Məhkəmə qərarları › İş №1(013)-37/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-37/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-37/2025 10.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 13 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri Miribrahim Həmzəyev küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü ildə saat 16:30 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək işğaldan azad edilmiş Ağdam şəhərinə gətirib 24 oktyabr 2024-cü ildə təxminən saat 11 radələrində həmin avtomobilin arxa yük yerindən yandırıcı maye olan benzini götürərək avtomobilin üzərinə və salonuna töküb alışqanla yandıraraq qəsdən özgənin əmlakını məhv etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 5150 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, 2024-cü ildə istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi tiyəsinin uzunluğu 132 mm, dəstəyinin uzunluğu 112 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib 24 oktyabr 2024-cü il saat 13:06-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş Ağdam şəhərində Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsini qəsdən məhv etmə əməlini törətməsi ilə bağlı hadisə yerinə baxış istintaq hərəkəti keçirilməsi nəticəsində aşkar edilib götürülənədək qanunsuz olaraq əldə edərək daşımışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 228.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, tarixi xatırlamadığı vaxt dostu İntiqamın maşınını götürərək Gəncə şəhərində gəzmiş, şəhərin çıxacağında ona bir qadın yaxınlaşaraq veteran anası olduğunu və Yevlax rayonuna gedəcəyini demişdir. Həmin qadını İntiqamın avtomobili ilə Yevlax rayonuna gətirmişdir. Yevlaxa çatdıqda həmin qadın Xankəndi şəhərinə gedəcəyini ona demişdir. Veteran anası olduğuna görə qadına Xankəndi şəhərinə aparacağını demişdir. Ağdam şəhərinə çatdığı vaxt avtomobil xarab olmuşdur. Qadın maşından düşərək yoluna davam etmişdir. Qadın düşüb getdikdən sonra maşının yanacağının qurtardığını başa düşmüş və maşında olan benzin butulkası ilə baka benzin tökən zaman əlində saxladığı çəkdiyi siqaretdən alov başlamışdır. Əlində olan benzin butulkası alışmış, kənara atmaq istədikdə tələsdiyindən butulka maşının üstünə düşmüşdür. Maşın yandıqdan sonra polis əməkdaşları gəlmişlər. Əlində olan qatlanmayan bıçağı və cibindəki metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bıçağı 3-4 il əvvəl Gəncə şəhərindən tapmış, metamfetamini isə maşını yandırdığı gün qaraçılar məhləsindən tapmışdır. Maşının salonuna benzin tökməmişdir. İntiqam maşınının rənglənməsi üçün ona 200 manat verməli olmuşdur. 44 Günlük Müharibənin iştirakçısı olmaqla Kəlbəcər tərəfdə orduya yardım etmiş, yanında mina partlamış və həmin vaxtdan psixi xəstəliyə tutulmuşdur. Mina partlayışından sonra 2020-ci ilin oktyabr-noyabr aylarında Bağbanlar xəstəxanasında yatmışdır. Ona məxsus sürücülük vəsiqəsi var, lakin İntiqam avtomobili idarə etmək üçün ona etibarnamə verməmişdir. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun cinayət işinin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. E.İ.Məmmmədov həmin ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 228.5-ci maddələri üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 aydır Gəncə şəhəri Abbas Səhhət küçəsində avtomobil təmiri sexində rəngsaz ustası yanında köməkçi işləyir. Onun özünə məxsus VAZ 2107 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilin pulun versə də öz adına sənədləşmə etməmişdir. 2020-ci ildən həkim təyinatı ilə psixotrop tərkibli dərmanlardan istifadə edir. Zərərçəkmiş şəxs təxminən 1 ildir tanıyır, onunla işlədiyi profilaktoriyada münasibəti yaranmışdır. İntiqam da orda usta işləyir. İntiqamla yaxşı münasibəti olmuşdur. İntiqam təxminən 1 ay bundan qabaq Bərdə rayonunda yerləşən maşın bazarından 2007-ci il istehsallı VAZ 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili gətirdikdən sonra usta Elcanla birlikdə yenidən bütöv boyamışdır. Bunun qarşılığında İntiqam onlara 200 manat pul verməli olmuş, lakin 35 manat borcu qalmışdır. Bir neçə dəfə İntiqamın avtomobilini götürüb öz işlərinin dalınca getmişdir. Təxminən 10 gün bundan qabaq İntiqam 60 manata üstən çıxma dinamiklər satmışdır. İntiqamdan 30 manata həmin dinamikləri istəmişdir. Ancaq İntiqam ona həmin dinamikləri satmamışdır. O da İntiqama əsəbləşmişdir. Çünki ona yaxşılıq edib avtomobilin ucuz qiymətə boyamışdır. 23 oktyabr 2024-cü ildə saat 17 radələrində işdə olan zaman İntiqam da avtomobilini sexin yanında saxlamışdır. Həmin vaxt İntiqam sexdə işləmişdir. İntiqam Ayxan və Rəhman adlı ustaların yanında yamada olmuşdur. O, İntiqama yaxınlaşıb demişdir ki, avtomobilini versin, mağazaya gedib qayıdacaqdır. İntiqam da demişdir ki, yavaş sür, mühərriki vurar. Bundan sonra o, avtomobili işə salıb oradan uzaqlaşmışdır. İntiqama əsəbləşdiyi üçün avtomobili ona qaytarmaq istəməmişdir. Həmin vaxt avtomobil ilə Gəncə şəhərində biraz gəzmişdir. İntiqam ona bir neçə dəfə zəng etmişdir. O, İntiqama avtomobili qaytaracağını, şəhərdə olduğunu bildirmişdir. O, avtomobili Gəncə şəhəri ərazisində yerləşən Qaraçılar məhləsi deyilən yerdə saxladıqdan sonra yolun kənarında bir ədəd büküm görmüşdür. Həmin büküm onun diqqətini cəlb etdiyindən götürüb cibinə qoymuş, lakin həmin bükümün içərisindəkinin nə olduğunu bilməmiş, yəni metamfetamin olduğunu bilməmişdir. Bundan sonra avtomobilə əyləşib İntiqamın avtomobilini Gülüstan qəsəbəsində özünün avtomobilinin yanında saxlamış və özünün avtomobilini götürüb sexə qayıtmışdır. Sexdə İntiqamla qarşılaşmışdır. İntiqam ondan avtomobilin harda olduğunu soruşmuşdur. O da demişdir ki, Gülüstan qəsəbəsindədir. Bundan sonra İntiqam demişdir ki, radiatoru gətirmək lazımdır. Onunla birlikdə dediyi yerə getmişdirlər. Lakin həmin yer bağlı olduğundan geri qayıtmışlar. Bundan sonra o, yenidən əsəbləşdiyi üçün tək qayıdıb İntiqamın VAZ 2107 markalı avtomobilini götürmüş və Gəncə şəhərində «Yevlax» avtovağzalının qarşısından keçəndə 45-50 yaşlarında bir xanımın dayandığını görmüşdür. Avtomobili qadının yanına sürüb hara getdiyi soruşarkən sonuncu Yevlaxa getdiyini bildirmişdir. O, qadını avtomobilə götürmüş, qadın əyləşdikdən sonra onu Yevlaxa gətirmişdir. Yolda həmin xanım ona veteran anası olduğunu bildirmişdir. Yevlaxda olarkən hara getdiyini soruşduqda isə qadın Xankəndi şəhərində xadimə işlədiyini bildirmiş və ora gedəcəyini demişdir. Qadına demişdir ki, narahat olmasın aparacaqdır. Bir neçə gün qabaq özünə portal açdırdığı üçün işğaldan azad edilmiş Şuşa şəhərinə gediş üçün icazəsi olmuşdur. Ağdam rayonuna gedən yolda olan polis postunu keçdikdən sonra Ağdam şəhərində olan vaxt avtomobil xarab olmuşdur. O, düşəndən sonra həmin xanımı yoldan keçən avtomobillərin biri ilə yola salmışdır. O, avtomobilin salonundan oturacaq örtüyü, maqnitafon, iki ədəd dinamik, avtomobilin radiator barmaqlıqları, **-CB-*** və **- BJ-*** dövlət qeydiyyat nişanlarını avtomobildən götürmüş və yandırdığı avtomobilin arxa nömrəsini çıxarıb acıq çıxmaq üçün qıraqda saxlamışdır. Bundan sonra isə əsəbləşdiyi üçün avtomobilin arxa yük yerinə baxdıqda orada benzin olduğunu görmüş və həmin benzini götürüb avtomobil salonuna və üzərinə tökmüş, plastik qabı avtomobilin salonuna atmışdır. Bundan sonra alışqanla avtomobili acıq üçün qəsdən yandırmışdır. Həmin vaxt üzərində Gəncə şəhərində olan zaman yerdən tapdığı bir ədəd büküm olmuşdur, lakin o, həmin bükümün içərisində nə olduğunu bilməmiş və ondan da istifadə etməmişdir. Polislər hadisə yerinə gələn zaman onlar onun əlində bıçaq olduğunu görmüş və həmin bıçağı onun əlindən almışlar. Bundan sonra polis əməkdaşları avtomobilə baxış keçirən zaman onların onu da polis şöbəsinə aparacaqlarını və üzərindən narkotik vasitəni aşkar edəcəklərindən qorxduğu üçün baxış zamanı təhqiqatçı ona sual verən zaman Gəncə şəhərindən Qaraçılar məhləsi deyilən yerdən bir ədəd büküm tapdığını bildirmiş və həmin bükümü polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olduğunu və ondan istifadə edib-etmədiyini soruşduqda o həmin bükümün içərisində nə olduğunu bilmədiyini və ondan istifadə etmədiyini bildirmişdir. Avtomobili yandıran zaman həmin ərazi işğaldan azad olduğundan hər tərəf dağıdılmış vəziyyətdə olmuş, o, istəsəydi həmin bükümün onun üzərində olduğunu kimsə bilməsin deyə ətrafa atardı və yaxud yandırdığı avtomobilin içərisinə ataraq yandıra bilərdi. Lakin həmin bükümü könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükümü polis əməkdaşlarına verən zaman ona heç kimi fiziki güc, pisixi təsir göstərməmişdir. Polis əməkdaşları həmin bükümü qablaşdıraraq götürmüşlər. Avtomobili yandırmamışdan əvvəl içərisindən maqnitafon, dinamiklər və avtomobilin içərisində olan dövlət nömrə nişanlarını çıxarıb kənara qoymuşdur. Həmçinin polislər ora gələn vaxt onun əlində avtomobildən götürdüyü özünə məxsus bıçaq olmuşdur. Lakin polislər onun əlindən həmin bıçağı almış və baxış zamanı təhqiqatçı tərəfindən həmin bıçaq qablaşdırılıb götürülmüşdür. Yandırdığı avtomobili 23 oktyabr 2024-cü ildə saat 17 radələrində Gəncə şəhərində Abbas Səhət küçəsində işlədiyi sexin qarşısından sahibi İntiqamdan icazə alaraq götürmüşdür. O, həmin avtomobili icazəsiz olaraq sürməmişdir, yəni qaçırmamışdır. O, avtomobili yandırıb həmin əşyaları acıq vermək üçün İntiqama göstərəcəkdir. Buna görə də onları götürmüşdür. Çünki əvvəl İntiqamdan həmin maqnitafonu ona satmasını istəmiş, lakin İntiqam onunla pul söhbəti etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor, psixi təsir və yaxud digər qanunsuz hərəkətlər edilməmişdir. O, əvvəllər narkotik vasitələrdən və yaxud psixotrop maddələrdən istifadə etməmiş, lakin xəstəliyi ilə bağlı psixotrop tərkibli dərmanlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmədə elan olunduqdan sonra, o, məhkəmə baxışında bildirmişdir ki, ibtidai istintaq zamanıı həqiqətən də müdafiəçinin iştirakı ilə ifadə vermiş, ona heç bir təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və ya məhkəmə baxışında verdiyi ifadələrinin hansının doğru olduğunu sualına cavab verməmişdir. Təqsirləndirilən şəxs son sözündə xəstəliyi ilə əlaqədar əsəbləşərək avtomobili yandırdığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən O.Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla arasında normal münasibət olmuş, heç vaxt mübahisəsi olmamışdır. Elminlə onun arasında maqnitofon kalonkası məsələsi olmuş, Elmin ondan kalonkanı 30 manata almaq istəmiş, o isə Ramil adlı ustaya 60 manata satmışdır. Elmin onun maşınını icazəsi ilə Gəncə şəhərində işi olması ilə əlaqədar götürmüş, lakin Ağdam şəhərinə gedəcəyini ona deməmişdir. Elminin Ağdam şəhərinə getməsi barədə onun məlumatı olmamışdır. Elminin onun maşınını yandırmasını polis əməkdaşlarından eşitmiş, hadisə vaxtı orada olmamışdır. Elminin hansı səbəbdən onun avtomobilini yandıması ona məlum olmamışdır. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının axırlarında iş yerində olduğu vaxt Ağdam şəhərində avtomobil yandırılması barədə məlumata əsasən əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda avtomobilin tamamilə yanaraq yararsız halda olduğunu, yanında isə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əlində bıçaq dayandığını görmüşdür. Elmin qeyri adekvat hərəkətlər etmişdir. Bu səbəbdən təhqiqatçı Orxan Elmindən narkotik vasitə və ya spirtli içkidən istifadə edib-etməməsini soruşmuş, Elmin isə istifadə etmədiyini deyərək üzərində bir büküm çıxarıb bıçaqla birlikdə Orxana vermişdir. Elmin yanmış avtomobilin radiatorunu, siqnal və digər hissələrini sökərək kənara yığmışdır. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 təhqiqatçısı Şahid5 bildirmişdir ki, 24 oktyabr 2024-cü ildə əməliyyat qrupunun üzvü olduğu vaxt Ağdam şəhərində avtomobil yandırılması barədə məlumata əsasən digər əməkdaşlarla birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda avtomobilin tamamilə yanaraq yararsız halda olduğunu, yanında isə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əlində bıçaq dayandığını görmüşdür. Elmin qeyri adekvat hərəkətlər etmişdir. Bu səbəbdən Elmindən narkotik vasitə və ya spirtli içkidən istifadə edib-etməməsini soruşmuş, Elmin isə istifadə etmədiyini deyərək üzərində bir büküm çıxarıb əlində olan bıçaqla birlikdə ona təqdim vermişdir. Elmin yandırdığı avtomobilin bir nömrəsini, maqnitofonunu, kalonkalarını, həmçinin digər avtomobilin iki nömrəsini yanğın baş verdiyi yerdən təxminən 200 metr kənara qoymuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X1 Qrupunun baş inspektor-kriminalisti Şahid4 ifadəsində Şahid3 və Şahid5 göstərdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Regional Şöbəsinin kompleks məhkəmə psixiatrik psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədən zaman «postravmatik stress pozuntusu, davranış pozuntuları ilə xbt 10» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs «postravmatik stress pozuntusu, davranış pozuntuları ilə xbt 10» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindəncinayət əməli törədən zaman əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs «postravmatik stress pozuntusu, davranış pozuntuları ilə xbt 10» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən o, hal-hazırda da öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun halhazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs «postravmatik stress pozuntusu, davranış pozuntuları ilə xbt 10» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş məhkəmə narkoloji ekspertizasının 15.02. 2025-ci il tarixli 231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10534 nömrəli rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında (turbo.az) olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2007-ci il buraxılışlı, VAZ 21074 markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin yanmamışdan əvvəl təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5150,00 manat ((5200,00+5100,00):2) müəyyən olunur. xx.xx.2024-cü il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, həmin tarixdə Ağdam şəhərində baş etibarnamə ilə Zərərçəkmiş şəxs verilmiş VAZ 21074 markalı avtomobil alovlanaraq yanmışdır. Məhkəmə ballistik eksperizasının xx.xx.2025-ci il tarixli 16/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli 235 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən «sayıqlama pozuntusu posttravmatik stress pozuntsu F22. F43.1» diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin ibtidai istintaqını aparmış Ağdam Rayon Polis X3 müstəntiqi X6 qəbul etdiyi sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, E.M.Məmmədov narkotik vasitələri könüllü təhvil verdiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və cinayət işindən ayrılmış material saxlanılması üçün Ağdam Rayon Prokurorluğuna göndərilmişdir. Ağdam Rayon Polis X9 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, VAZ 21074 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixə qədər Gəncə şəhəri Azərbaycan küçəsi döngə 9 ev 67-də qeydiyyatda olan Zərərçəkmiş şəxs adında olmuş, həmin avtomobil xx.xx.2025-ci ildə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 228.5-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunması, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2021-ci ildə anadan olmuş Nurxan və xx.xx.2023-cü ildə anadan olmuş Zəhra adlı iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və sonuncunun onunla barışaraq ona qarşı şikayətçi olmaması, «postravmatik stress pozuntusu, davranış pozuntuları ilə xbt 10» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkməsi, onun hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsi, X5 X7 fəxri üzvü olmaqla həmin X8 qərarı ilə Gəncə şəhəri ərazisində yaşayan şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıya görə fəxri fərmanla təltif edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə aid yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, o cümlədən onun hadisədən sonrakı müsbət davranışını, həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə dövlət ittihamçısının təklifini nəzərə alaraq, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən islah olunmasını mümkün hesab etdiyindən, həmin cəzanın şərti olaraq tətbiq olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 111 (yüz on bir) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bıçaq və avtomobili yandırarkən istifadə etdiyi bir ədəd sarı rəngli alışqan məhv edilməlidir. Təqsirləndirilən şəxsin yandıraraq məhv etdiyi hazırda Ağdam Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan və qeydiyyatdan çıxarılmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus olmaqla Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan iki ədəd açar məhv edilməlidir. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, 228.5-ci maddəsi ilə təqsirli bilinib, beş ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində üç il üç ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Təqsirləndirilən şəxs təyin edilmiş üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Təqsirləndirilən şəxs davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. 111 (yüz on bir) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bıçaq və avtomobili yandırarkən istifadə etdiyi bir ədəd sarı rəngli alışqan məhv edilsin. Təqsirləndirilən şəxsin yandıraraq məhv etdiyi hazırda Ağdam Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan və qeydiyyatdan çıxarılmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus olmaqla Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan iki ədəd açar məhv edilsin. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar