Məhkəmə qərarları › İş №1(013)-39/2023

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-39/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-39/2023 07.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Zeynallı Asiman Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri 20 Yanvar küçəsi döngə 9 ev 3-də qeydiyyatda olan, Ağdam rayonu Quzanlı qəsəbəsi ev 393-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və vaxtda qanunsuz olaraq məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş bir ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,245 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək 12 iyul 2023-cü il saat 00:04 radələrinədək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində atası X3 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ 21065 markalı ** DJ *** dövlət qeydiyyat nömrəli avtomobilin ön oturacaqları arasında saxlanc yerindən aşkar edilənədək saxlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, təxminən bir ildir narkotik vasitələrdən istifadə edir. Tarixi xatırlamadığı vaxt Quzanlı qəsəbəsində məişət tullantılarının yığıldığı əraziyə yaxın yerdən narkotik vasitə heroin tapmış və özü istifadə etmək üçün atasına məxsus olmaqla etibarnamə ilə idarə etdiyi avtomobilin qutusunda gizlətmişdir. Tarixi xatırlamadığı günün ikinci yarısında polis əməkdaşları onu idarə etdiyi avtomobillə polis şöbəsinə apararaq avtomobilə və üzərinə baxış keçirmişlər. Həmin vaxt video çəkiliş aparılmışdır. Avtomobildən heroin, üstündən isə bıçaq götürülmüşdür. İlk dəfə olaraq cinayət törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşağının, həmçinin atasının İ qrup gözdən əlil olmaqla İ Qarabağ Müharibəsi qazisi olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 12 iyul 2023-cü ildə Ağdam Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs Ağdam Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkiliş aparılmaqla Rzanın üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Rzanın avtomobilindən heroinə oxşar maddə, üzərindən isə bıçaq aşkar olunmuşdur. Rza təqdim etdiyi gümüşü kağıza bükülmüş maddənin narkotik vasitə heroin olduğunu, Quzanlı qəsəbəsindən tapdığını və özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmışdır. Ağdam Rayon Polis X2 Bölməsinin sahə polis nəfəri Şahid2 şahid qismində məhkəmədə dindirilərkən Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tarixi xatırlamadığı gündə dostu Təqsirləndirilən şəxs avtomobilndə olduğu vaxt polis əməkdaşları yaxınlaşaraq onları Ağdam rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Rzanın üzərinə və avtomobilinə baxış keçirilməsindən onun məlumatı olmamışdır. Rzanın avtomobilndə heroin saxlaması əvvəlcədən ona məlum olmamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli 16/714 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş…» sözlər və imzalar olan kağız paketdəki bir ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,245 qram maddə kustar üzulla hazırlanmış narkotik vasitə – heroindir; tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş…» sözlər və imzalar olan kağız paketdəki bir ədəd gümüşü rəngli falqanın içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı; Heroin Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan narkotik vasitələrin 1-ci siyasının 1-ci bəndinə daxildir. Heroinin ilkin təmiz çəkisi 0,245 qram olmuş, tədqiqata cəmi sərf edilmiş 0,02 qram, qalıq 0,225 qramdır. Məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 16/752 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsülu ilə hazırlanmış deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokol və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 23:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2016-cı ildə anadan olmuş Banuçiçək, xx.xx.2018-ci ildə anadan olmuş Mehri, xx.xx.2023-cü ildə anadan olmuş Ağamir adlı üç azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, həmçinin atası X3 İ qrup gözdən əlil olmaqla İ Qarabağ Müharibəsi qazisi olduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda onun ailədə mənfi davranışını təsdiq edən məlumatların olmaması nəzərə alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki,təqsirləndirilən şəxs yaşadığı yerdə müsbət xarakterizə olunmaqla, onun mənfi xarakteri barədə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan 0,225 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut olmaqla işə əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 63,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 12 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 393 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 0,225 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X3 idarə etdiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 12 iş saatı üçün hər saatı 6 manat olmaqla 72 (yetmiş iki) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar