Məhkəmə qərarları › İş №1(013)-35/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-35/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-35/2024 27.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, 31 avqust 1969-cu il tarixdə Ağdam Rayon Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Evoğlu eəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədilə 2024-cü ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Ağdam Rayon Qaradağlı Ərazi Dairəsinin Evoğlu kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin təxminən 0,01 hektarında əkərək yetişdirdiyi ümumi təmiz çəkisi 45 qram olan 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 04 iyun 2024-cü il saat 22-01-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini belləyərək alaq otlarından təmizləyib qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Hazırda əməlindən peşmanolduğunu, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs göstərmişdir ki, rayonun Qaradağlı Ərazi Dairəsinin Evoğlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Əvvəllər müəyyən vaxtlarda narkotik vasitələrdən istifadə etsə də, təxminən 8 ildir ki, narkotiklərdən istifadə etməmişdir. Təxminən 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə və vaxtda Evoğlu kəndində yaşadığı evin yaxınlığında yolun kənarında şəffaf rəngli sellofan torba olduğunu görüb həmin torbaya diqqətlə baxdıqda torbada altı ədəd toxum olduğunu görmüş və həmin toxumların narkotik tərkibli bitki toxumu olduğunu düşünərək həmin torbanı içərisindəki toxumlar ilə birgə götürüb yaşadığı evə aparmışdır. Toxumları yaşadığı evin həyətyanı sahəsində bir-birindən müəyyən məsafələrdə əkmişdir. Həmin əkdiyi toxumlardan bitən bitkilərin mütəmadi olaraq diblərini yumşaldıb, sulayıb xüsusi qulluq etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək özlərini təqdim etməklə evin həyətyani sahəsində və evə baxış keçirəcəklərini və bu baxışın video çəkiliş vasitəsilə aparılacağını bildirmişlər, buna heç bir etiraz etməmişdir. Polis əməkdaşları evində və evin həyətində qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuşlar, həyətində kökü torpaqda olan 06 ədəd bitkini polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı evinin həyətində olan həmin narkotik tərkibli bitkinin kökü torpaqdan çıxarılaraq qablaşdırılmış, imzalarla təsdiq edilmiş, sonra evində və evinin həyətində baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokolu imzasıyla təsdiq etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. Şahid3 göstərmişdir ki, 2006-cı ildən daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Qaradağlı Ərazi Nümayəndəliyinin Evoğlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilibbecərilməsi, saxlanması və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Evoğlu kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək evə və həyətyani sahəyə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmişdir. Saat 22-00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış zamanı həyətyanı sahədə meyvə ağaclarının arasında bir-birindən fərqli məsafələrdə torpağa əkilmiş 06 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Kollar yerindən çıxarılaraq qablaşdırılmış, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə Qaradağlı Ərazi Nümayəndəliyinin Evoğlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, saxlanması və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Onlar orada evə və həyətyanı sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Evoğlu kəndinə getmişlər. Orada yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək evinə və həyətyanı sahəsinə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22-01 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında bir-birindən fərqli məsafələrdə torpağa əkilmiş 06 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, 2022-ci ildən daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Qaradağlı Ərazi Nümayəndəliyinin Evoğlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, saxlanması və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Onlar orada evə və həyətyanı sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı kəndə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək ona evinə və həyətyanı sahəsinə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirmiş və bu barədə ərizə vermişdir. Saat 22-00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmış, baxış zamanı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında bir-birindən fərqli məsafələrdə torpağa əkilmiş 06 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid5 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının onu mütəxəssis qismində dəvətləri ilə rayonun Qaradağlı Ərazi Nümayəndəliyinin Evoğlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmış, baxış zamanı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında bir-birindən fərqli məsafələrdə torpağa əkilmiş 06 ədəd narkotik tərkibli bitkiyə bənzər kollar aşkar edilmişdir. Həmin bitkilərin narkotik vasitə olduğunu və onlara aqrotexniki qulluq olunmasını müəyyən etmişdir. Kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 16/649 saylı RƏYindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Ağdam Rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 06 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər” yazı və imzalar olan sintetik kisədəki, ümumi sayı 6 ədəd, ümumi təmiz çəkisi 45 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir və tərkiblərinə görə eynidirlər. Aqronom Şahid5 RƏYinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli, 1223 saylı RƏYindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etdiyi bitkilər aşkar edilib götürülmüş, onun bu cinayət əməlləri özünün səmimi etirafları ilə yanaşı işin materiallarında olan digər sübutların məcmusu ilə də tam təsdiq edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirini səmimi olaraq etiraf etdi. Həmçinin tədqiq edilmiş digər sübutlar onun təqsirli sayılması üçün yetərlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmiş və o, təqsirli bilinərək həmin maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndinin 3-cü bəndində nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qərarda həmçinin məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəjəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Kuril Qarnizon Hərbi Tribunalının hökmü ilə RSFSR CM-nin 251-1-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci ildə Dəvəçi Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan SSR CM-nin 50-ci maddəsinə əsasən 01 il 05 ay 21 gün müddətində cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2024-cü il tarixli, ARAYİŞından görünür ki, Təqsirləndirilən şəxs Evoğlu kəndində yerləşən evdə tək yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs səmimi olaraq əməlini etiraf etməsini, peşmançılıq bildirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, işsiz olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir, məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini /tamamilə və ya günün müəyyən vaxtlarında/ və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən islah olunması mümkündür, ona görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, bu cəza onun islah olunması üçün yetərlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı inzibati ərazi vahidini onun cəzasına nəzarət edən müvafiq orqanın icazəsi olmadan tərk etməsinə məhdudiyyət qoyulmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından görünür ki, Ə.Qəribrv 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi saxlanılmış, 06 iyun 2024-cü il barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin müddət CM-nin 69-cu maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınacaq. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1223 saylı RƏYi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən edilir, görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi müalicə təyin edilməlidir, həmçinin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan 06 ədəd ümumi təmiz çəkisi 45 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 0,12 qram istifadə olunduqdan sonra 44,88 qram qalan 06 ədəd çətənə (kannabbis) bitkiləri məhv edilməlidir. 30,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356- 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 /dörd/ gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 1 /bir/ il 05 /beş/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məzdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alandan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan 06 ədəd ümumi təmiz çəkisi 45 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 0,12 qram istifadə olunduqdan sonra 44,88 qram qalan 06 ədəd çətənə (kannabbis) bitkiləri məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar