Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-26/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Laçın rayonunun Alpovud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Çəmənli ərazi dairəsinin Sarıcalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Çəmənli ərazi dairəsinin Sarıcalı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saat 12 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Ağdam rayonunun Mahrızlı kəndində yerləşən X2 məxsus olan, Ağcabədi rayonu, Hacılar kəndində yaşayan Zərərçəkmiş şəxs müvəqqəti icarəyə götürdüyü saxlanc yeri hesab edilməyən otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus qiyməti 1450 manat olan bir baş dişi cinsli, bir il altı aylıq iribuynuzlu heyvanı oğurlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, uşağı xəstə olduğundan aptekə 490 manat borcu qalmışdır. 30 noyabr 2024-cü ildə saat 12 radələrində sahədən inək oğurlamaq qərarına gəlmiş və Elçin adlı «Qazel» sürücüsünə zəng vuraraq mal aldığını, həmin malı qəssabxanaya aparmaq lazım olduğunu Elçinə demişdir. Elçinlə sürücülük haqqı olaraq 30 manata razılaşmış, sonuncuya 20 manat vermiş, 10 manat isə axşam verəcəyini demişdir. Heyvanı Şakirin qəssabxanasında kəsmişlər. Heyvan cəmi 102 kiloqram olmuşdur. Tanışı Mübarizə 470 manat borcu olduğundan sonuncuya 32 kiloqram ət vermişdir. Qalan 70 kiloqram əti hər kiloqramı 12 manatdan əvvəllər günü 20 manata yanında fəhlə işlədiyi Şakirə satmışdır. Şakir ona verməli olduğu 930 manatdan cəmi 100 manat vermiş, qalan pulu isə əti satandan sonra verəcəyini demişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı ödədiyini və himayəsində xəstə azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmədə iştirak etməyən Zərərçəkmiş şəxs iş materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, onun səkkiz baş iribuynuzlu heyvanı var. 2024-cü ilin noyabr ayının 10-da Ağdam rayonu Mahrızlı kənd sakini X1 həmin kəndin qəbiristanlığının yaxınlığında olan pay torpağını heyvanlarının otlaması üçün 2 aylığa icarəyə götürmüşdür. Ona məxsus iribuynuzlu heyvanlardan ikisi Ağcabədi rayonunun Hacılar kəndində yerləşən həyətyanı sahədə olan tövlədə qalır, digər altı başı isə hər gün saat 10-11 radələrində Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən otlaq sahəsinə aparıb bağlayıb evə qayıtmış, günorta yeməyindən sonra isə yenidən sahəyə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yenə altı baş iribuynuzlu heyvanı otlaq sahəsinə aparıb otlaması üçün yerə bərkitdiyi dəmir parçasına bağlayıb evə qayıtmışdır. Saat 14 radələrində otlaq sahəsinə yenidən gedən zaman iribuynuzlu heyvanlardan birinin olmadığını aşkar etmişdir. X4 Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra uzun müddət axtarsa da, heyvanı tapa bilməmişdir. Sonradan polis əməkdaşları heyvanı oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Həmin iribuynuzlu heyvan sarımtıl ala rəngli, dişi cinsli, bir il altı aylıq, təxminən ümumi çəkisi 250 kiloqram olmuşdur. Polis əməkdaşları onu qəssabxanaya aparıb baxış keçirən zaman heyvanının kəsilmiş vəziyyətdə olduğunu görmüş, başından və dərisindən heyvanın ona məxsus olduğunu bilmiş, həmin vaxt heyvanın əti ona təhvil verilmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, 30 noyabr 2024-cü ildə günorta vaxtı tanışı Fəxri ona zəng edərək şəriki ilə mal aldığını, kəsmək üçün malı qəssabxanaya aparmaq lazım olduğunu demişdir. Fəxri ilə 30 manata malı aparmağa razılaşmışdır. Fəxri ona 20 manat vermiş, 10 manat isə axşam verəcəyini demişdir. Heyvanı özünə məxsus «Qazel»lə qəssabxanaya aparmışdır. Heyvanın oğurluq olmasından məlumatı olmamışdır. Şahid qismində məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, tanışı Fəxrinin ona 470 manat borcu olmuşdur. Fəxri ona zəng edərək bıçaqları götürüb Quzanlıya gəlməsini ona demişdir. Fəxrinin evinə gedərək sonuncunun anasından qəssab bıçaqlarını götürüb Quzanlıya gəlmişdir. Quzanlıya gəldikdən sonra Fəxri ilə birlikdə bir baş heyvanı Şakirin qəssabxanasına aparmışlar. Şakirin qəssabxanasında heyvan kəsildikdən sonra Fəxri ona olan 470 manat borcunun əvəzində 32 kiloqram ət vermişdir. Şahid3 məhkəmədə dindirilərkən ifadəsində göstərmişdir ki, tanışı Mübariz ona zəng edərək onun qəssabxanasında mal kəsmək istədiyini demişdir. Mübarizin mal kəsməsinə etiraz etməmişdir. Mübariz Fəxri ilə birlikdə onun qəssabxanasına bir baş heyvan gətirərək orada kəsmişdir. Ət bölündükdən sonra yerdə qalan 72 kiloqram əti ona 930 manata satmışlar. Ətin pulundan 100 manat Mübarizə vermiş, Mübariz isə həmin məbləği Fəxriyə vermişdir. Qalan pulu əti satandan sonra ödəyəcəyini Mübarizgilə demişdir. Məhkəmədə elan olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1167 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir baş dişi cinsli, bir il altı aylıq, təmiz çəkisi 112 kq olan iribuynuzlu heyvanın 2024-cü ilin oktyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 1450 manat müəyyən edilir. Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, cinayət nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 18:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2024-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət səkkiz gün islah işləri cəzasına hesablanaraq ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək tutduğu əməldən peşimançılıq hissi keçirməsi, himayəsində xx.xx.2023-cü ildə anadan olmuş Turan adlı azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun onunla barışaraq ona qarşı şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 saat sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, iki il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət səkkiz gün islah işləri cəzasına bərabər hesablansın və ona təyin edilmiş islah işləri cəzasından çıxılmaqla, üzərində qəti olaraq qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il on bir ay iyirmi iki gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-26/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-26/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver