Məhkəmə qərarları › İş №1(013)-41/2023

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-41/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-41/2023 05.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – həmin idarənin hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs, Müdafiəçi –Bərdə Rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Ağcabədi rayonunun Taynaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Taynaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində məlum olmayan gündə və vaxtda Şahid4 məxsus Ağdam rayonu Xındırıstan ərazi nüməyəndəliyinin Dadaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin mişar daşından olan hasarının 1,7 metr məsafədə yerləşən Ağdam rayonu Xındırıstan Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan bir ədəd 22 sm diametrli 200 manat dəyərində bioloji inkişafda olan köküstə yaş vəziyyətdə əncir və bir ədəd 50 sm diametrli 900 manat dəyərində bioloji inkişafda olan köküstə yaş vəziyyətdə qaraağac cinsli ağacları «Yaşıllıqların götürülməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq olunmuş yaşıllıqların götürülməsi qaydalarının tələblərinə zidd, yəni qaydaların tələblərini pozaraq həmin ağacları cinayətdən xəbərsiz olan həmkəndlisi Ağcabədi rayonunun Taynaq kənd sakini Şahid5 məxsus olan «TİQR» markalı elektrik mişarı ilə qəsdən qanunsuz olaraq kök boğazından kəsib götürməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X5 və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 1100 (bir min bir yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, onun bacısı Şahid4 oğlunun arvadıdır. 2023-cü ildə Pənahın həyətinin qapısının yaxınlığında küçə tərəfdə bir əncir və bir qaraağacın kəsilməsi zərurəti yaranmışdır. Pənah ağacların kəsilməsində kömək etməsini ondan xahiş etmişdir. Dostu Şahid5 ağacları kəsməsini xahiş etmiş, Anar isə özünə məxsus elektrik mişarı ilə həmin iki ədəd ağacı kəsmişdir. Ağacların kəsildfiyi dəqiq tarixi və vaxtı xatırlamır. İlk dəfə olaraq cinayət törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu, İİİ qrup Vətən Müharibəsi əlili olmaqla «Ağdamın azad olunması», «Suqovuşanın azad olunması», «Cəsur döyüşçü» və «Vətən Müharibəsinin iştirakçısı» medalları ilə təltif olunduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində məhkəmədə ifadə verən həmin idarənin hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü ildə 9 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 Ağdam rayonu Xındırıstan kəndində bələdiyyə mülkiyyətində olan əraziyə baxış keçirilmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd əncir və iki ədəd qaraağac ağaclarını kəsdiyi müəyyən edilmişdir. Toğrulun hərəkətləri nəticəsində dövlətə 1100 manat məbləğidə ziyan dəymişdir. İş üzrə dəymiş ziyanın ödənilmədiyini qeyd etməklə təqsirləndirilən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X5 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid1 və ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş mütəxəssis mühafizə yegeri vəzifəsində işləyən Şahid2 ifadələrində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiqləmişlər. Şahid qismində məhkəmədə ifadə verən Şahid5 göstərmişdir ki, qazi dostu Toprul Kərimovun xahişi ilə sonuncunun bacısı gilin həyətində özünə məxsus elektrik mişarı ilə bir ədəd əncir və bir ədəd qaraağacı kəsmişdir. Ağacların kəsildfiyi dəqiq tarixi və vaxtı xatırlamır. Şahid qismində məhkəmədə ifadə verən Şahid4 göstərmişdir ki, 2023-cü ilin aprel ayında yaşadığı evin həyət qapısının yanında cəmi iki ağac kəsilməsi zərurəti yaranmışdır. Bu səbəbdən oğlunun qaynı Toğruldan ağaclərın kəsilməsində ona kömək etməsini xahiş etmişdir. Toğrul dostu Şahid5 ağacları kəsməsini xahiş etmiş, Anar isə özünə məxsus elektrik mişarı ilə iki ədəd ağacı kəsmişdir. Ağacların kəsildfiyi dəqiq tarixi və vaxtı xatırlamır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 78134 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Xındırıstan Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan bir ədəd 22 sm diametrli 200 manat dəyərində bioloji inkişafda olan köküstə yaş vəziyyətdə əncir və bir ədəd 50 sm diametrli 900 manat dəyərində bioloji inkişafda olan köküstə yaş vəziyyətdə qaraağac cinsli ağacları qanunsuz olaraq kəsməsi müəyyən olunmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7374 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilən ağacların qanunsuz kəsilməsinə görə (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1100 (bir min yüz) manat müəyyən edilir. Ağdam Rayon Ruhi Əsəb Dispenserinin xx.xx.2023-cü il tarixli 689 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən «üzvü mənşəli şəxsiyyət pozuntusu, intihar fikirləri çox saylı özünə xəsarət yetirmələrlə» diaqnozu ilə dispanser müşahidəsindədir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 657 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələr və davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beüynəlxalq təsnifatı 10cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin hazırki mərhələdə az ifadəli olması səbəbindən o, cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki mərhələdə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələr və davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beüynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Onda hal-hazırda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, İİ Qarabağ Müharibəsi qazisi olmaqla İİİ dəcərəli əlil olması, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə «Ağdamın azad olunmasına görə», «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü» və «Vətən Müharibəsinin iştirakçısı» medalları ilə təltif olunması, xx.xx.2022-ci ildən «üzvü mənşəli şəxsiyyət pozuntusu, intihar fikirləri çox saylı özünə xəsarət yetirmələrlə» diaqnozu ilə dispanser müşahidəsində olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək məhkəmə belə qərara gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan iki ədəd qaraağac və bir ədəd əncir cinsli ağacın kötük hissəsi məhv edilməlidir. İş üzrə maddi sübut olan «Tiqr» markalı elektrik mişarının saxlanılması üçün sahibi Şahid5 verilməsi nəzərə alınmalıdır. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş materiallarında olan müdafiəçi R.M.Ağamalıyevin hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmək üçün 8 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil R.M.Ağamalıyevin bankda olan hesabına köçürülməli və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən yüz manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan iki ədəd qaraağac və bir ədəd əncir cinsli ağacın kötük hissəsi məhv edilsin. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. X2 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 8 iş saatı üçün hər saatı 6 manat olmaqla 48 (qırx səkkiz) manat vəkil X1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar