Məhkəmə qərarları › İş №1(013)-33/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-33/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-33/2024 23.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Ağdam rayonunun Başgüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Başgüney kəndində qeydiyyatda olan, Ağdam rayonu Birinci Dördyol qəsəbəsi ev 832-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04:45-də tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X2 məxsus olmaqla aralarında olan şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs icarəyə götürərək işlətdiyi Ağdam rayonu Birinci Dördyol qəsəbəsi ərazisində yerləşən ərzaq mağazasına həmin mağazanın giriş qapısının sağ hissəsində olan şəffaf rəngli şüşəsini sol ayağı ilə fiziki güc tətbiq edərək bir dəfə təpiklə vurub sındırmaqla həmin hissədən mağazaya qanunsuz daxil olaraq içərisində olan kosmeteloji məhsulların qoyulduğu vitirindəki hesabat dəftərinin içərisindən 1250 (bir min iki yüz əlli) manat, kassa kimi istifadə edilən dolabın hər iki siyirməsindən 1593 (bir min beş yüz doxsan üç) manat və mağazanın içərisində siqaretlərin qoyulduğu vitirindən 110 (bir yüz on) manat – cəmi 2953 manat, həmçinin siqaretlərin qoyulduğu vitirindəki 22,20 (iyirmi iki manat iyirmi qəpik) manat dəyərində 06 paçka “«Winston Compact» markalı siqaretləri oğurlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 26 aprel 2024-cü ildə Zərərçəkmiş şəxs işlətdiyi Ağdam rayonu Birinci Dördyol qəsəbəsi ərazisində yerləşən ərzaq mağazasına giriş qapısının sağ hissəsində olan şəffaf rəngli şüşəsini sol ayağı ilə vurub sındırmaqla daxil olmuşdur. Mağazadan 2953 manat pul və 06 qutu siqaret oğurlamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanladığı ibtidai istintqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmədə iştirak etməyən Zərərçəkmiş şəxs iş materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən üç ildir Ağdam rayonu Döryol-1 qəsəbəsində yerləşən ərzaq mağazasını şifahi razılıq əsasında icarəyə götürüb işlədir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində mağazanı bağlamamışdan əvvəl kassa kimi istifadə etdiyi dolabda olan pulu saymış və həmin pulun 1593 manat olmasını müəyyən etmişdir. Bundan başqa mağazada olan hesabat dəftərinin arasında olan puluda saymış, həmin pulunda 1250 manat olmasını müəyyən etmişdir. Bundan başqa mağazada olan siqaret vitirinin yan hissəsində olan boş gözündə 110 manat məbləğində pul olmuşdur. Mağazaya göz gəzdirdikdən sonra mağazanın qapılarını bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində mağazaya gələrkən mağazanın ön tərəfədə olan şüşəsinin qırıq olmasını görmüşdür. Dərhal mağazaya daxil olmuşdur. Əvvəlcə kassa kimi işlətdiyi dolapda olan 1593 manat pulunun, hesabat dəftərinin arasında olan 1250 manat pulun və siqaret vitirinində olan 110 manat nağd pulların oğurlandığını aşkar etmişdir. Bundan sonra tütün məmulatları üçün nəzərdə tutulmuş vitrinə baxarkən oradan 06 qutu «Winston Compact» markalı siqaretinin oğurlandığını müəyyən etmişdir. Dərhal Ağdam Rayon Polis Şöbəsinə gedərək hadisə barədə ərizə ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları mağazaya gələrək hadisə yerinə baxış keçirmişlər. Mağazadan 2927 manat puldan və 06 ədəd «Winston Compact» markalı siqaretdən başqa heçnə oğurlanmamışdır. Mağazadan oğurlanmış kağız pullar 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Şahid qismində məhkəmədə ifadə verən Şahid göstərmişdir ki, hadisədən bir gün sonra oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan pul və siqaret oğurladığını bilmişdir. Sözügedən hadisə barədə polis əməkdaşlarından məlumat almışdır. Məhkəmədə elan olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3523 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretin və şüşənin 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 36,02 manat müəyyən olunur, o cümlədən 06 qutu «Vinston compact» markalı siqaret 22,20 (6 qutu x 3,70) manat, 01 ədəd şəffaf rəngli eni 40 sm, uzunluğu 1,92 sm, qalınlığı 4 mm olan pəncərə şüşə – 13,82 (1,92 sm x 0,4 sm x 18 manat) manat. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, cinayət nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 19:25-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş xx.xx.2024-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun onunla barışaraq ona qarşı şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olmaqla işə əlavə edilmiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 saat sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonu Birinci Dördyol qəsəbəsində yerləşən 832 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olmaqla işə əlavə edilmiş oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat vəkil X1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar