Məhkəmə qərarları › İş №1(013)-38/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-38/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-38/2024 19.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Azərbaycan Respublikası Kəlbəcər Rayon Milli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər Rayon Milli kəndində qeydiyyatda olan və Ağdam Rayonu İkinci Dördyol Qəsəbəsinin kənarında yerləşən dahalda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam Rayon Əfətli kəndində yaşayan Zərərçəkmiş şəxs2 arvadı Şahid1 pensiya düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 26 oktyabr 2022-ci il tarixdə cinayətdən xəbərsiz Şahid4 yaşadığı Ağdam Rayon Zəngişalı kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 2000 manat, daha sonra cinayət əməlinin davamı olaraq vahid niyyətlə xx.xx.2023-cü il tarixdə kənddə yerləşən “Ulduz” adlı marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********936755 nömrəli plastik karta 1000 manat mədaxil etdirməklə, ümumilikdə 3000 manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayon Zəngişalı kəndində yaşayan Zərərçəkmiş şəxs1 sonuncuya pensiya düzəldəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə həmin kənddə yerləşən “Ulduz” adlı marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********936755 nömrəli plastik karta 2000 manat, daha sonra cinayət əməlinin davamı olaraq vahid niyyətlə xx.xx.2023-cü il tarixdə marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********936755 nömrəli plastik karta 1000 manat mədaxil etdirməklə, ümumilikdə 3000 manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayon Sarıcalı kəndində yaşayan Zərərçəkmiş şəxs3 oğlu Vüqar Rüstəmovun pensiyasını bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq 06 iyun 2022-ci il tarixdə Xosrov R.yaşadığı Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində sonuncudan 4000 manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid5 yanında almaqla ümumilikdə 4000 manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 pensiya düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayında cinayətdən xəbərsiz Şahid4 yaşadığı Ağdam rayon Zəngişalı kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs4 3000 manat, daha sonra cinayət əməlinin davamı olaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsi 4-də yerləşən “Qədiroğlu” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********936755 nömrəli plastik karta 2000 manat mədaxil etdirməklə, ümumilikdə 5000 manat məbləğində pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirini etiraf etdi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəlidir, 5 övladı vardır. Şahid2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid4, Şahid1, Zərərçəkmiş şəxs4 tanıyır, onlarla aralarında ədavət və düşmənçilik olmamışdır. Barəsində verilmiş şikayət ərizələri ilə tanış olmuş, həmin ərizədə göstərilənləri təsdiq edir. Belə ki, o, 2017-ci ildən Ağdam rayon Zəngişalı kənd sakini Şahid4 ilə aralarında normal münasibətləri yaranmış, bundan sonra o, mütəmadi olaraq Şahid4 yaşadığı evə gedib gəlmiş, gecələr Nərgizin evində qalmışdır. O, Nərgizin evində olan zaman ona traktor almaq istədiyini, lakin buna maddi imkanının olmadığını bildirmişdir. Nərgiz ona kömək edəcəyini vəd etmişdir. Nərgizlə aralarında olan söhbət zamanı o, Nərgizə tanışlarının olduğunu, tanışları olarsa onlara əlillik və yaxud digər növ təqaüdləri düzəltidirə və ya bərpa etdirə biləcəyini bildirmişdir. Nərgiz də onunla razılaşmış və belə bir adam olarsa ona deyəcəyini bildirmişdir. Belə ki, Nərgiz işə düzəltmək və ya təqaüd düzəltmək üçün müxtəlif adamlar tapacağını bildirmiş, Nərgiz onun 1-ci qrup əlil olmağını və ona etibar etdiyi üçün inanmışdır. Bundan bir neçə gün sonra Nərgiz ona tanışlarının olduğunu, həmin şəxslərin təqaüdlərini bərpa etdirmək istədiklərini və təqaüd düzəltmək istədiklərini bildirmişdir. Bundan sonra 26 oktyabr 2022-ci il tarixdə, saat 17-00 radələrində Nərgizin dəvəti ilə tanışları olan Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Bağırova X6 evinə gələrək onunla və Nərgizlə birlikdə Şahid1 təqaüdə çıxması barədə söhbət etmişlər. Belə ki, o, Elşənə və Arifəyə sonuncunun təqaüdə çıxmasına köməklik edəcəyi barədə yalançı vədlər verərək inandırmış və bunun müqabilində 3000 manat pul istəmişdir. Elşən üzərində 2000 manat olmasını bildirərək cibindən çıxarıb həmin 2000 manatı ona vermişdir, 1000 manatını isə sonra verəcəyini bildirmişdir. O, isə təqaüdün guya 2023-cü ilin mart ayında düzələcəyini bildirmişdir. Bundan sonra Elşən və Arifə çıxıb getmişlər. O, isə həmin 2000 manatı özündə saxlamışdır. Bundan bir müddət sonra Elşəndə qalan 1000 manatı da almağı düşünmüşdür. Buna görə də Elşənə zəng edərək özünə məxsus Kapitalbank ASC-dən verilmiş plastik kartının **********936755 saylı nömrələrini bildirərək 1000 manatı həmin karta göndərməyini bildirmişdir. 2023-cü ilin yanvar ayının 12-də Elşən 1000 manatı ona məxsus həmin karta göndərmişdir. Həmin 1000 manat pulu xatırlamadığı tarixdə kartından çıxararaq götürmüşdür. Beləliklə Zərərçəkmiş şəxs2 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, eyni qaydada Şahid4 tanışı Zərərçəkmiş şəxs1 qarşı da dələduzluq etmişdir. Belə ki, 2022-ci ilin noyabr ayının əvvəllərində Şahid1 bacısı X8 evinə gələrək oğlu Zərərçəkmiş şəxs1 təqaüdə çıxması barədə onunla söhbət etmişdir. Maral Bağırovanı aldadaraq oğlu Zərərçəkmiş şəxs1 təqaüdə çıxmasına köməklik edəcəyi barədə yalandan vəd verib aldatmış, bunun müqabilində sonuncudan 2000 manat pul istəmişdir. Hətta təqaüdün düzəlməsinin 2023-cü ilin aprel ayınadək baş tutacağı barədə bildirmişdir. Lakin həmin vaxt Maral Bağırovada pul olmamış və o, oğlu Vasiflə məsləhətləşərək pul verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona məxsus mobil telefona zəng edərək onunla danışmış, o, eyni qaydada yalançı vədlər verərək sonuncunu da anası kimi aldatmış və sonuncu xx.xx.2022-ci il tarixdə onun tələbiylə ona məxsus **********936755 saylı plastik karta 2000 manat pul göndərtmişdir. Həmin 2000 manat pulu kartından xatırlamadığı yerdən çıxartmışdır. Bundan bir müddət sonra, yəni 2023-cü ilin aprel ayının əvvəllərində qalan 1000 manatı da Zərərçəkmiş şəxs1 almağı düşünmüşdür. Vasifə zəng edərək həmin 1000 manatı verməsini, tezliklə təqaüdünün düləcəyini bildirmişdir. Həmin 1000 manat pulu da kartından çıxararaq özünə götürmüşdür. Beləliklə Zərərçəkmiş şəxs1 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, eyni qaydada Zərərçəkmiş şəxs3 qarşı da dələduzluq etmişdir. Zərərçəkmiş şəxs3 tanıyır, belə ki, onunla dostu Şahid5 vasitəsi ilə tanış olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində xatırlamadığı tarixdə və vaxtda dostu Şahid5 ona zəng vuraraq həmkəndlisi Xosrov adlı şəxsin oğlu Vüqarın əlilliyə görə aldığı pensiyanın dayandırıldığını, pensiyanın bərpa olunmasında ona köməklik edə biləcəyini soruşmuşdur. O, Xosrovun oğlu Vüqarın dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini, Rəşidə belə bir tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə pensiyanın bərpa oluna biləcəyini bildirmişdir. Bundan sonra X3 pensiyasını 4000 AZN müqabilində bərpa olunacağını söyləmişdir. Həmin vaxtdan 2-3 gün keçdikdən sonra Ağdam rayon Sarıcalı kəndində Rəşidlə görüşüb birlikdə Xosrovun yaşadığı evə getmiş və orada Xosrovla görüşmüşdür. Həmin vaxtı Xosrovun oğlu Vüqarın pensiyasının bərpa olunması məqsədi ilə Xosrovdan 4000 AZN pul almışdır. Lakin sonradan Vüqarın pensiyasını bərpa etdirə bilməmiş, maddi imkanı aşağı olduğundan onun pulunu da geri qaytara bilməmişdir. Xosrov ona hər dəfə zəng edərək pulunu istədikdə Xosrovdan aldığı 4000 manat pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin əslində pulu yox imiş, bu məqsədlə Xosrovdan vaxt qazanmağa çalışırmışdır ki, pul tapıb onun pulunu qaytarsın. Lakin həmin vaxtlar pul tapa bilmədiyi üçün Xosrovdan aldığı pulu qaytara bilməmişdir. Bundan başqa o, Nərgizin qardaşı oğlu Zərərçəkmiş şəxs4 qarşı da dələduzluq etmişdir. Belə ki, 2022-ci ilin noyabr ayında Zəngişalı kəndində Nərgizin yaşadığı evdə olan vaxtı Nərgizin qardaşı oğlu Azər ailəsi ilə birlikdə oraya gəlmişlər. Həmin vaxtı Nərgiz Azərdən sosial müavinətinin, yəni təqaüdünün düzəlib-düzəlmədiyini soruşmuş, Azər ona düzəlmədiyini bildirmişdir. Nərgizdən nə məsələ olduğunu soruşduqda Nəriz qardaşı oğlu Azərin 2015-ci ildən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində X11 Hərbi Xidmət Qulluqçusu kimi xidmət etdiyini, 2016-cı ildə aprel döyüşlərində iştirak etdiyini, 2018-ci ilin mart ayında hərbi xidmətdən xəstəliyi ilə bağlı təxris olunduğunu və bununla bağlı onun təqaüdünü düzəldə bilmədiyini bildirmişdir. Bu zaman o, Azərə demişdir ki, əgər istəyərsə təqaüdünü düzəldə bilər. Azər də onunla razılaşmışdır. Azərə bunun müqabilində 5000 manat pul lazım olduğunu bildirmişdir. Azər isə hazırda 3000 manatının olduğunu, həmin 3000 manat pulu verə biləcəyini, qalan 2000 manat pulu isə sonra verə biləcəyini bildirmişdir. Azərlə razılaşmış, bundan sonra Azər yaşadığı Mingəçevir şəhərinə getmiş və bir neçə saatdan sonta geriyə qayıtmışdır. Həmin vaxtı Azər özü ilə gətirdiyi 3000 manat pulu və özünə məxsus sənədləri ona vermişdir. Həmin vaxtı orada o, Azər və adlarını unutduğu digər şəxslər də olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində mobil telefonla Azərə məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək qalan 2000 manat pulu istəmiş, həmin vaxtı ona bildirmiş ki, sənədlərin hazırdı, əlilliyin qısa müddətə hazır olacaqdır. Bundan bir neçə gün keçdikdən sonra Azər ona məxsus olan Kapital banka aid 16 rəqəmli kart hesabına xx.xx.2022-ci il tarixdə 2000 manat pul göndərmişdir. Bununla da Azərin ona göndərdiyi pulun ümumi məbləği 5000 manat olmuşdur. Bundan sonra Azərin təqaüdünü düzəldə bilməmişdir. Lakin həmin vaxtlar Azərdən aldığım 5000 manat pulu şəxsi ehtiyaclarına xərclədiyindən ona qaytara bilməmişdir. Azər hər dəfə ona zəng edərək pulunu istədikdə aldığı pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Onun belə deməkdə məqsədi vaxt qazanmaq olmuşdur. Çünki həmin vaxtlar onun pulu yox imiş, düşünmüşdür ki, pul tapıb Azərin pulunu qaytar. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Azərdən aldığı sənədləri qaytarsa da aldığı 5000 manat pulu hal hazıra kimi qaytarmamışdır. Sonradan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 təqaüdləri düzəlmədikdə ona zəng etməyə başlamışlar. Hər dəfə onları yuvadaraq tezliklə düzələcəyini bildirmişdir. Sonradan isə onun təqaüdü düzəltmədiyini, aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini bilərək onları aldatdığını bilmişlər. Xosrovdan pulu o, almış, tamlığı ilə ona çatmışdır, həmin puldan Rəşidə ümumiyyətlə verməmişdir, onunla Rəşid arasında belə bir sövdələşmə olmamışdır, sadəcə olaraq Rəşid onu iş düzəldən kimi bildiyindən onu Xosrovun yanına aparmışdır və o, Sarıcalı kəndində Zərərçəkmiş şəxs3 oğlu Vüqarın dayandırılmış pensiyasını bərpa etdirmək üçün 4000 AZN pulu sonuncunun yaşadığı evin qarşısında Rəşidin yanında almışdır. Azərdən pulu özü almış, tamlığı ilə ona çatmışdır. Belə ki, Zəngişalı kəndində Nərgizin evində Azərdən 3000 manat pulu nağd olaraq almış, qalan 2000 manat pulu isə ona məxsus plastik kartına göndərilmişdir və həmin pulu da özü çıxartmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirir ki, Zərərçəkmiş şəxs1 aldığı 3000 manat pulun 2000 manatını, Zərərçəkmiş şəxs2 aldığı 3000 manat pulun 2000 manatını, Zərərçəkmiş şəxs3 adlığı 4000 manat pulun 3000 manatını istintaq müddətində qaytarmış, onun həmin şəxslərin hər birinə ayrı-ayrılıqda 1000 manat pul borcu qalmışdır, bundan başqa Zərərçəkmiş şəxs4 aldığı 5000 manat pulu qaytarmağa imkanı olmadığından qaytara bilməmişdir, söz verir ki, yaxın vaxtlarda həmin şəxslərdən aldığı pulları qaytaracaqdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etdi ki, Zərərçəkmiş şəxs1 aldığı 3000 manat pulun 2200 manatını qaytarmış, hazırda ona 800 manat borcu, Zərərçəkmiş şəxs2 aldığı 3000 manat pulun 2200 manatını qaytarmış, hazırda ona 800 manat borcu, Zərərçəkmiş şəxs3 adlığı 4000 manat pulun 3200 manatını qaytarmış, hazırda ona 800 manat borcu qalır və Zərərçəkmiş şəxs4 aldığı 5000 manat pulun 1000 manatını qaytarmış, hazırda ona 4000 manat borcu qalır, qalan pulları qaytarmağa imkanı olmamış, hazırda zərərçəkmişlərə 6400 manat ümumilikdə borcu qalır. İstifadəsində yem aparatı, kotan və s. kimi avadanlıqlar vardır ki, onları satıb zərərçəkmişlərin pullarını ödəyəcək. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdi. Zərərçəkmiş şəxs1 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, "nefroloq" diaqnozlu xəstəsidir. Belə ki, onun hər iki böyrəyi düzgün işləmir. 2022-ci ilin oktyabr ayının sonlarında anası Şahid2 ona qonşuları Şahid4gildən gəldiyini, Nərgizin Elsevər adlı qohumunun xalası Arifəyə xəstəliklə bağlı təqaüd düzəltdiyini, ona da xəstəliyi ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Lakin Elsevərin 2000 manat məbləğində pul istədiyini bildirmişdir. Anası ilə məsləhətləşdikdən sonra razılaşmışlar. Bundan sonra o, ilk olaraq xx.xx.2022-ci il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə Elsevərə məxsus sözügedən bank hesabına 2000 manat məbləğində pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Elsevər mobil telefon vasitəsilə anasına zəng edərək təqaüdün düzəlməsində problem yarandığını, bu səbəbdən əlavə 1000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, yenidən Elsevərə inanaraq, xx.xx.2023-cü il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə sonuncuya məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169 7388 2493 6755" olan hesaba 1000 manat məbləğində pul göndərmişdir. Lakin Elsevərin dediyi vaxtdan xeyli keçməsinə baxmayaraq bu günədək hələ də o xəstəliklə bağlı təqaüd almır. Elsevərdən ona göndərdiyi 3000 manat məbləğində pulu geri istədikdə isə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmişdir. Bu səbəbdən də, anası xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etdi ki, böyrək xəstəsi olduğundan özünə pensiya düzəltdirmək istəmiş, Təqsirləndirilən şəxsla Nərgiz vasitəsi ilə tanış olmuş, Mersedes maşınını dəyər-dəyməzinə sataraq Elsevərə 2000 və 1000 manat, ümumilikdə 3000 manat pul vermiş, Elsevər həmin məbləğdən 2200 manatını qaytarmış, 800 manat borcu qalır, pulunun ödənilməsini tələb edir, əks halda şikayətçidir. Məhkəmə iclasıında Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdi. Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 2022-ci ilin oktyabr ayının sonlarında ona müraciət edərək bacısı Maralgilin Nərgiz adlı qonşusunun olduğunu, Nərgizin Elsevər adlı tanışı 3.000 manat məbləğində onu xəstəliklə bağlı təqaüdə çıxara biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Nərgiz onları yaşadığı ünvana dəvət etmişdir. Saat 17-00 radələrində o, Arifə və X13 rayonu, Zəngişalı kəndində yaşadığı ünvana getmişlər. Elsevərlə ilk dəfə həmin vaxt görüşüb onunla söhbət etmişdir. Aralarında olan söhbət zamanı Elsevər arvadı Arifəni ürəyində olan narahatçılıqla bağlı təqaüdə çıxara biləcəyini, 1-ci qrup əlillik dərəcəsi alacağını, hər ay 300 manat məbləğində əlilliklə bağlı təqaüd alacağını, ən geci 2023-cü ilin mart ayınadək bütün prosedurların yekunlaşacağını bildirmişdir. Həmin vaxt oraya gedərkən özü ilə 2000 manat məbləğində pul aparmışdır. Həmin pulu sayıb Elsevərə vermişdir. Qalan 1000 manatı Elsevərin deməsinə görə mart ayında verməli idi, lakin 2023-cü ilin təxminən yanvar ayında Elsevər mobil telefon vasitəsilə zəng edərək kart hesabına sözügedən 1000 manatı da göndərməyini bildirmişdir. Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə Elsevərə məxsus Kapital Bank ASCyə aid 16 rəqəmli kodu "4169 7388 2493 6755" olan hesaba 1000 manat məbləğində pul göndərmişdir. Lakin Elsevərin dediyi vaxtdan xeyli keçməsinə baxmayaraq bugünədək hələ də arvadı Arifə xəstəliklə bağlı təqaüd almır. Elsevərdən ona verdiyi 3000 manat məbləğində pulu geri istədikdə isə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmişdir. Bu səbəbdən də, o xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq qeyd etdi ki, Elsevərə ümumilikdə 3000 manat pul vermiş, Elsevər həmin məbləğdən 2200 manatını qaytarmış, 800 manat borcu qalır, pulunun ödənilməsini tələb edir, əks halda şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdi. Zərərçəkmiş şəxs3 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Rəşid adlı şəxsi tanıyır, onun həkməndlisidir. Onun oğlu Vüqar əlilliyə görə sosial müavinat almışdır. Onun pensiyası kəsilmişdir, bunu eşidən həmkəndlisi Rəşid onun yaşadığı ünvana gəlmiş və onun müavinətini bərpa edə biləcək şəxs tanıdığını və həmin şəxsə 4000 manat pul verəcəyi təqdirdi oğlu Vüqarın müavinətini bərpa olunacağını bildirmiş, o, da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Rəşid və əvvəlcədən tanımadığı Elsevər adlı şəxs onun Ağdam rayonu Sarıcalı kəndində yerləşən yaşadığı evə gəlmişlər, həmin vaxt Elsevər Rəşidin yanında ona 4000 manat pul verəcəyi təqdirdə onun oğlunun pensiyasının bərpa olunacağını bildirmişdir, o, da həmin şəxsə 4000 manat pul vermişdir, lakin həmin şəxs ondan 4000 manat aldığından 1 il keçsə də öz vədinə əməl etməmişdir. O, pulu verən zaman yanında arvadı Ruqiyyə də olmuşdur. Həmin şəxs ondan 4000 manat pulu oğlu Vüqarın pensiyasının bərpa edilməsi adı ilə almış, lakin bu günə qədər nə 4000 manat pulunu geri qaytarmamış, nədə ki, oğlunun pensiyasını bərpa etməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 əlavə olaraq qeyd etdi ki, Elsevərə ümumilikdə 4000 manat pul vermiş, Elsevər həmin məbləğdən 3200 manatını qaytarmış, 800 manat borcu qalır, pulunun ödənilməsini tələb edir, əks halda şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdi. Zərərçəkmiş şəxs4 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, anası Şahid3, qardaşı X4 və bacısı X5 ilə birgə yaşayırlar. Təqsirləndirilən şəxs tanıyır, belə ki, həmin şəxs bibisi Nərgizin qohumudur və ailəvi dostdular, Şahid4 tanıyır, onun bibisidir, onlarla aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. 2015-ci ildən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində X11 Hərbi Xidmət Qulluqçusu kimi xidmət etmiş, 2016-cı ildə aprel döyüşlərində iştirak etmişdir. 2018-ci ilin mart ayında o, hərbi xidmətdən xəstəliyi ilə bağlı təxris olunmuşdur. Bununla bağlı o, sosial müavinətini düzəldə bilməmişdir. 2022-ci ilin noyabr ayında Ağdam rayonu Zəngişalı kəndində yaşayan bibisi Nərgizin yaşadığı evə getmiş, həmin vaxtı Elsevər və onun oğlu Elçin də orada olmuşlar. Həmin vaxtı bibisi Nərgiz ondan sosial müavinətinin düzəlibdüzəlmədiyini soruşduqda, ona düzəlmədiyini bildirmişdir. Bu zaman Elsevər ona sosial müavinətini düzəldə biləcəyini bildirmiş, lakin bunun müqabilində 5000 manat pul istəmişdir. Elsevərə hazırda 5000 manat pulunun olmadığını, ilkin olaraq 3000 manatını indi, qalan 2000 manatını isə sonradan verə biləcəyini bildirmiş, Elsevər ilə razılaşmışlar. Bundan sonra pul götürmək üçün Mingəçevir şəhərinə getmiş, bir neçə saat sonra 3000 manat pulu götürüb anası Gültəkin və qardaşı Elnurla birlikdə Nərgizin yaşadığı evə gətirmişlər. Elsevərə 3000 manat pulu və özünə məxsus olan sənədləri vermiş, pulu verən zaman orada anası Gültəkin, qardaşı Elnur, bibisi Nərgiz, Elsevərin oğlu Elçin və Elsevər olmuşlar. 2022-ci ilin dekabr ayının əvvəllərində Elsevər xatırlamadığı mobil nömrə ilə ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edərək qalan 2000 manat pulu istəmiş, hənim vaxtı ona bildirmişdir ki, sənədlər hazırdır, əlilliyi qısa müddətə hazır olacaq. Bundan bir neçə gün keçdikdən sonra qardaşı Elnur Mingeçevirdə olduğu üçün ona zəng edərək Elsevərə məxsus olan Kapital banka aid 16 rəqəmli şifrəsi 4169 7388 2493 6755 olan kart hesabını onun vatçapına göndərərək 2000 manat pulu həmin hesaba göndərməsini bildirmişdir. Elnur da xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsi 4-də yerləşən Qədiroğlu marketə quraşdırılmış Milli Ön elektron ödəniş sistemi vasitəsi ilə Elsevərə məxsus olan Kapital banka aid kart hesabına 2000 manat pul göndərmişdir. Bununla da onun Elsevərə göndərdiyi pulun ümumi məbləği 5000 manat olmuşdur. Bundan sonra Elsevərlə dəfələrlə əlaqə saxlayaraq ondan təqaüdünün düzəlib-düzəlməməsini soruşduqda Elsevər əvvəllər təqaüdün düzələcəyinə söz versə də sonradan düzəldə bilmədiyini, hazırda maddi imkanının olmadığını, ondan aldığı 5000 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini, qısa müddət ərzində qaytaracağını bildirsəd ə həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Elsevər ondan aldığı sənədləri qaytarsa da hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı 5000 manat pulu qaytaracağını bildirsədə hal hazıra kimi qaytarmamışdır. Zərərçəkmiş şəxs4 əlavə olaraq qeyd etdi ki, Elsevərə ümumilikdə 5000 manat pul vermiş, Elsevər həmin məbləğdən məhkəmə baxışı gedişatında 1000 manat qaytarmışdır, hazırda 4000 manat borcu qalır, pulunun ödənilməsini tələb edir, əks halda şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs4, X4 və qızı X5 ilə birgə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, həmin şəxs baldızı Nərgizin qohumudur və ailəvi dostudur, Şahid4 tanıyır, baldızıdır, onların arasında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Oğlu Zərərçəkmiş şəxs4 2015-ci ildən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində X11 Hərbi Xidmət Qulluqçusu kimi xidmət etmiş, 2016-cı ildə aprel döyüşlərində iştirak etmişdir. 2018-ci ilin mart ayında oğlu hərbi xidmətdən xəstəliyi ilə bağlı təxris olunmuş, lakin sosial müavinətini düzəldə bilməmişdir. 2022-ci ilin noyabr ayında Ağdam rayonu Zəngişalı kəndində yaşayan baldızı Nərgizin yaşadığı evə getmişlər. Həmin vaxtı Elsevər və onun oğlu Elçin də orada olmuşdur. Həmin vaxtı baldızı Nərgiz Azərdən sosial müavinətinin düzəlib-düzəlmədiyini soruşmuş, Azər ona düzəlmədiyini bildirmişdir. Bu zaman Elsevər Azərə sosial müavinətini düzəldə biləcəyini bildirmiş, bunun müqabilində 5000 manat pul istəmişdir. Azər Elsevərə hazırda 5000 manat pulunun olmadığını, ilkin olaraq 3000 manatını indi, qalan 2000 manatını isə sonradan ona verə biləcəyini bildirdikdə Elsevər razılaşmışdır. Bundan sonra Azərlə pul götürmək üçün Mingəçevir şəhərinə getmişlər, bir neçə saat sonra 3000 manat pulu götürüb Azər, özü və oğlu Elnurla birlikdə Nərgizin yaşadığı evə gəlmişlər. Azər Elsevərə 3000 manat pulu və özünə məxsus olan sənədləri vermiş, pulu verən zaman orada özü, oğlu Elnur, baldızı Nərgiz, Elsevərin oğlu Elçin və Elsevər olmuşlar. 2022-ci ilin dekabr ayının əvvəllərində Elsevər mobil nömrə ilə Azərə məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək qalan 2000 manat pulu istəmiş, Azərə sənədlərinin hazır olduğunu, əlilliyin qısa müddətə hazır olacağını bildirmişdir. Bundan bir neçə gün keçdikdən sonra Azər oğlu Elnur Mingeçevirdə olduğu üçün ona zəng edərək Elsevərə məxsus olan Kapital banka aid 4169 7388 2493 6755 olan kart hesabını Elnurun vatçapına göndərərək 2000 manat pulu həmin hesaba göndərməsini bildirmişdir. Elnur da xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Nizami küçəsi 4-də yerləşən Qədiroğlu marketə quraşdırılmış Milli Ön elektron ödəniş sistemi vasitəsi ilə Elsevərə məxsus olan 4169 7388 2493 6755 kart hesabına 2000 manat pul göndərmişdir. Bununla da oğlu Azərin Elsevərə göndərdiyi pulun ümumi məbləği 5000 manat olmuşdur. Bundan sonra Elsevərlə dəfələrlə əlaqə saxlanılmışlar, ondan Azərin təqaüdünün düzəlib-düzəlməməsini soruşduqda Elsevər əvvəllər təqaüdün düzələcəyinə söz versə də sonradan düzəldə bilmədiyini, Azərdən aldığı 5000 manat pulu xərclədiyini, qısa müddət ərzində qaytaracağını bildirmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Elsevər Azərdən aldığı sənədləri qaytarsa da aldığı 5000 manat pulu Azərə qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında Şahid3 qeyd etdi ki, Mingəçevir şəhərində yaşayırlar. Elsevəri baldızı vasitəsi ilə tanımışdır. Onlara bildirmişlər ki, Elsevər pensiya işləri ilə məşğul olur. Oğlu Zərərçəkmiş şəxs4 pensiya məsələsi ilə bağlı Elsevər onlardan 5000 manat pul almış, qaytarmamışdır, həmçinin pensiya məsələsini həll etməmişdir. Elsevərə inanaraq həmin məbləği ona vermişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 istintaq oraqınına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır, Zərərçəkmiş şəxs3 da tanıyır, onun həmkəndlisidir, onlarla aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində Xosrov ona oğlu Vüqarın əlilliyə görə aldığı pensiyanın dayandırıldığını, pensiyanın bərpa olunmasına ona köməklik etməsini istəmişdir. Bu barədə tanışı Elsevərlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq Xosrov adlı həmkəndlisi olduğunu, onun oğlu Vüqarın təqaüdünün kəsildiyini söyləmiş və Elsevərdən kömək istəmişdir. Elsevər isə belə bir tanışının olduğunu, həmin şəxsin vasitəsilə Vüqarın dayandırılmış təqaüdünü 4000 AZN müqabilində bərpa olunacağını bildirmişdir. Xosrovun oğlu Vüqar Rüstəmova bu barədə məlumat vermiş, lakin Vüqar atası Xosrovla əlaqə saxlamağını, onunla danışmağını, razılaşarsa pulu ondan almağını bildirmişdir. Bu barədə Xosrova bildirdikdə Xosrov razılıq vermişdir. Həmin günün səhərisi Elsevərlə birlikdə Xosrovun yaşadığı ünvana getmiş, orada Xosrovla Elsevər öz aralarında Vüqarın pensiyasının bərpa olunmasını danışıb razılaşmışlar və Xosrov Elsevərə 4000 AZN pulu onun yanında vermişdir. Həmin vaxtdan sonra X7 pensiyasını bərpa etdirməmişdir. Xosrov Elsevərə 4000 manat pulu öz həyətində vermişdir, həmin vaxtı orada özü, Elsevər, Xosrov və sonuncunun arvadı Ruqiyyə olmuşdur. Elsevər Xosrovdan aldığı 4000 manat pulu özü ilə aparmış, həmin puldan ona verməmişdir. Onların arasında heç bir razılaşma olmamış, sadəcə olaraq köməklik etmək məqsədilə belə bir iş görmüşdür. Elsevər özü pensiyaları bərpa etdirə bildiyini demişdir, lakin kimlərin pensiyasını bərpa etdirməsi barədə heç bir məlumatı yoxdur. Bundan başqa Elsevərin kimlərəsə qarşı dələduzluq etməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid5 əlavə olaraq qeyd etdi ki, özünün də pensiya məsələsi ilə bağlı Təqsirləndirilən şəxs 2300 manat pul verib. Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır. Zərərçəkmiş şəxs3 oğlu Vüqarın əlilliyə görə aldığı pensiyanın dayandırıldığı üçün Elsevərlə onu tanış etmişş, Elsevər 4000 AZN pulu onun yanında Xosrovdan almışdır. Bu işi Xosrova köməklik etmək məqsədilə etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, Şahid4 tanıyır, bacısı Maralın qonşusudur, Təqsirləndirilən şəxs oğunu Şahid4 vasitəsilə tanımışdır, onlarla aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin oktyabr ayının sonlarında bacısı Şahid2 onu Nərgiz adlı qonşusu ilə əlaqələndirmişdir. Nərgiz Elsevər adlı qohumunun ona 1-ci qrup əlillik statusu almağında köməklik göstərəcəyini bildirmişdir. O, bunu əri Elşənə demiş və razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Nərgiz onları yaşadığı ünvana dəvət etmişdir. Saat 17 radələrində o, Arifə və X14 rayonu, Zəngişalı kəndində yaşadığı ünvana getmişlər. Onlar Elsevəri ilk dəfə həmin vaxt görmüşlər. Elsevərlə söhbət etmişlər. Aralarında olan söhbət zamanı Elsevər onun ürəyində olan narahatçılıqla bağlı təqaüdə çıxara biləcəyini, belə ki onun 1-ci qrup əlillik dərəcəsi alacağını, hər ay 300 manat məbləğində əlilliklə bağlı təqaüd alacağını, ən geci 2023-cü ilin mart ayınadək bütün sənədləşmənin yekunlaşacağını bildirmişdir. Həmin vaxt Nərgizin evinə gedərkən özüləriylə 2000 manat məbləğində pul aparmışdırlar. Elşən 2000 manat pulu sayıb Elsevərə vermişdir. Qalan 1000 manatı Elsevərin deməsinə görə mart ayında verməli idilər. Lakin 2023-cü ilin təxminən fevral ayında Elsevər mobil telefon vasitəsilə zəng edərək kart hesabına sözügedən 1000 manatı da göndərməklərini bildirmişdir. Bu məqsədlə, 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı vaxtda Ağdam rayonu, Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə Elsevərə məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169 7388 2493 6755" olan hesaba 1000 manat məbləğində pulu Vasifin vasitəsilə göndərmişlər. Lakin Elsevərin dediyi vaxtdan xeyli keçməsinə baxmayaraq Elsevər onun xəstəliklə bağlı təqaüdünü düzəltməmişdir. Elsevərdən ona verdikləri 3000 manat məbləğində pulu geri istədikdə isə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirsədə hal-hazıra kimi pulu qaytarmamışdır. Bu səbəbdən də, Elşən xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, Şahid4 tanıyır, qonşusudur. Təqsirləndirilən şəxs Nərgizin vasitəsi ilə tanımışdır. 2022-ci ilin oktyabr ayının sonlarında Nərgiz onu və bacısı Şahid1 Zəngişalı kəndində yaşadığı evə dəvət etmişdir. Bacısı Arifə ilə birgə Nərgizgilə getmişdir. Nərgizgilə gedən zaman orada əvvəllər tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Nərgiz onlara həmin şəxsin adının Elsevər olduğunu və Elsevərin onun qohumu olduğunu bildirmişdir. Elsevərin çoxşaxəli əlaqələrinin olduğunu bildirmişdir. Nərgiz Elsevərin onun oğlu Vasifi və bacısı Arifəni xəstəliklə bağlı təqaüdə çıxara biləcəyini bildirmişdir. Artıq həmin vaxtadək onlar bacısı Arifə ilə danışmış və razılaşmışdırlar. Yəni oraya gedən zaman Arifə Elsevərə verməsi üçün 2000 manat məbləğində pulu özü ilə aparmışdır. Nərgizin bu sözlərindən sonra Elsevər onun dediklərini təsdiq etmişdir. Belə ki, Elsevərin deməsinə görə o, 2.000 manat məbləğində pul verəcəyi təqdirdə oğlu Zərərçəkmiş şəxs1 2023-cü ilin may ayınadək təqaüdə çıxaracaqdı və oğlu hər ay 200-300 manat məbləğində təqaüd alacaqdır. Elsevər 2.000 manat məbləğində pulu ona məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169 7388 2493 6755" olan hesaba göndərməyi bildirmişdir. Bununla bağlı oğlu Vasiflə məsləhətləşəcəyini bildirmişdir. Oğlu Vasiflə məsləhətləşdikdən sonra razılaşmışlar. Bu məqsədlə oğlu Vasif xx.xx.2022-ci il tarixdə Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə Elsevərə məxsus sözügedən bank hesabına 2000 manat məbləğində pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Elsevər mobil telefon vasitəsilə ona zəng edərək təqaüdün düzəlməsində problem yarandığını, bu səbəbdən əlavə 1000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bunu oğlu Vasifə bildirmiş, Vasif təqaüdünün düzəlməsi məqsədilə yenidən Elsevərə inanaraq xx.xx.2023-cü il tarixdə Zəngişalı kəndində yerləşən "Ulduz market" adlı mağazada quraşdırılmış Emanat ödəmə terminalı vasitəsilə Elsevərə məxsus 4169 7388 2493 6755 saylı karta 1000 manat məbləğində pul göndərmişdir. Lakin Elsevərin dediyi vaxtdan xeyli keçməsinə baxmayaraq Vasifin təqaüdünü düzəltməmişdir. Elsevərdən ona göndərdikləri 3000 manat məbləğində pulu geri istədikdə isə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirsə də hal-hazıradək Elsevər oğlu Vasifin ona göndərdiyi 3000 manat pulu qaytarmamışdır. Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iş materiallarını öyrənib, məhkəmə iclasında təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqsirini etiraf etmiş, onun təqsirli olması məhkəmə araşdırması ilə də sübut olunmuşdur. Məhkəmə əməlin istintaq orqanı tərfindən CM-nin 178.2.2-ci maddəsi ilə tövsifini əsaslı hesab edir, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən məhkəmə aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. X15 Dispanserinin xx.xx.2024-cü il tarixli, 1348 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Dispanserdə “Üzvi mənşəli emosional labil pozuntu F 06.6.” diaqnozu ilə dispanser müşahidəsindədir. Ağdam MRX-nın 03 may 2024-cü il tarixli, 347 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam MRX-nın Narkoloji Kabinetində qeydiyyatda yoxdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 006202 saylı Vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almış, 1-ci qrup gözdən əlildir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və X12 Birliyinin 003628 saylı Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup müharibə əlilidir. Məhkəmə həmçinin qeyd edir ki, işin istintaq orqanında olduğu müddətdə və məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs vurduğu zərər məbləğindən Zərərçəkmiş şəxs1 2200 manat qaytarmış, Zərərçəkmiş şəxs2 2200 manat qaytarmış, Zərərçəkmiş şəxs3 3200 manat qaytarmış və Zərərçəkmiş şəxs4 1000 manat qaytarmış, zərər məbləğinin ümumilikdə 8600 manatını ödəmiş, hazırda zərərçəkmişlərə 6400 manat ümumilikdə borcu qalır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, peşmançılıq bildirməsini, səhhətinin vəziyyətini, müharibə əlili olmasını, zərərçəkmişlərə onlara vurduğu zərər məbləğindən qismən ödənişlər etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən yuxarıda qeyd edilən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilər, bu cəza onun islah olunmasına xidmət edəcək. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun üzərinə qanunla nəzərdə tutulan bir sıra vəzifələr qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən islah olunması mümkündür, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, bu cəza onun islah olunması üçün yetərlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir : 158.2.1-ci maddəyə görə tutulduğu və həbsdə saxlanıldığı müddət, 158.2.2-ci maddəyə görə ev dustaqlığında saxlanıldığı müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün yenidən 15 avqust 2024-cü il tarixdə saxlanılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilmiş, Ağdam Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli Qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir ki, hazırkı vaxtadək həmin qətimkan tədbiri qüvvədədir, cəza təyini zamanı həmin müddətlər nəzərə alınacaq. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 3 ay 04 gün ev dustaqlığında qalmış, 2 gün müddətində isə tutulmuşdur. İş üzrə mülki iddia və sair məhkəmə məsrəfləri yoxdur. Maddi sübut kimi tanınmış Azercell MMC-də əldə edilmiş telefon danışıqlarını özündə əks etdirən 01 ədəd disk, Kapital Bank ASC-dən əldə edilmiş pulların Təqsirləndirilən şəxs tərəfindən çıxarılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs4 təqdim etdiyi səs yazılarını özündə əks etdirən 01 ədəd SD disk cinayət iş materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 /iki/ il 9 /doqquz/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 3 ay 4 gün müddət və tutulduğu 2 gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla 6 ay 12 gün müddət ona təyin edilmiş ümumi cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 07-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübut kimi tanınmış Azercell MMC-də əldə edilmiş telefon danışıqlarını özündə əks etdirən 01 ədəd disk, Kapital Bank ASC-dən əldə edilmiş pulların Təqsirləndirilən şəxs tərəfindən çıxarılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs4 təqdim etdiyi səs yazılarını özündə əks etdirən 01 ədəd SD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar