Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-24/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1966-cı ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının 19-da saat 18:30 radələrində ayıq halda və BC752636 seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi tanışı Şahid4 etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq sonuncuya məxsus olan «Mercedes Benz 190» minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı- Əfətli kəndlərarası avtomobil yolunun 23-cü kilometrliyində Ağdam rayonu Zəngişalı kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu Əfətli kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu bunu etməyərək həmin vaxt yolu keçən piyada X5 avtomobilin ön hissəsi ilə vurmuş, onun ehtiyatsızlığı nəticəsində X10 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölmüşdür. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 19 oktyabr 2024-cü ildə saat 18:30 radələrində tanışları Şahid4, Şahid1 və Rəşadın uşağı Nihadla birlikdə Quzanlı qəsəbəsindən Əfətli kəndinə tərəf getmişlər. «Mercedes Benz 190» markalı avtomobil Rəşada məxsus olmuş, lakin Rəşadın sürücülük vəsiqəsi olmadığından avtomobili o, idarə etmişdir. Zəngişalı kəndində qarşıdan gələn avtomobilin işıqları onun gözünə düşmüş, təxminən 5 metr məsafədə yolu soldan sağa keçən piyadanı görmüş, tormoz əyləcini basmış, lakin piyadanı vurmuşdur. Avtomobildən düşdükdən sonra vurduğu şəxsin qonşu kənd sakini Sokrat Mahmudov olduğunu görmüş və Sokratı xəstəxanaya aparmışlar. Sokrat xəstəxanada vəfat etmişdir. Hadisə zamanı avtomobili təxminən 50-60 km/saatda sürətlə idarə etmişdir. Sokratın yas mərasiminə kömək etmiş, həmçinin yaxın qohumları yas mərasiminə getmişlər. İlk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində məhkəmədə ifadə verən İ.S.Mahmudov bildirmişdir ki, hadisə zamanı Bakı şəhərində olmuşdur. Hadisə zamanı vəfat etmiş Sokrat Mahmudov onun atası olmuşdur. Atasının vəfatını eşitdikdən sonra Ağdam rayonuna gəlmişdir. Təqsirləndirilən şəxs və yaxınları yas mərasimində iştirak etmişlər. Təqsirləndirilən şəxslə barışdığından, dəymiş ziyan ödənildiyindən və hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyindən şikayətçi olmadığını qeyd etmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, «Mercedes Benz 190» minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Sürücülük vəsiqəsi olmadığından hadisə zamanı onun avtomobilini Təqsirləndirilən şəxs idarə etmişdir. Avtomobilin qarşı sağ oturacağında o, arxa oturacağında isə oğlu Nihad və həmkəndlisi Rahim oturmuşlar. Hava qaranlıq olmuş, qarşıdan gələn avtomobilin işıqları onların gözünə düşmüş və Rövşən qəflətən yola çıxmış Sokrat Mahmudovu vurmuşdur. Hadisədən dərhal sonra Sokratı xəstəxanaya aparmışlar. Sokrat xəstəxanada vəfat etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı vəfat etmiş Sokrat onun babası olmuşdur. Hadisə zamanı o, anası Şahid3 və azyaşlı uşaqları asfalt yolun sağ tərəfində olmuşlar. Babası Sokrat asfalt yolu sol tərəfdən sağ tərəfə keçmək istəmişdir. Həmin vaxt avtomobil Sokratı vurmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmədə tədqiq olunmuş meyitin ekspertizasının xx.xx.2024-cü il tarixli 24 saylı rəyindən görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X4 meyitinin bədənində aşağıdakı xəsarətlər - döş qəfəsinin sol yarısında orta körpücük xətti üzrə İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sol ağ ciyərin yaralanmaları, sağ mil-bilək oynağının çıxığı, sağ bazunun 1/3-nin, sağ körpücük sümüklərinin sınıqları, arxa təpə, sol alın-gicgah nahiyələrinin, sağ əlin baş barmağının arxa səthinin əzilmiş-cırılmış yaraları, sol gözətrafı nahiyənin, sağ bazu oynağının ön səthinin, sağ saidin aşağı 1/3-nin və sağ əlin arxa səthinin, sağ sağrı nahiyəsinin, sol bud-çanaq oynağının bayır səthinin qançırları, sol diz oynağının ön və yan səthlərinin sıyrıqları vardır. -Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı minik avtomobilinin piyadanı vurması zamanı törənə bilərlər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. -X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar qabırğaların çoxsaylı sınıqları ilə sol ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. -X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 14-16 saat olar baş vermişdir. -X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.(xx.xx.2024-cü il tarixli 3649K saylı akt). Məhkəmə avtotexniki ekspertizasının 31 yanvar 2025-ci il tarixli 8/3477 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Mercedes Benz 190» minik markalı 10SF389 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3982/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil,butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin, fenotuiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2021-ci ildə verilmiş BC752636 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs 10 il müddətə, yəni xx.xx.2031-ci il tarixə qədər B, B1 kateqoriyalı yeni sürücülük vəsiqəsi verilmişdir. AC № 441126 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz 190» minik markalı 10SF389 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Gəncə şəhər 5 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə 11060 reyestrlə təsdiq olunmuş ƏN-İX № 376901 saylı etibarnamənin surətindən görünür ki, X11 nümayəndəsi X7 vasitəsi ilə «Mercedes Benz 190» minik markalı 10SF389 dövlət qeydiyyat nişanlı avtomobili Şahid4 etibar etmişdir (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s.). Zərərçəkmiş şəxsin hüquqi varisi İ.S.Mahmudovun ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışdığından sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ondan şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis X17 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi «Mercedes Benz 190» minik markalı 10SF389 dövlət qeydiyyat nişanlı avtomobil sahibi X8 qaytarılmalıdır. İş materiallarında olan müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis X17 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi «Mercedes Benz 190» minik markalı 10SF389 dövlət qeydiyyat nişanlı avtomobil sahibi X8 qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat fərdi qaydada fəaliyyət göstərən vəkil X2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-24/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-24/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver