Məhkəmə qərarları › İş №1(013)-32/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-32/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-32/2024 30.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X6 ilkin səhiyyə xidmətində qeydiyyatçı işləyən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Ağdam şəhəri 20 Yanvar küçəsi döngə 9 ev 3-də qeydiyyatda olan, Ağdam rayonu Quzanlı qəsəbəsi ev 393-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni “FARAN Methadone 40” əmtəə yazısı olan tamlığı pozulmuş 01 (bir) ədəd konvalyutda 1 (bir) ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadonu qanunsuz olaraq əldə edib Ağdam rayonu Quzanlı qəsəbəsində Şahid4 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikiliyə daşımaqla 1 (bir) ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadonu yardımçı tikilidə divanın üzərində olan qəhvəyi rəngli çantada 28 mart 2024-cü il saat 21:19-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə psixotrop maddəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Bundan başqa o, satış məqsədi ilə istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş, yəni 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd ağ kağız bükümün içərisindəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib 28 mart 2024-cü il, saat 22:39-dək, yəni Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quzanlı qəsəbəsi ərazisində yerləşən Şahid4 yaşadığı fərdi yaşayış evində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim edənədək satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, bir ildən artıqdır narkotik vasitədən istifadə edir. Tutulmamışdan 1 gün əvvəl Ağdam rayonu ərazisində boşluq sahədən metadon və metamfetamin tapmışdır. Şahid4la dostluq etdiyi üçün sonuncunun evinə hərdən gedərək narkotik vasitədən istifadə etmişdir. Metadon və metamfetamini özü istifadə etmək üçün saxlamış, onları satmaq niyyəti olmamışdır. Elnurun evinin həyətindəki yardımçı tikilidə olduğu vaxt polis əməkdaşları gələrək Elnurla onun üzərinə baxış keçirmişlər. Onun üzərindən metamfetamin və metadon aşkar edilmişdir. Elnurun üzərindən heroin və evindən elektron tərəzi aşkar edilmişdir. Bundan başqa polis əməkdaşları onun iştirakı olmadan yaşadığı evə baxış keçirmiş, lakin qanunsuz heç bir əşya aşkar etməmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində məhkəmədə dindirilərkən göstərmişdir ki, narkotik vasitə saxlamaları və satmaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs və Şahid4 evlərinə və üzərlərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs evindən hər hansı bir qanunsuz əşya aşkar edilməmiş üzərindən isə metadon və metamfetamin aşkar edilmişdir. Elnurun evindən elektron tərəzi, üzərindən isə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitə satmaları təsdiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağdam Rayon Polis Şöbəsinin Kriminalist- Təhqiqatlar Qrupunun əməliyyat baş inspektor-kiriminalisti Şahid3 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə vermişlər. Şahid qismində məhkəmədə ifadə verən Şahid4 göstərmişdir ki, 2024-cü ilin mart ayında dostu Rza ilə birlikdə narkotik maddə əbul etmək istəyərkən polis əməkdaşları otağa daxil olaraq ona məxsus heroini, Rzaya məxsus metadon və metamfetamini aşkar edib götürmüşlər. Onun və Rzanın narkotik satmaq fikri olmamışdır. Əvvəllər də Rza ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketi açdıqda, içərisində, üzərində “Faran Methadone 40” əmtəə yazısı olan tamlığı pozulmuş 1 (bir) ədəd konvalyutda 1 (bir) ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan həb zavod üsulu ilə hazırlanmış metadon həbidir, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. Metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr» in siyahısına (İİ siyahı) daxildir. Tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki, 1 (bir) ədəd iç-içə kağız bükümdə və digər 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,089 qram, ümumi təmiz çəkisi 0,932 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr» in siyahısına (İ siyahı) daxildir. Tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd karton qutuda olan 1 (bir) ədəd elektron tərəzi üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd kağız bükümün içərisindəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr» in siyahısına (İ siyahı) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd plastik qabda olan bir ədəd kağız bükümün içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd konvalyutda bir ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadonu satmaq niyyətində olmasını təsdiq etmək üçün məhkəməyə ittiham tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd plastik qabda olan bir ədəd kağız bükümün içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd konvalyutda bir ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadonu satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehlak etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması məhkəmə baxışında sübut olunmamışdır. İşə baxılarkən məlum olduğu kimi Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məhkəmə baxışında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli PX0001736 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 8 ay 01 gün hissəsini çəkmiş, xx.xx.2024-cü il tarixə cəzanın çəkilməmiş hissəsi 9 ay 25 gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 25 gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 4 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokol və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 21:55-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2016-cı ildə anadan olmuş Banuçiçək, xx.xx.2018-ci ildə anadan olmuş Mehri, xx.xx.2023-cü ildə anadan olmuş Ağamir adlı üç azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, həmçinin atası X4 İ qrup gözdən əlil olmaqla İ Qarabağ Müharibəsi qazisi olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işinə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də ictimai təhlükəli əməl törədərək məhkum olunmuş və təyin olunmuş cəzanı çəkməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran olmasa da onun əvvəllər məhkum olunmaqla cəzanı çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsi şəxsiyyətini xarakterizə edən haldır. Məhkəmə qeyd edilən halı, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd plastik qabda olan bir ədəd kağız bükümün içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd konvalyutda bir ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadon məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks edirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 60,80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil T.S.Süleymanov Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(013)-39/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş qəti olaraq bir il beş ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş doqquz ay iyirmi beş gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla dörd ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq bir il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində bir il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd plastik qabda olan bir ədəd kağız bükümün içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd konvalyutda bir ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən zavod üsulu ilə hazırlanmış metadon məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks edirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil X1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar