Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-24/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Şahverən Məhərrəmov məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində Ağdam Rayon Mərkəzi X6 Şəxsin direktoru vəzifəsində işləyən X2 onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq «keçəl» deyə müraciət etməklə təhqir etdiyinə görə barəsində CM-nin 148-ci maddəsi ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. Xüsusi ittihamçı Şahverən Məhərrəmov şikayətini onunla əsaslandırmışdır ki, şəhid ailəsidir, məcburi köçkün kimi Ağdam Rayon Baharlı Qəsəbəsində məskunlaşmışdır. 21 may 2024-cü il tarixdə qonşusu X4 onu söyüb təhqir etməsindən və böhtan atmasından sonra həmin gecə ciddi xəstələnmiş, təcili tibbi yardım çağırmış, bir neçə gün ardıcıl olaraq üstünə 3 dəfə təcili yardım gilmişdir. Vəziyyəti ağırlaşdığı üçün xx.xx.2024-cü il tarixdə saat 07-47-də üstünə yenidən təcili yardım gəlmiş, həmin gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinələrdən keçsə də heç bir müalicə işi aparılmamış, yalnız bir dəfə ona bir ağrıkəsici vurulmuşdur. Ona görə də Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Canəli Nəbiyevin qəbuluna getmiş, ona şikayətini bildirmişdir. Bundan əvvəl də baş həkimin qəbulunda olmuş, baş həkim təkrar onun şikayətini dinlədikdən sonra götürüb qəbul otağının şöbə müdirinə zəng edərək demişdir ki, "yanınıza bir keçəl göndərmişdim, onu qəbul etdiniz", cavabında onun əsəbi olduğunu bildirərək nəsə deyilmişdir. Baş həkim əsəbləşməsinin səbəbini soruşduqda xəstəliyinin elə əsəb xəsətəliyi olmasını demiş və həkimdən nəyə görə onu müalicə etmədiklərini tələb etmişdir. Həkim telefonla zəng edərək polis çağıraraq onu aparmasını bildirmiş, belə olan halda tez baş həkimin otağından çıxaraq Ağdam Rayon Prokurorluğuna qaçaraq şikayətini onlara da bildirmişdir. Oradan da bir xəbər çıxmamış və yuxarı orqanlara və TƏBİBə zəng edərək baş həkimin özbaşınalığı barədə məlumat vermişdir. Müraciət etdiyi bütün orqanlar məhkəməyə ona müraciət etməsini tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi C.Nəbiyev vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə etməklə adı olduğu halda şəxsiyyətini alçaltmış, ona «keçəl» deməklə onu təhqir etmişdir. Ona görə də hesab edir ki, C.Nəbiyev onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CMnin 148-ci maddəsi ilə cinayət təqibi başlanmalı və o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Xüsusi ittihamçı Şahverən Məhərrəmov məhkəmə iclasları barədə məlumatlandırılsa da təkrarən məhkəməyə gəlməmiş, telefon əlaqəsi zamanı özünün Bakı Şəhərində xəstə olmasını bildirmiş, məhkəməyə sağaldıqdan sonra gələcəyini bildirmişdir. Xüsusi ittihamçı Ş.Məhərrəmov məhkəməyə xəstəliyi ilə bağlı hər hansı sənəd göndərməmiş, həmçinin məhkəməyə onu təmsil etmək üçün nümayəndə də göndərməmişdir. Barəsində icraat aparılan şəxs Canəli Nəbiyev məhkəmə iclasında şikayətə münasibət bildirərək göstərdi ki, həqiqətən Şahverən Məhərrəmov xəstəliyi ilə bağlı xəstəxanaya müraciət etmiş, xəstəyə lazımi diqqət edilmiş, lakin Ş.Məhərrəmov onunla bağlı aparılan müalicələrdən narazı qalmış, onun qəbuluna gəlmişdir. Qəbulda olarkən Ş.Məhərrəmov yüksək səs-küylə danışmış, heç kimi eşitmək istəməmişdir. Bundan sonra Ş.Məhərrəmovu sakitləşdirərək müalicə həkiminin yanına göndərmişdir. Ş.Məhərrəmova "keçəl" deməkdə heç də onu təhqir etmək niyyətində olmamış, yalnız Ş.Məhərrəmovun fərqləqndirici əlaməti kimi, həkimin onu tanıması üçün belə bir sözü işlətmişdir. Ona görə də hesab edir ki, əməlində heç bir təhqirlə bağlı əlamət yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında təqib aparılan C.Nəbiyevi dinləyib, təqdim olunmuş ilkin materiallara qiymət verərək belə hesab edir ki, C.Nəbiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi başlanması barədə xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, barəsində xüsusi ittiham qaydasında verilmiş əməldə cinayət əlamətləri olmadığından həmin Məcəllənin 300.1.3, 302.1.6-cı maddələrinə əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə görə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi təhqir, yəni kütləvi nümayiş etdirilən əsərlərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Xüsusi İttiham Qaydasında X7 Baxılması üzrə Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndi nəzərdə tutur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir : şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.2.3-cü maddəsi nəzərdə tutur ki, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin məhkəmə baxışına çıxarılmasından imtina edilməlidi. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 300 və 302-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 - barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-24/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-24/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver