Məhkəmə qərarları › İş №1(013)-3/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-3/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-3/2024 20.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(072)-016/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcələnin 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı saxlanıldığı iki gün müddət islah işləri növündə cəza müddətinə bir günə dörd gün hesabı ilə səkkiz günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il beş ay iyirmi iki gün müddətə islah işləri cəzası təyin edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonunun Şükürbəyli kəndində qeydiyyatda olan, Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə 117 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü ildə istintaqla dəqiq müəyyən edilməyən vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd polietilen torbada, təmiz çəkisi 77,73 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz əldə edib 08 noyabr 2023-cü il, saat 21:13-dək, yəni işğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafq əmri ilə yaradılmış Ağdam rayonunun Evoğlu kəndində fəaliyyət göstərən polis nəzarət buraxılış məntəqəsində Şahid1 etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmaqla həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerində olan ona məxsus çantadan aşkar edilib götürülənədək satış məqsədi olmadan qanunsuz əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, narkotik vasitələrin daimi istifadəçisi olmamışdır. Xankəndi şəhərində fəhlə işləməklə ailəsini dolandırmışdır. Xocalı rayonunda bir evdə yaşamışdır. Həmin evdə olan şkafda paltarlarını saxlamışdır. Paltar saxladığı şkafdan narkotik vasitə tapmış və onu əl çantasına qoyaraq Biləsuvar rayonunda yerləşən evinə getmək istəmişdir. Əsgəran rayonunda üzdən tanıdığı Ramil adlı şəxsin avtomobilinə minmişdir. Ağdam rayonunun Evoğlu kəndində polis əməkdaşları onları saxlayaraq çantalarına baxış keçirmiş və narkotik vasitəni aşkar etmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, özünə məxsus «Mercedes» markalı avtomobillə Şahid2 və Şahid3la birlikdə işlədiyi Xankəndi şəhərindən gələrkən Əsgəran ərazisində Təqsirləndirilən şəxs onu saxladıb aparmağı xahiş etmişdir. Ağdam rayonunun Evoğlu kəndində polis əməkdaşları onları saxladaraq əşyalarına baxmışlar. Həmin vaxt İlhamın əl çantasından marixuana aşkarlanmışdır. İlham marixuananın ona məxsus olduğunu və özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Ağdam Rayon Polis Şöbəsinin Kriminalis-Təhqiqatlar Qrupunun əməliyyat baş inspektorkiriminalisti Şahid6 ifadəsində bildirmişdir ki, 08 noyabr 2023-cü ildə saat 20-21 radələrində Şahid1 avtomobilinə və orada olan çantalara baxış prosesininin videoçəkilişini aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasından marixuana aşkarlanmışdır. İlham marixuananın ona məxsus olduğunu və özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «xx.xx.2023-cü ildə Ağdam rayonu Evoğlu kəndində Ağdam Rayon Polis Şöbəsinin 12 saylı NBM-də «Mercedes Benz» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan əl sumkasında rəngli sellofan torbada yaşıl rəngli bitki kütləsi» yazı və imzalar olan kağız paketdəki bir ədəd polietilen paketdə təmiz çəkisi 77,73 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır, tərkiblərinə görə eynidir. Qurudulmamış marixuananın ilkin təmiz çəkisi 77,73 qram olmuş, tədqiqata cəmi sərf edilmiş 0,04 qram, qalıq 77,69 qramdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2077 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(072)-016/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcələnin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı saxlanıldığı iki gün müddət islah işləri növündə cəza müddətinə bir günə dörd gün hesabı ilə səkkiz günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il beş ay iyirmi iki gün müddətə islah işləri cəzası təyin edilmişdir. Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 162399/2022- 60-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(072)-016/2022 saylı hökmü ilə təyin olunmuş qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il beş ay iyirmi iki gün müddətə islah işləri cəzasını çəkməmiş və həmin cəza onun üzərində qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(072)-016/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş və çəkilməmiş qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il beş ay iyirmi iki gün müddətə islah işləri cəzası həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla dörd ay on üç gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokol və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 21:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən və onun olduğu yer məlum olmadığından Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-03/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarış elan olunmuş və o, tapılanadək 1(013)-03/2024 saylı iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuş Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-61/2-1916/2024 saylı məktubundan və axtarışda olan şəxsin müəyyən edilib saxlanılması barədə xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işinə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də ictimai təhlükəli əməl törədərək məhkum olunmuş və təyin olunmuş cəzanı çəkməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran olmasa da onun əvvəllər məhkum olunmaqla cəzanı çəkmədən yenidən cinayət törətməsi şəxsiyyətini xarakterizə edən haldır. Məhkəmə qeyd edilən halı, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan 77,69 qram narkotik vasitə qurudulmamış marixuana məhv edilməli, «Mercedes Benz» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobildə olan əşyalara baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 30,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 8 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(072)-016/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş və çəkilməmiş qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il beş ay iyirmi iki gün müddətə islah işləri cəzası həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla dörd ay on üç gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində bir il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 77,69 qram narkotik vasitə qurudulmamış marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə və həmin avtomobildə olan əşyalara baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 8 iş saatı üçün hər saatı 6 manat olmaqla 48 (qırx səkkiz) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar