Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-30/2024 23.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 07 avqust 1980-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Sarıcalı kəndində yaşayan, barəsində başqa yerə getmməək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə saat 21:20 radələrində Ağdam rayonunun Sarıcalı kəndi ərazisində bacısı Şahid3 barəsində xoşagəlməz söhbətlər danışaraq tanışları arasında rüsvay etdiyini əsas gətirərək irad bildirdiyindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Vüsalənin ünvanına xoşagəlməz sözlər danışdığından və Vüsaləyə əxlaqsızlıq təklif etdiyindən aralarında mübahisə yaranmışdır. Bu mübahisəyə görə 15 may 2024-cü ildə axşam vaxtı Ağdam rayonunun Sarıcalı kəndində küçədə Samirin sifət nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. İlk dəfə olaraq cinayət törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 07 may 2024-cü ildə gecə vaxtı yaşadığı evin küçəsində sürücüsü olmayan tanımadığı avtomobilin dayandığını görmüşdür. Qonşularla birlikdə avtomobilin sahibini gözləsələr də sonuncu gəlməmişdir. Təxminən 1-2 gün sonra Beyrəkin bacısı Vüsalə ona zəng vuraraq niyə onun barəsində əxlaqsız sözlər danışdığını demişdir. 15 may 2024-cü ildə saat 21 radələrində yaşadığı evin küçəsində olarkən Beyrək və Samirə onun qarşısını kəsmiş, Samirə ona böhtan ataraq güya onun Samirəyə əxlaqsız hərəkətlər təklif etdiyini demişdir. Həmin vaxt Beyrək yumruqla bir dəfə onun sifət nahiyyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şahid3 şahid qismində məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona şər ataraq gecə vaxtı onun evinə adam gəldiyini və avtomobili küçədə saxladığını demişdir. Samir ona əxlaqsız təkliflər etmişdir. Bu barədə qardaşı Beyrəkə demiş, Beyrək isə Samiri yumruqla vurmuşdur. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gözyuvasıaltı, sağ gözyuvasıüstü nahiyələrinin qançırları, burun qanaxması ilə burun nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X1 Dispanserinin xx.xx.2024-cü il tarixli 1378 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Elman və xx.xx.2019-cu ildə anadan olmuş Mələk adlı iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 saat sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-30/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-30/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver