zabil Rəhimovla bir yerdə dayanmışlar. Onun mobil telefonunda vacib zəng olduğundan Talehin yanından bir qədər kənarlaşmışdır. Bir müddət sonra səs-küy eşidib kampa tərəf baxdıqda 10 nəfər şəxsin Talehi döydüklərini və sonuncunun yerdə olduğunu görmüşdür. 10 nəfərin içərisində Sahil və Təqsirləndirilən şəxsları və Elşən adlı şəxsi tanımış, digər şəxsləri tanımamış və adlarını bilməmişdir. X14 fəryad edərək onları aralaşdırmağa çalışmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə baş verən yerlə onun arasında 40-50 metr məsafə olmuşdur. Talehi döyənlər axırda özləri aralaşmışlar. Zərərçəkmiş şəxsin təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş M.Q.Cəfərov ifadəsində göstərmişdir ki, o, hadisə zamanı və hazırda da "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. 19 iyul 2024-cü ildə saat 21 radələrində Səma Əmrahova ona əmək haqqını vermiş və o, xəstəsi olduğundan icazə alaraq yaşadığı Ağcabədi rayonunun Aşağı Qiyamadınlı kəndində yerləşən evinə getmişdir. Təxminən 2 saat sonra, yəni 19 iyul 2024-cü ildə saat 23 radələrində yaşadığı evdə olduğu vaxt Zərərçəkmiş şəxs başqa şəxslər tərəfindən şirkətin həyətində döyüldüyünü eşitmişdir. İş yerində olduğu vaxt eşitmişdir ki, Talehi 10-15 nəfər yığışıb döymüş, Sahil Talehi bel ilə vurmuşdur. Hadisənin baş verməsini özü görməmişdir. Hadisə vaxtı yaşadığı evdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.3-cü maddəsində göstərilmişdir ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında cinayət işinin ibtidai istintaqını aparmış Ağdam Rayon Polis X3 müstəntiqi X2 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs 19 iyul 2024cü ildə saat 15 radələrində işğaldan azad edilmiş Ağdam rayonunun Qızıllı kəndi ərazisində yerləşən "xxxx" MMC-nin kampında Təqsirləndirilən şəxs yumruq və təpiklə bir neçə dəfə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi faktına görə ********* (1(013)-21/2025) nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ibtidai istintaq aparılması məqsədi ilə icraatına qəbul edilmişdir. Sözügedan qərarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu barədə cinayət işindən material ayrılaraq Ağdam Rayon Prokurorluğuna göndərilmişdir.Həmçinin Şahid1, Şahid3, Şahid4, Şahid2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu barədə cinayət işindən material ayrılaraq Ağdam Rayon Prokurorluğuna göndərilmişdir. Həmçinin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında müstəntiq X2 xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, X6, X7 və X5 Şahid1 ilə aralarında ədavət olmasına görə istintaq zamanı qərəzli ifadə vermələri nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 29 aprel 2025-ci il tarixə qədər dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 5 saat sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 5 iş saatı üçün hər saatı 6 manat olmaqla 30 (otuz) manat vəkil X1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-21/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-21/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver