Məhkəmə qərarları › İş №1(013)-29/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-29/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-29/2024 16.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, «Altıncı mərtəbə» adlı tikinti şirkətində fəhlə işləyən, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən küçəsi 112-ci korpus ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 14 (on dörd) ədəd patronu, təyinatı üzrə hamarlüləli odlu ov silahlarında və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan və istifadəyə yararlı bir ədəd kağız zərfdə tünd boz rəngli silindrik formalı maddə kütləsinin tərkibi karbon, aliminium, natrium kimi kimyəvi elementlər və nitrobirləşmələr (NO3, NO2) olan partlayıcı maddə-tüstüsüz barıtı qanunsuz əldə edib cinayətdən xəbərsiz Şahid7 idarə etdiyi, “Hundai” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının üzərində olan, özünə məxsus qış gödəkçəsinin sağ yan cibində saxlayaraq Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədilə yaradılmış Ağdam rayonu Əhmədavar kəndi ərazisində fəaliyyət göstərən 16 saylı nəzarət buraxılış məntəqəsinədək daşıyaraq gətirmiş, 09 may 2024-cü ildə saat 17 radələrində həmin nəzarət buraxılış məntəqəsində xidmətdə olan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobillə saxlanılaraq Ağdam Rayon Polis Şöbəsinə gətirilib keçirilmiş baxış zamanı avtomobilin sərnişin oturacağının üzərində olan, özünə məxsus qış gödəkçəsinin sağ yan cibindən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı on dörd ədəd patron, təyinatı üzrə hamarlüləli odlu ov silahlarında və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan və istifadəyə yararlı bir ədəd kağız zərfdə tünd boz rəngli silindrik formalı maddə kütləsinin tərkibi karbon, aliminium, natrium kimi kimyəvi elementlər və nitrobirləşmələr (NO3, NO2) olan partlayıcı maddə-tüstüsüz barıt aşkar olunaraq götürülənədək qanunsuz olaraq əldə edərək saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, Xocalı rayonunda mebel şirkətində fəhlə işlədiyi vaxt köhnə həyətdə qutunun içərisində patronlar tapmışdır. Həmin patronları təsbeh düzəltməyə görə götürmüşdür. Patronların barıtını selofana boşaltmışdır. Patronları və barıtı gödəkçəsinin cibinə qoymuşdur. Onunla bir şirkətdə işləyən sürücü Şahid7 idarə etdiyi avtomobildə Xocalı rayonundan geri qayıdarkən postda yoxlanılarkən patronlar və barıt aşkar edilmişdir. Xəstə olduğu üçün hərbi xidmətə aparılmadığını, patrondan istifadə etmək qaydasını bilmədiyini, ilk dəfə olaraq cinayət törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X1 Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, daxili əmrlə polis şöbəsində kriminalist köməkçisi işləyir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən patron və barıt aşkar edilmişdir. Rəcəb patronları təsbeh düzəltmək üçün saxladığını etiraf etmişdir. Qeyd edilən tədbir onun tərəfindən videoya çəkilmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 9-10 may 2024-cü ildə oğlu Rəcəbin müdiri Mərdən ona zəng vuraraq Rəcəbin üzərindən patron aşkar edildiyindən tutulduğunu ona demişdir. Şahid7 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, 2014-cü ildən «Altıncı mərtəbə» adlı tikinti şirkətinin mebel sexində sürücü fəhlə işləyir. Təxminən 7-8 ildir Təqsirləndirilən şəxs onunla bir yerdə işləyir. Həmin gün Xocalı rayonuna mebel aparmış və geri qayıdarkən idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs da özü ilə gətirmişdir. Xocalı və Ağdam rayonları arasında olan postdan keçərkən polis əməkdaşları avtomobili yoxlamışlar. Hava isti olduğu üçün Rəcəb gödəkçəsini əynindən çıxararaq əlində saxlamışdır. Yoxlama vaxtı Rəcəbin gödəkçəsinin cibindən patron və barıt aşkar edilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 16/536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iyirmi dörd ədəd predmet 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş on dörd ədədi patrondur, döyüş sursatı hesab edilirlər, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Digər on ədədi isə 7,62x39 mm kalibrli patron hissəsidir-gülləsidir, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadəyə (atəşə) yararsızdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd patron gülləsi zavod üsulu ilə istehsal edilmiş, “LİRV” , «HCB» (Entc), «ZrÖ-12,7, «Rjhl» iri kalibrli pulemyotlarda, “OCB-96” snayper tüfənglərində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, 12,7x108 mm kalibrli, döyüş sursatı hesab edilən patronun hissəsidir-gülləsidir və hazırki vəziyyətdə döyüş sursatı hesab edilmir. Təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/911 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdə tünd boz rəngli silindrik formalı maddə kütləsinin tərkibi karbon, alüminium, natrium kimi kimyəvi elementlər və nitrtobirləşmələr (NO3-NO2) olan partlayıcı maddə-tüstüsüz barıtdır. Barıt zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə hamarlüləli odlu ov silahlarında və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunur və istifadəyə yararlıdır. Təqsirləndirilən şəxs məxsus xx.xx.2020-ci ildə verilmiş ******* saylı hərbi biletin surətindən görünür ki, o, hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 20:41-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(013)-11/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki ay yeddi gün müddət dörd ay on dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxsə cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda onun ailədə mənfi davranışını təsdiq edən məlumatların olmaması nəzərə alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki,təqsirləndirilən şəxs yaşadığı yerdə müsbət xarakterizə olunmaqla, onun mənfi xarakteri barədə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs qış gödəkçəsinin cibindən aşkar edilmiş sarı rəngli parçaya bükülmüş vəziyyətdə 14 ədəd patron, bir ədəd ağ rəngli zərfdə olan barıt kütləsi və gödəkçənin cibindən siqaret qutusunun içərisində olan 11 ədəd güllə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhcizat Anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olmaqla işə əlavə edilmiş Təqsirləndirilən şəxs paltarına baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 145 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki ay yeddi gün gün müddət dörd ay on dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il bir ay on altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3cü mədən küçəsi 112-ci korpus 3 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs qış gödəkçəsinin cibindən aşkar edilmiş sarı rəngli parçaya bükülmüş vəziyyətdə 14 ədəd patron, bir ədəd ağ rəngli zərfdə olan barıt kütləsi və gödəkçənin cibindən siqaret qutusunun içərisində olan 11 ədəd güllə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhcizat Anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs paltarına baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 145 (yüz qırx beş) manat qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar