Məhkəmə qərarları › İş №1(013)-36/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-36/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-36/2025 17.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüqiqi varisi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağdam rayonu Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 azyaşlı övladları olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Papravənd kəndində qeydiyyatda olub rayonun X11 ev 321-də məcburi köçkün kimi məskunlaşmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının 23-də, axşam saat 19-50 radələrində ayıq halda, BC kateqoriyalı BC 260713 seriya nömrəli sürücülük vəsiqəsi əsasında özünə məxsus olmaqla, etibarnamə ilə idarə etdiyi “Opel Astra" minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı-İmamqulubəyli Qəsəbələrarası avtomobil yolunun 4-cü kilometrliyində, İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində İmamqulubəyli Qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “X21” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, habelə həmin Qanunun 64cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərini pozaraq hərəkət sürəti 60 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini aşaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək getdiyi istiqamətdə yolun sol hərəkət hissəsində orta dərəcəli sərxoş vəziyyətdə uzanıqlı halda olan piyada X4 avtomobilin sol ön hissəsinin alt tərəfi ilə vurmaqla üzərindən keçərək sonuncuya açıq kəllə-beyin travması, baş-beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, başın deformasiyası, üz skeleti sümüklərinin çoxsaylı basılmış sınıqları, döş qəfəsinin sağ və sol yarısında İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğalarda orta qoltuq xətti üzrə yerdəyişən, sol yarısında sol onurğayanı xətt üzrə İİ-İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ-İX-X qabırğalarda yerdəyişən sınıqlar, döş fəqərələrinin sınıqları, döş və qarın boşluğu orqanlarının zədələnmələri, sol bazu sümüyünün qapalı sınığı, bütün bədən səthinin çoxsaylı küt travmaları ilə müşayiət olunan, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs H.Zeynalovun ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, BC kateqoriyalı BC 260713 seriya nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə, saat 19-50 radələrində atası X7 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı Qəsəbəsindən rayonun İmamqulubəyli Qəsəbəsi istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin ondan təxminən 120 metr irəlidə dönərək İmamqulubəyli Qəsəbəsi istiqamətində yolun sağında torpaq hissədə saxladığını görmüşdür. Həmin avtomobilin qəflətən yolun hərəkət hissəsinə çıxa biləcəyindən ehtiyatlanaraq idarə etdiyi avtomobili bir qədər sola çəkib hərəkəti davam etdirərkən qarşıda yerdə ondan təxminən 4 metr irəlidə yolun ortasında maneə görmüşdür. Həmin maneəni vurmamağa çalışsa da, avtomobilin sol təkərləri sonradan yolda uzanıqlı insan olduğunu bildiyi həmin maneənin üzərindən keçmiş, həmçinin avtomobilinin sol buferi də həmin şəxsə çırpılmışdır. Həmin vaxt avtomobil ləngərlənmiş və o, bir qədər irəlidə avtomobili sağa çəkib saxladıqda yolun ortasında uzanıqlı halda qalmış piyadanı vurduğunu və həmin piyadanın üzərindən avtomobilinin keçməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsini bilmişdir. Həmin vaxt ətrafda bir neçə avtomobil saxlamış və həmin avtomobillərdən düşən şəxslər onu sakitləşdirməyə çalışmışlar. Daha sonra o, hadisə barədə qohumlarına məlumat verib polis əməkdaşlarına bu barədə məlumat vermələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, hadisə baş verən günü özünün idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısında olan avtomobili ötmüş, həmin avtomobilin qəflətən yolun hərəkət hissəsinə çıxa biləcəyindən ehtiyatlanaraq idarə etdiyi avtomobili bir qədər sola çəkmiş, bu zaman qəflətən qarşıda yerdə qaraltı görmüş, yolun ortasında yerdə uzanıqlı adam görmüş, onu vurmamaq istəsə də, avtomobil ilə onun üzərindən keçmişdir. Bundan sonra bir qədər irəlidə avtomobili sağa çəkib saxlamış, vurduğu maneənin piyada şəxs olduğunu və onun ölməsini bilmişdir. Hadisə yerinə toplaşmış sürücülər onu sakitləşdirmişlər. Hazırda zərərçəkmiş şəxsin hüqiqi varisi X5 ilə razılıq əldə edib, ona maddi, mənəvi dəstəyini göstərib, B.Zeynalovanın ona qarşı şikayəti və ya tələbi yoxdur. Məcburi köçkündür, 2 azyaşlı - 5 və 1 yaşlarında övladları, anası və arvadı onun himayəsindədirlər, ilk dəfədir ki, ictimai təhlükəli əməl törətdiyinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüqiqi varisi X5 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Bənövşə Zeynalova iş materiallarında olan ifadəsində göstərmişdir ki, mərhum X9 onun əridir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında hazırda xatırlamadığı şəxslərlə söhbət zamanı ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 19-50 radələrində Ağdam rayonu Quzanlı- İmamqulubəyli qəsəbələrarası yolunun İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin vaxt yolda uzanıqlı vəziyyətdə olan əri X4 avtomobilin sol ön hissəsinin alt tərəfi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və əri Hüseyn Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır, ona maddi və mənəvi köməklik edilmişdir, nəzərə alınmasını xahiş edir. Bənövşə Zeynalova məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, istintaq orqanının hazırkı hadisə ilə bağlı araşdırmasından narazıdır. Belə ki, əri Hüseyn Zeynalovu aparıb spirtli içki içirdiblər. Hadisə yerinin kamera görüntüləri çıxarılmayıb. İşi araşdıran müstəntiq onu aldadıb. Hazırkı Təqsirləndirilən şəxs şikayətçi deyil. Güman edir ki, əri başqa şəxslər tərəfindən öldürülüb. Ərinin şəxsi əşyaları yoxa çıxıb. Ərini öldürən şəxslər ağ VAZ 06 markalı avtomaşınla olublar. Ona görə də istintaq orqanının araşdırmasına etiraz edir. Əlavə araşdırma aparılmasını, həqiqətdə ərini öldürən şəxslərin müəyyən edilməsini tələb edir, əlavə şahidlərin dindirilməsini, əlavə araşdırma aparılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, hadisə baş verən günü qəsəbə istiqamətində VAZ 06 avtomaşınla 2 nəfər gedərkən yolda hadisənin şahidi olmuşlar. Hadisəni təxminən 200 metr məsafədən görmüşlər. Belə ki, qarşıda gedən avtomaşın qəflətən yolun sol hissəsində idarəetməni itirmiş, maşın yolda hərəkət istiqamətini dəyişmişdir. Hadisə baş verən ərazidə kamera olmamışdır. Hadisə yerinə çatan kimi Təqsirləndirilən şəxs sakitləşdirmiş, ona su vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın piyadanın üzərindən keçmişdir. Hadisə yerində təxminən 20 dəqiqə olmuşlar. Hadisə baş verəndən sonra oraya çoxlu sair maşınlar toplaşmışdır. Şahid2 istintaq orqşanına verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19- 50 radələrində həmkəndlisi X10 özünə məxsus olmaqla sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Vaz-2106” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı Qəsəbəsi istiqamətindən rayonun İmamqulubəyli Qəsəbəsi istiqamətində getmişlər. Həmin vaxt avtomobildə ön tərəf sağda əyləşmişdir. Onlar hərəkətdə olarkən həmin yolun İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində “Opel” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil onları soldan ötərək hərəkətini davam etdirmişdir. Daha sonra “Opel” markalı avtomobilin yolun hərəkət hissəsində idarəetməni itirərək ləngərlədiyini görmüşdür. Bundan sonra isə həmin avtomobil bir qədər irəlidə yolun sağında saxlamışdır. Daha sonra onlar oraya çatdıqda yerdə baş hissəsi əzilmiş cəsəd olduğunu görmüşlər. Həmin cəsəd isti olduğundan üzərindən buğ qalxmışdır. Onlar adını sonradan bildikləri “Opel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həyəcanlı olduğunu görüb sonuncunu sakitləşməyə çağırarkən Təqsirləndirilən şəxs həmin şəxsin yolun hərəkət hissəsində uzanmış olduğunu, həmin şəxsi özünün avtomobillə ehtiyatsızlıq nəticəsində vurduğunu bildirmişdir. Həmin vaxt orada markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir neçə avtomobil də saxlamış və sürücü Təqsirləndirilən şəxs sakitləşməyə çağırmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və bundan sonra hadisə yerində sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, qəsəbə istiqamətində hərəkətdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla onların maşınını ötüb keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın yolda hərəkətini itirmişdir. Dərhal avtomaşını saxlamışlar. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın piyadanın üzərindən keçmişdir. Piyadanın meyiti Təqsirləndirilən şəxs maşınından arxada qalmışdır. Hadisə yerinə çoxlu sayda maşınlar gəlmişlər. Şahid1 istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19- 50 radələrində özünə məxsus olmaqla sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Vaz-2106” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı Qəsəbəsi istiqamətindən rayonun İmamqulubəyli Qəsəbəsi istiqamətində getmişdir. Həmin vaxt onun yanında həmkəndlisi Şahid2 olmuş və sonuncu ön tərəf sağda əyləşmişdir. Onlar hərəkətdə olarkən həmin yolun İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində “Opel” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil onları soldan ötərək hərəkətini davam etdirmişdir. Daha sonra onlar həmin avtomobilin yolun hərəkət hissəsində idarəetməni itirərək ləngərlədiyini görmüşlər. Bundan sonra isə həmin avtomobil bir qədər irəlidə yolun sağında saxlamışdır. Onlar oraya çatdıqda yerdə baş hissəsi əzilmiş cəsəd olduğunu görmüşlər. Həmin cəsəd isti olduğundan üzərindən buğ qalxmışdır. Onlar adını sonradan bildikləri “Opel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həyəcanlı olduğunu görüb sonuncunu sakitləşməyə çağırarkən Təqsirləndirilən şəxs həmin şəxsin yolun hərəkət hissəsində uzanmış olduğunu, həmin şəxsi özünün avtomobillə ehtiyatsızlıq nəticəsində vurduğunu bildirmişdir. Həmin vaxt orada markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobildən düşmüş şəxslər yolun ortasında uzanmış şəxsi gördüklərini, avtomobili saxlayıb həmin şəxsi yolun kənarına çəkmək istədiklərini, bu zaman “Opel” markalı avtomobilin həmin şəxsi tapdaması nəticəsində ölməsini bildirmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və bundan sonra hadisə yerində sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın onların əyləşdiyi maşını keçmiş və hadisə bundan sonra baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın piyadanı vurmuş və piyada otluq ərazidə ölmüş vəziyyətdə idi. Qarşı tərəfdən hər hansı maşının hərəkət etməsini görməmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs sakitləşdirmişlər, ona su vermişlər. Şahid3 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində özünə məxsus olmaqla sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Opel Astra” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətindən Ağdam rayonu İmamqulubəyli qəsəbəsi istiqamətində getmişdir. Həmin vaxt o, avtomobildə tək olmuş və yanında heç kim olmamışdır. O, hərəkətdə olarkən həmin yolun Ağdam rayonu İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində ondan öndə hərəkətdə olan “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində əvvəlcə yolun sol tərəfinə, daha sonra isə kəskin şəkildə yolun sağ tərəfinə doğru hərəkət edib avtomobilin dayandığını görmüşdür. Həmin avtomobil dayanmamışdan öncə hərəkətdə olarkən avtomobilin alt hissəsində qalıb baş və bədən nahiyəsi əzilmiş insan cəsədinin yolun sol tərəfində hərəkət hissəsində qaldığını görmüşdür. Həmin cəsəd isti olduğundan üzərindən buğ qalxmışdır. O, sonradan adını bildiyi “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həyəcanlı olduğunu görüb sakitləşməyə çağırarkən Təqsirləndirilən şəxs həmin şəxsin yolun hərəkət hissəsində uzanmış olduğunu, həmin şəxsi özünün avtomobillə ehtiyatsızlıq nəticəsində vurduğunu bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və bundan sonra hadisə yerində sənədləşdirmə aparılmışdır. Dövlət ittihamçısının və zərərçəkmiş tərəfin vəsatəti ilə məhkəməyə əlavə şahid qismində dəvət edilmiş X13 göstərdi ki, mərhum Hüseyn Zeynalovu tanımışdır. Belə ki, H.Zeynalov onun işlədiyi qəssabxanaya tez-tez gəlib-getmişdir. H.Zeynalov ilə evlərində bir neçə dəfə oturub yeyibiçmişlər. Hadisə baş verən günü H.Zeynalov içkili vəziyyətdə onun yanına gəlmişdir. H.Zeynalov bildirmişdir ki, pivə içib. H.Zeynalov ilə birlikdə özünün idarə etdiyi avtomaşınla günorta saatlarında evlərinə getmişlər, oturub yeyib-içmişlər. Təxminən axşam saat 17-00 radələrində H.Zeynalov onlardan getmək istəmişdir. Qış vaxtı və havanın soyuq olmasından H.Zeynalovu evdə saxlamaq istəmiş, həmçinin bildirmişdir ki, gecəni qalsın, ertəsi günü gedər. Çox çalışsa da H.Zeynalovu saxlaya bilməmişdir, H.Zeynalov sərxoş vəziyyətdə çıxıb onlardan getmişdir. H.Zeynalov onlarda olarkən yanında telefonu olmamışdır. Hətta H.Zeynalov həyat yoldaşına öz telefonu ilə deyil, onun telefonu ilə zəng etmişdir. Ertəsi günü baş vermiş hadisədən məlumat tutmuşdur. Dövlət ittihamçısının və zərərçəkmiş tərəfin vəsatəti ilə məhkəməyə əlavə şahid qismində dəvət edilmiş Şahid4 göstərdi ki, hadisə baş verən günü həyat yoldaşının xəstəliyi ilə bağlı Bərdə Rayonunda olmuşdur. Mərhum H.Zeynalovu hadisədən 1 həftə əvvəl əmisi ilə birlikdə görmüşdür. H.Zeynalov ilə tanışlığı olub. H.Zeynalovu tez-tez görmüşdür, hətta bir dəfə onun ayğına çələkə /şəpit/ də vermiş, H.Zeynalov ertəsi günü həmin çələkəni qaytarmışdır. Hadisədən isə 2 gün sonra məlumatı olub. H.Zeynalovun kimin isə tərəfindən döyülməsini bilmir. Məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 29 saylı RƏYindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər – açıq kəllə-beyin travması, baş-beyin qişalarına, baş beyin toxumasına və mədəciklərin qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, başın deformasiyası, üz skeleti sümüklərinin çoxsaylı basılmış sınıqları, döş qəfəsinin sağ və sol yarısında İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğalarda orta qoltuq xətti üzrə yerdəyişən, sol yarısında sol onurğayanı xətt üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğalarda yerdəyişən sınıqlar, döş fəqərələrinin sınıqları, döş və qarın boşluğu orqanlarının zədələnmələri, sol bazu sümüyünün qapalı sınığı, bütün bədən səthinin çoxsaylı küt travmaları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində piyada kimi olmaqla törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb həyat üçün vacib üzvlərin - bütün döş və qarın boşuğu orqanlarının, baş beyinin zədələnməsi ilə kəllə qapağı və əsası sümüklərinin, çoxsaylı qabırğaların sınıqları ilə müşayiət olunan başın, döş qəfəsi və qarın boşluğunun müştərək küt travması olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 14-16 saat olar ki, baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,8 %-gdir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 bezodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2025-ci il tarixli 4469k №-li maddi sübutların müayinəsi akt). Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 8/372 saylı məhkəmə-yol nəqliyyat ekspertizasının RƏYindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən "Opel Astra" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 24 dekabr 2024-cü il tarixli hadisə yerinə keçirilmiş BAXİŞ PROTOKOLundan görünür ki, hadisə yerinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Ağdam rayonu Quzanlı- İmamqulubəyli Qəsəbələrarası avtomobil yolunun 4-cü kilometrliyində, yolun Ağdam rayonu İmamqulubəyli kəndi ərazisindən keçən hissəsindədir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Hadisə yeri yaşayış məntəqəsindən kənardır, süni işıqlandırma yoxdur. Sürət məhdudiyyəti 60 km/saatdır. Hadisə yerində yol iki tərəflidir, qarşı-qarşıya nəqliyyat axınlarının hərəkətini ayırmaq üçün nişanlanma xətti yoxdur. Yolun ümumi eni 6 metrdir. Hadisə yerində yolun İmamqulubəyli Qəsəbəsi istiqamətində yolun sağında 5 metr enində yol çiyni yerləşir, yol çiyninin sağ kənarında su borusu və əkin sahələri mövcuddur. Həmçinin sol tərəfdə yolun çiyni isə 2,8 metrdir, yol çiynindən sol tərəfdə su arxı və əkin sahələri var. Hadisəni törədən “Opel Astra" minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurduqdan sonra irəlidə yolun sağ kənarında saxlamış, baxış keçirilən zaman hadisə yerinə sonradan gətirilmiş və rayonun İmamqulubəyli Qəsəbəsi istiqamətində yolun sol kənarında dayanmışdır. Baxış həm hadisənin izlərinə, həmçinin sürücü Təqsirləndirilən şəxs hadisəni təsvir edərək baş verənləri göstərməsinə əsasən aparılmışdır. Baxış istiqamətində yolun sol hissəsinin qurtaracağından piyadanın vurulduğu yerə qədər olan məsafə 1 metrdir. Piyada vurulduqdan sonra onun meyiti toqquşma yerindən 16,6 metr irəlidə yolun sol çiynində baş hissə və qollar asfalt örtüyün sol qurtaracağından yol çiyninə doğru 1,3 metr məsafədə, ayaqlar asfalt örtüyün sol qurtaracağından asfaltın üzərinə doğru 0,3 metr uzanıqlı halda aşkar olunmuşdur. Hadisə yerində tormoz izləri aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsiri olması sübuta yetir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquq varisi B.Zeynalovanın istintaq orqanına və məhkəməyə verdiyi ərizələrində o, Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələblərinin olmamasını, onunla razılıq əldə etməsini bildirmişdir. Ağdam Rayon İHB-nın X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-31-49/2-M-01/2025 saylı, 10 yanvar 2025-ci il tarixli arayışından görünür ki, Ağdam Rayon Paprəvənd kəndindən olan Təqsirləndirilən şəxs X11ndə 9 nəfər ailə üzvü ilə birlikdə 321 saylı evdə yaşayır, ailə tərkibi atası, anası, arvadı və 2 uşağı, qardaşı, qardaşı arvadı və qardaşı qızından ibarətdir. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs mehriban və əxlaqlı şəxs kimi səciyyələndirilmiş, müsbət xasiyyətləndirilmişdir. X24 Dispanserinin xx.xx.2025-ci il tarixli, 107 saylı məktubundan görünür ki, G.X22 Əsəb Dispanserində dispanser müşahidəsində dayanmır. X6 surətindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildə X8 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 2019-cu il təvəllüdlü Röyal və 2024-cü il təvəllüdlü Gülgəc adlı 2 azyaşlı övladları var. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar gənc olması, məcburi köçkün olması, onun ilk dəfə ehtiyyatsızlıqdan hazırkı əməli törətməsi, yaşadığı ərazinin dövlət orqanı tərəfindən müsbət xarakterizə edilməsi, əməlini səmimi etiraf etməsi, peşmançılıq bildirməsi, 9 nəfərlik ailə üzvləri ilə yaşaması, özünün himayəsində arvadı və 2019 və 2024-cü il təvəllüdlü 2 azyaşlı övladlarının olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsi, ona dəymiş maddi və mənəvi zərəri təmin etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və ya tələblərinin olmamasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə ehtiyatsızlıq cinayəti törətməsini, yuxarıda qeyd edilən sair yüngülləşdirici halları və əəllərində ağırlaşdırıcı halların olmamasını nəzərə alacaq. Azərbaycan Respublikası CM-nin humanizim prinsipini müəyyən edən 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəzanın anlayışını və məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilən cinayət hüquq normalarının məzmunundan aydın olur ki, təqsirkar şəxsə təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət hüquqi tədbir olaraq qiymətləndirilməsi üçün CM-nin 58-ci maddəsində təsbit edilmiş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin edilmiş cəza ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəzanın təqsirkarın şəxsiyyətinə uyğun olduğu aydın görünsün. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. CM-nin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar konkret olaraq göstərilsə də, həmin Məcəllənin 59.2-ci maddəsi cəzanı yüngülləşdirən hallar qismində həmin normalarda sadalanmayan digər halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Sərəncamın 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunulmuş, bu işdə əsas prinsiplər kimi üzv dövlətlərə azadlıqdan məhrum etmənin ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulması, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməsi, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi tövsiyyə edilmişdir. Göstərilən prinsiplərdən yanaşdıqda və ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlindən zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxsin hüquqi varisinə münasibətinə, onlarla razılıq əldə etməyə cəhd etməsinə, dəymiş zərərin mümkün qədər kompensasiya etməsinə yönəlmiş hərəkətlərinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olubolmamasına, həmçinin təqsirləndirilən şəxsin cəmiyyətdə formalaşan əxlaqi və insani dəyərlərə münasibətinə, cəmiyyətin özəyi sayılan ailədə ailə üzvləri ilə rəftarına və onlarla ünsiyyətinə, həmçinin cəmiyyətin həmin cinayət əməlinə mövqeyi nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun ehtiyatsızlıqdan az ağır cinayətlər qrupuna daxil olması məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən də islah etmək imkanları hələ tükənməmişdir. Məhkəmənin qənaətincə ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsi və mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilərək, yaxud da barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Məhkəmə hadisənin baş vermə hallarını və bütün yuxarıda qeyd olunan halların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan ictimai təhlükəli əməl törətdiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi mümkündür, onun bu yolla islah olunma imkanları gözləniləndir, cəzanın bu qaydada tətbiqi onun islah olunması üçün yetərlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunma imkanlarından istifadə etməsi üçün ona şərait yaradılmalı və bu imkandan ümumilikdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsi aydınlaşdırmaq üçün o müəyyən müddət sınaqdan keçirilməlidir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təyin ediləcək sınaq müddəti ərzində GöAbdullayevin üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 25 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ailəli olaraq övladları ilə birlikdə daimi yaşadığı yerinin olmasını, cəzasını çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İşdə maddi sübut olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Opel Astra minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün sahibinə qaytarılmışdır . İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381- 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 /üç/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəzası 1 /bir/ il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Maddi sübut olan “Opel Astra minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar